Yerevandan Moskvaya köçən satqınlar
XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa edən Azərbaycan
işğalçı Ermənistan istisna olmaqla, bütün dünya dövlətləri, o cümlədən qonşu
ölkələrlə qarşılıqlı maraqlara söykənən münasibətlər qurmağa başlayıb. Bu çərçivədə
çoxəsrlik dostluq ənənələri, ortaq tarixi və mədəni bağların olduğu Rusiya
Federasiyası ilə də əlaqələr qurulub. Belə ki, 1992-ci il aprelin 4-də Bakıda
imzalanan protokol əsasında hər iki ölkə arasında diplomatik münasibətlər qurulub.
Elə həmin il Azərbaycanın Rusiyada, Rusiyanın isə Azərbaycanda səfirlikləri fəaliyyətə
başlayıb.
Lakin ikitərəfli münasibətlərin müqavilə-hüquqi bazasını təşkil edən
əsas sənəd Rusiya ilə Azərbaycan arasında 1997-ci il iyulun 3-də imzalanan
"Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” müqavilədir. Məhz bu
müqavilənin imzalanmasından sonra iki ölkə arasında geniş əməkdaşlığın əsası
qoyulub. Ümummilli lider Heydər Əliyevin 1997-ci il iyul ayının 2-dən 4-dək
Rusiya prezidenti Boris Yeltsinin dəvətilə bu ölkəyə ilk rəsmi səfəri ikitərəfli
münasibətlərin qurulmasında, inkişafında əhəmiyyətli tarixi hadisəyə çevrilib. 2000-ci
ildə isə Vladimir Putinin Rusiya Federasiyasının prezidenti seçilməsi ilə bu
ölkənin rəhbərliyi Azərbaycanla münasibətlərdə daha praqmatik vəzifələr və
prioritetlər irəli sürməyə başlayıb. Əvvəlki dövrlərdən fərqli olaraq, yalnız
MDB çərçivəsində inteqrasiya məqsəd seçilməyib, eyni zamanda, hər iki ölkənin
milli maraqları, məsələn, təhlükəsizlik, iqtisadi inkişaf məsələləri daha mühüm
önəm daşıyıb. Sonrakı dövrdə də Azərbaycan və Rusiya arasında sıx dostluq
münasibətləri qurulması üçün əhəmiyyətli siyasi baza formalaşdırılıb. Ulu öndər
Heydər Əliyevin və prezident İlham Əliyevin Rusiyaya, Rusiya Federasiyasının prezidentləri
Vladimir Putinin və Dmitri Medvedevin Azərbaycana rəsmi və işgüzar səfərləri
ikitərəfli münasibətlərin inkişafının sürətlənməsinə təkan verib.
Qeyd edək ki, bu səfərlər zamanı ikitərəfli iqtisadi-ticari əlaqələrin
daha da gücləndirilməsini, qarşılıqlı informasiya mübadiləsini, hərbi-texniki və
təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutan mühüm
sazişlər imzalanıb, yeni əməkdaşlıq əlaqələrinin əsası qoyulub. Ən əsası, hər
bir səfər münasibətlərin strateji və dostluq xarakterini, iki ölkənin dost və tərəfdaş
olduğunu təsdiqləyib.Məhz bu münasibətlərdən irəli gələrək, Rusiya və Azərbaycan
arasında, eləcə də iki ölkənin rəhbərliyi arasında hər zaman qarşılıqlı anlaşma
mühiti hökm sürüb. Azərbaycan öz ərazisindən Rusiyaya qarşı üçüncü tərəflərin,
beynəlxalq terror şəbəkəsinin, ayrı-ayrı separatçı qüvvələrin istifadəsinin, həmçinin
belə qüvvələrin respublikamızdan keçərək Rusiyaya sızmasının qarşısını qətiyyətlə
alıb. Bununla yanaşı, Rusiya və Azərbaycan terrorizm və ekstremizmin
yayılmasının qarşının alınması məqsədilə birgə əməliyyatlar keçirib. Azərbaycan
kütləvi informasiya vasitələri (KİV) və vətəndaş cəmiyyəti təsisatları
Rusiyanın ərazi bütövlüyü ilə bağlı məsələlərin müzakirəsində həmişə qardaş
xalqlarımızın əlaqələrinin ruhuna zidd mövqe tutmaqdan çəkinib.
Lakin təəssüf ki, eyni fikirləri Rusiyanın bəzi çevrələrinə,
onların təsirində olan KİV-lərə və vətəndaş cəmiyyəti təsisatlarına şamil etmək
mümkün deyil. Çünki Rusiyanın müəyyən strukturlarına sızmış erməni əsilli şəxslər
artıq həmin strukturları, Rusiya mediasını və vətəndaş cəmiyyəti təsisatlarını
Ermənistan dövlətinin anti-Azərbaycan siyasətini yürütmək üçün alətə, Moskvanı
öz məkrli planlarının həyata keçirilməsi üçün platsdarma çevirməkdədir. Məlumat
üçün qeyd edək ki, bir müddət əvvəl Ermənistanda ölkəmizin əleyhinə "ikinci cəbhə”
açmaq məqsədilə Azərbaycan dövlətinə, o cümlədən mənsub olduqları Talış bölgəsinə
və talışəsilli vətəndaşlarımıza xəyanət etmiş Fəxrəddin Aboszadə, Zabil Məhərrəmov
kimilərdən istifadə edilərək, telekanal və mərkəzlər açılmışdı. Azərbaycan
ictimaiyyətinin, ilk növbədə talışəsilli vətəndaşlarımızın qınağı səbəbindən
erməni xüsusi xidmət orqanları taktikalarını dəyişmək məcburiyyətində qaldılar.
Beləliklə də həmin qurumların fəaliyyəti Moskvaya köçürüldü.
Bu yerdə onu da xatırladaq ki, bəhs edilən fəaliyyətlərdə adıkeçən
F.Aboszadə 1981-95-ciillərdə Bakı Dövlət Universitetində (BDU) işləyib. O, əvvəl
Kommunist Partiyası, sonra Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyəti dövründə
sürətli karyera sıçrayışı etsə də, bütün cəhdləri uğursuzluqla nəticələnib. Hətta
onun "Politologiya” dərsliyi adıyla AXC-ni və onun sədrini öyən kitab yazması
da "lazımınca" qiymətləndirilməyib. F.Aboszadənin mənsub olduğu linqvistik
icmanı regional separatçılıq avantürasına çəkmək cəhdi də bölgə əhalisinin qətiyyətli
səyi ilə iflasa uğrayıb. Bundan sonra Rusiyaya sığınan F.Aboszadə erməni xüsusi
xidmət orqanlarının və Rusiyanın bəlli çevrələrinin tapşırığı ilə fəaliyyət
göstərməyə başlayıb. Azərbaycan dövlətinə və xalqına təhqirlər yağdıran Zabil Məhərrəmov
da hazırda "fəaliyyəti”ni Yerevandan Moskvaya köçürüb və bu təxribat planlarını
da elə oradan həyata keçirir. Bir müddət əvvəl bu şəxs mətbuatda "bizim
qardaşlarımız türklər yox, ermənilərdir. Ermənistan bizim pənahımızdır” bəyanatı
ilə çıxış edən satqın, Vətən xainidir.
Göründüyü kimi, Azərbaycan əleyhinə bu tipli aqressiv fəaliyyətin Moskvada
rahatlıqla özünə meydan tapması Rusiya-Azərbaycan münasibətlərinin ruhuna
ziddir. Bununla yalnız Azərbaycana deyil, Rusiyanın da mənafelərinə xəyanət
edilir. Ona görə də Rusiya tərəfi erməni lobbisinin Moskvanı get-gedə öz xəyanətlərinin
qurbanına çevirməsinin qarşısını almalıdır. Çünki erməni lobbisi bu kimi
addımlarla Rusiyanı geostrateji əhəmiyyətli bölgələrdən daha çox təcrid etməyə
çalışır.
Alpər TURAN