• cümə, 19 Aprel, 16:01
  • Baku Bakı 25°C

Yerdə yeri olmayan şair- Kəramət

16.12.19 15:30 1075
Yerdə yeri olmayan şair- Kəramət
Hələ keçən əsrin əvvəllərində Avropada yaradıcı ədəbi istiqamət məsələsi sadə bir iş idi. Fərqli yaradıcı qrupların, müxtəlif istiqamətə mənsub olan ədəbi birliklərin yaranması adi hal almışdı...
Bizim Azərbaycanda isə indinin özündə də ədəbi istiqamətlər haqqında danışmaq, təhlil etmək, bu mövzuda proqram təqdim etmək, yaradıcı qruplar arasında obyektiv, profesional müqayisələr aparmaq yaradıcı xəyalından keçmir. Bir-iki üzdə olan tənqidçinin işi klassik ədəbiyyatın xarabalığında qurdalanmaqdan, ya da bu barədə söz düşəndə diletant ibarələrlə danışmaqdan savayı nə qafalarından, nə də qələmlərindən bir nəsnə hasilə gəlir...
Fərdi olaraq özü üçün ədəbi istiqamət müəyyən edən Kəramət kimi iki –üç yazıçı varsa da, onlar müəyyən qruplar tərəfindən qısqanclıqla qəbul edilir, müxtəlif "yarlıklarla” təqdim edilərək unutdurulmağa çalışılır. Mübahisəsiz olaraq, vəziyyətin belə olması bizim bədii kasadlığımıza, cəsarətimizin və təşəbbüskarlığımızın çatışmazlığına, daha çox ədəbi durğunluğa bənzəyən mənəvi rahatlığımızın pozulacağından ehtiyatlanmağımıza dəlalət edir.
Bəziləri etiraz edə bilər ki, məsələ heç də belə deyil, əsas məsələ nəticədir. Dönüb nəticəyə baxanda nə görünür?.. Mənzərə tam reallığı ilə olmasa da, müəyyən zaman kəsiyində "xarabalıqlar ədəbiyyatı”nı xatırladır... Doğrudur, bir-iki yazarla yanaşı, orada Kəramətin "Xatirə muzeyi”ndə qərar tutan (adam) da var. Fərq ondadır ki, keçən əsrin 80-ci illərindən başlayaraq Kəramətin yaradıcılığı ədəbi qəliblərə sığmadı, paslanmış qaydalara məhəl qoymadan, təkbaşına bədii istiqamətini formalaşdırdı. Şairin poetik Qəhrəmanı xatirələrlə paralel olaraq ümidli gələcəklə yaşadı, qismətinə düşən "yarımçıq tale” yilə daimi mücadilədə oldu..
Müasir ədəbi cərəyanlarda istiqamət ümumidir, konkret özünüifadə isə fərdi olmalıdır. Yazıçının fərdiyyəti onun əsərlərində öz əksini tapmalıdır. Görək, Kəramətin poetk Qəhrəmanı (əslində Özü) kimdir, nəçidir, haradan gəlib haraya gedəndir...
Tomas Mann məqaləlırinin birində yazır ki, yazıçı zəmanəsi üçün dövlət rəhbərlərindən daha çox məsuliyyət daşıyır. Çağdaş Azərbaycan ədəbiyyatında ilk olaraq (varsa da mən bilmirəm) bu məsuliyyəti Kəramətin kitabında yer alan "Cəzb və Kütlə hökmü” poemasnda gördüm. Şairin Qəhrəmanı hayqırır-

" ...Kütlə Şəxsiyyətlərin ölümünə fərman verir.
Dəyişməyin-təzələnməyin yolunu qanla sulayır.
Özünü də çürüdür.
Kütlə Allah yerinə qoyur özünü.
Diqtə edər, tale yazar...
Amma ölümünə fərman verdikləri təzə qan verir kütləyə.
Onu ölümdən qurtarar.
Paradoksa bax.
Bu da sənə paradoksun dialektikası...
Qələbə kiminsə məğlubiyyətidir.
"Urra!” Qoşulmasan "urra”ya,
Fələk də çatmaz haya”.

Şair zamanın sözünü deyə bilmisə, qorxursa, çəkinirsə, ya da nəsə umursa onun qələmi heç vaxt Doğmayacaq, ömürlük qısır qalacaq, ya da sıradan biri kimi unudulacaq. Kəramətin "DEMOKRATİYA”, "AZADLIQ” hayqıran qəhrəmanı müsəlman ölkələrini soyub talayan, bəşəriyyəti bir-birinə düşmən kəsdirən qüvvələrə meydan oxuyur.

Dünya problemsiz yaşaya bilmir...
...Vallahi-billahi nə illətdirsə
Problem müsəlman başına gəlir
...Ölsəm problemdi, qalsam problem
...Nə deyirsən, bu ingilis
"no problem” söyləyir
Adamın gülməyi gəlir.
Şair dostum Musa Yaqub dedi ki,
İsveçə getmişdim. Problemsiz darıxdım.
Qayıtdım gül kimi məmləkətimə.


Kəramətin Qəhrəmanı zamanla ayaqlaşmaq yollarını axtarır. Bu axtarış elə Azərbaycan ədəbiyyatının dünya çapında öz yerini tutması, gerçəkliklə əlaqə yaratması deməkdir. Şair, ümumilikdə milli ədəbiyyat bu axtarışdan kənarda dayanarsa, nəticədə özgəni deyil, yalnız özünü günahlandırmalıdır. Dünyada baş verən hadisələrin mahiyyətini dərk etmək və onu bədii ustalıqla öz xalqına çatdırmaq şairin intellekt səviyyəsindən, onun vətəndaş mövqeyindən xəbər verir.
Bu axtarışda Kəraməti qınayanlar da tapılacaq, "nüfuzlu şəxslər” tərəfindən ciddi maneələrlə də qarşılaşacaq, nəticədə isə elə həmin adamlar onun qələbəsini öz xidməti kimi cəmiyyətə təqdim etməyə çalışacaqlar. Yalnız keçmişlə yaşayan, özünü dünya proseslərindən təcrid edən yazıçı kökdən düşmüş, sınıq-salxaq, təmir edilməsi mümkün olmayan musiqi aləti kimidir. Zamanın nəbzini tutmayan yaradıcı insan ən yaxşı halda muzey eksponatıdır.
Bəzi şairlərdə tez-tez baş verən özünüqabartma, özünütəqdim halları əslində həmin adamın dünyagörüşünün və intellektinin zəifliyinə dəlalət edir. Qeyri təbii, düşünülmüş, uydurma personajların ədəbiyyata gətirilməsi prosesi məhz buradan başlayır. Ədəbiyyatın karikaturalaşdırılması əslində bu tip yazıçıların sadəlövh düşüncələrinin məhsuludur. Bu qəlib ədəbiyyata sığmayan Kəramət səmimidir, təvazökardır,özünü olduğu kimi təqdim etməkdən çəkinmir, necə varsa, elədir.
Onun poetk Qəhrəmanı vəfalıdır, həlimdir, vaxtı ilə əliylə əkdiyi qurumuş ağaca su verir, kəsməyə əli gəlmir.

"...Açıldı sabah, əlində balta,
yeridi quruyan ağaca sarı,
elə yeriyirdi ki,
axşama çatardı on addım yolu,
gözündən yaş damcılayırdı qocanın”.

Onun Qəhrəmanı kövrəkdir, canıyanandır. Talesiz birinin dərdinə şərik çıxanda təkcə gözləriylə deyil, dodaqlarıyla, sözləriylə ağlayır. Kəramətin Qəhrəmanı (ÖZÜ) çox şey istəmir ki, üzəvari deyil, ürəkdən gülmək, sürünmək deyil, uçmaq istəyir, qısası, ADAM KİMİ YAŞAMAQ istəyir. Onun Qəhrəmanı hələ də gah elçi daşının üstündə oturub 40 ilin o tayında qalan Kəraməti səsləyir, gah da küfranlıq edib haqqın varlığına şəkk gətirir, yerə enməsiylə, varlığına inanmaq istəyir. O, sevgi nədir, bilməyənə qədər, məsum uşaq diliylə "çıqqana” sevir. Onun qəhrəmanının küsməyi də qəribədir, Adəm oğlu adamdan küsəndə itə-pişiyə, lap ağaca meylini sala bilir. Qəhrəmanın xarakteri sadə olduğu qədər də mürəkkəbdir. Onun elə-belə adamla sözü tutmur, gərəkdir ki, müsahibi badəsini göz yaşıyla doldurub içə, sərxoş ola, ömrünü tapdayıb bu dünyadan köçə, yenidən qayıda bu dünyaya, belə olmayanda söhbəti alınmır bu adamın. Sevdiciyini görmək bəhanəsi ilə bu dünyaya gəldiyini dilinə gətirir, EŞQDƏN başqa hər şey keçəridi onunçun. Görün Şeytanəsinə nə deyir, "Nə mən yoruldum tərk olunub getməkdən, nə sən yoruldun ağ yaylıq yelləməkdən”. Onun Qəhrəmanının hərdəmxəyallığı təcrübəsiz, sadəlövh adamı çaşdıra da bilər... Adəm övladıdır də...
Hətta onun yaddaşı illərlə qayğısına qaldığı dostunun dönüklüyündən xəcalət çəkir. İnsafən dilinin şirinliyi də var ha ...
"...Mənə elə baxma, yağış gözlüm, buludlarımız toqquşsun ikimiz bir yağış olaq”.
Dünyanı vərəvurd edən, yoxuşlu yolların yorğunu olan müdrik Qəhrəman bir hovur dincəlmək, özünə, Şeytanəsinə, şair olaraq oxucusuna bir qədər fəlsəfi ovqatda, poetik dillə hesabat verməyi də unutmur.

... Ayağımdan yolları,
əlimdən əlləri çırpdım.
ömrümü toz basmışdı,
çıxarıb aşınan ömrü
çırpına-çırpına çırpdım.

Sağ əlimtək dəliqanlı,
Sol əlim kimi fağıram.
Həyata həyat içindən
Çox-çox uzaqdan baxıram.

Fantaziya səmada qanad çalan, göyün havasız qatında süzən anlayış deyildır. Onun təcrübəyə, yaşantıya əsaslanan kökü var. Bu belədir, lakin biz çox zaman öz təəssüratlarımızın mahiyyətini dərk etmirik. Buna iki səbəb var. Onlardan biri budur ki, bizim təəssüratlarımız yarandığı anda sıxışdırılaraq aradan çıxarılıb, ya da unudulması lazım gələn yerdə gizlədilib.
Bu gizlini tapmaq Şairlərin işidi!

ZAKİR ABBAS

banner

Oxşar Xəbərlər