AZE | RUS | ENG |


“Yer vermirəm, əl çəkin!”

“Yer vermirəm, əl çəkin!”
Metroda qocalara, uşaqlı qadınlara və əlillərə yer vermək hər şeydən əvvəl daxili mədəniyyətin göstəricisidir

"Qapılar bağlanır. Bir-birinizə qarşı diqqətli olun! Qocalara, uşaqlı qadınlara və əlillərə yer verin...” Artıq çoxdandır ki, Bakı metrosunda qulağımızın illərdən bəri eşitməyə alışdığı bu sözlər səslənmir. Ta sovet dövründən eşitdiyimiz, insanları davranış mədəniyyətinə riayət etməyə, gəncləri böyüklərə qayğı və hörmətlə yanaşmağa çağırış kimi səslənən bu sözlərlə Bakı metrosunun vaqonlarının qapısı səhər saat 06:00-da açılır, gecə saat 00:00-da qapanırdı. İndi bu sözləri həmin qrafiklə idarə olunan metropolitendə Azərbaycan və ingilis dillərində səslənən "Növbəti stansiya....” sözləri əvəzləyib. Hərçənd MDB məkanında, məsələn, Rusiyanın Moskva, Sankt-Peterburq kimi şəhərlərində, Kiyev və Minsk metrolarında hələ də aktuallığını itirməyən bu səsləndirməyə köhnəlmiş çağırış kimi yanaşılmır. Sövet dövründən miras qalsa belə, insanların bir az nostalji, bir az da ”ən yaxşı təzə unudulmayan köhnədir” fikri kimi yenə də sevilir. Hərçənd demək olmaz ki, o vaxt da, bu gün də bütün sərnişinlər mexaniki səslənən bu xahişə əməl etməyə çalışıblar. Həmişə davranış qaydalarını insanların öz vicdanının diqtə etdiyini nəzərə alsaq, heç kəsi yerini kiməsə verməyə, başqasına hörmətlə yanaşmağa məcbur etmək də olmaz. Məsələn, xarici ölkələrdə oturduğun yeri başqalarına təklif etmək yazılan və yazılmayan heç bir qanunda və ya qaydada qeyd edilməyib. Hətta yaşlı insanlar onlara yer verən gənclərə əsəbiliklə baxıb "Mən qoca deyiləm”- deyə və qəzəbli sifət göstərə bilərlər. Bu mənada həmin ölkələrin metro qatarlarında rahat oturub deyib-gülən gəncləri və əlində uşaq tutub ayaq üstdə qalan qadınları da, oturmağa yer tapmayan və çantasının ağırlığından beli əyilən qocaları da, arabir başqasına yer təklif edən cavanları da, ev heyvanını otuzdurub özü ayaq üstdə mürgüləyən sərnişini... də görmək mümkündür. Stansiyalarda sərnişinləri davranış qaydalarına riayət etməyə səsləyən heç bir mexaniki səsləndirmə də eşidilmir. 

Lakin o da var ki, bizim adət-ənənədə, davranış qaydalarında böyüyə hörmət və başqasına mərhəmət hissi olduğundan əks hallar ictimai qınaqla qarşılanır. Son müşahidələr isə sərnişinlər arasında özlərindən böyüklərə qarşı mərhəmətsiz və diqqətsiz olanların həddən artıq çox olduğunu göstərir. Təbii ki, belə vəziyyətin səbəbini təkcə qatarlara minik zamanı eşidilən səsləndirmənin yoxa çıxması ilə izah etmək düzgün olmaz.  Elə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri  Nəsimi Paşayev də metro qatarlarında mexaniki səsləndirilmənin yığışdırıldığını inkar etmir. Belə ki, metropoliten rəsmisi mexaniki səsləndirmənin keçən ildən yığışdırıldığını bildirdi: «Amma metropolitendə sərnişinləri bu qaydalara səsləyən çoxlu emblemlər var. Məsələn, qatarda yaşlılar, hamilə qadınlar, uşaqlar və əlil insanların oturması üçün divarlara xüsusi emblemlər vurulub”. Yəni səsləndirilmə yığışdırılsa belə, onu əvəzləyən emblemlər mövcuddur. Ancaq sərnişinlər bu emblemlərə diqqət və əməl edirlərmi? Hər gün Bakı metrosundan 550 mindən çox insanın istifadə etdiyini, aralarında yaşlı, qoca, cavan, xəstə, uşaq və b. yer aldığını, üstəlik hərənin bir xarakterdə və davranışda olduğunu nəzərə alsaq, münasibətlərin nə qədər qəliz və ziddiyyətli olduğunu anlamaq çətin deyil. 
 
"Anan yaşındayam, dur ayağa, oturum”
 
Metrodan gündəlik istifadə edənlərin nəzərindən qaçmayan mənzərəni xatırlasaq, əminliklə demək olar ki, uşaqlı sərnişinlərə nəqliyyatda həmişə yer verilir. Bu jesti əsasən 25 yaşından 40 yaşına qədər cavan kişilər və qadınlar edirlər. Əllərində uşaq olan kişilərin də yer almaq baxımından bir az şansları var. Hərdən yanlarında körpəyə yer eləmək istəyənlər də olur. Çox nadir hallarda körpəni dizlərinin üstünə götürürlər, ən yaxşısı onun valideyninə yer verməkdir. Hamilə qadınlara isə demək olar ki, həmişə hörmət olunur. Xüsusən kişilər hamilə qadını qatarın digər bir başında görsələr belə, yerlərindən qalxıb onları oturmağa dəvət edirlər. Hətta MDB ölkələrində qafqazlıları və asiyalıları bu xüsusiyyətlərinə görə fərqləndirirlər. Lakin qız və qadın görən kimi yerindən dərhal qalxan yeniyetmə və gənc oğlanlar olduğu kimi,  öz yerləri ilə hələm-hələm vidalaşmaq istəməyənlər də çoxdur.  Onlar bəribaşdan gözlərini yarıyummuş halda qulaqcıqlarından və smartfon dünyasından ayrılmağa tələsmir və sanki öz baxışları ilə «Qoy başqaları dursun» - deyirlər. Hətta elə cavanlar da var ki, heç kimə güzəşt etmirlər -  lap istəyirsən gözlərinin qarşısında halın pisləşsin, ürəyin getsin, yerlərindən tərpənən deyillər. Onlara başqalarının iztirabları maraqlı deyil. Metroda bəzən yaşlı insanların cavanlarla dalaşmasının da şahidi oluruq. "Anan yaşındayam, ayağa qalx, oturum”- sözləri müqabilində "Sənə borcum yoxdur”- kimi saymazlıqla da rastlaşırıq. Və yaxud kənardan bu cür səhnələri müşahidə edənlərin oturan gənclərə «Qalxın, başınız üstündəki qocaya yer verin» demələrini də az eşitmirik. Hətta "Əgər sovet dövründə əlində ağır çanta olan qoca kişiyə və ya nənəyə yer verilməsəydi, ətrafındakılar o dəqiqə oturan gəncə qışqırardılar. Hətta nizham-intizama görə partiya komitəsinə çağırılma və cəzalandırma halları var idi” sözlərini xatırladanlar da olur. Düzdür, indi belə qaydalar yoxdur. İnsanlar özlərini sivil cəmiyyətdə və sərbəst hiss edirlər. Aralarında «Əgər öz yerimi versəm, öz məkanımın bir hissəsini vermiş olaram»- kimi düşünənlər də, vaqona yaşlı adam və ya əlil minən kimi dərhal yerindən qalxan da, üzünün narazılığını gizlətmədən yerini başqasına verən də var. 
  
Profilaktik tədbir
 
İnsanların başqalarına qarşı özlərini alicənab aparmamasının səbəbi nədir? Mənəvi aşınmamı, dəyərlərin get-gedə itməsimi, cəmiyyətdə mərhəmət hissinin azalmasımı?

Psixoloq Elnur Rüstəmov hesab edir ki, ictimai nəqliyyatda başqalarına yer vermək və ya verməmək insanlara bağlı məqamdır. Belə ki, bu, müəyyən qədər də bizim etnopsixologiyamızdan qaynaqlanır: "Elə ölkələr var ki, bu proses onlar üçün prioritet təşkil etmir. Amma Azərbaycan etnopsixologiyasında hətta evə böyük gələndə ayağa dururuq, özümüzə nəzarət edirik və s. Bu, bizim genimizdədir. İctimai nəqliyyatda isə kiməsə yer verilməsi ilə bağlı insanlara basqı etmək olmaz. Ancaq başqalarına hörmət etmək lazımdır. Əgər yanında böyük, hərəkət imkanı məhdud olan insan, hamilə qadın, qoca varsa, ona yer vermək olar. Ancaq kimsə yer vermirsə, onu qınaq obyektinə çevirmək düzgün deyil. Bəlkə həmin adamın səhhətində problem var? Bəlkə o, yorğundur, bəlkə özünü pis hiss edir?” Bəzən bu kimi hallarla bağlı sosial şəbəkələrdə də aqressiv yanaşmanın meydana çıxdığını deyən psixoloqun sözlərinə görə, bu münasibət gənc nəsillə yaşlılar arasında uçuruma səbəb ola, onların arasında güvənsizliyə gətirib çıxara bilər: "Ona görə bu məqamı diqqətdə saxlamaq lazımdır”.
 
Psixoloq hesab edir ki, belə situasiyalarda hər hansı bir gənc ayağa qalxmasa belə, içində vicdan əzabı çəkməmiş deyil: «İnanmıram ki, hər hansı bir azərbaycanlı «Mən yaxşı edirəm bunun üçün ayağa qalxmıram» - deyə hamilə qadını görəndə düşünsün. Ola bilər, bir az diqqətsiz olur, bir az narahatçılığı var və s. O üzdən də bu cür hallar baş verir». Bu prosesdə etnopsixologiyanın da rol oynadığını qeyd edən psixoloq insanların düşüncəsinin də hər yerdə oxşar olmadığını deyir: «Məsələn, Almaniyada ictimai nəqliyyatda yeniyetmə ayağa qalxmırsa, bu, normal hal kimi qəbul edilə bilər. Amma bizdə belə situasiyalarda ictimai qınaq olur. Söhbətə bəzən kənardan müdaxilələr edilir. Bu, insana bağlı xüsusiyyətdir». Psixoloq hesab edir ki, insanların bir-birinə hörmət etməsini uşaqlıqdan öyrətmək lazımdır: "Bu, bir qədər ailədən, bir qədər də məktəbdən qaynaqlanır. Valideynlər arasında münasibət nə qədər yaxşı olarsa, bu, uşaqların tərbiyəsinə müsbət təsir göstərər. Uşaq ailədə atanın anaya münasibətini görür və bunun timsalında özünün cəmiyyətdə münasibətini ortaya qoyur. Uşaq atanın yaxın çevrəsinə münasibətini necə görürsə, özü də o münasibəti sərgiləyir. Ona görə bu prosesi ta uşaqlıqdan formalaşdırmaq lazımdır». Metroda mexaniki səsləndirməyə gəlincə, psixoloq hesab edir ki, bu qaydaya riayət edilməsinə həmişə ehtiyac var: «Elə şeylər var ki, ona həmişə ehtiyac var. Bu, ideologiya ilə bağlı bir məqam deyil – bu, hörmətdir, insanlara qarşı mərhəmət duyğusudur, sevgidir. Sonda bu, bəşəriyyətin xilası üçün vacib bir məqamdır. Əks halda insanlar arasında yadlaşma, özgələşmə, valideyn-övlad münasibətində soyuqluq, məsafəli davranış kimi hallardan hamımız əziyyət çəkəcəyik. Ona görə bu cür qaydaların qorunub-saxlanması hər zaman lazımdır. Bu, bir qədər profilaktik tədbirdir və onu mütəmadi aparmaq lazımdır. Bu səsləndirməni insanlara mütləq xatırlatmaq lazımdır. Biz bundan heç nə itirməyəcəyik».   

Ekspertlərin fikrincə, cəmiyyətdə insanların bir-birinə hörmət hissi nə yaş, nə millət, nə də dinlə bağlıdır. Daxili mədəniyyət isə hər şeydən öndədir. Metro vaqonlarındakı mexaniki  səsləndirmə isə yaxşı mənada yaddaşa təsir edə, gənclərin vədəsiz yuxusuna mane ola bilər... Əlbəttə, keçmiş ənənə bərpa olunsa... 
 
Təranə Məhərrəmova
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6847
GBP 1 İngilis funt sterlinqi 2.2421
TRY 1 Türk lirəsi 0.4638
KWD 1 Küveyt dinarı 5.6276
SEK 1 İsveç kronu 0.2085
EUR 1 Avro 2.0000
CHF 1 İsveçrə frankı 1.7374
USD 1 ABŞ dolları 1.7001