• cümə, 19 Aprel, 10:23
  • Baku Bakı 13°C

Yer üzünün gəzəri Savalanı

24.05.14 12:53 2330
Yer üzünün gəzəri Savalanı
Azərbaycan poeziyası həmişə mübariz ruhlu olub. Tarixçilərin, siyasətçilərin çəkindiyi elə məsələlər, mövzular olub, ki poeziya bunu birbaşa və cəsarətlə hayqırıb, insanların ürəyində düyünlənən bir çox mətləbləri misraların təsirli dili ilə bəyan edib. Azadlıq, hürriyyət istəyimizin ilk bünövrə daşları məhz poeziyamızda qoyulub. Bu poeziyanın möhtəşəm bir qolu da Cənubi Azərbaycanda yaranıb, inkişaf edib, qətiyyətlə öz böyük nəhrinə - ümumi Azərbaycan ədəbiyyatının tərkib hissəsinə qatılıb. Əlimiz yetməsə də, bizlərə sarı qanadlanmış şeir və digər bədii nümunələrdəki vətənpərvərlik duyğularına, milli təəssübkeşliyinə görə cənublu şairlərimizi ürəkdən sevmiş, onların əsərlərini əzbər söyləmişik. Ustad Şəhriyarın “Heydərbabaya salam”ı Azərbaycan oxucusunun könlünün, ruhunun mənəvi qidasına çevrilib.
Cənub şairlərinin bir qismi də Bakıda yaşayıb yaratmışlar. Hökümə Billuri, Mədinə Gülgün, Balaş Azəroglu, Söhrab Tahir... Bu şairlərin də ədəbi-əzəli bir mövzusu olub: doğma vətənin çeşidli dərdini dilə gətirmək. Bu yazılarda Araz həmişə ayrılıqlar, nisgillər çayı kimi ürəklərin qübarını, xiffətini əks etdirib. Öz dərin fəlsəfi poeziyası ilə Araz çayı ilə baş-başa dayanan şairlərdən biri də Söhrab Tahirdir.
Həkim, filoloq, şair, ictimai xadim, azadlıq təşnəsi kimi müxtəlif adlar qazanmış, vətəndaşlıq mövqeyi, eləcə də özünəməxsus poetik dünyası ilə seçilən Söhrab Tahir ana vətənin ürəyində doğulmuş, diləyində həmişə azadlıq bəsləmiş və bu yolda qılıncını ovxarlı saxlayan qüdrətli söz ustasıdır. Azadlığı Savalanın zirvəsində görən və bu ucalığa çatmaq üçün “ dərələri xurcun kimi çiyninə aşırıb”, qayalardan atılaraq “quzu olub daşlarını yalayaram duz kimi” deyə üzünü dağlara tutub söylədiyi şeirlərdəki mənaya fikir verin:
Qurban olum sənin dam uçuran yağışına, doluna,
Qurban sənin dağ yolunu səngər etmiş oğluna,
Gir qoluma, daha çıxaq böyük dünya yoluna,
Dayan, dayan, ey əcdadım, qoy mən girim qoluna
Savalanım, Savalan!..

Gözəl günlər uğrunda ömrünü odlara atan və indi sanki yer üzünün gəzəri Savalanına çevrilən Söhrab Tahir elə təvazökar, mənəviyyatı zəngin bir şəxsiyyətdir ki, 88 baharlı bu azman çinarın haqqında bəlkə də heç səkkiz məqalə yazılmayıb. Halbuki həm insan kimi, həm də yaradıcılıq ləyaqətinə görə Söhrab Tahir yalnız Azərbaycan ədəbiyyatının deyil, dünya poeziyasının qüdrətli nümayəndələrindəndir. Onun haqqında yazılmış tədqiqatların birində deyilir ki, Söhrab Tahir yaradıcılığı xalqın mənəvi, ədəbi ruhi birliyini yaşadan ən güclü qüvvələrdən, aramızdakı möhtəşəm körpülərdən biridir.
Söhrab Tahir 1926-cı ildə Cənubi Azərbaycanın Astara şəhərində anadan olmuşdur. Hələ erkən yaşlarından poeziyaya maraq göstərən Söhrab Tahir Cənubi Azərbaycanda milli azadlıq yolunda çarpışan, mübarizə aparan hüriyyət aşiqidir. Lakin bir çox cənublu soydaşlarımız kimi onun da taleyi dövrün, zamanın haqsızlıqlarına tuş gəlmişdir. Apardığı haqq işinin bəxş etdiyi “ərməgan” bu oldu ki, doğulduğu yurddan, anasından, uşaqlığının minbir xatirəsini yaşadan yerlərdən, əzizlərindən ayrı düşdü. Şehli gəncliyindən bu günə- Savalanmış ömrünə kimi, özü demişkən, iki həyat yaşadı.
Mənim qollarımı iynə-sap edin
Tikin Astaranı bir-birinə.
Çayları, yolları iynə-sap edin
Tikin Culfaları biri-birinə.

Söhrab Tahirin şeirləri Azərbaycan poeziyasında bir mənəvi səngər qurdu.
Bu səngərdə döyüşənlərin birinci vəzifəsi ürəklərdə, beyinlərdə hüriyyət adlanan bir səadətin- Hüseyn Cavid demişkən “qan tökülmədikcə üzə gülməyən bu nazlı afətin” məhəbbət toxumunu səpmək idi. Qəlbinin diktəsilə qələminə məhz bu istiqaməti nişan verərərək poeziyamızın sükanını məharətlə azadlığa, bu yolda çarpışmalara yönəldən Söhrab Tahir bütün bu illər ərzində öz istəyinə bir bəndlik də olsa, xəyanət etmədi. Bəzən poeziyamızın dünəninə boylananda fikirləşirsən ki, Səməd Vurğunun, Süleyman Rüstəmin, Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün, Məmməd Arazın, Söhrab Tahirin Arazla baş-başa dayanan şeirləri olmasaydı, söz dünyamız nə qədər sakit, lal görünərdi. Od püskürən misraları, insanın ruhunu azadlığa-bəxtiyarlığa çəkən nidaları ilk dəfə bu şairlər ədəbiyyatımıza naxışladılar. İndi həmin şeirləri oxuduqca, qürurlandığımız ideyaların, arzuların əzəməti və dəyəri önündə baş əyməli oluruq.
Vətənindən didərgin düşmüş soydaşlarımızın nisgili Söhrab Tahirin şeirlərində zərif, xəfif şəkildə deyilməkdədir. Gününü qələmsiz, yazı masasız keçirməyən Söhrab Tahir tanıdığımız çağdaş qələm sahiblərindən ən məhsuldarıdır. İndiyə qədər 1000-dən çox şeiri, 57 poeması, 8 romanı, 10 povesti, 70-dən çox hekayəsi, 800-dən artıq ədəbi-elmi-publistik məqaləsi çap olunmuşdur. Bununla yanaşı, xarici ölkələrdə də kitabları nəşr edilmişdir. Xalq şairi Məmməd Araz son nəfəsinə qədər dostluq etdiyi, çox sevdiyi bu şair haqqında hələ 1967-ci ildə söyləmişdi: “ Söhrab Tahirə təkcə bu iki misrasına görə heykəl düşür:
İki bölünməkdən elə qorxmuşam ,
Çöpü də ikiyə bölmərəm daha”.

Dünyada bütün itkilərə dözmək, ağır dərdlərə sinə gərmək, tənha yaşamaq mümkündür. Amma vətənsizlik, doğulduğun yerdən perik düşmək ölümdən də betərdir. Ömrün boyu bu dərd sümüklərini sızladır, ürəyini göynədir, gözlərini acıdır. Mənalı ömür yolu, dəyərli yaradıcılığı ilə həm qələm dostlarının, həm də oxucuların dərin sevgisini qazanmış Söhrab Tahir min səadətin içində belə vətən sarıdan nisgillidir, ən bəxtəvər çağında kövrəkdir, bir həzin himə bənddir:
Öləndə kəfənim ikiqat olsun,
Mən həm o tayınam, həm də bu tayın.
Qoy bütün dünyaya belə yayılsın
Öləndən sonra da birlik harayım.

Şairin Vətən məhəbbətini əks etdirən “Ərdəbil”, “Təbrizim”, “Savalanım”, “Ərk qalası”, “Mərənd” və s. şeirlərində yurd sevgisinin yaratdığı bir sıra məqamları görür, müəllifin vətəndaşlıq hisslərinin qədərsizliyinə, əbədiliyinə şahid olursan. Şeirlərindən çəkdiyimiz ayrı-ayrı ləçəklərdəki fikir duyumu çox düşündürücüdür. “ Şöhrəti hər yerdə sərxoş görmüşəm”; “Sabahı görürəm söz aynasında”; “ Bir az tərifinin vaxtı keçəndə, köhnə rezin kimi boşalır adam”, “ Sürüşkən, yuvarlaq olduqları üçün birləşə bilməyir, daşılır daşlar”, “ Təzə nəslə köhnə yamaq olmuşam” və s.
Oxucusuna həmişə deməyə sözü olan, şeirini gözəllikdən, oddan yoğuran, köhnə şerimizdə təzə üsyan başlayan, “ mənə iki tayda bir qəbir tikin” vəsiyyətini yazan, yalançı vədlərdən uzaq, gözü-könlü tox şairimiz ağır taxtalı yaradıcılığı, bəyaz saçları ilə ömrünün qar zirvəsində iki səkkizi tamamlayır. Arazla baş-başa dayanan qüdrətli söz sərrafının yaradıcılıq nəhri hələ çox sellərin yönünü dəyişəcək, qurumuş könüllərə yeni həyat gətirəcək...
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
banner

Oxşar Xəbərlər