AZE | RUS | ENG |


Yer sevgisi, göy arzusu

Yer sevgisi, göy arzusu
Məhsəti Gəncəvi kimi böyük rübai ustası yetirən qədim Gəncə şəhərində bu gün çoxlu sayda qadın şair və yazıçılar yaşayıb yaradır. Onlardan biri də artıq öz şeirləri ilə oxucuların dərin rəğbətini qazanmış Xəzangül Hüseynovadır. 1988-ci ildə "Qaya üstdə bitən çiçək”  adlı ilk şeirlər kitabı ilə böyük sənət aləminə vəsiqə alan xanım şairə bu gün artıq 8 şeirlər kitabının müəllifidir.
Sahib İbrahimli
  
 
O səs hardan gəlir?
 
Çox, çox uzaqdan,
Bir səs çağırır məni.
O səsin səsi, ünü,
Günümün dar ağacı.
Məni çarmıxa çəkir...
Qollarım bağlı,
Ürəyim dağlı...
Gözlərimdən yaş yerinə qan tökülür....
Başım üstə qarğalar,
qan qoxusunu sinələrinə çəkirlər.
Mənim təşnə dodaqlarım,
Su istəyir...
Su yoxdur...
Gözümdən axan qanı,
İçirəm.
Mən könlümü,
O səsin sədasına açıram.
Eheyyy... Sən kimsən?
Bəlkə elə,
Sadəcə, səssən sədasan
Dünyanın son ucunda,
Sehrli bir adasan.
İlk insanın yurd yerisən.
Bəlkə bu səs,
O ilk yurdun səsidir.
O yurddakı,
boz qurdun səsidir.
Boz qurd...
İlk yurd...
Boz qurdun ulartısı,
Bütün səsləri qovur başımdan.
Keçir dünyanın torpağından, daşından.
Niyə çağırır?
Yeri çağırır,
Göyü çağırır
Nəyə çağırır?
Bəlkə elə,
Eheyy ey insanlar! Ayılın
deyə çağırır...
O səs İlahinin sirridir.
O səs könlümün gizlin guşəsinin,
pünhan qalan yeridir...
 
Kaş....
 
Ey Yerin, Göyün sahibi! Sənləyəm,
Səndəyəm.
Ey könlümün sevgi tanrısı!
Kaş biləsən,
Kaş biləsən nə gündəyəm.
Şimşək çaxır....
Göy kişnəyir...
Bu qəlbimin arzuları,
Kaş... kaş deyir.
Kaş dedikcə,
Arzulara daş dəyir.
Xəyalların Göy atından,
Mən yazığa düş deyir.
Düşə bilməsəm daşlanaram.
Arzularım qaçar məndən.
Boş qalaram...
Buludlara qoşularam,
quş olaram.
Qanad açıb, Göy üzündə,
Üzüyünü axtaran qaş olaram.
Göy kişnəyir...
Şimşək çaxır...
Könlümün sevgi tanrısı,
Yağış olub ürəyimə axır.
Əllərim dua olub,
Açılır Göy üzünə.
Göy üzündə əl görsənir.
Əl açılır Yer üzünə.
Əllər qarşı qarşıya,
Yerdən Göyə,
Göydən Yerə.
Mat qalıram bu sirrə.
Əley, Əley deyirəm,
Çarmıxdakı İsa kimi...
UNO adlı kasa kimi.
Dərgah harda?
Göydə, Yer də,
Bəlkə elə kainatın hər yerində.
Ey Yerin, Göyün sahibi! Sənləyəm,
Səndəyəm.
Ey könlümün sevgi tanrısı!
Çağrışdayam, ündəyəm...
Kaş biləsən,
Kaş biləsən nə gündəyəm
Kaş......

 
Yalqızlıq
 
Yalqızam,
Ayrılığa köklənmiş sazam.
Mizrab adlı hisslərimi,
toxundursam sarı simə
Sızım-sızım sızlayaram...
Bütün dünya var olsa da,
Sənsiz yalqız olaram
Nakam bir qız olaram.
Gecə gözü, Göy üzündə,
Axan ulduz olaram.
Ona görə,
Hisslərimə qadağan adlı
Sərhəd çəkirəm.
Mən özümə,
sənsizlik adlı qala tikirəm.
O qalanın içində,
Sənsiz sənlə tək qalıram.
Məcnunsuz Leyli oluram.
Sənsiz sənlə,
Gah danışıb, gah gülürəm,
Bu yalanın əzab qamçısıyla,
Döyülürəm, ölürəm
Dözəmmirəm,
Bu sevginin libasıyla bəzəmmirəm
Sənsiz sənlə,
tutub əl-ələ,
Saçlarımı verib yelə,
Çıxıram qala üstünə,
Dünya qoşununu çəkdi üstümə.
Baxıram,
Dünyanın torpağına, daşına,
İnsanlara - Qoşuna.
İçimdə bezir ayrılıq,
Könlümü əzir ayrılıq.
Sənsiz sənlə olammıram,
Səni ondan alammıram.
Ağlamıram - sızlayıram.
Yalqızlayıram.
Yalquzaq oluram.
Boz yalquzaq
Gözümdə od qalayıram.
Ulayıram,
Ulayıram, bu dünyanın,
Torpağına, dərəsinə, düzünə,
Ulayıram Göy üzünə.
Ulartım şimşəyə dönür,
İldırım dililə dinir....
Göy üzündə buludlar oyur-oyur.
Yağış yağır....
Torpaq doyur...
 
 
 
Deyəm...

İstəyirəm yad planet axtaram,
Yerdən qaçım, bəlkə orda bəxt quram.
Təmizliyin zirvəsində taxt quram,
Saf niyyətli insanlara gəl deyəm.
Yer ağlayır, fitnə, fəsad əlindəm,
Od oynayır yanıb, sönmüş külünnən.
Dünya qorxur, tufanından, selindən,
Pisliklərə tufan deyəm, sel deyəm.
Dost dediyim, kürəyimdən vurubdu,
Dönə, dönə dar ağacı qurubdu
Bu xəyanət, məni içdən yorubdu,
Sən şeytansan, bil özün də bil deyəm.
Ev tikənlər, ev yıxanlar seçilməz,
Boy atıbdı, alaq otu biçilməz.
Göy sevənə, Göy dərsləri keçilməz,
Göy üzünə gedəcəyim yol deyəm.
Yad planet axtarışı alınsa,
Təmizlərin yurd, yuvası bilinsə.
Onda deyim, ey Xəzangül gülümsə,
Təmizlərin arasında ol deyəm
 
 
Sazım – özüm
 
Dərdi büküb, ürəyimə salmışdım,
İndi neynim? Çağlayımmı telli saz?
Mürgüləyən kədərimlə qalmışdım,
Ağladırsan, ağlayımmı telli saz?
 
Bükük dərdim açılarsa ney ollam,
Bu dünyanın bədbəxtinə tay ollam.
Gündüz torpaq, gecə gözü Göy ollam,
Əhdi-peyman bağlayımmı telli saz?
 
Ulu dərdin, dolu dərdin mən ollam,
Sim üstündə mizrabına tən ollam.
Hər mizrabda, sözə dönüb, ün ollam.
Dağ dərdimi, dağlayımmı telli saz?
 
Dərd gözündən leysan tökər, qorxuram.
Dərd toxum tək, dərdlər əkər qorxuram.
Mən olaram dərdə nökər qorxuram.
Nişan alıb oxlayımmı telli saz?
 
Səndən başqa, kim könlümü anlayar?
Dərdim sənə sarılaraq inləyər,
Gəl ey sazım! Ol mənə yar, canla yar,
Eşqi pünhan saxlayımmı telli saz?
Ağladırsan, ağlayımmı telli saz...
 
Yar olmuşam
 
Ürəyimdə nisgil bitib,
Arzularım harda itib?
Ayıldım ki, gənclik ötüb,
Qocalığa yar olmuşam.
 
Arzu atı çapammadım,
Dost axtardım tapammadım.
Zaman qaçdı tutammadım.
Qocalığa yar olmuşam.
 
İllər mənə nağıl verdi,
Dönə-dönə ağıl verdi.
Görən dedi bu nə sirrdi?
Qocalığa yar olmuşam.
 
Cavanlığım getdi bada,
O Yer oldu, mənsə ada.
Xəyalları dada-dada,
Qocalığa yar olmuşam.
 
O dağlara
 

Könlüm istər çıxım Allah!
O dağlara, o dağlara.
Gözlərimi sıxım Allah,
O dağlara, o dağlara.
 
Sellər ilə axım gedim,
İldırım tək çaxım gedim.
Atam kimi baxım gedim,
O dağlara, o dağlara.
 
Atam bilib mən ahəstə,
Sığınardım köksü üstə.
Baş əyərdim dizim üstə,
O dağlara, o dağlara.
Dağ başına qalxa biləm,
Şübhələri yıxa biləm.
Xəzangül tək çıxa biləm,
O dağlara, o dağlara.
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.2846
TRY 1 Türk lirəsi 0.4379
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.2014
EUR 1 Avro 2.0032
CHF 1 İsveçrə frankı 1.7194
USD 1 ABŞ dolları 1.7001