• cümə axşamı, 28 mart, 20:09
  • Baku Bakı 13°C

Yenidən qayıtmaq üçün getmək, yoxsa...

15.01.21 19:15 759
Yenidən qayıtmaq üçün getmək, yoxsa...
Gürcüstan müxalifət İvanişvilinin bəyanatına inanmır

Qonşu Gürcüstanda son günlərin ən qalmaqallı və maraq kəsb edən hadisəsi, sözsüz ki, "Gürcü Arzusu”nun qurucusu, lideri, ölkədə "boz kardinal” kimi qələmə verilən keçmiş baş nazir Bidzina İvanişvilinin siyasətdən getmək barədə məktubu oldu. Və gürcü cəmiyyətini təəccübləndirən o oldu ki, Bidzina bu addımını ölkədə siyasi böhranın ən qızğın vaxtında atdı. Məsələ ondadır ki, hakim "Gürcü Arzusu” parlament seçkilərinin nəticələrinin ləğv edilməsini tələb edən, əks təqdirdə etiraz aksiyaları keçirməklə hədələyən eks-prezident Mixail Saakaşvili tərəfdarlarının hədələrinin qarşısını çətinliklə alır. Məsələ ondadır ki, bundan əvvəl bir neçə dəfə İvanişvili siyasətdən getdiyini elan etsə də, təkrarən geri dönüb. Gürcü cəmiyyətinin xüsusiyyətlərini nəzərə alsaq, ehtimal ki, "boz kardinal” nə vaxtsa bu addımı da atacaq. Beləliklə, İvanişvilinin qərarına reaksiyalar, bu qərarın əsl mahiyyəti və hadisələrin bundan sonrakı gedişinin necə olacağını araşdırmağa çalışaq.

"Hədəfimə çatdım”

Məktubunda, İvanişvili əminliklə bildirir ki, əsas məsələni həll edib. Özünün də ifadə etdiyi kimi, "Saakaşvili qruplaşması” artıq heç zaman hakimiyyətə dönə bilməyəcək. "Siyasətdən qalib gedirəm” deyən İvanişvili 10 il Gürcüstanı əvvəlcə rəsmi və qeyri-rəsmi idarə edib və indi də vəziyyət dəyişməyib. "Boz kardinal” yazdığı "vida” məktubunda qeyd edib ki, artıq missiyası başa çatıb. Belə baxanda, həqiqətən də gürcü milyarder istədiyinə nail olmuş kimi görünür. Partiyası həm parlament seçkilərində, həm də prezident seçkilərində uğur əldə edib və çoxluğu qazanıb. Yəni Bidzina artıq ölkəsindən narahat olmaya bilər. "Partiyadan həmişəlik getmək, onun idarəçiliyindən tam çəkilmək qərarı vermişəm. Həm partiya sədrliyindən, həm də partiyadan gedir, 2011-ci ilə qədər olduğu kimi, adi həyata qayıdıram”,– İvanişvilinin partiyanın saytında dərc olunmuş məktubunda deyilir. Eyni zamanda, yaşını da əsas səbəblər sırasında göstərib. Qeyd edək ki, Bidzinanın bu il 65 yaşı tamam olacaq. "Gürcü Arzusu” oktyabrda parlament seçkisini udandan sonra o, "missiyasının tamamlandığını” düşünür və buna görə də həmişəlik siyasətdən gedir. Milyarderin partiyası 2020-ci ilin noyabrında seçkidə qələbə qazanaraq seçicilərin 48 faizindən çoxunun səsini qazanıb və hökuməti formalaşdırıb. Müxalifət isə seçkinin nəticələri ilə razılaşmayıb, Tbilisidə etirazlar keçirib. "Gürcü Arzusu” həm də rusiyapərəst siyasət yürütməkdə ittiham olunur, hakimiyyət isə bunu rədd edir. "Gürcü arzusu”nu 2011-ci ildə təsis edib, 2012-ci ildəMixail Saakaşvilinin "Vahid Milli Hərəkat”ına qalib gəlib. Bundan sonra keçmiş prezident ölkədən gedib. Saakaşviliyə baş prokurorluq dörd cinayət işi açmışdı. "Bloomberg” İvanişvilinin sərvətinin 5.7 milyard dollar olduğunu bildirsə də, özü bu rəqəmin aşağı olduğunu bildirir. 2012-ci ilin oktyabrında baş nazir seçilən İvanişvili bir il sonra bu vəzifədən gedib, ancaq 2018-ci ildə yenidən "Gürcü Arzusu”nun lideri olub. Qərbdə hesab edirlər ki, onun siyasətdən getməsi ölkədə siyasi gərginliyi azalda bilər. İvanişvilinin tənqidçiləri onun hələ də ölkəni idarə etdiyini, Kremlə yaxın olduğunu deyirlər. Özü isə deyilənləri rədd edir. İvanişvili xatırladıb ki, "Gürcü Arzusu” artıq səkkiz il ərzində hakimiyyətdədir və bu müddət ərzində xalq gördü ki, hakimiyyət xalqın əlindədir. Əlavə edib ki, hakim komanda mənim əməyimi, nüfuzumu və təcrübəsini uğurla davam etdirə biləcək: "Bu illər ərzində tənəzzülü saxlamaq, inkişafa təkan vermək, yoxsulluğu azaltmaq mümkün olub”. Sürətli iqtisadi inkişafa nail ola bilmədiklərinə görə, gürcülər qarşısında üzrxahlıq edən İvanişvili soydaşlarını emosional, xəyalpərəst adlandırıb. Yeri gəlmişkən, hökumətin reaksiyasına gəldikdə, baş nazir Georgi Qaxriya hesab edir ki, İvanişvilinin siyasətdən getməsi çox əhəmiyyətli bir nümunədir. İvanişvilini son illər gürcü siyasətinin aparıcı qüvvəsi və yaradıcısı adlandırıb. Bildirib ki, "Gürcü Arzusu” ölkə tarixində üç dəfə dalbadal parlament seçkilərində qalib gələn partiya olub.

"Varidatımı fonda köçürürəm”

Bidzina İvanişvili təəssüflə onu da qeyd edib ki, Gürcüstanda hələ də, dövlətçilik və məsuliyyət hiss olan müxalifət formalaşmayıb. Gürcüstanın strateji müttəfiqləri ABŞ və Avropa İttifaqına, eləcə də ailəsinə təşəkkür edib. Sonuncu, onun qənaətincə, bütün bu illər ərzində görünməmiş təhqir və yalanlara dözüb. Həyat yoldaşı Sallini isə arxasında duran dağa bənzədib. Yeri gəlmişkən, milyarder varidatının hamısını "Kartu” xeyriyyə fonduna ianə edib. İvanişvili bu fondu ötən əsrin 90-cı illərində təsis edib. Rusiyada milyarderlik qazanan Bidzina özünün bu ölkədəki aktivlərini 2012-ci ildə - Gürcüstanda siyasi proseslərə başlayan zaman satıb. Öz fonduna ən böyük "hədiyyəsi” Metexidəki biznes mərkəz olub. Nəhəng sarayın qiyməti 200 mln. dollar civarında qiymətləndirilir. O, son illər ailə üzvləri ilə birgə burada yaşayırdı.

Müxalifət: "İvanişvili xalqı barmağına dolayıb”

Dərhal da Saakaşvilinin "Vahid Milli Hərəkat” üzrə tərəfdarları bildiriblər ki, milyarder vəsaitini fonda yatırmaqla hiyləyə əl atıb. Sadəcə öz vəsaitini Qərb sanksiyalarından "gizlətməyə”, ölkədə təkpartiyalı diktatura qurmağa çalışır. Belə bir iddia ilə partiyanın liderlərindən hesab edilən Xatiya Dekanoidze çıxış edib. Onun qənaətincə, İvanişvilinin siyasətdən getməsi heç bir halda "birləşmiş müxalifətin” parlamenti boykot etmək, eləcə də, etiraz aksiyaları keçirmək planlarına mane olmayacaq. Xatiya Dekanoidze bildirib ki, İvanişvili ölkədə artan narazılıqlardan qaçmaq üçün siyasətdən getməyə çalışır: "Bu gediş, sadəcə məsuliyyətdən getməkdir. Ölkə defoltun astanasındadır, ağır siyasi, iqtisadi və sosial böhran hökm sürür. Səhiyyə sistemində də böhrandır. Bu səbəbdən də məsuliyyəti öz komandasının üstünə atmağa çalışır. "Gürcü Arzusu” məhz bu barədə düşünməlidir – İvanişvili ölkəni defoltun astanasında qoydu getdi”. Əlavə edib ki, İvanişvili beynəlxalq sanksiyalardan qaçmağa çalışır. Bu səbəbdən də pullarını xeyriyyə fonduna yatırıb.
Keçmiş nazir Paata Zakaerişvili isə hesab edir ki, İvanişvili siyasətdən getmək fikrində deyil, sadəcə, öz partiyasının dayanıqlığını yoxlamaq istəyir – müstəqil şəkildə siyasi çağırışların, ən əsas, payızda keçiriləcək bələdiyyə seçkilərinin öhdəsindən gələ biləcəkmi? Onun qənaətincə, İvanişvili 2024-cü ildə parlament seçkiləri ərəfəsində yenidən dönəcək.

Saakaşvili də İvanişviliyə inanmır

Eks-prezident Mixail Saakaşvili də Bidzinanın getməsinə inanmır. Xüsusi bəyanatında əsas rəqibinin məktubunu xalqı barmağına dolamaq cəhdi adlandırıb. Əmindir ki, milyarder, siyasətdən yalnız "birləşmiş müxalifət” hakimiyyətə gəldikdən və xalqdan oğurladığı 5 mlrd dolları qaytardıqdan sonra gedəcək. Bu da, onun qənaətincə tezliklə baş verəcək. Mixail Saakaşvili bildirib ki, hakimiyyət müxalifət koalisiyasına verilməlidir: "Neçə dəfə bizi axmaq yerinə qoymaq olar? Gürcü xalqını bunlar axmaq hesab edir, analiz aparmaq qabiliyyətindən məhrum olmuş hesab edir. İvanişvili gürcü xalqından oğurladıqlarını geri qaytarmalıdır. Gürcüstan iqtisadiyyatı dağıdılıb, taleyin qismətinə buraxılıb, ədaləti bərpa etmək gərəkdir və belə də olacaq. Cəmiyyət artıq onun sözlərinə çoxdan inanmır və bu gün Gürcüstan qarşısında duran əsas vəzifə bu qorxunc şəxsdən azad olmaqdır”. Əlavə edib ki, İvanişvili və partiyası əhalini aldatmaqdadır: "İvanişvili bildirir ki, yoxsulluq obyektiv reallıqdır və biz bununla barışmalıyıq. Son beş ildə əhalinin cibindən 5 mlrd. dollar oğurlayıb. Əhali borc içində üzür, ölkənin əsas sələmçisi isə İvanişvilidir”.

Batan gəmini tərk edən kapitan

Yeri gəlmişkən, gürcü müxalifətinin aktiv simalarından biri – Serqo Çixladze "Gürcü Arzusu”nun liderinin siyasətdən getmək barədə addımını fərarilik adlandırır. Onun qənaətincə, siyasi, iqtisadi böhran, koronavirusun pik həddə olması və Qərbin "Gürcü Arzusu”na təzyiqi fonunda İvanişvilinin bu addımı atması kapitanın batan gəmini tərk edib getməsinə bənzəyir: "Bu, İvanişvilinin ölkənin idarə olunmasına nə qədər məsuliyyətsiz yanaşmasından xəbər verir”. İvanişvilinin əbədi rəqibi Roman Qoçiridze də hesab edir ki, "Gürcü Arzusu” yalnız İvanişvili ilə birlikdə mövcuddur. Onun qənaətincə, İvanişvilinin siyasətdən əsl gedişi yalnız hakimiyyət dəyişikliyindən sonra olacaq: "Biz xatırlayırıq ki, o, bir dəfə necə "getdi”, halbuki, heç yerə getmədi. Sadəcə səhnəarxası idarəçiliyə gedir. O zaman dağılmaq təhlükəsi ilə üz-üzə idi. Bunu hiss etdikdə də dərhal İvanişvili geri qayıtdı. Pulları və nüfuzu bölə bilmədikdə, daxili müharibə başladı. Bu zaman İvanişvili daha aktiv şəkildə proseslərə qoşuldu. Hətta rəsmi post da tutdu. Bir klanı o biri əvəz elədi”. Politoloq Qela Vasadze də hesab edir ki, İvanişvili, bəyanatına baxmayaraq Gürcüstanın qeyri-rəsmi rəhbəri olaraq qalacaq. Onun siyasətdən getməsi heç nəyi dəyişmir. Dövlət səviyyəsində idarəçiliyi davam etdirəcək. Onunla Strateji İdarəetmə İnstitutunun rəhbəri Petre Mamradze da razıdır. "İvanişvili fiziki şəxs kimi gürcü siyasətinə təsir etməkdə davam edəcək. Hətta həqiqətən də siyasi proseslərdən getmək istəsə belə, çoxsaylı insanlar olacaq ki, narahat olacaqlar. O, artıq bir neçə dəfə bunu edib, lakin sonradan partiyanın sədri olub”.

İvanişvilini əvəz edən də bəllidir

Artıq İvanişvilinin kimlə əvəz olunacağı da bəllidir. Gürcüstanın hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının sədri vəzifəsinə parlamentin sabiq sədri İrakli Kobaxidzenin namizədliyi irəli sürülüb. Bu barədə partiyanın baş katibi Kaxa Kaladze partiyanın Siyasi Şurasının iclasından sonra bildirib. Onun sözlərinə görə, yanvarın 16-da partiyanın konqresi keçiriləcək və yeni sədri seçəcək.
Beləliklə, gəlinən qənaət budur ki, İvanişvili yenə də hiyləgərcəsinə addım atmaq qərarına gəlib. "Getmək” adı altında bəyanat versə də, çox güman ki, vəziyyətə uyğun olaraq addım atacaq. Böyük ehtimalla, bu tarix elə 2024-cü il ola bilər. Yəni hər şey vəziyyətdən asılı olacaq.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər