AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Yenidən işə başlayanlarda depressiya və həyəcan pozuntuları müşahidə edilə bilər

Yenidən işə başlayanlarda depressiya və həyəcan pozuntuları müşahidə edilə bilər

Cəmiyyət
02 İyun 2020, 14:45 165
Xüsusi karantin rejiminin məhdudiyyətlərinin yumşaldılması nəticəsində yenidən işə başlayanda insanı müəyyən dərəcədə eyforiya bürüyür. Düşünür ki, sanki təhlükə artıq geridə qalıb. Bu zaman sayıqlıq zəifləyir. Ona görə cəmiyyətə və işə çıxanda şüurlu şəkildə qaydalara riayət etmək lazımdır: maska taxmaq, məsafə saxlamaq və ən əsası əllərin təmizliyinə fikir vermək. Çünki virus axıra qədər və tam şəkildə öyrənilməyib. Buna görə də şəxs kütlə psixologiyasına riayət etməməlidir. Yəni heç kim maska taxmır, mən də taxmıram. Belə hallarda cərimələrin tətbiqi müsbət təsir göstərəcək. Çünki insanların əksəriyyəti cəriməni ödəmək istəmir. Məsələn, əvvəllər yolu "zebradan” keçmək mümkün olmurdu. Amma indi əksər hallarda piyadaya yolu keçmək üçün nəqliyyat vasitələri imkan verirlər, çünki cərimələr tətbiq olunur.

Bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının professoru, tibb elmlər doktoru Zəfər Əliyev məlumat verib.

Professorun sözlərinə görə, xüsusi karantin rejiminin məhdudiyyətlərinin yumşaldılması nəticəsində yenidən işə başlayanlar səhər işə getmək üçün tez oyanmalıdırlar, çünki iş ritmini tutmağa məcburdurlar. Bu zaman insanda qəribə hisslər yaranır, çünki artıq həyat əvvəlki kimi deyil, yeni qaydalar, yeni tələblər, yeni münasibətlər formalaşıb: "Fantastik filmlərdə gördüklərimiz sanki həyata keçir. Təbii ki, burada depressiya və həyəcan pozuntuları müşahidə edilə, yaxud güclənə bilər. Bu cür hallar olarsa, çəkinmədən psixiatra müraciət etməyi məsləhət görürəm. Bundan başqa, sadə məsləhətlər yaxşı kömək edir: vaxtında alınan 7-8 saatlıq yuxu, təmiz havada yürüş etmək, sağlam qidalanma. Sonda bir məqamı da qeyd etmək istəyirəm. Bir qrup insan yaşlı nəslin yoluxma riskinin yüksək olduğunu fikirləşmir. Lakin bilindiyi kimi əsrlər boyu xalqımız yaşlı nəslə həmişə böyük hörmətlə yanaşıb. Ümid edirəm ki, bu yanaşma özünü qaydalara riayət etməklə də göstərəcək”.