• şənbə, 20 Aprel, 01:08
  • Baku Bakı 15°C

Yeni təşəbbüslər Qarabağ probleminin həllinə gətirib çıxaracaqmı?

17.11.17 12:00 2671
Yeni təşəbbüslər Qarabağ probleminin həllinə gətirib çıxaracaqmı?
Türkiyə və Rusiya prezidentlərinin Soçi görüşündən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı canlanma müşahidə edilməkdədir. Təsadüfi deyil ki, ötən gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvada Minsk qrupunun həmsədrləri ilə görüşüb. Eləcə də 19-20 noyabr tarixlərində Rusiyanın XİN rəhbəri Sergey Lavrov Bakıya və Yerevana səfər edəcək. Təbii ki, bu görüşlərin hər birində Dağlıq Qarabağ məsələsi müzakirə mövzusu olacaq. Çünki Rusiya və Türkiyə ikitərəfli münasibətləri genişləndirməklə yanaşı, həm də bu problemin həllində maraqlı tərəf kimi çıxış edirlər.
Soçi səfərindən öncə prezident Rəcəb Tayyib Ərdoğanın münaqişənin həllinin Rusiyanın istəyinə bağlı olması replikası da heç də təsadüfi deyil. Bəs görəsən Türkiyə-Rusiya yaxınlaşması indiki məqamda rəsmi Moskvanın problemin həlli ilə bağlı güzəştə getməsinə səbəb olacaqmı?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Hikmət Məmmədov bildirdi ki, Rusiya və Türkiyənin yaxınlaşması əslində yaşadığımız geostrateji rayonda baş verən qlobal hadisələrin zərurətindən irəli gəlir: "Çox sürətlə baş verən mürəkkəb hərbi-siyasi proseslər regional aktorların bir-biri ilə yaxınlaşmasını şərtləndirir. Əks təqdirdə, qlobal təhlükələrə qarşı təkbaşına milli maraqları qorumaq çox çətindir. Geostrateji və regionun aparıcı aktoru kimi Azərbaycan bu yaxınlaşmada və bütövlükdə regionda maraqların qarşılıqlı şəkildə təmin olunmasında mühüm rol oynayır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli məsələsi ətrafında yeni təşəbbüslər də məhz yeni yaranmış şərtlərin diktəsi ilə meydana çıxır. Ona görə də biz bilirik ki, bu şərtlərin formalaşmasında Azərbaycan prezidentinin xüsusi rolu var. Regionda münbit əməkdaşlıq formatının yaradılması üçün prezident İlham Əliyev üçlü diplomatik platformalar formalaşdırıb. Bu formatlarda daim milli maraqların ortaq şəkildə qorunması ilə bağlı çox mühüm strateji məsələlər müzakirə olunub. Heç şübhəsiz ki, belə olduğu halda, regionda mühüm aktorlar hesab olunan Rusiya, Türkiyə və İran Azərbaycanın milli maraqlarını mütləq nəzərə almalıdırlar. Azərbaycanın milli maraqlarının ən başlıca prioriteti isə Dağlıq Qarabağ probleminin, ümumilikdə ərazi bütövlüyü məsələsinin həll olunması və Ermənistanın işğalçı qoşunlarının ərazilərimizdən çıxarılmasıdır. Təsadüfi deyil ki, son illərdə keçirilən bütün görüşlərdə problemin həlli bu və ya digər səviyyədə daim müzakirə olunur. Nəzərə alsaq ki, 2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycanın mövqeyi nə qədər güclənib, o zaman bir daha problemin həlli vaxtının tezləşdirilməsinin bütün aktorlar tərəfindən dərk edilməsi gerçəkliyi ilə üz-üzə qalmış oluruq. Son dövrlər Qarabağ probleminin intensiv müzakirə olunması onun həlli ilə bağlı yeni ümidlər yaradır. Amma əlbəttə ki, bu uzunmüddətli bir proses olacaqdır və Azərbaycan daim öz milli maraqlarını təmin etmək üçün hər cür diplomatik, hərbi və digər vasitələrdən istifadə edəcəkdir”.
H.Məmmədov qeyd etdi ki, strateji tərəfdaşımız olan Rusiyanın xarici işlər nazirinin Azərbaycana səfər etməsi bütün hallarda müsbət qiymətləndirilməlidir: "Mühüm hərbi-siyasi rıçaqlara sahib olan bir ölkənin dövlət rəsmisinin səfəri həm də Qarabağ probleminin həllinin müzakirəsi deməkdir. Ümid edirik ki, Lavrovun səfəri səmərəli bir səfər olacaq və Qarabağ probleminin müzakirələri ilə yadda qalacaq”.
Politoloq Tofiq Abbasov bildirdi ki, Türkiyə və Rusiya hər zaman partnyorluq ediblər və bu iki dövlət arasında münasibətlərin normallaşması Azərbaycanın xeyrinədir: "Hər iki dövlət Dağlıq Qarabağ probleminin çözülməsini istəyir. Buna görə də elə bir həll yolu tapılmasını istəyirlər ki, müharibəyə birdəfəlik son qoyulsun. Qarşılıqlı kompromislər tapılmasa, bu məsələnin həlli mümkünsüz olacaq. Türkiyə və Rusiyanın Dağlıq Qarabağ məsələsinin həllində baxışları üst-üstə düşür. Çünki Cənubi Qafqaz çox kommunikativ bölgədir və burada Dağlıq Qarabağ probleminin həll olunmamış vəziyyətdə qalması bölgə dövlətlərinə əlverişli deyil. Ermənistan 2018-ci ilin mart ayından yeni - parlament idarəetmə sisteminə keçir, daha sonra Rusiyada və payızda Azərbaycanda da seçkilər olacaq. Bu üç kampaniyadan sonra Minsk qrupu ilə yanaşı, ola bilsin, Türkiyə və İranın prosesə qoşulması ilə Ermənistana təzyiqlər artacaq. Çünki rəsmi İrəvan indiyədək əldə olunmuş irəliləyişlərin hamısını məqsədli şəkildə dağıtmaqla məşğul idi. Ancaq bu özbaşınalığın dayandırılması vaxtı artıq gəlib çatıb. Ermənistana havadarlıq edən xarici qüvvələrin bir çoxu anlayır ki, prosesi təxirə salmaq olar, amma onu ümumiyyətlə aradan qaldırmaq mümkün deyil”.
T.Abbasov əlavə etdi ki, bir müddət öncəyə qədər Lavrov açıq şəkildə ermənipərəst mövqeyini nümayiş etdirirdi: "İyul ayında prezident İlham Əliyev həmkarı Putinlə Soçidə keçirilən görüşündə bu məsələ ilə bağlı öz narazılığını bildirib. Dərhal da Putin tərəfindən anlaşılan mövqe sərgilənib. Artıq Sergey Lavrov Putin tərəfindən bu məsələyə təhkim olunub. Ona görə də Rusiya xarici siyasət idarəsinin rəhbəri Putinin səlahiyyətli nümayəndəsi kimi, Azərbaycana və Ermənistana səfər edəcək. Hesab edirəm ki, bu da Azərbaycan diplomatiyasının uğurudur. Təbii ki, Lavrov problemin həlli ilə bağlı Moskvanın yeni baxışlarını səfər çərçivəsində ortaya qoyacaq”.
Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər