• çərşənbə axşamı, 16 aprel, 21:35
  • Baku Bakı 18°C

“Yeni sazişlə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib”

11.11.17 15:00 1879
“Yeni sazişlə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib”
Bir neçə gün bundan öncə Prezident İlham Əliyev Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığının xüsusi tapşırıqlar üzrə səfirlərindən ibarət nümayəndə heyətini qəbul edib. Aİ Şurasına sədrlik edən Estoniyanın Aİ Şərq Tərəfdaşlığında xüsusi səlahiyyətli səfiri Yaan Reynhold qəbul zamanı dövlət başçısının diqqətinə çatdırıb ki, təmsil etdiyi qurum Azərbaycanla əlaqələrə xüsusi önəm verir və Azərbaycan-Aİ əməkdaşlığı çox müsbət şəkildə inkişaf edir. Y.Reynhold yeni sazişlə bağlı da əhəmiyyətli irəliləyiş əldə edildiyini və Aİ-nin bu istiqamətdə səylərini bundan sonra da əsirgəməyəcəyini vurğulayıb. Yaxın vaxtlarda Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinə toxunan səfir qeyd edib ki, Aİ Şərq Tərəfdaşlığına, eyni zamanda bu tərəfdaşlıqla bağlı olan layihələrə tam sadiqdir və bu əməkdaşlığı yüksək qiymətləndirir. Diplomat bir daha bəyan edib ki, Aİ-Azərbaycan əlaqələri pozitiv və dinamik şəkildə inkişaf edir. Bununla yanaşı, o, bildirib ki, Aİ-Azərbaycan əməkdaşlığı mövcud potensialın tam həyata keçirilməsi baxımından möhkəm əsaslara söykənir.

Prezident İlham Əliyev də Aİ ilə əlaqələrin genişlənməsi baxımından Şərq Tərəfdaşlığı təşəbbüsünün əhəmiyyətini vurğulayıb. O, Azərbaycanın Aİ-yə üzv olan 10-dan çox ölkə ilə strateji tərəfdaşlığa dair sənədlər imzaladığını xatırladıb, bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirib. Azərbaycanla Aİ arasında sazişə toxunan dövlətimizin başçısı bu sahədə də işlərin çox müsbət istiqamətdə irəlilədiyini bildirib. Prezident İlham Əliyev qeyd edib ki, siyasi əlaqələrimiz uğurla inkişaf edir, əməkdaşlığımız çoxşaxəlidir və geniş sahələri, o cümlədən demokratik inkişaf, multikulturalizm, iqtisadi, həmçinin digər sahələri əhatə edir. Avropanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu söyləyən Prezident ilham Əliyev investisiya, enerji təhlükəsizliyi, nəqliyyat, sosial müdafiə sahələrində də əlaqələrin inkişaf etdiyini vurğulayıb.

Dünən isə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev "Trend” İnformasiya Agentliyinə açıqlamasında qeyd edib ki, siyasi məsələlər, təhlükəsizlik Azərbaycan və Aİ arasında strateji əməkdaşlıq üzrə yeni sazişə dair növbəti danışıqlar mərhələsində əsas müzakirə mövzusudur. Nazir müavini bildirib ki, Aİ ilə danışıqlar üç blok üzrə aparılır. Bunlar siyasi məsələlər və təhlükəsizlik, ticarət və investisiyalar, eləcə də sektoral blokdur. Onun sözlərinə görə, bu gün üçün ayrı-ayrı razılaşdırılmış elementlər var, lakin bu bloklardan hər hansı biri üzrə tam razılaşma hələ yoxdur. Nazir müavini bildirib ki, ümumiyyətlə, mövqelərdə yaxınlaşma var. XİN rəsmisinin sözlərinə görə, 2-3 iclas artıq keçirilib, eləcə də video-konfranslar, yazışmalar aparılıb. Nazir müavini danışıqlar prosesinin tam başa çatacağı dəqiq tarixi qeyd etməyib.

Həm rəsmi qəbulda səsləndirilən fikirlərdən, həm də XİN səlahiyyətlisinin mətbuata açıqlamasından göründüyü kimi Azərbaycan-Aİ arasında qarşılıqlı maraqlara söykənən əməkdaşlıq var və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün hər iki tərəfin iştirakı ilə geniş müzakirələr aparılmaqdadır.
Tərəflər arasında razılaşdırılma mərhələsində olan və gələcəkdə imzalanması gözlənilən yeni saziş bu münasibətləri tamamilə yeni müstəviyə daşıyacaq. Milli MəclisinGənclər və idman komitəsinin sədri,Avronest Parlament Assambleyasındakı nümayəndə heyətininrəhbəri Fuad Muradov mövzu ilə bağlı "Kaspi”yə açıqlamasında bildirib ki, yaxın vaxtlarda Brüsseldə Şərq Tərəfdaşlığı üzrə sammitin keçirilməsi və bu sammitdə ölkə başçılarının iştirakı nəzərdə tutulub. Onun sözlərinə görə, sammitin yekunu olaraq, adəti üzrə deklarasiyanın qəbul olunması, eyni zamanda Aİ ilə üzv olmayan ölkələr arasında müxtəlif sahələri əhatə edən müəyyən sənədlərin imzalanması gözlənilir. Millət vəkili deyib ki, bu sammitdə Şərq Tərəfdaşlığı ölkələri ilə Avropa İttifaqı arasında yeni sazişlərin imzalanması da gözlənilir: "Moldova, Ukrayna və Gürcüstan Şərq Tərəfdaşlığının Qonşuluq siyasəti çərçivəsindən daha geniş anlamda sənəd qəbul edəcəklər. Azərbaycan isə Avropa İttifaqı ilə münasibətləri inkişaf etdirmək üçün yeni sənədin müzakirəsinə başlayıb. Bunu həm avropalı rəsmilər, həm də dövlət başçısı İlham Əliyev öz çıxış və açıqlamalarında dəfələrlə vurğulayıblar. Bildiyim qədərilə yeni sənəd üzərində müzakirələr indi də davam etdirilir. Bu sənəd bir neçə istiqaməti, o cümlədən siyasi, iqtisadi məsələləri əhatə edir. Bununla əlaqədar Avropa İttifaqı Şərq Tərəfdaşlığının xüsusi tapşırıqlar üzrə səfirlərindən ibarət nümayəndə heyəti noyabrın 7-də Bakıda olublar, Azərbaycan Prezidenti ilə də görüşüblər. Bundan öncə də səfirlər daha geniş tərkibdə ölkəmizdə olublar, dövlət başçısı ilə də görüşüb müzakirələr, fikir mübadiləsi aparıblar. Avropa Komissiyası da maraqlıdır ki, Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş imzalansın. Bizim üçün ikitərəfli əlaqələr çox vacibdir, prioritetdir. Hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında böyük iqtisadi əməkdaşlıq var. Biz bu əlaqələri Avropa İttifaqı, o cümlədən bu təşkilata daxil olan ölkələrlə davam etdirməkdə maraqlıyıq. Viza məsələsi ilə bağlı da prosesə artıq start verilib, bununla əlaqəli müvafiq qanun qəbul olunub. Yəni, Azərbaycan tərəfdən ilkin addımlar atılıb. Bu, hər bir Azərbaycan vətəndaşı üçün yaxşıdır. Tərəflər arasında digər önəmli məqam siyasi məsələdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa İttifaqından daha aydın, sərt, ölkəmizin ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyən, işğalçını öz adı ilə çağıran mövqe gözləyirik. Düzdür, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri ilə paralel olaraq, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi barədə Avropa Parlamentinin, Avropa İttifaqının da məlum sənədləri var. Ancaq biz daha sərt mövqe gözləyirik”.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadəhesab edir ki, ölkəmizlə Aİ arasında imzalanacaq sənəd qarşı tərəfdən ləngidilib. Onun qənaətinə görə, əsas məsələ Azərbaycanın ərazi bütövlüyünün Aİ tərəfindən tanınması, Dağlıq Qarabağ münaqişənin yalnız bu çərçivədə həlli və s əməkdaşlıq dairələrinin müəyyənləşdirilməsidir. Millət vəkili qəzetimizə açıqlamasında əminliklə deyib ki, Azərbaycan ilə Aİ arasında imzalanacaq sənəd tezliklə hazırlanacaq və qəbul ediləcək: "Qarşıdan gələn sammitdə olmasa da, növbəti yaxın mərhələdə Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq sazişinin imzalanacağına ümid edirəm. Avropa İttifaqı Azərbaycanla bir neçə istiqamətdə əməkdaşlıq edir. Hər iki tərəf arasında enerji sahəsinə dair tərəfdaşlıq sazişi imzalanıb. Bu gün Azərbaycan Avropanın enerji diversifikasiyasında çox mühüm rol oynayır, Avropanın etibarlı tərəfdaşı kimi tanınır. Bununla yanaşı, siyasi və humanitar sahədə də əməkdaşlıq əlaqələri mövcuddur. Avropa İttifaqı Azərbaycanın xarici ticarətində əsas tərəfdaşlarından biridir. Azərbaycanın Şərqlə Qərbi birləşdirən nəqliyyat dəhlizi rolunu oynaması, bu istiqamətdə layihənin işə başlaması tərəflər arasında ticarət dövriyyəsinin artırılmasına xidmət edəcək. Yəni, Avropa İttifaqı ilə Azərbaycan arasında çoxşaxəli əməkdaşlıq imkanları var. Biz bu imkanlardan maksimum yararlanmalıyıq. Hesab edirəm ki, tərəflər arasında yeni sazişin imzalanması ilə bu əlaqələr daha da gücləndirilə bilər”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər