• cümə, 19 Aprel, 16:34
  • Baku Bakı 25°C

Yeni qanun sahibkarların yersiz yoxlanmalarını minimuma endirəcək

12.09.13 10:50 1929
Yeni qanun sahibkarların yersiz yoxlanmalarını minimuma endirəcək
Xəbər verildiyi kimi, prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanununun tətbiqi ilə bağlı fərman verib. Ölkə başçısının fərmanı və yeni qanunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramovla müsahibəmizdə şərh etməyə çalışdıq:
- Vüqar müəllim, bu qanunun tətbiqi sahibkarlara nə vəd edir?
- Ölkə prezidentinin fərmanı ilə təsdiq edilən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi ilə yanaşı, bu sahədə yersiz müdaxilələrin aradan qaldırılması və investisiya mühitinin daha yaxşılaşdırılması sahəsində ciddi bir addım kimi qiymətləndirilməlidir. Qanunun quvvəyə minməsi sahibkarlıq sahəsində sadəcə hüquqi mühitin təkmilləşdirilməsi deyil, eyni zamanda sahibkarlara kompleks dövlət dəstəyinin göstərilməsi kimi dəyərləndirilir. Qanunun əsas mahiyyəti sahibkarlıq üzərində adminstrativ təzyiqi azaltmaqdır. Sözügedən qanunun hazırlanması haqqında ilk təşəbbüs 2011-ci il 15 fevral tarixli prezident fərmanı ilə təsdiqlənən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də nəzərdə tutulurdu. Qanunun qəbul olunması dövlət-sahibkar münasibətlərinin müsbət mənada tənzimlənməsində atılan ciddi addım hesab edilə bilər. Eyni zamanda, bu korrupsiya ilə aparılan mübarizə baxımından da mühüm əhəmiyyət kəsb edir.
- Yeni qanun mövcud problemlərin həllində hansı töhfələri verə biləcək?
- Qanunu əhəmiyyətli edən amillərdən biri də yoxlamaların təyin edilməsində yeni metod tətbiq edərək sahibkarların fəaliyyət göstərdikləri sahələrə uyğun olaraq risk qruplarına ayrılmasıdır. Belə ki, qanunun 3-cü fəslində sahibkarlıq subyektlərinin yoxlayıcı orqan tərəfindən risk qrupları üzrə bölüşdürülməsi və təyin edilən yoxlamaların periodikliyinin bu qrupların xüsusiyyətlərinə görə aparılmalı olduğu aydın ifadə edilib. Bu qanunun tələbinə uyğun olaraq risk qrupları üzrə məlumatlar vahid məlumat mərkəzində yerləşdirilməli və bu məlumat bazasına sahibkarların ödənişsiz çıxışı təmin edilməlidir. Beləliklə, hər hansı bir sahibkar onun üçün yoxlayıcı qurum tərəfindən təyin edilməli olan yoxlama müddətini müəyyən edə bilər. Bu isə sahibkarların lazım olan məlumatları, sənədləri hazırlamasına imkan verir ki, nəticədə yoxlama zamanı ortaya çıxa biləcək neqativliklərin aradan qaldırılması və daha münasib şərtlər altında yoxlamaya cəlb olunması mümkün olacaq. Eyni zamanda, qanunun tətbiqi sahibkarlıq fəaliyyətinin yersiz yoxlamasının minimuma enməsinə səbəb olacaq. Sahibkarlar fəaliyyətinin kəmiyyət və keyfiyyətinə uyğun yüksək, orta və aşağı risk qrupları olaraq üç hissəyə ayrılacaq. Maraqlı məqamlardan biri isə ondan ibarətdir ki, yoxlayıcı orqanın balansında olan sahibkarların risk qruplarına bölgüsü zamanı müəyyən faiz məhdudiyyətlərinin tətbiqi nəzərdə tutulub. Yüksək risk qrupuna daxil olan sahibkarlar ümumi sahibkarların 10%-dən, orta risk qrupu isə 30%-dən yuxarı ola bilməz. Yəni sahibkarların minimum 60%-i aşağı risk qrupuna daxil olacaq ki, bu da ölkədə kiçik sahibkarlığın inkişafına təkan verəcək mühüm addım hesab edilə bilər.
- Niyə? Kiçik sahibkarlıq üçün hansı güzəştlər nəzərdə tutulub qanunda?
- Yeyinti məhsullarının təhlükəsizliyinə nəzarət istisna olmaqla digər yoxlayıcı orqanlar tərəfindən təyin edilən yoxlamalar yüksək risk qrupu üçün ildə bir dəfədən çox, orta risk qrupu üçün iki ildə bir dəfədən çox və aşağı risk qrupları üçün isə üç ildə bir dəfədən çox olmayaraq təyin edilməlidir. Yeyinti məhsullarının təhlükəsizliyinə nəzarət məqsədi ilə yoxlamalar isə analoji olaraq altı ayda bir, bir ildə bir və iki ildə bir dəfədən çox olmayaraq təyin ediləcək. Beləliklə, yeyinti məhsullarının keyfiyyətinə nəzarət də daxil olmaqla ölkədə olan mövcud sahibkar kontingentinin 60%-dən çox hissəsi eyni adlı yoxlamaya minimum 3 ildən bir cəlb edilə bilər. Əlbəttə ki, qanunun bu tələbi plan üzrə yoxlamalara aid ediləcək.
Fəaliyyəti yoxlanılan sahibkarların böyük əksəriyyəti 3 il müddətində yenidən yoxlamaya məruz qalmayacaq. Bu, birmənalı şəkildə sahibkarlıq fəaliyyətinə hər hansı qurumun müdaxilə imkanlarını minimuma endirir. Eyni zamanda, yoxlamalar barədə öncədən məlumatın verilməsi və elektron arxivin formalaşdırılması sahibkarlara öncədən yoxlamalar barədə məlumatlanmağa və o cümlədən dövlət qurumlarının yoxlamaların sayı ilə bağlı qanunvericilik tələblərini ciddi gözləməsinə imkan verəcək. Bu, yoxlamalar sahəsində şəffaflığın daha gücləndirilməsi, hər hansı potensial korrupsiya hallarına qarşı ciddi mübarizə aparılması və ən əsası, sahibkarların öncədən məlumatlandırma mexanizmlərinin tətbiqi deməkdir.
- Qanun daha hansı məsələləri tənzimləyir?
- Sözügedən qanunla yoxlayıcı orqan və sahibkarlar arasında əksər hallarda mübahisəyə səbəb olan fəaliyyətin dayandırılması, sanksiyaların tətbiqi kimi məsələlər də tənzimlənəcək. Belə ki, qanunun 7-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq yoxlayıcılara, yoxlamanın aparılmasından başqa digər səlahiyyətlər, o cümlədən sahibkarın fəaliyyətinin məhdudlaşdırılması, yoxlama materiallarına baxılması və nəticələri üzrə qərarın qəbul edilməsi, məsuliyyət tədbirlərinin tətbiqi, cərimələrin toplanması səlahiyyətləri qadağan edilir. Bu isə o deməkdir ki, hazırda ən asan təsir vasitələrindən biri hesab edilən və yoxlayıcılar tərəfindən tez-tez istifadə edilən “fəaliyyətin dayandırılması və ya məhdudlaşdırılması” halları sahibkarlar üçün hər hansı təhlükə mənbəyi olmayacaq. Fəaliyyətin məhdudlaşdırılması haqqında qərar yoxlayıcı orqanın səlahiyyətliləri və yaxud rəhbəri tərəfindən verilə bilər. Digər tərəfdən, qanun imkan verir ki, hər hansı bir pozuntuya və ya keyfiyyət nöqsanına görə sahibkarın fəaliyyəti qismən məhdudlaşdırılsın. Yəni, sadəcə nöqsanın olduğu sahənin fəaliyyəti dayandırıla bilər.
Bu, o deməkdir ki, artıq dövlət qurumlarının əməkdaşları birbaşa sanksiyalar tətbiq edə bilməyəcəklər və bu zaman yoxlama zamanı əldə edilən məlumatlar üst qurum tərəfindən bir daha baxıldıqdan sonra qərarlar qəbul ediləcək. Bu qayda birmənalı şəkildə sahibkarlar ilə yoxlayıcılar arasında münasibətlərin şəffaf şəkildə tənzimlənməsinə və ən əsası, hətta yoxlayıcı müfəttişlərin pozuntular aşkar etdiyi halda da sanksiyaların onlar tərəfindən yazılmamasına gətirib çıxaracaq. Sözsüz, bu, sahibkarların öz fəaliyyətlərində fasilə verməmək, eyni zamanda hüquqlarını daha mükəmməl şəkildə qorumaq imkanları deməkdir.
Bundan başqa, aparılan yoxlamalar zamanı üzə çıxan nöqsanlar, bu nöqsanlara görə tətbiq edilən məsuliyyət tədbirlərinin sayı, cərimələrin və maliyyə xarakterli digər sanksiyaların məbləği yoxlayıcı orqanın, yoxlayıcının və digər əməkdaşların fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi üçün meyar hesab edilməsi bu qanunla qadağan edildi. Beləliklə, yoxlamaların təyin edilməsi, yoxlamalar zamanı şəxsi maraqların təmin edilməsinə meyllərin olması və bir çox hallarda əsassız yoxlamaların təyin edilməsini stimullaşdıran mənfi halların qarşısının alınmasında bu qadağanın ciddi rolu olacaq. Bu qayda hətta inkişaf etmiş ölkələrin əksəriyyətində belə tətbiq edilmir. Sözügedən hal birmənalı şəkildə qanunun hər bir şəraitdə sahibkarları dəstəklədiyini göstərir. Qanun həm də dövlət qurumlarını mümkün qədər az cərimələr yazmağa təşviq edir.
- Yoxlamalara qədər vəziyyətin təhlili haqda qanunda hər hansı bənd varmı? Yəni yoxlamalara əsas yaradan amillər necə müəyyənləşdiriləcək bundan sonra?
- Qanunun 4.2.6-cı maddəsində yoxlamalar üçün əsas yaradan hər hansı predmetin ayrı-ayrı qurumlar tərəfindən yoxlanmaya cəlb edilməsi qadağan edilir. Bu maddə qanunvericilikdə müəyyən düzəlişlərin edilməsinə və sahibkarlara qarşı tətbiq edilən yoxlamaların sayının azalmasına səbəb olacaq. Sözügedən qanunun qüvvəyə mindiyi gündən etibarən, yoxlamalar zamanı qanunvericilikdən irəli gələn ziddiyyətlər yarandıqda problemə sahibkara daha səmərəli olan maddə ilə yanaşılacaq. Bu isə qanunun 5-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq həyata keçiriləcək. Belə ki, qanunun bu maddəsində sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan məcburi tələblərin, yoxlamaların aparılması zamanı normativ hüquqi aktların bir-birinə zidd müddəaları ortaya çıxarsa, problemin sahibkar üçün sərfəli olan müddəa ilə həll edilməli olduğu qeyd edilib. Yəni, hətta ziddiyyətli məqamlarda belə qanun hüquqi müstəvidə sahibkarın yanındadır. Bu isə sahibkarlara real dəstəkdir.
- Yoxlamaların gedişatı necə tənzimlənəcək?
- Yeni qəbul edilmiş bu qanun eyni zamanda sahibkarın və yaxud da onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan yoxlamanı qadağan edir. Bu, çox mühüm məsələdir. Belə ki, əvvəllər bəzi hallarda sahibkarın iştirakı olmadan yoxlayıcı orqanlar yoxlama predmetinə və ya sahəsinə daxil olub, reydlər keçirib, qərarlar vermək səlahiyyətinə malik idi. Belə hallarda sahibkar bəzən yoxlama predmeti haqqında məlumatları tam əldə edilə bilmirdi ki, bu da doğru olmayan və yaxud sahibkara sərf etməyən qərarın çıxarılmasına yol açırdı. Lakin hazırkı qanun bu kimi neqativ halların qarşısını tamamilə alacaq. Həmçinin sahibkarın icazəsi olmadan fəaliyyət obyektinə, iş sahəsinə və yaxud anbarlara daxil olmaq da qanuna uyğun deyil. Belə hallarda yoxlayıcı bu barədə sadəcə akt tərtib edə bilər. Beləliklə, qeyd etmək olar ki, bu qanunun tələbinə uyğun olaraq bundan sonrakı yoxlamalar zamanı sahibkarlara dəyən zərər də daxil olmaqla, onların fəaliyyətinə hər hansı əsassız müdaxilə, fəaliyyətin məhdudlaşdırılması və şəxsi təəssüratlar əsasında qəbul edilmiş qərarlar, sanksiyalar, vahid məlumat reyestrində qeydiyyata düşməyən yoxlamalar mümkün olmayacaq.
Ümumilikdə götürdükdə isə qanun “ədalət mülkün təməlidir” prinsipi əsasında hazırlanıb və məqsəd birmənalı olaraq ölkədə biznes mühitini liberallaşdırmaq, qeyri-neft sektorunda inkişafı təmin etmək və sahibkarlıq risklərini aradan qaldırmaqdır.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər