AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Yeni parlament, yeni rəhbərlik

Yeni parlament, yeni rəhbərlik

Siyasət
10 Mart 2020, 18:36 3517
Millət vəkilləri hesab edir ki, altıncı çağırış Milli Məclis ölkəmizin inkişafı istiqamətində daha səmərəli fəaliyyət göstərəcək

Altıncı çağırış Milli Məclisin ötən gün keçirilən ilk iclasında parlamentin yeni spiker və vitse-spikerləri, həmçinin komitə sədrləri, onların müavinləri, komissiya üzvləri seçilib. Beləliklə də yeni parlament tamamilə yeni rəhbərliklə fəaliyyətə başlayıb. 
 


Bununla bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşən millət vəkili, politoloq Elman Nəsirov bildirib ki, yeni Milli Məclisin ilk iclası Prezident İlham Əliyevin iştirakı ilə keçirilib. Onun sözlərinə görə, parlaq və geniş nitq söyləyən dövlət başçısı altıncı çağırış Milli Məclisin uğurla fəaliyyət göstərəcəyinə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib: "Prezident İlham Əliyev 2018-ci ildə növbəti dəfə Prezident seçildikdən sonra geniş iqtisadi islahatlar həyata keçiriləcəyini, indiyə qədər davam etdirilən islahatların daha da dərinləşəcəyinin anonsunu vermişdi. O vaxtdan indiyə qədər ötən müddət ərzində Prezident Administrasiyasında, Nazirlər Kabinetində, yerli və mərkəzi icra hakimiyyəti orqanlarında geniş kadr və struktur islahatları həyata keçirilib. Təbii olaraq bu prosesdən Milli Məclis də kənarda qala bilməzdir. Ona görə də növbədənkənar parlament seçkiləri keçirildi. Milli Məclisin ilk iclasında parlamentin yeni rəhbər heyətinin, eyni zamanda komitə sədrlərinin, onların müavinlərinin seçilməsi də onu göstərir ki, qanunverici orqanda da köklü islahatlar, dəyişikliklər baş verib”.
 

 
İslahatlar prosesinin davamı
 
E.Nəsirov həmkarı Sahibə Qafarovanın parlamentin sədri seçilməsini olduqca mühüm hadisə kimi dəyərləndirib: "O, ziyalı bir xanımdır, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvüdür. Azərbaycan – AŞPA əlaqələrinin inkişafında da xidmətləri var. O, AŞPA-da komitə sədri olub, xarici dil bilikləri yüksək səviyyədədir, insanlarla səmimi münasibəti var. Elmlər doktoru, professor Sahibə Qafarovanın Milli Məclisin sədri seçilməsi sözün həqiqi mənasında Azərbaycan parlamentarizminin inkişafına xidmət edəcək. Buna sevinirik. Birinci vitse-spiker seçilən Əli Hüseynli Azərbaycanın tanınmış hüquqşünaslarındandır. 2000-ci ildən parlamentin üzvüdür, çox geniş təcrübəyə sahibdir, indiyə qədər parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri olub. Bu baxımdan onun yeni vəzifəyə seçilməsi də çox uğurlu hadisədir. Budəfəki Milli Məclisdə ilk dəfə olaraq bitərəflərin və azlıqda olan partiyaların nümayəndəsi kimi iki millət vəkili parlament sədrinin müavini seçilib. Onlar bitərəf Adil Əliyev və Vətəndaş Həmrəyliyi Partiyasının üzvü Fəzail İbrahimlidir. VHP-ni Milli Məclisdə 3 millət vəkili təmsil edir. Adlarını qeyd etdiyim hər iki deputat parlamentin idarə olunması prosesinə cəlb edilib. Komitələrin sədrlərində və müavinlərində də dəyişikliklər olub. Hesab edirəm ki, bütün bunlar uğurlu seçim olmaqla bərabər, islahatlar prosesinin davamıdır. Bu onu göstərir ki, Azərbaycan parlamenti həm kəmiyyət, həm keyfiyyət baxımından müsbətə doğru dəyişir”. 
 

 
Çox mühüm hadisə
 
Millət vəkili, hərbi ekspert Arzu Nağıyev yeni Milli Məclisin Azərbaycanda aparılan islahatlara mühüm töhfə verəcəyini qeyd edib. O deyib ki, həm komissiyaların formalaşması, həm də Milli Məclisə yeni rəhbərliyin təyin olunması çox mühüm məsələdir: "Milli Məclis altıncı çağırış üzrə ilk iclasını keçirdi. İclasda cənab Prezidentin çox mühüm çıxışı oldu. O, çıxışında həm iqtisadi cəhətdən olan islahatlara, həm də siyasi islahatlara çox mühüm yer ayırdı. Prezident həmçinin deputatlara öz tövsiyələrini verdi. Fikrimcə, həm komissiyaların formalaşması, həm də Milli Məclisə yeni rəhbərliyin təyin olunması mühüm məsələdir. Demək olar ki, təmsil olunan bütün fraksiyaların nümayəndələri və müavinləri oldu. Komitələrə demək olar ki, peşəkarlar sədr təyin olundu. Düşünürəm ki, gələcəkdə Azərbaycanda aparılan islahatlara mühüm töhfə verəcək bir parlament olacaq”.
 

 
Prezidentin tövsiyə və tapşırıqları
 
Millət vəkili Nəsib Məhəməliyev qəzetimizə açıqlamasında Azərbaycan Prezidentinin Milli Məclisin ilk iclasında iştirakına və çıxış etməsinə diqqət çəkib. Bildirib ki, ölkə rəhbəri öz çıxışında hər bir millət vəkilinin normal fəaliyyət göstərməsi üçün bir növ yol xəritəsini cızıb: "Bəli, altıncı çağırış Milli Məclis öz işinə başladı. Parlamentin yeni rəhbərliyi, komitə sədrləri, müavinləri, intizam və hesablama komissiyalarının üzvləri seçildi. Parlamentin iclasında ən yadda qalan hadisə isə Prezident İlham Əliyevin tarixi çıxışı oldu. Cənab Prezident öz geniş nitqində V çağırış Milli Məclisin fəaliyyətindən tutmuş, növbədənkənar seçkilərin keçirilməsi, beynəlxalq münasibətlər, qlobal çağırışlar, iqtisadi-sosial problemlər barədə fikirlərini bölüşdü. Eyni zamanda deputatların və məmurların gələcək fəaliyyətlərinin istiqamətləri ilə bağlı tövsiyə və tapşırıqlarını verdi. Hesab edirəm ki, o, hər bir millət vəkilinin normal fəaliyyət göstərməsi üçün bir növ yol xəritəsini cızdı. Fikrimcə, bütün bu dəyişikliklər xalqın ürəyincədir və cənab Prezidentin bütün sahələrdə başlatdığı islahatların davamı kimi qiymətləndirilməlidir”.
 

 
Qarabağ həqiqətlərinin dünyaya çatdırılması
 
Milli Məclisin Mədəniyyət komitəsinin yeni sədri seçilən deputat Qənirə Paşayeva da yeni parlamentin ölkəmizin inkişafı istiqamətində daha səmərəli fəaliyyət göstərəcəyinə əminlik ifadə edib: "Prezident İlham Əliyev Milli Məclisdə ölkəmizdə əldə edilən uğurlar, görülən işlər, qarşıdakı hədəflər barədə təxminən bir saat proqram xarakterli çıxış etdi. Ölkəmizin əldə etdiyi uğurları daha da inkişaf etdirmək üçün hökumət və parlament birlikdə fəaliyyətini daha da gücləndirməlidir. Bu uğurları daha da inkişaf etdirmək üçün ölkə Prezidenti iqtisadi, sosial, mədəniyyət sahəsində islahatların davam edəcəyini bir daha vurğuladı. Qarabağ həqiqətlərinin dünyaya yayılması, işğal altında olan torpaqların azad edilməsi istiqamətində parlamentin, millət vəkillərinin üzərinə düşən öhdəlikləri xatırlatdı. Millət vəkillərinin beynəlxalq təşkilatlarda daha fəal olması ilə bağlı ölkə Prezidentinin ciddi tövsiyələri oldu. İnanıram ki, yeni parlament ölkəmizin inkişafı istiqamətində daha səmərəli fəaliyyət göstərəcək”.
 
Rufik İSMAYILOV