• cümə, 29 Mart, 18:00
  • Baku Bakı 14°C

Yeni Neft institutunun yaradılması nə vəd edir?

23.07.13 10:55 1545
Yeni Neft institutunun yaradılması nə vəd edir?
“Neft-kimya sahəsində yeni istiqamət var. Yeni qurum olacaq Neft İnstitutunun yaranması haqda təkliflərimiz var”- AMEA-nın prezidenti, akademik Akif Əlizadənin ötən həftə keçirdiyi mətbuat konfransında səsləndirdiyi bu fikirləri “Azərbaycan neft diyarıdır, belə bir institut olmalıdır”-deyə əsaslandırıb. Akademikin sözlərinə görə, hazırda bu məsələyə Prezident Administrasiyasında baxılır.
“Bu sahədə Azərbaycanda Neft İnstitutu yaradılmalıdır. Bu plan “2020 Gələcəyə Baxış” platformasına daxildir. Həmçinin AMEA rəhbəri Azərbaycanda “Xəzər elmi mərkəzi”-nin yaradılacağını və bu layihənin ETSN-lə birgə həyata keçiriləcəyini qeyd edib. Akif Əlizadə instituta bacarıqlı alimlərin rəhbərlik edəcəyini bildirib.
Qeyd edək ki, bu vaxta qədər ölkədə neft sahəsi istiqamətində təhsil verən və tədqiqatlarla məşğul olan institutlar fəaliyyət göstərir. Bəs yeni yaranacaq institut neft sahəsinə hansı töhfələri verə bilər. Və ya belə bir təşkilatın yaranmasına ehtiyac varmı?
Elmi tədqiqatlar üçün imkan

21-ci əsr Təhsil Mərkəzinin sərdi Etibar Əliyev hesab edir ki, belə bir elmi tədqiqat mərkəzinin akademiyanın nəzdində yaradılması bu istiqamətdə müxtəlif tədqiqatların aparılmasına şərait yarada bilər. Belə ki, indiyə qədər ölkədə Neft Akademiyası fəaliyyət göstərir və bu təhsil ocağı ilk yaradılan institutlardandır. O cümlədən, Ali Neft Məktəbinin yaradılması da uğurlu addım kimi dəyərləndirilir: “Müasir, Avropa təhsili tələblərinə cavab verən Bakı Neft Məktəbi yaradılıb və dərslər ingilis dilində tədris olunur. Bu məktəb yarandığı gündən özünü doğrultdu. Əsasən 600-dən yuxarı bal toplayan abituriyentlər həmin ali məktəbə üz tutdular. Bu məktəbi fərqli proqramlar əsasında ən müasir təhsil ocaqlarından biri saymaq olar. AMEA-nın nəzdində neft institutunun yaradılması isə şübhəsiz ki, elmi-tədqiqat xarakterlidir. Çünki akademiya elmi müəssisə olduğu üçün onun nəzdində hər hansı ali məktəbin yaradılması nəzərdə tutula bilməz. Bu müzakirəyə verilən «Elm haqqında» qanunda da öz əksini tapıb. Ola bilsin ki, daha dərin tədqiqatlardan ötrü, daha spesifik sahə olduğu üçün ayrıca elmi tədqiqat institutu kimi yaradıla bilər”.
Ekspert hesab edir ki, bu istiqamətdə artıq üçüncü institutun mövcud olması şübhəsiz ki, digər sahələrə nisbətən çoxluq təşkil edəcək: “Amma hər halda onların istiqamətləri də fərqlidir. Neft artıq bütün dünyada ciddi tədqiqat obyektinə çevrilib. Belə bir elmi tədqiqat mərkəzi bu sahədə müxtəlif tədqiqatların aparılmasına imkan verə bilər”.
İnstitutların çətinliyi

İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri, professor Məhərrəm Zülfüqarlı isə hesab edir ki, belə bir institutun yaradılmasına ehtiyac yoxdur: «Çünki akademiyanın institutları sovet dövründə təşkil olunan institutlardır. Eyni zamanda, neft problemləri ilə məşğul olan hansısa institut var. Əgər biz neft sənayesinin inkişafına yardım etmək, elmi tədqiqat işlərini davam etdirmək istəyiriksə, bunu ARDNŞ-in nəzdində müəyyən elmi tədqiqat qrupu yaratmaqla həyata keçirmək olar. Çünki faktlar göstərir ki, ölkə müstəqilliyini bərpa edəndən sonra akademiyanın institutları maddi cəhətdən zəif, imkanları məhdud olduğuna görə onlar yeniliklər verə bilmirlər”. M.Zülfüqarlı hesab edir ki, əgər akademiyanın institutlarının sayını artırmağa ehtiyac varsa, ilk növbədə mövcud olan institutların iş keyfiyyətini yüksəltmək lazımdır. Belə ki, cüzi maaşla hər hansı elmi nailiyyətlərə qol qoymaq mümkün deyil. “Əgər alimlər yüksək əmək haqqı alırlarsa tədqiqatlarla məşğul olar və müəyyən keyfiyyət əldə edərlər. Əgər orada alimə minimum yaşayışını təmin etmək üçün əmək haqqı verilmirsə, akademiyada jurnala qol çəkib hansısa universitetlərdə saat hesabı dərs deməklə çörəkpulu qazanırlarsa, onda hansı keyfiyyətdən danışmaq olar? İnstitutu açıb, ştatları doldurub, dövlətdən pul alıb heç bir iş görməməkdənsə, ya akademiyanın işini gücləndirmək, ya da akademiya institutlarını universitetlərə vermək lazımdır».
Yaxşı təşəbbüs

«Azərbaycan gənc alim, aspirant və magistrlər cəmiyyəti» İctimai Birliyinin sədri İlqar Orucovun fikrincə, Azərbaycan neft ölkəsi olduğu üçün belə bir institutunun - elmi-tədqiqat mərkəzinin yaradılmasına ehtiyac var: «Digər tərəfdən nəzərə alaq ki, akademiyanın təxminən bu yönümlü Neft və Kimya Prosesləri İnstitutu adlı bir strukturu da var. Bununla belə, neftlə bağlı yeni bir institutun olması da müsbət qarşılanmalıdır. Azərbaycan neftinin xüsusiyyətləri, tədqiqi dünyanın diqqətindədir. Dünyada hətta Nobel mükafatı da Bakı neftinin pulu ilə təsis olunub. Biz bunu hər dəfə xarici qonaqlara, elm adamlarına deyəndə onlar özləri də bunu bilmirlər”. İB sədri hesab edir ki, bu istiqamətdə ayrıca tədqiqat mərkəzinin yaradılması ortaya ciddi əsərlər, kadrlar, müxtəlif yanaşmalar və sanballı nəticələrin yaranmasına gətirib çıxaracaq. Eyni zamanda, neftlə bağlı elmi işlər də ortaya çıxacaq: “Hazırda bu istiqamətdə ölkədə kadrlar hazırlanır. Həmin kadrların sonradan elmi kadrlar kimi inkişaf etməsi istiqamətində Neft İnstitutunun yaradılması böyük rol oynayacaq. Bu, alqışlanmağa layiq təşəbbüsdür».
Göründüyü kimi, təşəbbüsü dəstəkləyənlər daha çoxdur. Əsas isə təbii ki, strukturun yaranması və ortaya qoyulacaq nəticələrdir. Yəqin yalnız onda “Yeni Neft İnstitutunun yaradılmasına ehtiyac vardımı?” sualına da cavab tapılacaq.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər