• cümə, 29 Mart, 12:03
  • Baku Bakı 14°C

Yeni mövsüm qara xəbərlərlə gəlir...

16.09.15 11:42 1453
Yeni mövsüm qara xəbərlərlə gəlir...
Yeni mövsüm yeni iş, yeni enerji, yeni nəfəs deməkdir. Deyirlər, ilə necə başladınsa il boyu günün o tərzdə də davam edir. Nədənsə, bu tip inanclarımız özünü çox doğruldur. Bu mövsümə isə heç də yaxşı başlamadıq.
Kompüteri işə salıb bu mövsümdə ilk mövzunu müəyyənləşdirirdik ki, teatr aləmində “iğtişaş”ların baş alıb getdiyini gördük. Gördük ki, bir qrup aktyor Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilova qarşı üsyan edərək öz etirazlarını bildirib. Teatrda bu cür problemlər hər zaman olub, ancaq qrup halında məsələnin bu şəkildə mətbuatda yer almasına sözün doğrusu rast gəlməmişdim. Teatr mövsümü açılmamış ana teatra yeni baş rejissor da təyin edildi. Teatr Xadimlər İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov teatrın bədii rəhbəri oldu. Sevimli rejissorumuzu yeni işində biz də təbrik edirik, xeyirli-uğurlu olsun!
Amma... teatrın aktyorları yenə də susmadı. Hələ mövsüm açılmamış mətbuatda biri-birinin ardınca müsahibələr, deyişmələr yer aldı. Aktyorlar söz yarışına, hətta əlbəyaxa savaşa da çıxdılar. Bu da cəmiyyətin və eləcə də mətbuat nümayəndələrinin qınaq obyektinə çevrildi. Şou, qalmaqal dalınca qaçanlara isə bu böyük yem oldu, çeynə ha çeynə. Ziyan yenə də teatra dəydi. Məbəd, tərbiyə ocağı kimi baxılan bu ocağın qocaman nümayəndələrinə yaraşırdımı? Kimin haqlı, kimin haqsız olması isə heç kimə bəlli deyil...
Hamımız bu günü (11 sentyabrı) – Akademik teatrda keçiriləcək mətbuat konfransını səbirsizliklə gözləsək də zaman bizi gözləmədi. Teatrın tanınmış aktyoru, xalq artisti İlham Əsgərov qəflətən dünyasını dəyişdi. Aktyor vaxtsız ölümü ilə hər kəsi sarsıtdı. Mərhum aktyorun cəsədi soyumamış onun ölümü ətrafında söhbətlər bir növ şouya çevrildi. İnsanları maraqlandıran daha çox bu suallar oldu: mərhum aktyorla vida mərasimi nə üçün keçirilmədi, niyə xalq artisti Bakıda dəfn edilmədi? Bu suallar çox verildi, amma cavabsız qaldı...
Və beləliklə, sənət aləmində "yaprak dökümü" qaldığı yerdən davam etdi. Ürəyimiz yandı.
Ümumiyyətlə, Azərbaycan səhnəsində böyük sənətkarlar çox olub. Hərəsinin də öz dəst-xətti, öz üslubu, öz sözü. Onlar hətta eyni rolda çıxış etsələr də, bir-birindən seçiliblər, yəni yaratdıqları obrazları bacarıqla fərqləndirə biliblər. Bu da həmin şəxsiyyətlərin hər birinin böyük istedadından xəbər verən mühüm keyfiyyətlərdir. Təəssüflər olsun ki, bu gün mədəniyyət, incəsənət aləmində sözünü demiş sənətkarlar həyata gözlərini əbədi yumaraq meydanı şou biznes nümayəndələrinə ötürürlər. Böyük sənətkarlar gedir, bəs yerdə kimlər qalır? Bu, başqa bir yazının mövzusudur.
Ötən gün xalq artisti, kamança ustası Habil Əliyev də həyata gözlərini əbədi yumdu. Belə bir korifey sənətkarın dünyasını dəyişməsi Azərbaycan mədəniyyətinə, incəsənətinə böyük zərbə oldu. Çünki bu cür böyük sənət xadimləri hələm-hələm yetişmir.
İndicə aldığımız məlumata görə isə Əməkdar incəsənət xadimi Tahir Əkbərin də sağlıq durumu yaxşı deyil. Səhhətində problem yaranan bəstəkar bu gün beyin qematomasından əməliyyat olunacaq. Allah şəfasını versin!
Bu mövsümün bəxti belə gəldi..., özü ilə bərabər qalmaqal, ölüm xəbərləri gətirdi... Allah sonrasından saxlasın. Halbuki, ötən mövsümün sonunda mədəniyyət xadimləri yeni mövsüm üçün nələr vəd vermişdilər?!
Talehə, qismətin işinə heç kim və heç nə qarışa bilməz. Ümid edirik ki, mövsümün qara xətti burada da bitər, qarşıdan yalnız xoş xəbərlərin, hadisələrin şahidi olarıq. Dünyasını dəyişənlərin unudulmayacağı təbiidir, ancaq gələnlərin onların yerini doldurmayacağı da gizli deyil. Necə deyərlər, onlar bizim qəlbimizdə daima yaşayacaqlar. Biz də həyatda qalan sənətkarlarımıza Allahdan can sağlığı, mövsüm ərzində maraqlı obrazlar arzulayırıq. Təki sağlıq olsun, xeyir işlərdə görüşənədək!
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər