• cümə axşamı, 28 mart, 18:00
  • Baku Bakı 13°C

Yeni konfiqurasiyalı siyasətin nəticəsi

25.12.20 15:00 1634
Yeni konfiqurasiyalı siyasətin nəticəsi
Partiya liderləri hesab edirlər ki, qərargahla təmin edilmələri, cəmiyyətdə siyasi mədəniyyəti yüksəldəcək

Bu günlərdə ölkədəki bir sıra siyasi partiyalara yeni qərargahlar verilib. Məlumata görə, ölkə başçısının tapşırığına əsasən, normal fəaliyyətin təmin edilməsi, iş şəraitinin yaxşılaşdırılması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 14 siyasi partiya qeyri-yaşayış sahəsi ilə təmin edilib. Yaxın vaxtlarda digər siyasi partiyalara da ofis sahələrinin verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi mütəmadi olaraq siyasi partiyalarla müzakirələr aparır. Bu müzakirələr zamanı siyasi partiyaların qaldırdığı məsələlərdən biri də məhz qərargah problemi idi. Hazırda 14 siyasi partiya yeni qərargahla təmin edilib və gələcəkdə siyasi dialoqun davam etdiriləcəyi heç şübhəsizdir.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev təmsil etdiyi partiyanın qərargahla təmin olunmasını yüksək dəyərləndirdiyini dedi: "Buna görə də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirəm. Həm də Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə minnətdarlığımı bildirirəm ki, onlar bu məsələni birlikdə həll etdilər. Təbii ki, bu məsələlər Prezident İlham Əliyevin apardığı yeni konfiqurasiyalı siyasətin nəticəsində mümkün olur. Ona görə də cəmiyyətdə formalaşan bu cür münasibət, düşünürəm ki, Azərbaycanda siyasətin daha da mədəniləşməsinə gətirib çıxaracaq. Eləcə də, dövlətlə vətəndaş, hökumətlə siyasi partiyalar arasında olan bir çox narazılıqları da aradan qaldırmaq iqtidarına malik olacaq. Bu səbəbdən də siyasi partiyaların ofislə təmin olunmasını yüksək dəyərləndirirəm”.
R.Nurullayev vurğuladı ki, bu cür addımların atılması bundan sonrakı dövrdə daha dərin dialoqların aparılmasına imkan yaradacaq: "Hazırda bu dialoq davam edir. Qeyd edim ki, Prezident Administrasiyasındakı müvafiq şöbə ilə siyasi partiyalar arasında görüşlər keçirilir. Elə özümün beş-altı dəfə görüşüm olub və müzakirələr aparmışıq, təkliflər vermişik, eləcə də dinləmişik. Bütün bunlar artıq ölkəmizdə yeni bir siyasi eranın başlanğıcının əsasını qoyur. Biz bu münasibəti xarici ölkələrdə görürdük, müxalifət və ya iqtidar olmasından, hansısa siyasi və ideoloji baxışlarından asılı olmayaraq, bütün siyasi partiyalar müzakirələr aparır, milli birlik nümayiş etdirirlər. Bütün bunlar hamısı da çox gözəl nəticəyə gətirib çıxarır. Təbii ki, dövlət başçısının yaratdığı müvafiq şöbənin nəticəsində də milli birliyə nail olduq. Elə Vətən müharibəsində milli birlik nümayiş etdirməyimiz qələbənin qazanılmasında mühüm rollardan birini oynadı. Bu da bizi sevindirir və düşünürük ki, daha böyük işlər hələ öndədir. Ölkəmizdə tam olaraq siyasi mədəniyyət formalaşmaqda davam edəcək”.
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı qeyd etdi ki, bu addım son vaxtlar ölkədə həyata keçirilən islahatların tərkib hissəsi kimi, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalara diqqətin ifadəsidir: "Təbii ki, siyasi partiyaların cəmiyyətimizdə fəaliyyətini qurmaq üçün ona əlverişli iş şərait yaradılmalıdır. Bu baxımdan partiyalara ofisin verilməsi çox yaxşı haldır, bunu müsbət qiymətləndirirəm. Ölkə prezidentinin son illər həyata keçirdiyi islahatlarda cəmiyyətimizdə yeni siyasi konfiqurasiyanın yaradılmasına xüsusi diqqət və əhəmiyyət verilir. Bununla bağlı Prezident Administrasiyasında xüsusi şöbə də yaradılıb. Oraya hər birimizin tanıdığı, hörmət etdiyi Ədalət Vəliyev rəhbərlik edir. O, həqiqətən, bu işləri yüksək səviyyədə qura bilir. Partiyalarla iqtidar arasındakı körpü rolunu icra edir. Ölkə prezidentinin bu baxımdan qarşıya qoyduğu vəzifələr uğurla həyata keçirilir”.

Partiya sədri bildirdi ki, bundan əvvəl dövlət mülkiyyətində olan qərargaha sahib olmayan siyasi partiyalar ayrı-ayrı yerlərdə ofis kirayələmək məcburiyyətində qalırdılar: "İndi isə bu yolda mühüm addım atılır. Gələcəkdə çalışacağıq, ofisimizdə elə fəaliyyət göstərək ki, partiyanın bütün strukturlarına normal şəraitdə işgörmə imkanları yaransın. Düşünürəm ki, bu, yaxın gələcəkdə öz həllini tapacaq. Çünki Ana Vətən Partiyası Azərbaycanda 1990-cı ildə yaradılan və bu günədək dövlətçilik mövqeyində duraraq fəaliyyət göstərən bir partiyadır. Partiyamızın 55 rayon və şəhər təşkilatı var, strukturlaşıb. Hazırda partiyanın mərkəzi aparatında 16 nəfər öz işini həyata keçirir. Fəaliyyətimiz də, təbii ki, göz önündədir. Hər şeyi görmək üçün ölkə mətbuatını və sosial şəbəkələri izləmək kifayətdir”.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirdi ki, Prezident Administrasiyasında yaradılan Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi son bir il ərzində çox enerjili çalışdı: "Bu zaman ərzində partiyalarla görüşlər, dialoqlar oldu, alınan təkliflər diqqətlə müzakirə olundu. Mən bir neçə dəfə təkliflər vermişdim, daha sonra detallar istənildi. Bu o deməkdir ki, məsələyə biganə qalmırdılar. Bunun çox böyük əhəmiyyəti Vətən Müharibəsi dövründə oldu. Belə ki, bütövlükdə 50 partiya az qala məşvərət şurası kimi davrandı. Bir çox məsələlərlə bağlı beynəlxalq təşkilatlara, ölkələrə müraciətlər olundu. Bu, onu göstərdi ki, artıq o kult götürülüb ki, ölkədə normal uzlaşma olsun və münasibətlər masa arxasında aydınlaşdırılsın. Bu sivil yanaşma, həm də siyasi islahat idi. Parlamentdə də müxalifət partiyalarının iştirakını xüsusi qiymətləndirmək lazımdır. Çünki komitə sədrlərinin müavini və vitse-spiker səviyyəsində təyinatlar oldu. İndi partiyalara qərargahların verilməsi də bu xəttin davamıdır. Hesab edirəm ki, normal fəaliyyət göstərmək, fikir müxtəlifliyinin ortaq məcmuəyə gətirilməsi və bütün fəal elektoratın iştirakçılığını təmin eləmək baxımından bu, çox faydalıdır”.

F.Quliyev qeyd etdi ki, bundan sonra rayon şöbələrinin yerlə təmin olunması məsələsi durur və bununla bağlı müraciət olunacaq: "Düşünürəm ki, atılan addım həm tolerantlıqdır, həm siyasi mədəniyyətdir, siyasi islahatdır. Həm də Azərbaycanda gələcəkdə partiyaların normal şəkildə təşkilatlanmasına və onların milli dövlətçilik müstəvisində toparlanmasına gətirib çıxaracaq. Əslində qərargahla təmin olunmağımız texniki imkanlarımızı artırdı. Bir daha təşəkkür edirəm ki, belə bir şərait yaradıldı. Təbii ki, belə hallar ancaq müsbət qiymətləndirilə bilər”.
AĞ Partiya sədri Tural Abbaslı siyasi partiyaların ofislə təmin olunmasını müsbət addım kimi qiymətləndirdi: "Təbii ki, bu müsbət addımı alqışlayırıq. Siyasi islahatların başlamasına elan verildikdən sonra Prezident Administrasiyasında yeni şöbə yaradıldı və o şöbə partiyalarla işləməyə başladı. İlk dəfə olaraq mətbuatda dialoq mühiti kimi ifadələr işlədildi və bu, artıq real nəticələr verir. Partiyalar arasındakı düşmənçilik rəqabətə çevrilib. Vətən Müharibəsi dönəmində partiyaların birgə bəyanatları, dövlət maraqlarından çıxış etmələri kimi nüanslar tutulan yolun doğru olduğunun göstəricisi idi. Eyni zamanda ilk görüşlərdə çoxpartiyalı sistemin inkişafına mane olan məsələlər müzakirə olunmuşdu. O sırada əsas öndə gələn problemlər partiyaların fəaliyyət göstərməsi üçün imkanların olmaması, kirayə məsələsi idi. Bu istiqamətdə işlər gedirdi və təbii ki, bizə də məlumatlar verilirdi. Nəhayət, bu həftədən müvafiq dövlət qurumu ilə partiyalar arasında müqavilələr imzalandı və artıq bir çox partiyalar ofislə təmin olundu”.

T.Abbaslı bu prosesin yarımçıq qalmayacağına ümidvar olduğunu dilə gətirdi. O, sadəcə partiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi yönündə deyil, eyni zamanda partiyaların siyasi həyatda daha yaxından və aktiv iştirak etməsi üçün lazım olan hüquqi bazanın da yaradılması istiqamətində addımlar atılmasının vacibliyini qeyd etdi: "Ümumiyyətlə, çoxpartiyalı sistemin inkişafı üçün hər iki tərəf üzərinə düşəni icra edərsə, Azərbaycan dünya dövlətləri səviyyəsinə çata biləcək siyasi mühit formalaşa bilər. Ofisin vəziyyətinə gəldikdə isə deyə bilərəm ki, düzdür, buraya çox böyük qərargah demək olmaz, çünki ofisin həcmi təxminən 140 kvadratmetrdir, lakin otaqlar təmirlidir. Amma təbii ki, əşyalar yoxdur. Bəzi kommunal məsələlər var ki, həll edilməlidir. Amma yenə də biz bardağa dolu tərəfindən baxmağı seçirik. İradə olduqdan sonra qalan məsələlər də aradan qaldırılacaq, bu prosesi bitmiş hesab etmək olmaz”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər