Yeni ildə nə hədiyyə edək?
Bir neçə gün sonra Yeni ilə qədəm qoyacağıq. Bu günlərdə insanlar bir-birilərinə hədiyyələr verib, gələn ilin onlar üçün daha uğurlu olmasını diləyirlər. Həqiqətən də hədiyyə vermək və almaq insana çox xoş duyğular yaşadır. Amma bəzən insanlar hədiyyə seçimində bir az çətinlik çəkirlər. Ona görə də, bu yazımızda müəyyən qədər də olsa, seçimdə yardımçı olmağa çalışacağıq.
1. Heç vaxt dəbdən düşməyən,
qışı daha isti keçirməyə kömək edən hədiyyələr ilk sırada yer alır. Məsələn, şal,
şərf, dəri əlcək, papaq ən yaxşı seçimdir. Bu hədiyyələr bütün qışı,
sevdiklərinizlə birlikdə olacaq.
2. Yeni ili yeni qoxu ilə
qarşılamaq da maraqlı olar. Parfüm, klassik, amma hər dövrdə aktual olan
hədiyyələrdəndir. Qış mövsümündə yüngüldən çox, ekzotik qoxulara üstünlük
verməyiniz daha yaxşı olar. Çünki bu qoxular istənilən zövqü oxşaya bilir.
3. Günlük istifadə edilən və
insana zamanın dəyərini daim xatırladan ən gözəl hədiyyə qol saatıdır.
4. Hədiyyə alacağınız şəxs
azyaşlı uşaqdırsa, bu zaman seçiminizi maraqlı oyuncaqlardan savayı etməyiniz
məsləhət görülür. Oyuncaq seçimi zamanı isə uşağın cinsinə, yəni qız, yoxsa
oğlan olduğuna diqqət etməlisiniz. Çünki onların maraq dairələri fərqlidir.
5. Hər qadının xoşuna gələ
biləcək hədiyyələrdən biri də zərif və incə işləmələri olan qızıl və gümüş
boyunbağıdır.
6. Əgər hədiyyə alacağınız
şəxs bəydirsə və bir az yaşlıdırsa, ona bəzəkli muncuqlardan yığılmış təsbeh
hədiyyə edə bilərsiniz.
7. Son dönəmlər dəbdə olan
hədiyyələrdən biri də elektron qolbaqlardır. Hansı ki günümüzdə gənclər
onlardan daha çox istifadə edirlər. Belə ki, bu qolbaqlar həm saatı, həm ürəyin
döyünmə sayını, həm də gün ərzində atılan addımların miqdarını göstərir.
8. Cinsindən asılı olmayaraq,
hər kəsə edilə biləcək hədiyyə sırasında isə "brelok”, fincan və pulqabı
dayanır. Təbii ki, həmin hədiyyələrin sıradan olması deyil, hədiyyə ediləcək
şəxs üçün xüsusi dizayn edilməsi daha çox göz oxşayar.
9. Hədiyyə edəcəyiniz şəxsin
incəsənət zövqünə bələdsinizsə, Yeni il ərəfəsində nümayişdə olunacaq filmə və ya
konsertə bilet hədiyyə edə bilərsiniz. Bu, onu həqiqətən çox xoşbəxt edər.
10. Son olaraq, əgər hədiyyə
almağı düşündüyünüz şəxs sözün əsl mənasında "kitabqurdu”dursa ona mütləq kitab
hədiyyə edin. Amma əvvəlcə hansı janrda olan əsərləri bəyəndiyini öyrənin. Günel Azadə