• cümə axşamı, 18 aprel, 21:24
  • Baku Bakı 21°C

Yeni il üçün Bakını seçən turistlər

21.11.17 12:30 3853
Yeni il üçün Bakını seçən turistlər
Dekabrın son günü,
Bizə tutub üzünü.
Sevinclə, gülə-gülə
Çoxlu turistlər ilə.
Artıq bir aydan sonra 2017-ci ili yola salıb, yeni - 2018-ci ili qarşılayacağıq. Yeni il beynəlxalq səviyyədə keçirilən bayramlardandır. Hər xalq özünə uyğun tərzdə növbəti ili qarşılayır. Dünyanın bir çox ölkələrində demək olar ki, Yeni il xüsusi təmtəraqla, şənliklər təşkil etməklə keçirilir. Bəzi insanlar yeni il ərəfəsində səyahətə çıxır, növbəti ili fərqli bir ölkədə qeyd etmək istəyir. Və bir sıra ölkələr də insanların bu tələbini bilərək, daha çox turist cəlb etmək üçün yeni il tətilinə xüsusi hazırlaşır. Həmin ölkələrdən biri də Azərbaycandır. , "OneTwoTrip" səyahət xidməti dekabrın 27-dən yanvarın 11-ə qədər satılmış biletlərin analizinə əsasən, belə qənaətə gəlib ki, Rusiyanın Kazan şəhərinin əhalisi üçün bu il yeni il tətilini keçirmək üçün ən populyar istiqamətlər Bakı və Parisdir.
Kazanlı turistlər üçün Azərbaycan paytaxtına yeni il səyahəti "OneTwoTrip"ə görə, 12 min 900 rubla, Parisə isə 16 min 300 rubla başa gəlir. Deməli, yeni ildə turistlərin paytaxtımıza gəlmək istəyi var. Biz necə, onları yeni xidmət keyfiyyətləri, bayram sürprizləri ilə qarşılamağa hazırıqmı? Mövzunun əhəmiyyətini nəzərə alaraq, ekspertlərin fikirlərini öyrəndik.
Bazar araşdırmaçısı (marketoloq), həvəskar səyahətçi video-blogger Vaqif Hüseynov bildirir ki, məsələyə bir neçə prizmadan yanaşmaq olar: "İlk olaraq onu deyim ki, bu məsələdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzarət mexanizmi işə düşməlidir. Bu kimi xüsusi günlərdə müəyyən aviakompaniyalarla razılığa gələrək, endirimli aksiyalar təşkil edilməsinə, qiymətlərin aşağı salınmasına nail olunsa, daha yaxşı olar. Burada söhbət həm Bakıya gələnlərdən, həm də Bakıdan tranzit şəhər kimi istifadə edənlərdən gedir. Deyərdim ki, qeyd etdiyim bu məsələ ən əsas faktorlardan biridir. Son dövrlər Bakıya həddən artıq ərəb turistlərin gəldiyinin şahidi olduq. Bunun səbəbi isə həmin turistlər üçün vizanın sadələşdirilməsi oldu. Bu şəraiti yalnız ərəb turistləri üçün yox, dünyanın digər ölkələrindən gələn turistlərinə də şamil etsələr, ölkəyə gələn turist sayında əhəmiyyətli dəyişiklik olar. Çünki hər bir turist səyahətdən əvvəl gedəcəyi ölkənin onun üçün yaratdığı şəraiti araşdırır. Əgər Azərbaycanın təklif etdiyi xidmət onun tələbinə uyğundursa, bura gələcək. Üçüncü bir məsələ isə otellərin qiyməti ilə bağlıdır. Deyərdim ki, qonşu ölkələrlə müqayisədə bizim otellərin xidmət dəyəri daha bahadır. Bir az münasib qiymətlər təklif olunsa, daha məqsədəuyğun olar. Bundan başqa, Bakının görməli yerlər siyahısını bir az da zənginləşdirmək lazımdır. Belə ki, daha maraqlı, ucuz, modern yerlər əlavə olunmalıdır”.
Səyahətçi deyir ki, bəzi restoran və kafelərdə ikili menyu siyasəti var: "Paytaxtda fəaliyyət göstərən bir sıra ictimai yerlərdə ikili menyu siyasəti tətbiq olunur. Bəzi restoran və kafelərdə yerli camaat üçün başqa, turistlər üçünsə tamam fərqli menyu təqdim edilir. Bu menyuda qiymətlər 30-40, hətta deyərdim ki, bəzi hallarda 50 faiz daha baha olur. Həmçinin ticarət mərkəzləri qışda tez bağlanır. Bu, turist cəlb etməyə çalışan ölkə üçün normal hal deyil. Bu kimi məsələlər öz həllini taparsa, düşünürəm ki, Bakı turistlərin yeni ildə seçəcəyi şəhərlər içərisində ön sırada olacaq”.
"Luna Travel” turizm agentliyinin direktoruRəhman Quliyev deyir ki, paytaxtda keçirilən bayram şənlikləri turistlər üçün çox maraqlı olmalıdır: "Yeni ili insanlar daha maraqlı keçirməyə çalışırlar. Biz otellərə də tövsiyə edirik ki, çox yüksək səviyyədə yeni il şənlikləri təşkil etsinlər. Bu, bütün otellər üçün keçərlidir. Çünki Bakıya müxtəlif büdcəli turistlər gəlir. Hamısı beşulduzlu oteldə qala bilmir. Ona görə də, ulduzundan asılı olmayaraq hər bir otel öz turisti üçün bu cür şərait yaratmalıdır. Şəhərdə turistlərin daha çox olduğu məkanlarda şaxta baba, qar qız və yolka ağaclarının sayını artırmalıyıq. Müxtəlif oyunlar, viktorinalar təşkil etmək lazımdır. Bunların hamısı insanlarda xoş təəssürat yaradır. Bir dəfə gələn turist növbəti yeni ildə də gəlmək istəyir. Yəni gələn turist Avropanı yox, Azərbaycanı seçib gəlirsə, o, mütləq aradakı fərqli hiss eləməlidir. Hətta hər bir kiçik parkda belə şənlik keçirmək lazımdır. Canlı musiqi saatları təşkil olunmalıdır. Yəni bayram ab-havası hiss olunmalıdır”.
Agentliyin direktoru tur-paketlərdən də danışdı: "Tur-paketlər istəyə bağlı təşkil olunur. Hər turistin fərqli zövqü var. Məsələn, İrandan gələn turistlər daha çox şəhərdə gəzməyi sevir. Ərəb ölkələrindən olanlar isə meşəlik ərazilərə üstünlük verir. Onu da qeyd edim ki, gələn turistlər otellərin adi günlərdən fərqli olaraq, Yeni il ərəfəsində bahalaşmasını müşahidə etsələr, tərəddüd etməsinlər. Bu, çox normal haldır. Dünya ölkələrində da bu bahalaşma olur. Məsələn, Avropada normalda gecəsi 100 dollara olan otel, həmin günlərdə 200-250 dollar olur. Yəni bu bahalaşma normaldır. Bu problem bir çox ölkələrində yaşanır”.
Azərbaycan Turizm və Menecment Universitetinin tədris işləri üzrə prorektoru Eldar Aslanovbildirir ki, Yeni ilin gəlişi ilə əlaqədar olaraq, çoxsaylı tədbirlər planı hazırlanır: "Bildiyim qədəri ilə, turizm agentlikləri Yeni il üçün xüsusi tur paketlər hazırlayırlar. Şəxsən mənə verilən məlumata əsasən, deyə bilərəm ki, əksər otellərdə yerlər artıq "bron” edilib. Bu da həmçinin qış turizminin inkişafını göstərir. Məncə, Bakıda Azərbaycanın mədəniyyətini nümayiş etdirən müxtəlif tədbirlərin, festivalların təşkil olunması turistlər üçün çox maraqlı ola bilər. Bu tədbirlər turistlərə ölkəmizin tanıdılması, onun turizm imkanlarının göstərilməsi baxımından çox əhəmiyyətlidir. Avropa ölkələrində ilin dəyişdiyi ərəfədə müxtəlif yarmarkalar təşkil olunur. Həmin yarmarkalara gələn insanlar həm alış-veriş edirlər, həm də əylənirlər. Belə yarmarkaların Bakıda da təşkil olunması arzu olunandır. Xüsusilə də, animasiya proqramlarının təşkil olunması gələn turistləri məmnun edər, ölkəmizdə qış turizm mövsümü daha dolğun keçər”.
Günel Azadə
banner

Oxşar Xəbərlər