• cümə, 29 Mart, 06:24
  • Baku Bakı 5°C

Yeni günün bayramı

18.03.17 11:00 3281
Yeni günün bayramı
Novruz - xalqımızın qədimdən bu günə kimi, sevə-sevə yaşatdığı, təmtəraqla qeyd etdiyi, gəlişini həsrətlə gözlədiyi ən qədim milli bayramımızdır. Bu bayram özündə həyatı, yaranış və dirçəlişi, milli birliyi, qardaşlığı, yardımlaşmağı, təbiətin füsunkar gözəlliklərini, xoşbəxtliyə, bolluğa, ruzi-bərəkətə ümidini əks etdirir. Xalqımızın bu bayramı qeyd etməsi, öz tarixi keçmişinə və milli mənəvi dəyərlərinə sahib çıxmağının bariz nümunəsidir. Bu bayram həm də vəfat edənlərin yada salındığı, ağsaqqal-ağbirçəklərin, xəstələrin, kimsəsizlərin ziyarət edildiyi, uşaqların sevindirildiyi, qohumluq əlaqələrinin daha da möhkəmləndiyi ən gözəl adət-ənənələrlə zəngindir.
Novruz sözü "yeni gün” mənasını daşıyır. Gecə və gündüz Novruz bayramı günü, yəni martın 20-dən 21-ə keçən gecə bərabərləşir. Həmin gündən sonra gündüzlər uzanmağa, gecələr qısalmağa başlayır. Bütün Türk dünyası üçün çox dəyərli olan Novruz bayramı zaman ötdükcə müəyyən dəyişikliklərə uğramış, bəzi adət-ənənələri unudulmuşdur.Sovet imperiyası zamanı qadağan olunmuş bu bayram xalqın yaddaşında qorunub saxlanılmış, gizli-gizli qeyd edilmişdir. Ölkəmiz müstəqillik qazandıqdan sonra isə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində qeyd olunmağa başlanmışdır. Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü” elan olunmuşdur.
Xalqımız Novruz bayramına xüsusi həvəslə hazırlaşır. Bayramından qabaq evlərdə, həyətlərdə təmizlik işləri edilir. Bağ-bağat səliqəyə salınır, təmizlənir, torpaq şumlanır. Ağacların quru budaqları kəsilir, yeni meyvə tingləri əkilir. Əkin üçün hazırlıqlar görülür.
Novruz bayramında xüsusi bayram süfrəsi hazırlanır. Bu süfrədə noğul, nabat, şəkərbura, paxlava, qoğal, növbənöv şirniyyatlar, kişmiş, qoz, badam, püstə, fındıq, meyvə quruları, müxtəlif çərəzlər, meyvə şirələri, rəngbərəng boyanmış yumurtalar olur. Süfrənin ortasında səməni qoyulur. Yeməklərin şahı sayılan bayram aşı(plov) bişirilir. Deyirlər ki, Novruz süfrəsində 7 dənə "s” hərfi ilə başlayan nemət olmalıdır. Bu nemətlər adətən su (aydınlıq), sünbül (bolluq), səməni (təbiət, yaşıllıq), səbzə (ümid), sumax (bərəkət), süd (ruzi), sikkə (var-dövlət) və s. olur. Bəzən bu nemətlərdən hansısa biri olmayanda saat (uzun ömür), sarımsaq (sağlamlıq), sirkə (dad və zövq) ilə də əvəz edilir. Yəni, hər bir bölgədə "s” hərfi ilə başlayan hansı qida, nemət, ərzaq daha çoxluq təşkil edirsə, onlar da süfrəyə qoyulur.
Novruz bayramı mərasimlərindən biri də qonaq getməkdir. Bayram günü qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı, hədiyyələr apararlar. Qonşular, qohumlar kasıblara, kimsəsizlərə əl tutar, onlara bayram yeməklərindən verərlər. Ağsaqqallar, ağbirçəklər evlərində ziyarət edilər. Novruz bayramında keçirilən mərasimlərdən biri də yaslıların yasdan çıxarılmasıdır. Bunun üçün ağsaqqallar bir qırmızı alma və boyanmış yumurta götürərək yas düşən evə gedirlər. Qonşular yaslı adamların həyətində tonqal yandırıb, onları "yasdan çıxarırlar”. Sonra vəfat edənin ruhuna dualar oxunur. Yas düşən evlərdə "İlaxır çərşənbə”dən öncəki çərşənbədə "qara bayram” qeyd edildiyi üçün "Vəfat edənin qara bayramı keçib getmişdir, daha yas saxlamayın” deyə ağsaqqallar təskinlik verərlər. Xalq arasında həmin gün ağlamaq, qara rəngli paltar geyinmək, bayramı evdə keçirməmək pis əlamət sayılır.
Novruzun rəmzləri
Səməni-Novruz bayramıərəfəsindədənli bitkilərdən (buğda, arpa, qarğıdalı, lobya və s.) cücərdilir. Həyat və bolluq rəmzi, baharın ilk müjdəçilərindən hesab olunur.Səməni yazın gəlməsinin, yaşıllığın, təbiətin canlanmasının, məhsulun, əkinçiliyin rəmzidir. Qədim zamanlarda insanlar səməni cücərtməklə həm növbəti təsərrüfat ilinə bərəkət, bolluq arzulamış, həm də səməninin necə cücərməsini izləməklə, toxumun keyfiyyətini sınaqdan keçirmişdir. Səməni üçün nəğmələr də oxunur:
Səməni, saxla məni
İldə göyərdərəm səni,
Səməni, al məni,
Hər yazda sən yada sal məni.
Sən gələndə yaz olur,
Yaz olur, avaz olur...
Boyanmış yumurta - Novruzun atributlarından biri də rəngbərəng boyanmış yumurtalardır. Yumurta oval, dairəvi formada olduğundan qalaktikanı, dünyanı təmsil edir. Yumurtanın ağ, göy, yaşıl, qırmızı boyanması isə dörd fəslin rəmzi, əmin-amanlıq kimi yozulur. Kənd yerlərində yumurtaları çox zaman soğan qabığı ilə də boyayırlar. Novruz bayramı günü uşaqlar "bayram payı” almaq üçün evlərə gedirlər, qapını döyərək, "Bayramınız mübarək, bayram payımızı verin” deyirlər. Verilən payda yumurtanın olması mütləqdir. Yığılan yumurtalar sonradan "döyüşdürülür”. Kimin yumurtası sınırsa, o məğlub sayılır və yumurtanı qalib gələn uşağa verir.
Novruz şirniyyatları-Novruzda bayram süfrəsinə qoymaq və pay vermək üçün şirniyyatlar da bişirirlər. Həmin şirniyyatlar qoğal, şəkərbura, paxlava və s. olur. Qoğal-günəşin, şəkərbura-ayın, paxlava isə-alovun, ulduzların rəmzi sayılır.
Kos-kosa oyunu. Novruz şənliklərinin ən maraqlı oyunu Kos-kosa, əsas personajları isə təbii ki, Kosa və Keçəldir. Onların oyunbazlığı bayrama xüsusi əhval-ruhiyyə gətirir. Kosa və Keçəl obrazları qışla yazın mübarizəsini əks etdirir: Kosa torpağın rəmzidir, qışla yazın arasında nə qədər mübarizə getsə də, nəticədə Kosa-torpaq ölmür, dirilir, təbiət oyanır. Qış öz yerini yaza təhvil vermək istəmir, yaz isə bu yeri əldə etməyə çalışır. Axı hər şeydən əvvəl bu şənlik əkinçilik bayramını əks etdirmək üçündür. Yazın gəlişiylə də Kosa dirilir.Çox qədim mənbələrdən də aydın olur ki, Novruz mərasimlərində, şənliklərində Kos-kosa oyunundan istifadə olunmuşdur. Onlar ta qədim zamanlarda açıq havada keçirilən meydan tamaşasını gözəlləşdiriblər. Bu personajlar barədəHüseynqulu Sarabskinin”Köhnə Bakı” əsərində yazılanlar Novruz ənənələrinin orijinal variantına yaxındır, onların oyunbazlığının geniş mətni həmin əsərdə əks olunub.
Ümumiyyətlə, hal-hazırda Novruz bayramı otuzdan çox xalq tərəfindən qeyd olunsa da, onun ənənələri demək olar ki, ən düzgün variantda Azərbaycanda yaşamaqdadır. Buna nümunə kimi bizim Novruz mərasimlərinin başlıca atributlarından olan "Kosa-kosa” tamaşasını göstərmək olar. Bu tamaşa yalnız Azərbaycan Novruzuna mənsubdur. Onun indi göstərilən variantında Kosa ilə Keçəl sanki zarafatlaşırlar. Ancaq tamaşanın qədim formasında onlar bir-biri ilə mübarizə aparırdılar.
Əpoş VƏLİYEV
banner

Oxşar Xəbərlər