• şənbə, 20 Aprel, 07:47
  • Baku Bakı 14°C

Yeni Əsrin Müqaviləsi Azərbaycanın iqtisadi gücünü daha da artıracaq

16.09.17 11:00 2284
Yeni Əsrin Müqaviləsi Azərbaycanın iqtisadi gücünü daha da artıracaq
Azərbaycan sovetlər birliyindən ayrılıb müstəqilliyini elan etdikdən az sonra olduqca mürəkkəb bir durumla üz-üzə qaldı. Bir tərəfdən Ermənistanın əsassız ərazi iddiaları və bundan qaynaqlanan təcavüzkar siyasəti, Azərbaycan ərazilərini işğal etməsi, digər tərəfdən isə iqtidarda olan AXC-Müsavat cütlüyünün səbatsız idarəetməsi, vəzifə davası, ölkənin vətəndaş müharibəsinə sürüklənməsi müstəqilliyin itirilməsi təhlükəsini yaratmışdı. Məhz belə bir məqamda xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev Naxçıvandan paytaxt Bakıya dəvət edildi. Xalq öz müdrik seçimini edərək ölkənin gələcək taleyini ulu öndər Heydər Əliyevə həvalə etdi. Həmin vaxt ölkə rəhbərliyinin qarşısında dayanan ən mühüm məsələ müharibənin dayandırılması, sabitliyin, əmin-amanlığın bərpası, iqtisadi, siyasi, hərbi tənəzzülün qarşısının alınması idi. Ümummilli lider böyük uzaqgörənliklə bunların qarşısını aldı. Həmin illərdə atılan əsas addımlardan biri də ölkənin bu gününün və gələcəyinin inkişafını təmin edəcək iqtisadi islahatların həyata keçirilməsi, təbii sərvətlərdən səmərəli istifadə, xarici sərmayədarların Azərbaycana cəlb edilməsi idi. Bu çərçivədə o dövrdə yaşanan ən əlamətdar hadisələrdən biri 1994-cü il sentyabrın 20-də Bakıdakı "Gülüstan” sarayında "Əsrin müqaviləsi”nin imzalanması oldu.
Xəzər dənizinin dərinliyində yerləşən "Azəri”, "Çıraq”, "Günəşli” yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında 400 səhifəlik bu müqavilədə 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət (Amoko, bp, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edirdi. "Əsrin müqaviləsi” imzalanandan sonra onun iştirakçıları işçi strukturlar – Rəhbər Komitə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və Məsləhət Şurası yaratdılar. Bu strukturlar hüquqi səlahiyyət qazandıqdan, yəni 1994-cü il dekabrın 2-də Azərbaycan Prezidenti xüsusi Fərman imzalayandan sonra fəaliyyətə başladılar. 1994-cü il dekabrın 12-də Milli Məclis "Əsrin müqaviləsi”ni ratifikasiya etdi.
Tam əminliklə söyləmək olar ki, "Əsrin müqaviləsi"nin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən düzgün neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Çünki, Azərbaycanın neft sənayesinin, ümumiyyətlə, iqtisadiyyatının inkişafında yeni dövrün əsasını qoyan "Əsrin Müqaviləsi”nin imzalanması ilə başlamış iş XXI əsrdə Azərbaycanın dinamik inkişaf yolunu müəyyən etdi.1994-cü ildə "Azəri-Çıraq-Günəşli” neft yatağı üzrə kontrakt imzalanmasından iki il sonra dünyanın ən böyük qaz yataqlarından biri olan "Şahdəniz” yatağı üzrə kontrakt imzalandı. 1997-ci ildə "Çıraq” platformasından ilk neft çıxarıldı ki, bu da dünyanın neft tarixində nadir hadisələrdən biri kimi yadda qaldı. 1998-ci ildə həmin bu neft fəaliyyəti bərpa edilmiş Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başladı. 1999-cu ildə Qara dənizin digər limanına - Supsaya Bakıdan neft kəməri çəkilib istifadəyə verildi və artıq Azərbaycan nefti iki istiqamət üzrə dünya bazarlarına çıxarılmağa başlandı. 2002-ci ildə isə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyuldu.
Təbii ki, bütün bu kontraktlar, həyata keçirilən layihələr ölkənin iqtisadi gücünün artırılmasına hesablanmışdı. Ümummilli lider Heydər Əliyev xalqın sərvəti sayılan neftdən əldə edilən gəlirlər hesabına Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması, regionların tərəqqisi, ordu quruculuğu, sahibkarlığın inkişafı, təhsilin keyfiyyətinin artırılması və sair istiqamətlərdə mühüm işlər gördü. 90-cı illərin əvvəlində müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən Azərbaycan qısa zamanda güclənərək dünyaya yenidən günəş kimi doğdu. Hazırda bu istiqamətdə siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir. Onun ölkəyə prezident kimi rəhbərlik etməsindən sonra, daha dəqiq desək 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri Türkiyənin Ceyhan limanında istifadəyə verilib. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilib və "Şahdəniz” qazının ilk hissəsi Türkiyəyə ixrac edilməyə başlanıb. 2012-ci ildə İstanbulda Azərbaycan ilə Türkiyə arasında TANAP layihəsinə imza atılıb və hazırda bu layihə uğurla icra edilir. 2013-cü ildə isə TAP layihəsi qaz kəməri kimi seçilib və bu istiqamətdə də işlər gedir.
Xatırlatmaq yerinə düşər ki, bütün bu tədbirlərin həyata keçirilməsi ilə Azərbaycan qara qızılı zamanında insan kapitalına çevirməyi bacardı. Hazırda ölkəmizin elə bir sahəsi yoxdur ki, orada inkişaf, tərəqqi qeydə alınmasın. Konkret faktların dili ilə danışsaq, "Əsrin müqaviləsi” və ondan sonra imzalanan kontraktlar, reallaşdırılan layihələr hesabına Azərbaycanda 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, bölgələrdə 50-dən çox olimpiya mərkəzi tikilib, ümumilikdə 11 min kilometrdən çox yollar salınıb, enerji infrastrukturu yaradılıb, iqtisadi inkişaf, xüsusən də iqtisadiyyatın şaxələndirilməsi mümkün olub. Dövlət Neft Fondundan məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün ayrılan vəsaitlər hesabına 100-ə yaxın yeni yaşayış qəsəbəsi salınıb, 250 min məcburi köçkünün mənzil-məişət problemi həllini tapıb. Son illər ərzində qeyri-neft sektorunun inkişafının təmin edilməsi hesabına müəyyən fasilələrlə baş verən dünya iqtisadi böhranından da ölkəmiz minimum itkilərlə çıxa bilib. Neftin qiymətinin kəskin ucuzlaşması, milli valyutanın devalvasiyası fonunda da iqtisadiyyatımızın inkişaf tempi dayanmayıb. Əlbəttə ki, bütün bunların təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə etmə imkanlarımız dayanır.
Bu imkanların davamlı olması, Azərbaycanın gələcəyinin təmin edilməsi üçün dünən daha bir əlamətdar hadisə baş verib. Heydər Əliyev Mərkəzində "Azəri-Çıraq-Günəşli” neft yatağının işlədilməsinin 2050-ci ilə qədər uzadılmasına dair yeni kontrakt imzalanıb. Bununla da Azərbaycan yeni bir dövrə qədəm qoyub. Məlumat üçün qeyd edək ki, əvvəlcədən əldə edilmiş razılığa əsasən kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək, SOCAR-ın "AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək, SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılacaq, Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Nəzərə alaq ki, ötən 23 il ərzində kontraktın icrası nəticəsində "Azəri-Çıraq-Günəşli”dən 436 milyon ton neft hasil edilib. Səhih məlumatlara görə, "Azəri-Çıraq-Günəşli”də bundan sonra hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı var. Yeni kontraktın icrası müddətində bu rəqəmin daha da artacağı proqnozlaşdırılıb.
Bu o deməkdir ki, vaxtilə neftdən əldə edilən gəlirlər hesabına yenidən qurulan, abadlaşan, hərtərəfli inkişaf edən Azərbaycan ən azı 2050-ci ilə qədər də neftdən gəlirlər əldə edəcək, ölkənin bütün sahələrinin daha da inkişafı istiqamətində mühüm addımlar atılacaq. Güclü, qüdrətli, iqtisadi inkişafı davamlı olan Azərbaycan isə heç kimdən asılı olmadan, müstəqil siyasət aparmağı bacaran, vətəndaşının sosial rifahını təmin edən ölkə deməkdir. Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, məhz bu siyasi kurs və onun bizə verdiyi imkanlar hesabına Azərbaycan heç kimdən asılı olmur, öz taleyini özü həll edir.
Alpər TURAN
banner

Oxşar Xəbərlər