AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

««Yeni Azərbaycan» ictimai rəyə təsir göstərməyi bacaran qəzetdir»

««Yeni Azərbaycan» ictimai rəyə təsir göstərməyi bacaran qəzetdir»

Müsahibə
10 Aprel 2013, 09:17 2009
Yeni Azərbaycan Partiyasının rəsmi orqanı “Yeni Azərbaycan” qəzetinin fəaliyyətə başlamasının 20 ili tamam olur. Bu münasibətlə “Yeni Azərbaycan”ın baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Hikmət Babaoğlu ilə görüşüb ötən illər ərzində mətbu orqanın fəaliyyəti, uğurları, həmçinin gələcək planları barədə qəzetimiz üçün müsahibə aldıq.

- Bugünkü Azərbaycan mətbuatında “Yeni Azərbaycan” qəzetinin yerini necə qiymətləndirirsiniz?

- “Yeni Azərbaycan” qəzeti bu gün öz müdriklik dövrünə qədəm qoymuş, müstəqil Azərbaycan mətbuatının öndə olan nümunələrindən biridir. “Yeni Azərbaycan” qəzeti eyni zamanda, bu gün Azərbaycanda nəşr olunan gündəlik qəzetlərin içərisində ən çox tirajlılardan biridir. Eyni zamanda, qəzetimizin başqa bir səciyyəvi xüsusiyyəti var ki, bu da onun daha geniş siyasi auditoriyaya müraciət edən bir qəzet olmasıdır. Bu mətbu orqan ölkədə mövcud olan ayrı-ayrı siyasi təşkilatlanmaların və ölkənin siyasi palitrasını təşkil edən siyasi strukturların diqqət mərkəzində olan qəzetdir. Bununla bərabər, “Yeni Azərbaycan” ümumi kütləvi qəzetdir. Azərbaycan cəmiyyətinin bütün sosial zümrələrinin müraciət etdiyi bir mətbu orqandır və eyni zamanda Azərbaycan cəmiyyətinin, ictimai-siyasi həyatının bütün sahələri ilə bağlı daim yazılar yazan bir qəzetdir. “Yeni Azərbaycan” ictimai-siyasi təfəkkürün formalaşmasında, özünəməxsus üsul və metodlarla iştirak edən və təsir göstərməyi bacaran bir qəzetdir. Bununla bərabər, qəzetimiz Azərbaycan ədəbiyyatının, ədəbi nümunələrimizin, klassik ədəbiyyatımızın, incəsənət nümunələrimizin, musiqimizin təbliğ olunmasında, öyrənilməsində mühüm rol oynayır. Bir sözlə, ictimai-siyasi, mədəni humanitar sistemimizin bütün sahələrində “Yeni Azərbaycan” qəzeti görünür. Bu sahələr haqqında respublika ictimaiyyətini, xalqımızın nümayəndələrini məlumatlandırır və maarifləndirir. Həmçinin onların vahid dövlət və milli maraqlar ətrafında səfərbər olunmasının təmin edilməsində yardımçı olur.

- “Yeni Azərbaycan” qəzeti hakim Yeni Azərbaycan Partiyasının orqanıdır. Bu Sizin işinizdə hansı üstünlük yaradır?

- Bizim qəzet Yeni Azərbaycan Partiyasının rəsmi orqanıdır. Bu mənada “Yeni Azərbaycan”ın olduqca şərəfli bir keçmişi var. Çünki YAP müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ulu öndər Heydər Əliyevin yaratdığı partiyadır. Bu partiyanın rəsmi orqanı olmaq üzərimizə daha böyük məsuliyyət qoyur. Hesab edirəm ki, bu, birinci fərqlilikdir. İkincisi, “Yeni Azərbaycan” qəzeti fəaliyyət göstərdiyi 20 il müddətində daim Yeni Azərbaycan Partiyasının proqram və nizamnaməsində öz əksini tapmış müddəaların, böyük dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin ideyalarının təbliğ olunmasına xidmət göstərib. Bu ideyalar özlüyündə müstəqil Azərbaycan dövlətinin, Azərbaycan xalqının strateji məqsədlərini təmin edən ideyalardır. Əgər bu ideyaların geniş oxucu kütləsinə, Azərbaycanın siyasi dairələrinə çatdırılmasında “Yeni Azərbaycan”ın kiçik bir rolu olubsa, bu bizim kollektivimizin ən böyük uğurudur. Bundan başqa “Yeni Azərbaycan” hər nə qədər partiya orqanı olsa da, KİV olaraq ümumi, kütləvi, siyasi qəzetdir. Bizim mətbu orqan Azərbaycanda mövcud olan ən geniş, ən müxtəlif zövqlü, ən müxtəlif siyasi dünya görüşünə sahib olan oxucu kütləsinə sahib olan qəzetdir. Bəzi hallarda, “Yeni Azərbaycan”da dərc olunan ayrı-ayrı müəllif yazıları, yaxud Yeni Azərbaycan Partiyası funksionerlərinin mövqeləri ölkənin ictimai-siyasi gündəmini təşkil edir.

- Bəs YAP-ın orqanı olmaq fəaliyyətinizdə hansısa çərçivələr necə, yaradırmı?

- Hakim partiyanın orqanı olmaq qəzetimizin fəaliyyətində heç bir məhdudiyyət və heç bir çərçivə müəyyənləşdirmir. Çünki Azərbaycanda söz və mətbuat azadlığının təmin edilib və “Yeni Azərbaycan” qəzeti də hakimiyyətin, dövlətin milli mətbuata göstərdiyi himayəni bütün müstəqil Azərbaycan mediası kimi öz üzərində daim hiss edir. Bu Azərbaycan hakimiyyətinin mətbuata münasibətinin ən obyektiv göstəricisidir. Yəni, Azərbaycan dövləti bütün mətbu nümunələrinə eyni məsafədə dayanır. Ona görə də partiya orqanı olmaq bizim üçün nə bir üstünlükdür, nə də bir məhdud fəaliyyət. Azərbaycanda müstəqil mətbuat gündən günə inkişaf edir və “Yeni Azərbaycan” qəzeti də Azərbaycan milli mətbuatının müstəqil nümunələrindən biri kimi fəaliyyət göstərir.

- İndi mətbuatın rəqabət mühitində, onlayn medianın fəallaşması şəraitində kağız mətbuatın, xüsusən də “Yeni Azərbaycan” qəzetinin mövcudluğu necə hiss olunur?

- Bu gün çap mediası heç də öz parlaq dövrünü yaşamır. Bunu qəbul etməliyik. Amma bununla bərabər çap mediası, o cümlədən “Yeni Azərbaycan” qəzeti yenə də cəmiyyətdə aparıcı mövqedədir. Hər nə qədər alternativ media çap mediasını sıxışdırsa da, hələlik bunun önünə keçə bilməyib. “Yeni Azərbaycan” qəzeti də son illərdə artan tirajı ilə bunun zərərini üzərində hiss etmir. Amma bununla bərabər, yeni informasiya-kommunikasiya texnologiyalarının imkanları nəzərə alınmaqla “Yeni Azərbaycan”ın elektron səhifəsi də yaradılıb. Bizim qəzetin saytı daim yenilənir, gündəlik informasiyanı və yaxud sabah çap formasında öz əksini tapacaq materialı daimi oxucularımıza çatdırır. Ona görə də biz bu məsələni, yəni alternativ medianın mövcudluğunu günün reallığı kimi dəyərləndirir, əsla bundan narahat olmuruq. Fikrimcə, çap mediası hələ uzun illər aparıcı mövqeni qoruyub saxlayacaqdır.

- Bəzən qeyd edirlər ki, elektron KİV-in inkişaf etməsi kağız mətbuatını tədricən tarixin arxivinə göndərəcək. Sizin belə fikirləri bölüşürsünüzmü?

- Bu məsələ ilə bağlı hətta dəqiq proqnoz verənlər də var. Onlar bildirirlər ki, 2050-ci ilə qədər Böyük Britaniyada, bundan bir az əvvəl ABŞ-da çap mediası olmayacaq. Türkiyə kimi bəzi ölkələri isə daha uzun perspektivdə göstərirlər və deyirlər ki, 2060-70-ci illərdə burada da çap mediası fəaliyyət göstərməyəcək. Lakin mən hesab edirəm ki, ümumiyyətlə çap mediasının sonu gəlməyəcək. Alternativlər var, bundan sonra da olacaqdır. Bəlkə də gələcəkdə çap mediasının mövqeyi zəifləyəcəkdir, amma belə mətbu orqanlara ehtiyac hər zaman olacaqdır. Çünki, bu, bir zərurət, ictimai tələbatdır. Eyni zamanda, qəzet ən sağlam və ən etibarlı mütaliə vasitəsidir. Bir neçə müddətdən sonra elektron medianın zərərləri oxucu tərəfindən anlaşıldıqdan sonra elektron medianın etibarlılığına şübhələr artdıqca, yenidən çap mediasına dönüş baş verəcəkdir. Bu mənada, çap mediasını tez-tələsik “dəfn etmək” doğru deyil. Çap mediası – qəzet hələ uzun müddət bizimlə bərabər yaşayacaq, ictimai-siyasi, mədəni, iqtisadi, intellektual həyatımızın bir parçası olmaqda davam edəcəkdir.

- Azərbaycanda 4500-dən artıq KİV-in qeydiyyatdan keçməsi əksər hallarda müsbət məqam sayılır, ölkədə söz və mətbuat azadlığının göstəricisi kimi anlaşılır. Ancaq bu KİV-lər arasında ciddi, peşəkar jurnalistika ilə məşğul olmayan, ictimai əhəmiyyəti, ictimai rəyə təsiri olmayan media qurumları da az deyil. Sizcə, bu cür KİV-lərin fəaliyyəti necə tənzimlənməlidir?

- Belə halların ən yeni tariximizdə çox ciddi əsasları var. 1990-cı illərin əvvəllərində bir növ jurnalist peşəsi kütləviləşməyə başladı. Jurnalistika əsas qayəsindən saparaq ayrı-ayrı məqsədlərə xidmət etməyə başladı. Jurnalistikada olan belə neqativ tendensiyalar bu sahəni gözdən saldı. Hər hansı bir dövlətdə mətbu nəşrlərin sayının və ya adlarının çox olması hələ o demək deyil ki, sözügedən dövlətdə keyfiyyətli milli mətbuat formalaşıb, yaxud söz və mətbuat azadlığı var. Heç bir ciddi və ya qeyri-ciddi təşkilatın qiymətləndirmə kriteriyasında belə hal yoxdur ki, onlar hansısa ölkədə çoxsaylı mətbuat orqanının fəaliyyət göstərməsini əsas götürüb həmin dövlətdə söz-mətbuat azadlığının tam təmin olunduğunu desinlər. Qətiyyən belə hal yoxdur. Söz-mətbuat azadlığı mətbuat nümunələrinin və ya nəşrinin sayının çoxluğu ilə hesablanıla bilməz. Fikir, söz, mətbuat azadlığının mövcudluğu maneəsiz özünüifadə mühiti əsasında qiymətləndirilə bilər. Azərbaycanda da KİV-lərin sayının həddindən artıq olması o qədər də müsbət tendensiya deyil. 1990-cı illərin ortalarından başlayaraq ölkəmizdə bu sektorun tənzimlənməsi ilə bağlı Azərbaycan dövləti tərəfindən konkret addımlar atılıb. Azad mətbuatın formalaşması üçün 1995-ci ildə ilk növbədə Konstitusion əsaslar yaradıldı. Ardınca inzibati rıçaqlar yaradıldı. Bir qədər sonra isə mətbuat üzərindəki senzura ləğv edildi. Sonrakı mərhələlərdə bayaq qeyd edilən mənfi tendensiyaların qarşısının alınması üçün ictimai tənzimləmə mexanizmləri düşünüldü. Fikrimcə, bu, ən optimal və ən doğru metod idi. «KİV haqqında qanun»un qəbul olunması, Azərbaycan Mətbuat Şurasının yaradılması da Azərbaycan mətbuatının inkişafı üçün atılan addımlardandır. Ən nəhayət KİV-lərin fəaliyyətində zərərli tendensiyaların qarşısının alınması üçün ictimai qınaq mexanizmi formalaşdı. Beləliklə də “reket”, şantajçı jurnalistika yavaş-yavaş məhdudlaşmağa başladı. Ölkənin inkişafı, Azərbaycan dövlətinin mətbuatı öz himayəsinə götürməsi ilə bərabər digər neqativ hallar da sıradan çıxmağa başladı. Hazırda Azərbaycan ictimai rəyinə təsir edən, ciddi, peşəkar jurnalistika ilə məşğul olan mətbuat orqanlarının sayı çox deyil. Onların Prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilməsi yenə də neqativ halların aradan qalxmasına xidmət etdi. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, bundan sonra peşəkar jurnalistika ilə məşğul olmayan KİV-lərin sayı getdikcə daha da azalacaq. Yalnız ictimai rəqabətli, oxucu auditoriyası olan, Azərbaycan oxucusunun inamını, daha geniş auditoriyanın etibarını qazanmış qəzetlər fəaliyyətini davam etdirə biləcəklər. Bu, belə də olmalıdır. Çünki, belə qəzetlərin uğuru birinci yalana, birinci qeyri-dəqiq informasiyaya qədərdir. Əgər birinci yalan qəzetin səhifəsində dərc olundusa, artıq bu, uğursuzluq cizgisidir. Belə hal davamlı xarakter aldığı halda oxucu tərəfindən qəbul olunmayacaq.

- Qayıdaq “Yeni Azərbaycan” qəzetinin fəaliyyəti ilə bağlı suallara. Sizin mətbu orqan ötən 20 il ərzində qarşısına qoyduğu məqsədlərə nail ola bilibmi?
- “Yeni Azərbaycan” qəzetinin qarşısına qoyduğu məqsədlər Yeni Azərbaycan Partiyasının və ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi milli maraqlar, məqsədlərdir. Bu məqsəd və maraqlar uzunmüddətli olmaqla strateji əhəmiyyət daşıyır. Ona görə də 20 illik fəaliyyəti dövründə qəzetimiz bu məqsədlərə xidmət etməklə çoxsaylı uğurlar qazanıb. Hesab edirəm ki, qarşımızda dayanan məqsədlər heç zaman bitməyən məqsədlərdir. Azərbaycan xalqı, dövləti var olduqca, onun milli məqsədləri, maraqları da əbədi xarakter alacaq. Biz də bu məqsəd və maraqların həyata keçməsi istiqamətində fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik.

- Azərbaycan mətbuatında nələri görmək istəyir, nələri arzulayırsınız?

- Mən Azərbaycan mətbuatında ilk növbədə intellektual və idraki keyfiyyət görmək istəyirəm. Bu, Azərbaycan mətbuatının hazırda ən böyük problemi, çatışmazlığıdır. İkinci ən böyük problem klassik mətbuat ənənələrimizə, obyektivliyə sadiq olmamaqdır. Hətta bir çox hallarda hörmət etdiyimiz bəzi mətbuat orqanları da bu adət-ənənəni gözləmirlər. Azərbaycanda intellektual əsaslarla yeni keyfiyyətdə yeni cəmiyyət formalaşır. Fikrimcə, Azərbaycan mətbuatı bu cəmiyyətin intellektual informasiya tələbatını ödəyəcək qədər inkişaf etmiş olmalıdır. Bu, çox ciddi məsələdir və Azərbaycan mətbuatı qarşısında dayanan ən mühüm vəzifədir. Bununla yanaşı, mətbuatımızın əsas vəzifəsindən biri də cəmiyyətimizin informasiya təhlükəsizliyinin təmin edilməsidir. Bu gün çoxsaylı sosial və transmilli medialar tərəfindən düşünülmüş, manipulyativ informasiyalar media bazarına doldurulur. Bir sıra hallarda Azərbaycan mətbuatı düşünmədən həmin informasiyaların ötürücüsünə çevrilməklə, Azərbaycanda ictimai şüuru, siyasi təfəkkürü yanlış formalaşdırır. Ona görə də informasiya bazarında mənşəyi bəlli olmayan sərsəri informasiyalardan uzaq durulmalıdır. Dəqiqləşdirilmiş, əsası olan, manipulyativ yükü olmayan informasiya ilə cəmiyyəti və oxucunu təmin etməliyik.

Rufik İSMAYILOV