• şənbə, 20 Aprel, 08:09
  • Baku Bakı 14°C

Yenə də ingilis barmağı

04.07.15 10:46 1659
Yenə də ingilis barmağı
Separatçı Bako Saakyanın Londonda tədbirə dəvət olunması Böyük Britaniyanın ikili standartlarının nəticəsidir
Son zamanlar Böyük Britaniya ilə Azərbaycan arasında münasibətlərdə yenidən “soyuq küləklər” əsməyə başlayıb. Bu soyuqluq özünü xeyli vaxtdır müxtəlif mövzularda göstərsə də, rəsmi sənədlərdə əksini tapmırdı. Lakin bu, çox çəkmədi və Azərbaycan ən həssas məsələsinə toxunulan vaxt daha susqun mövqe nümayiş etdirmək istəmədi. Hər zamankı kimi, mövzu Dağlıq Qarabağ münaqişəsi olunca, ölkəmiz sərt mövqe göstərməyə məcbur oldu.
Mövzu budur ki, “Chatham House” – Britaniyanın beynəlxalq münasibətlər sahəsində analitika mərkəzi kimi tanınan Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutu (The Royal Institute of International Affairs) iyulun 8-də Londonda Dağlıq Qarabağ ətrafında vəziyyətin, regional təhlükəsizliyin və müxtəlif subyektlər arasında münasibətlərin müzakirəsini keçirməyi qərara alıb. Tədbirə spiker kimi isə Bako Saakyan dəvət edilib (bu şəxs qondarma Dağlıq Qarabağ Respublikasının “prezidenti” kimi təqdim olunur). Bu məqam birbaşa ölkəmizin ərazi bütövlüyünə qarşı çıxma və onu şübhə altına salma kimi qiymətləndirildiyindən, sözügedən dövlətin ölkəmizdəki səfiri iyulun 1-də Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunub və ona rəsmi Bakının notası təqdim edilib. Nazir müavini Xələf Xələfov diplomata Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qondarma separatçı rejimin başçısı kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin Böyük Britaniyaya səfəri və “Chatham House - Kral Beynəlxalq Münasibətlər İnstitutu”nda 8 iyul 2015-ci ildə keçirilməsi nəzərdə tutulan tədbirdə iştirak edəcəyi ilə əlaqədar Azərbaycan hökumətinin qəti etirazını bildirib. X.Xələfov bu kimi halların Azərbaycan və Böyük Britaniya arasında mövcud olan dostluq və strateji münasibətlərin ruhuna uyğun olmadığını vurğulayıb və Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə qarşı yönəlmiş addım kimi qiymətləndirib. Səfir İrfan Siddiq isə Britaniyanın Dağlıq Qarabağdakı rejimi tanımadığını və onunla heç bir əlaqəsinin olmadığını söyləyib. Qeyd edib ki, Azərbaycanın narahatlığı barəsində ölkəsinin Xarici İşlər Nazirliyinə məlumat verəcək.
Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi tərəfindən də məsələ ilə bağlı Böyük Britaniya Xarici İşlər Nazirliyində görüş keçirilib və müvafiq etiraz məktubu təqdim edilib. Azərbaycanın Londondakı səfirliyinin məktubuna cavab olaraq, İngiltərə XİN-in məktubunda bildirilib ki, Böyük Britaniya Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəkləyir, Dağlıq Qarabağda yaradılmış rejimi tanımır və Britaniyanın bu mövqeyi dəyişməz olaraq qalır. Cavab məktubunda habelə separatçı rejimin başçısının Böyük Britaniyaya səfərinin hökumət tərəfindən təşkil edilmədiyi və onun Londonda olacağı müddətdə heç bir hökumət rəsmisi ilə görüşünün olmayacağı xüsusi vurğulanıb.
Belə hesab olunur ki, Qərbin hər zaman belə ikili standartlardan çıxış etməsinin kökündə güclü erməni diasporu ilə yanaşı, xristian dini faktoru da var. Bundan əlavə, iki hökumət arasında münasibətlərin get-gedə daha çox korlanmasının səbəbkarlarından biri də həmin ölkənin Azərbaycandakı səfiri hesab olunur. Belə ki, o, öz səlahiyyətlərindən çox kənara çıxır və diplomatik normaları, etik çərçivəni gözləmir. Hətta jurnalistlərə aid olan mövzuda da mövqe qoymağa çəkinmir, ona aidiyyatsız olan mövzularda da aqressiya nümayiş etdirir. Xatırlayırsınızsa, az müddət öncə, Avropa Oyunları start götürən ərəfədə bu ölkənin jurnalistləri akkreditasiya problemləri olduğu üçün Azərbaycana buraxılmamışdı. Səfir isə bu məqama siyasi don geydirməyə çalışmış, sərt fikirlər söyləmişdi. Təbii ki, onun bu cür davranışı birmənalı qarşılanmamışdı. Hətta fikirlərinə rəsmi səviyyədə etiraz edilmişdi – Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov İ.Siddiqin fikirlərinə münasibət bildirərək, onun dediklərinin heç bir çərçivəyə sığmadığını söyləyib. Bildirib ki, onlar Azərbaycanla bağlı ürəkləri istəyən hər sözü danışa bilməzlər.
Təbii ki, səfirin, ümumiyyətlə, Qərbin bu cür mövqe sərgiləməsi doğru deyil. Faktiki olaraq, Qərb sırf öz maraqlarından çıxış edir və Azərbaycanın ərazicə kiçik olmasından istifadə etməyə çalışır. Heç bir dövlət ərazisinin böyüklüyündən istifadə edib kiçikləri sıxışdırmamalı, təzyiq və təhdidə yol verməməlidir. Amma onlar unudurlar ki, Azərbaycan nə Afrika ölkəsi, nə də dağıtmağa, qarışıqlıq salmağa müvəffəq olduqları dövlətlərdəndir. Əgər Azərbaycan tolerantlıq nümayiş etdirirsə, bizə qarşı da bu cür davranılmalıdır.
H.Əsgər
banner

Oxşar Xəbərlər