• cümə, 19 Aprel, 04:15
  • Baku Bakı 18°C

Yenə də ikili standart?

23.04.21 16:00 891
Yenə də ikili standart?
Deputatların fikrincə, Ermənistandan təzminat tələbi məsələsində də, bir çox amillərin təsiri altında Azərbaycana ikili standartlar tətbiq olunacaq
Vətən müharibəsindən sonra Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərinə vurduğu ziyanın müəyyənləşdirilməsi ilə bağlı işlər davam etdirilir. Hətta bu prosesə Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, xarici mütəxəssislər cəlb edilib. Bu fikirləri aprelin 20-də dövlət başçısı AzTV-yə müsahibəsində deyib. Prezident qeyd edib ki, yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər gedir: "Bu işlərlə paralel olaraq, vurulmuş ziyanın hesablanması prosesi davam etdirilir, xarici mütəxəssislər cəlb edilib. Bildiyiniz kimi, bizim planlarımız Ermənistanı beynəlxalq məhkəmələrə verməkdir. Bunu biz, təbii ki, edəcəyik və xarici mütəxəssislər bu sahədə bizə kömək göstərəcəklər. Bizim təbii sərvətlərimizdən qanunsuz istifadə etmiş Ermənistan və onun xarici tərəfdaşları da beynəlxalq məhkəmə ilə üzləşəcəklər. Çünki qızıl yataqlarımızın, mis yataqlarımızın, digər təbii sərvətlərimizin ermənilər tərəfindən talanması, qanunsuz istismarı beynəlxalq cinayət hesab olunur və bu istiqamətdə də hüquqi prosedurlara start verilib”.
Bu məsələdə diqqətçəkən bir məqam Azərbaycanın üzləşdiyi ikili standartlarla bağlıdır. Görəsən, Azərbaycanın bu haqq işində bir sıra dövlətlərin, beynəlxalq təşkilatların nümayiş etdirdiyi ikili standartlar yenidən özünü göstərəcəkmi? Əgər belə olarsa, ölkəmiz hansı qabaqlayıcı addımlar atmalıdır?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elşad Mirbəşir bildirdi ki, tək son dövrlər deyil, Ermənistanın torpaqlarımızı işğal altında saxladığı zaman ərzində ölkəmizə qarşı əksər hallarda qeyri-obyektiv yanaşmanın, ikili standartlar siyasətinin şahidi olmuşuq: "Təəssüf ki, burada bir çox amillər səbəb rolunda çıxış edir. Birinci amil ondan ibarətdir ki, erməni diaspor təşkilatları, erməni lobbiçiliyi ölkəmizə qarşı bu məkrli səfərbərliyi, təəssüf ki, uğurla həyata keçirə bilib. Amma sonrakı mərhələlərdə Azərbaycanın da bu istiqamətdə təsirli addımları oldu. Bir də bu istiqamətdə öz təcrübəmizi yaratdıq. Sistemli şəkildə, bəlli strategiyaya uyğun öz həqiqətlərimizi dünyaya çatdırdıq. İkili standartlar siyasətinin təsirlərini əhəmiyyətli dərəcədə zəiflətdik. Bu baxımdan qeyd etmək istəyirəm ki, ölkəmizə qarşı yönəlmiş ədalətsiz sərgilənən mövqeləri zərərsizləşdirmək imkanlarını da formalaşdırırıq və zamanla təsirli addımlar atmağı öyrənirik. Məhz bunun nəticəsi idi ki, Vətən müharibəsi dövründə ölkəmizə qarşı əsassız iddialar irəli sürə bilmədilər. Çünki öz mövqelərimizi kifayət qədər gücləndirə bilmişik və fəaliyyətlərimizin siyasi elementlərini də əhəmiyyətli dərəcədə zənginləşdirə bilmişik. Hesab edirəm ki, münaqişə ilə haqlı mövqelərimizi dünyaya qəbul etdirə bildik. İndiki mərhələdə işimiz Ermənistanın ölkəmizə, xalqımıza qarşı törətdiyi cinayətlər haqqında dünyada aydın təsəvvürlər yaratmaqdan ibarətdir. Bu istiqamətdə də sistemli işlər həyata keçirilməkdədir”.

Siyasi elmlər doktoru vurğulayıb ki, 44 günlük müharibə dövründə ölkə Prezidenti dünyanın 50-yə qədər ən nüfuzlu media orqanlarına müsahibələr verdi, Azərbaycan həqiqətlərini çox ciddi şəkildə əsaslandıraraq çatdırdı və dünya ictimaiyyəti də bunu qəbul etdi: "Deməli, artıq informasiya mübarizəsində kifayət qədər təsirli addımlar ata bilirik. Ermənistandan təzminat alınması məsələsində vacib komponentlərdən birini məhz informasiya mübarizəsi təşkil edir. Ermənistanın dövlətimizə vurmuş olduğu ziyanın miqyasının dəqiqləşdirilməsi istiqamətində Azərbaycan iradə nümayiş etdirir və müvafiq addımlar atılmaqdadır. Ölkə Prezidenti də vurğuladı ki, bizim əsas hədəflərimizdən biri beynəlxalq məhkəmələrə müraciət etməkdən ibarətdir. Azərbaycanın strategiyasının uğurlu tərəflərindən biri də odur ki, Ermənistanın dövlətimizə vurduğu zərərin hesablanması üçün xarici mütəxəssislərin də xidmətlərindən istifadə olunacaq. Bunun özü də düşünülmüş strategiyanın çox mühüm komponentini təşkil edir. Çünki sabah Azərbaycanın qaldırmış olduğu haqlı məsələlərin müdafiə olunması üçün bizim əlavə dəstəkləyici elementlərimiz olacaq. Hesab edirəm ki, bunun özü çox vacib, düşünülmüş bir addımdır”.

Ölkəmizin beynəlxalq məhkəmədə mövqelərinin müdafiəsi məsələsinə toxunana E.Mirbəşir hesab edir ki, bunun üçün də Azərbaycanın işlək mexanizmləri olacaq: "Təbii ki, Azərbaycana münasibətdə bir çox amillərin təsiri altında ikili standartlar tətbiq olunacaq. Bura erməni lobbiçiliyi ilə yanaşı, xristian təəssübkeşliyi amilini də əlavə etmək lazımdır. Amma Azərbaycanın da dostları çoxdur və ölkəmiz düşmənin məkrli planlarının qarşısını preventiv alacaq. Vurğulamaq istəyirəm ki, bu gün hərb meydanında ağır məğlubiyyətə uğrayan Ermənistan "hibrid müharibə” taktikasına keçib. Bu, tək hərbi deyil, onun digər komponenti olan informasiya müstəvisində də ölkəmizə qarşı təhdidlər yaradılmaqdadır. Azərbaycan dövləti və uzaqgörən prezidentimiz Ermənistanın bu hibrid təhdidlərinin qarşısının alınması istiqamətində addımlar atmaq iqtidarındadır. Biz haqqımızı beynəlxalq məhkəmələrdə inamla qorumağı bacaracağıq. Ən azından, sözügedən istiqamətdə məsələnin qaldırılması dünyada erməni vəhşiliyi haqqında növbəti təsəvvürləri yaradacaqdır. Düşünürəm ki, informasiya mübarizəsinin çox mühüm bir seqmenti də, məhz beynəlxalq məhkəmələrdə Ermənistanın bizə vurmuş olduğu zərərlə bağlı təzminat məsələsini qaldırmağımız olacaq. Onunla bağlı beynəlxalq instansiyaların verəcəyi qərarın ədalətli olması üçün dövlətimiz addımlar atacağı heç şübhəsizdir”.

Millət vəkili Vüqar Bayramov bildirdi ki, xarici mütəxəssislərin iştirakı ilə torpaqlarımızın bir hissəsini 27 ildən çox işğalda saxlayan Ermənistanın vurduğu ziyanın hesablanması prosesi davam etdirilir: "Qiymətləndirmə başa çatdırılandan sonra təzminatın ödənilməsi üçün Ermənistan beynəlxalq məhkəmələrə veriləcək. İşğalçı ölkə uzun müddət zəbt etdiyi torpaqlarımızda infrastruktur və ekoloji soyqırımı edib. Demək olar, bütün tikililər dağıdılıb, meşələr məhv edilib. İşğaldan azad olunan yaşayış məntəqələrinin görüntüləri göstərir ki, əksər hallarda nəinki dağıdılmış evlərin yerlərini, hətta kəndlərin tam olaraq harada yerləşdiyini müəyyənləşdirmək çətindir.
Belə hallarda dəymiş ziyanın hesablanması üçün bir sıra üsullardan istifadə olunur. Aparıcı beynəlxalq qurumların bu sahədə bir sıra metodoloji tövsiyələri var. Dünya Bankının metodologiyasına görə, 4 mühüm istiqamət üzrə ziyanın hesablanması həyata keçirilir. Əmlak və infrastruktura dəyən ziyan, insanların həyatını itirməsi və məcburi köçkün həyatı yaşaması nəticəsində dəyən ziyan, iqtisadi nəticələrdən yaranan ziyan və insan inkişafına vurulan ziyan. Yaxın Şərqdəki münaqişələr zamanı dəyən ziyan qiymətləndirilərkən bəlli olub ki, ÜDM-ə kumulativ ziyan infrastruktura və əmlaka vurulan ziyandan dəfələrlə çoxdur. Eyni zamanda, həmin ərazilərdə iqtisadi aktivliyin dayanmasının ciddi ziyan olduğu hesablanır. Məsələn, Suriya münaqişəsi zamanı iqtisadi ziyan 226 milyard dollar hesablanıb və bu, həmin ölkənin müharibədən əvvəlki illik ÜDM-dən 4 dəfə çoxdur”.
V.Bayramov qeyd etdi ki, bütün metodoloji dəyərləndirmələrə görə, Ermənistanın işğal altındakı ərazilərimizə vurduğu ziyan, sadəcə onun varvarcasına etdiyi dağıntılar ilə məhdudlaşmayacaq: "Həmin ərazilərimizin böyük iqtisadi potensialını nəzərə aldıqda, ÜDM-ə dəyən ziyanın da ayrıca hesablanması və təzminat məbləğinə daxil edilməsinə ehtiyac var. Artıq bununla bağlı Dünya Bankı, BMT kimi beynəlxalq institutların aydın metodologiyası var. Ziyanın qiymətləndirilməsi prosesinə beynəlxalq ekspertlərin də cəlb edilməsi, daha dəqiq məbləğin hesablanmasına imkan yaradacaq.
Onu da qeyd edim ki, dəymiş ziyanla bağlı fərqli rəqəmlər olsa belə, bu, milyard dollarlar ilə ölçülür. Gözlənilir ki, konkret rəqəmlər qiymətləndirmə başa çatandan sonra ictimaiyyətə elan olunacaq. Prosesin beynəlxalq ekspertlərin iştirakı ilə aparılması, elan olunacaq rəqəmə beynəlxalq yanaşmada pozitiv təsir edəcək. Qeyd edək ki, Birinci və İkinci Dünya müharibələrindən sonra dəymiş ziyana görə kompensasiyaların ödənilməsi faktları qeydə alınıb. Körfəz müharibəsindən sonra İraqdan, Küveytə vurduğu ziyanın ödənilməsini tələb edən BMT-nin 687 saylı qətnaməsi qəbul olunub. O zaman BMT Kompensasiya Komissiyası dəymiş ziyanın məbləğini 52.4 milyard dollar müəyyənləşdirib. Həmin vəsaitin isə 48.7 milyard dollarının ödənilməsinə artıq nail olunub.
Bu baxımdan, dəymiş ziyanın məbləği hesablanandan sonra Azərbaycan da beynəlxalq məhkəməyə müraciət edərək işğalçı Ermənistan tərəfindən təzminatın ödənilməsini tələb etmək hüququndan istifadə edəcək. Beləliklə, regionda proseslər yeni mərhələyə qədəm qoyur. İnanırıq ki, bu mərhələ, həmçinin işğalçı Ermənistanın hərbi cinayətlərə görə cavab verməsi mərhələsi olacaq”.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər