• şənbə, 20 Aprel, 08:31
  • Baku Bakı 14°C

Yemək bişirməsəm, ölərəm – Sadə peşə adamı

22.04.14 10:26 4122
Yemək bişirməsəm, ölərəm – Sadə peşə adamı
“Mən plov bişirərkən onun hazır olub-olmamasını qazmağının səsi ilə təyin edirəm. Qazanın qapağını açıb qulaq asıram və qazmağın çırtıldamasından onun nə qədər bişdiyini hiss edə bilirəm”.
Bu sözləri bizimlə söhbətində gənc olmasına baxmayaraq, Azərbaycan teleməkanında kifayət qədər tanınan aşpaz Məcid usta dedi. Həmsöhbətimiz bişirdiyi yeməklərlə qısa müddət ərzində tamaşaçıların rəğbətini qazana bilib. Biz də onunla aşpazlıq sənətinin xüsusiyyətlərindən, dadlı yemək bişirməyin sirlərindən danışdıq. Əvvəlcə müsahibimizlə tanış olaq.
“Can boğazdan gəlir”
Xalq arasında Məcid usta kimi tanınan Məcid Həsənov 1978-ci ildə Gəncədə anadan olub və iki universitet bitirib. Həmsöhbətimiz həm aktyor, həm şair, həm də peşəkar aşpazdır. Təhsil aldığı bütün sahələri mükəmməl bilməsinə baxmayaraq, o, yemək bişirməyin ona xüsusi zövq verdiyini bildirdi: “Azərbaycan Aqrar Ekologiya Universiteti və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitirdikdən sonra uzun müddət aktyor kimi fəaliyyət göstərdim. Lakin anladım ki, mən yemək bişirmədən yaşaya bilmərəm. Yemək bişirərkən aldığım zövqü, hiss etdiyim xoşbəxtliyi heç bir sənətdən ala bilmirəm. Mən günün bütün saatında yemək bişirməkdən bezmirəm. Hətta elə gün olub ki, yuxudan ayılıb saat 3-də peraşki bişirmək istəmişəm və bişirmişəm”.
Həmsöhbətimiz düşünür ki, aşpaz olmaq üçün həm biologiyanı, həm kimyanı, həm də tibbi mütləq yaxşı bilməlisən. Onun sözlərinə görə, bişirdiyin və insanlara məsləhət gördüyün yeməklərin dadından əlavə, faydalılığı da önəmlidir: “Yaxşı aşpaz texnoloji biliklərə malik olmalı, mətbəxdə istifadə edilən fəndləri bilməlidir. Mətbəxdə texnika ilə ruhun vəhdəti var. Aşpaz bunu hiss etməlidir. Belə bir məsəl var ki, “can boğazdan gəlir”. Bu fikirlə hər zaman razı olmuşam. İnsan acından ölə bilər, amma toxluqdan ölən insan hələ görməmişəm. Qidalanma olmasa, həyat dayanar. Bu səbəbdən necə qidalanmağa hər zaman diqqət yetirmək lazımdır. Dəyərli professor Əlfəddin Qasımovun belə bir sözü var: “Səhər yeməyini bərkit, günortanı ləngit, axşamı tərgit”. Qidalanarkən bu fikirləri əsas tutmaq lazımdır”.
Ən dadlı ölkə mətbəxi
Yemək bişirməyə 10 yaşından başladığını deyən müsahibimiz aşpazlıq istedadının hər insana verilmədiyini, bunun Allah tərəfindən xüsusi vergi olduğunu bildirdi: “Gəncənin paxlavası öz dadı ilə hər zaman fərqlənib. Mən hələ 10 yaşındaykən anamın əlinə baxaraq yemək bişirməyi öyrənirdim. Uşaq yaşlarımda məcməyidə bişən paxlavanı doğradıqda həmişə qonşular məəttəl qalırdı. İlk dəfə müstəqil şəkildə 10 yaşımda umac halvası bişirmişdim. O vaxtdan sonra mən bu sahəni özümdə inkişaf etdirməyi qarşıma məqsəd qoydum”.
Ən çox milli mətbəximizin yeməklərini bəyəndiyini söyləyən Məcid dəniz məhsullarını bişirməyi sevmir. Deyir ki, əsas məqsədi Azərbaycan yeməklərini dünyaya çatdırmaqdır: “Mən hansısa xarici ölkədə bizim yeməyin erməni yeməyi kimi tanıdılmasını gördükdə, çox pis oluram və hər yerdə yeməklərimizə, mətbəximizə sahib olmaq üçün əlimdən gələni edirəm. Bu, bütün azərbaycanlıların borcudur. Düzdür, yemək bişirərkən öz mətbəximizdən başqa gürcü mətbəxinə, Türkiyə mətbəxinə müraciət edirəm. Amma hesab edirəm ki, ən dadlı yeməklər elə öz mətbəximizin yeməkləridir. Buna görə də yeməklərimizə sahib çıxmaq, onları qorumaq lazımdır”.
“Yuxa yayanda gözlərimə işıq gəlir”
Dadlı yemək bişirməyin sirlərindən danışan müsahibimizin sözlərinə görə bunun üçün istedad kifayət deyil, həm də insanın qəlbi gözəl olmalıdır: “Bir yeməyi 5 nəfər insan eyni ərzaqdan istifadə edərək bişirsə də, onların dadları fərqli olur. Hər insan dadlı, ləzzətli yemək bişirə bilməz. Ən əsası insan işini iş görmək xatirinə deyil, zövq aldığı üçün etməlidir. Bundan əlavə, insanın daxilində paxıllıq hissi olmamalıdır ki, ürəyinin təmizliyi bişirdiyi yeməyə yansısın. Mən düşünürəm ki, yəqin ki, yemək bişirməsəm, ölərəm”.
Azərbaycan mətbəxindən ən çox bişirməkdən zövq aldığı yeməklərindən danışan müsahibimiz deyir ki, yuxa yaymaqdan, ümumiyyətlə, yayqı işlərindən zövq alır: “Qaralı plov və yarpaq xəngəlini bişirməkdən zövq alıram. Ümumiyyətlə, Azərbaycan mətbəxinin bütün yeməklərini bezmədən bişirə bilərəm. Çünki, onları bişirdikdə aldığım zövqü kəlimələrlə ifadə edə bilmirəm. Anam uşaqlıqda mənə deyirdi ki, yayqı işlərindən danışdıqda, sənin gözlərinə işıq gəlir”.
Həmsöhbətimiz yemək bişirməklə yanaşı, yeməyi də çox sevir. O deyir ki, harda olursa olsun, əgər yeməkdən xoşu gəlmirsə, onu heç vaxt yeyə bilməz: “Ailə qurduqdan sonra da bu, belə olacaq. Əgər həyat yoldaşım yemək bişirməyi bacarmasa, onu öyrətməyə çalışacam. Ümid edirəm ki, o da mənim kimi yemək bişirməyi bacarar. Çünki, yemək mənim həyatımdır”.
Nə üçün mahir aşpazlar kişilərdir?
Kişilərin qadınlardan daha dadlı yemək bişirməsi məsələsinə toxunan Məcid usta deyir ki, bu istiqamətdə kişilərin şansı daha çoxdur: “Alimlər də araşdırıb ki, dünyanın ən məşhur aşpazları məhz kişilərdir. Çünki, kişilərin gözəllik, dad, ətir duyma qabiliyyəti qadınlardan üstündür. Bundan əlavə, qadın emosional məxluqdur. Onun əhvalı, kefi, fikirləri saatbasaat, ilbəil, günbəgün dəyişir və bu da istər-istəməz bişirdiyi qidaya təsir edir. Kişilərdə hormonal təfəkkür daha sabitdir, ona görə də xörəyi daha yaxşı duyurlar. Qadının kefi pozulanda, bu, yeməyin dadına da təsir edir”.
Sonda müsahibimiz vurğuladı ki, müvəffəqiyyətli aşpaz olmaq üçün mütləq o iş üçün doğulmaq lazımdır. Yemək bişirmək də insanın daxilindən gəlir. Bu səbəbdən sənətini sevməsən, onun vurğunu olmasan aşpazlıq sənətində uğur qazana bilməzsən.
Qeyd edək ki, hazırda Məcid usta SPACE-də “Günaydın” verilişində yeməklər bişirərək reseptlərini tamaşaçılarla bölüşür. Müsahibimiz həmçinin 4 şeir kitabının müəllifidir.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər