Yeddi müəllif
Bu səfər yenə də musiqi haqqında danışacağıq. O musiqi ki, yaradılışı
ən maksimal səviyyədə təmsil edir. Musiqinin müqəddəsliyi müqəddəsliyin
musiqisindən yaranmışdır.
Bir əhvalat danışmaq, bəlkə də uydurmaq
istəyirəm. Deyirlər, Tanrı musiqini bir işıq topu kimi göylərdə tuturdu. Sonra
bir alman dahisi onu elə göylərdə yaxaladı və bizə tərəf çəkməyə başladı. Bu
dahinin adı, heç sözsüz ki, İohan Sebastian Bax idi!
Mövzu seçimimizdəki unikallıq ondan ibarətdir
ki, önümüzdəki bütün maneələr, o cümlədən din, milliyyətçilik və bu tip digər
təəssübkeşlik divarları çox asanlıqla yıxılaraq, öz yerini gözəlliyin
həqiqətinə, dolayısı ilə, həqiqətin gözəılliyinə verir. Heç burada
məğlubiyyətin etirafına da gərək qalmır. Sərhədlər, maneələr elə gözəl, elə
rəvan bir şəkildə yıxılır ki, adamın həmin o "dinçilərə",
"milliyyətçilərə" və bütün pataloji təəssübkeşlərə, sadəcə yazığı
gəlir. Çünki, zamanında Sebastian Baxın ən böyük düşmənləri elə alman
xristianları idi. Onların da təxminən yüz il sonrakı etirafı da daldan atılan
gül dəstəsi kimi topuğa dəydi. Bəli, nə az, nə çox, yüz il lazım oldu ki,
Feliks Mendelson ortaya çıxsın və "Matfeyin əzabları" adlı tarixin ən
böyük incəsənət nümunəsini ifa edərək, bütün Dünyaya sübut etsin ki, bir zamanlar
Bax adında dahi bir bəstəkar olub. Özü də bu yüz il, Baxın ölümündən sonrakı
yüz ildi. Yəni, onun həyatını da bu yüz ilin üstünə gəlin və görün, Tanrıya nə
qədər bağlı olasan ki, nə sağlığında, nə də ölümündən yüz il sonra səni
tanıyacaqlarını bilə-bilə yazasan, yaradasan! Bu, insana məxsus bir güc deyil.
Bunu ancaq Tanrı bacarar! Məçhur bir misal var, deyərlər ki, ən böyük bəstəkar
Motsartdır. Bəs Bax?! O bəstəkar deyil, katibdir! Bəli, İohan Sebastian Bax heç
nəyi öz iradəsi və öz gücü ilə yazmadı. O sadəcə, diqtə olunanı kağıza və
oradan da klavirə köçürdü.
Bu gün dünyada Baxsız bir saniyə belə keçmir.
Dünya buna mexaniki olaraq məcburdur. Çünki, heç nə olmasa belə, ibtidai musiqi
məktəblərindən tutmuş, ən nəhəng profesional ifaçılıq müsabiqələrinə qədər,
Baxın əsərləri "məcburi proqram" deyilən bir prosedurdur. Allah
eşqinə, siz söyləyin, başqa hansı yaradıcıya nəsib olar ki, onun əsərlərini həm
beş yaşında uşaq, həm də dünya şöhrətli beynəlxalq müsabiqələr qalibi ifa
etsin?! Bu sifət ancaq və ancaq bir yaradıcı olaraq, Tanrıya məxsusdur. Yalnız
Onun əsərlərini hər kəs eyni susuzluqla həzm edə bilir. Baxa qədər musiqi yox
idi desək, yalnızca üzdə yanılmış olarıq. İçdə isə, yerdən göyə qədər haqlıyıq.
Yuxarıda dediyimiz qızıl top məsələsinə bir də qayıdaq. Bax təkcə temperasiyanı
yaratmadı. O həm də musiqini, yəni Tanrının səsini anlaşılan hala gətirdi. Onu
bizə yaxınlaşdırdı, onu əlçatan elədi. Bu mənada hər şey Baxdan sonra başladı.
Nə hikmətdisə, üzərindən üç yüz ildən artıq zaman keçib, ancaq Dünya musiqisi
hər yeni doğan planet kimi o Günəşin, yəni Sebastian Baxın cazibəsindən çıxa
bilmir. Onun cazibəsindən çıxan hər şey məhv olur demirik, çünki dedik ki, heç
nə onun cazibəsindən çıxa bilmir!
Musiqi hər yerdə mövcuddur. Başqa sözlə desək,
hər yerin öz musiqisi var. Hər evin öz adəti, öz yeməyi, öz qoxusu olan kimi.
Çinin də, İslam Şərqinin də, Rusiya və Qıpçaq çöllərinin də, antik Yunan və
Balkanların da. Lakin, milli və dinsəl təəssüb buraya qədər işə yarayır. Bundan
o tərəfi isə, sadəcə aqressiyadır. Heç kimsə "bizim musiqimiz Dünyadakı
hər şeyin üstündədir" deyə bilməz. Deyirlər, ancaq belə bir haqqa, belə
obyektivliyə sahib deyillər. Onlar sadəcə, sözün nə dərəcədə ucuzlaşa
biləcəyini nümayiş etdirirlər. Çünki işin içində "bizim" var. Bəlkə
də "mənim" kəlməsi "bizim" kəlməsindən daha üstündür. Zira,
fərdi eqonu yenə nə iləsə izah etmək olar. Ancaq toplumsal üstünlük dəliliyə
belə sığmr!
"Folklor" xalq sənəti deməkdir. Fəqət
profesional musiqi xalq sənəti yox, Haq sənətidir. Yəni, toplumun dayazlığa məhkum
olan ümumiləşmiş duyğularını deyil, fərdin dərinliyə sahib olan xüsusiləşmiş
duyğularıdır. Bu duyğular Tanrı tərəfindən bağıraraq söylənilməz. Ümumiyyətlə,
Tanrının bacarmadığı yeganə iş zordur! O özünü qulaqlara və oradan qəlblərə
əmanət etmişdir. Şərqin sufiləri demişkən,sözünü xəlq içində yox,
xülq içində söylər. Yəni, xilqətin əslinə, batininə xitab edər. Elə buna görə
də seçilmişlərin heç nəyi, hətta adları belə, nəinki təsadüfi deyil, hətta
hesablanmış bir teologiyadır. Məsələn, elə Baxın öz adına, daha doğrusu, o
məşhur soyadına nəzər salaq. Anqlo-sakson əlifbası ilə, bu ad BACH şəklində
yazılır. Latın qrafikasında da bir növ ərəb əlifbasındakı əbcədə bənzər, ancaq
çox sadə bir rəqəmsal sistem vardır. Belə ki, hərfləri təmsil edən rəqəmlər onların
əlifbadakı yeri ilə mütənasibdir. B hərfi 2, A hərfi 1, C hərfi 3, H hərfi isə 8 rəqəmini ifadə
edir. Bunların toplamı isə 14 edir ki, bu rəqəmin də demək olar ki, bütün
mədəniyyətlərdə, o cümlədən də monoteist dinlərdə xüsusi yeri və simvolikası
vardır. Məsələn, islamiyyətdəki 14 məsumdan tutmuş, hürufilikdəki 14 xət və
cizgiyə qədər bir çox şey bu rəqəmlə qeyri-təsadüfi şəkildə simvolizə edilir.
Eləcə də xristianlığın özündə Tanrı, İsa və on iki həvvari olaraq, 14 rəqəmi
müqəddəslik artibutu sayılır. Eləcə də bu sıralamanı Tanrı, Məcdəlili Məryəm
(Mariya Maqdalena) və on iki həvvari kimi yorumlayanlar da var. Ümumiyyətlə
isə, Baxın bütün əsərləri rəqəmsal simvolika ilə elmi şəkildə izah edilir. Onu
da qeyd edək ki, təxminən eramızın 4-cü əsrinə dayanan mənbələrə əsasən, tarix
boyu musiqi bir incəsənət nümunəsi olaraq yox, rəqəmləri təmsil edən dəqiq
mexanika kimi qəbul və dərk edilmişdir. Cəsarətlə demək olar ki, Sebastian Bax
musiqini təkcə kilsənin monopoliyasından çıxarmadı, həm də onu gözəlliyin və
fərdi insan ronantikasının sərhədlərinə yaxınlaşdırdı və onu mümkün hala
gətirdi. Yəni, musiqini hesablama mexanikasına yardım edən bir şeydən arta,
yəni incəsənətə çevirdi. Məhz Baxdan sonra, tərs məntiqlə düşünsək,
"bizim" musiqi anlayışı formalaşmağa başladı. Belə ki, Baxdan sonra
"bizim" olmayan, hər kəsin musiqisi yarandı. O zamana qədər Şərqdə
də, Qərbdə də Tanrının səsi başqaydı, xalqın foklorik estetik məfkurəsi başqa.
Yox, Sebastian Bax onları birləşdirmədi. O, Tanrını insan səsiylə dilləndirdi.
Baxın adındakı rəqəmlərlə, hərflərlə və onların səslərlə bağlantısıyla əlaqədar
başqa bir gözəl və əsrarəngiz məqama da nəzər yetirmək istərdik. Almancadakı
BACH kəlməsini oktava daxilindəki səslərin başqa adlarıyla, yəni C (Do), D
(Re), E (Mi), F (Fa), G (Sol), A (Lya), H (Si) ilə assosiasiya edək; belə ki,
orta əsrlər Avropasında birinci səs Do yox, Lya hesab edilirdi. Necə ki, bütün
Şərq məqam musiqisində birinci pərdə "Rast" olaraq, Sol notu olmuşdur
və profesional Şərq muğam nəzəriyyəsində bu, indi də belədir. Beləliklə, B Si
bemol, A Lya, G Do, H Si olaraq, dörd səsdən ibarət gözəl bir melodiya alınır.
Yanında musiqi aləti olanlar elə indicə bu anı praktik sınaqdan keçirə
bilərlər. Bu melodiya təkcə gözəl deyil, həm də klassik barokkonun təməl
melodik törəmələrinin ana xəttini təşkil edir. Bu estetikanın ülviliyi və
Tanrısallığı, ancaq eyni zamanda əlçatan insaniliyini o qədər gözəl, o qədər
cazibədardır ki, deyirlər Baxı sevməyən, ümumiyyətlə, musiqidən heç nə anlamır!
Kobud səslənsə də həqiqətdir və yuxarıda söylədiyimiz kimi, məğlub olanların
üzücü etirafına da ehtiyac qalmır.
Bu səfər yenə də musiqinin ciddi və qəliz tərəfindən söz açdıq. Lakin mən hər
zaman israr etmişəm ki, qeyri-ciddi və asan musiqi yoxdur. Daha doğrusu, onlar
musiqi deyil! Yenə də hər zaman hayqırdığım kimi, nə üçün hər kəs rəssam, memar
və ya heykəltəraş ola bilmir, ancaq təhsilsiz, xüsusi olaraq illərini və
zəhmətini sərf etməyən, azacıq musiqi duyumu olan istənilən şəxs musiqiçi ola
bilir?! Mən bu dillemmanı heç cür çözə bilmədim. Musiqi kimi dərin, Tanrısal və
gerçəkdən də ciddi bir incəsənət növü necə olur ki, belə asanlıqla populyar
kültürün bir parçasına çevrilə bilir? Ancaq gözəl və məntiqli bir təsəlliyə də
sahibəm ki, yuxarıda qeyd etdiyim kimi, onlar musiqi deyil. Çünki, məsələnin
kökü kifayət qədər dərindədir. Necə ki, Lenardo Da Vinçi rəssamlığı ikonalığın
əlindən aldı, eləcə də Bax musiqini kilsənin hakimiyyətindən xilas etdi. Da
Vinçinin o qədər məsum olmayan heyrətamiz Məsihi, Baxın mühafizəkar dindarların
qulaqlarını cırmaqlayan "kafir" harmoniyalarına nəinki bənzəyir,
hətta məna və məzmun etibarilə onlarla eyniyyət təşkil edir. Ancaq Da Vinçi də,
Sebastian Bax da rəngləri və musiqini insaniləşdirmədi, əksinə, Tanrını
rəngləndirdi və musiqiləşdirdi. Baxa qədər insanlar Tanrı üçün oxuyurdular.
Baxdan sonra Tanrı insanlar üçün oxumağa başladı. Təkcə ifaçı Baxı ifa etmir,
həm də Bax onu ifa edir. Məşhur Rus bəstəkarı və pianoçusu Sokolovun qəribə bir
xatirəsi var. Deyir ki, gənc yaşlarımda yaşadığım qəsəbədəki evimizin
qonşuluğunda 13 yaşlı bir qız uşağı piano dərsinə gedirdi. Bir gün anasından
izin alıb ona baş çəkmək istədim. Və gördüm ki, bu qızcığaz başqa bəstəkarların
pyeslərini elə-belə, ibtidai təhsil səviyyəsində çalır, ancaq Baxın
prelüdlərini olduqca ürəkdən və profesionalca ifa edir. Halbuki, ikincilər daha
çətin əsərlərdi. Anası mənim bu heyrətimi anlayaraq, yavaşca pıçıldadı ki,
mənim qızım tez-tez kilsəyə, dua etməyə gedir və ona görə Baxı belə yaxşı
çalır. Əlbəttə on üç yaşlı qızcığaz bunu məqsədli və şüurlu şəkildə etmirdi.
Sokolov deyir, mən başa düşdüm ki, o uşaq ümumiyyətlə heç nə etmir. Nə edirsə,
Bax özü edir. Yəni, sən onu dərk etdiyin kimi, o da səni dərk edir. Lakin onun
səni ifa etməsi üçün, sənin içində musiqidən, yəni profesional ifaçılıqdan
başqa şeylər olmalıdır. Bu mənada Bax təkcə musiqi deyil! O pərgarın iynəsi
kimi bir şeydir. Tanrı isə pərgarın özüdür. Baxdan sonra musiqi nə qədər
genişlənir genişlənsin, həmin pərgarın özü qədər açılacaq. Tanrı isə, nə qədər
geniş, nə qədər sonsuz pərgar olsa da, onun məlum bir nöqtəyə dikilmiş iynəsi
vardır. Deməli, hər şey o iynəyə, yəni İohan Sebastian Baxa bağlıdır!
Bütün bu deyilənləri toparlasaq, belə bir qənaətə gəlmək olar ki, musiqinin
müəllifi təkcə bəstəkar deyil. Ortaq düşüncələrdən doğan təxmini hesablamalara
görə, musiqinin aşağı-yuxarı yeddi müəllifi vardır. Onlardan birincisi, əlbəttə
ki, Tanrının özüdür. Buna başqa nə ad verirsəniz verin, müəllif deyə
tanıdığımız bəstəkar ilkin və təməl səsləri özündən yox, başqa bir mənbədən
alır ki, yazı müəllifi olaraq, bayaqdan sürdürdüyümüz məntiqə zidd getməyərək,
bu mənbənin Tanrı olduğunu iddia edirik. İkinci müəllif təbii ki, bəstəkarın
özüdür. Onun əsas fiqur görünməsinin əsas səbəbi isə, özündən sonra gələn beş
müəllifin deyil, özündən əvvəl gələn tək müəllifin, Tanrının görünməməsidir.
Necə deyərlər, hər şeyi görən Tanrını görməz, çünki hər şey Tanrı deyil.
Tanrını görən hər şeyi görər, çünki Tanrı hər şeydir! Üçüncü müəllif notlardır.
Məşhur Qvido de Arestonun əvvəl dördxətli və rəngli olub, az sonra rəngsiz
beşxətli sistemi həqiqətən də əsas müəlliflərdən biridir. Çünki not bir
əlifbadır. Dolayısı ilə, məchulun məluma dönüşməsini təmin edən müqəddəs
yazıdır, səmavi kitablara bənzər bir şeydir. Üstəlik, bir bəstəçi olaraq, onu
da qeyd edim ki, musiqi notlara töküldüyü zaman müəyyən dərəcədə dəyişilir.
Bəstəkarlar çox zaman bu yarımçıqlıqdan şikayət edir. Bu paranormal fenomeni
isə çözmək hələ ki, mümkün olmayıb. Dördüncü müəllif isə, gözlənildiyi kimi,
ifaçıdır. Bəstəkarın Tanrıdan alıb, notlara çevirdiyini gerçəkləşdirən fiqur.
Yəni, eşidilməsi gərəkən görüntünü öz məqsədinə çatdıran bir isim. Burada üç
mərhələli bir proses gedir. Musiqi öncə eşidilir - ancaq yalnızca bəstəkar
tərəfindən. Sonra isə, o səs yazıya, yəni səsdən görüntüyə çevrilir. Üçüncü
mərhələdə isə, bu görüntü təkrar səsə çevrilir. Lakin onu bu dəfə təkcə
bəstəkar yox, hamı eşidir. Dördüncü müəllifin, yəni ifaçının incə ayrıntısı,
dolayısı ilə müəllifliyi bundan ibarətdir ki, onun interpritasiyasında musiqi
tamamilə özünəməxsus və hər dəfə, hər kəsin ifasında yeni əsər olaraq səslənir.
Beşinci müəllif musiqi alətidir. Bu çox mühüm və bir qədər də texnika ilə ruhun
təmasını ehtiva edən faktordur. Hər musiqini hər alətdə ifa etmək olmaz. Hətta
bir musiqini iki eyni alətdə belə ifa etmək çətinliyi də vardır ki, bu da
məsələnin çox daha incə məqamlarıdır. Altıncı müəllif akustikadır. Yəni, daha
geniş anlamda desək, məkan. Məkanın vacibliyi hətta musiqi janrlarının əmələ
gəlməsinə də səbəb olub. Hətta akustika o qədər incə məsələdir ki, bir
dəfə dahi Qustav Maler öz simfoniyasının ifa ediləcəyi zalda öncədən məşq
edərkən, bir çox alətləri partituradan çıxarmışdı ki, onlar bu zalda
səslənməyəcək (yəni pis səslənəcək). Və hələ ki, sonuncu, yəni yeddinci müəllif
tamaşaçı, daha doğrusu, dinləyicidir. Bəli, bu müəllif elə-belə dayanmayıb
yekun mərhələdə. Əsərin taleyi, yəni onun ömrü, uğuru və uğursuzluğu bu
müəllifdən çox asılıdır. Əlbəttə ki, söhbət hazırlıqlı, təhsilli və ciddi
dinləyicidən gedir ki, belə bir amil həqiqətən də ciddi bir müsiqinin
həmmüəllifi olmağa layıqdir.
Mən isə sonda bütün bəşəriyyətin yaxın aqibətinə ciddi və Tanrısal musiqi
arzulayıram. Başqa bir şey əlimdən gəlmir və məncə, bundan başqasına da ehtiyac
yoxdur...
Fəxrəddin
Salim