Yazmağı və sevməyi öyrədən adam
Novruz bayramı günlərində
jurnalistika fakültəsinin ilk dekanı, yazıçı-jurnalist Nurəddin Babayevin
anadan olmasının 100 ili tamam olur
Ürək
xatirə kitabına bənzəyir. Onun "səhifə"lərinə daha çox geridə qalan
illərin salnaməsi yazılır. Təbii ki, əzizlərimizlə, dostlarımızla, iş
yoldaşlarımızla bağlı o kitabda olan səhifələri tez-tez "oxumalı"
oluruq. Əlimizdən tutaraq ilk dəfə "ana", "vətən" yazdıran
ilk müəllimlərimizi, seçdiyimiz peşəni bizə həvəslə öyrədən, həyata hazırlayan
işıqlı insanları, vicdanlı pedaqoqlarımızı da unuda bilmirik. Ona görə ki,
onlar təkcə öz tələbələrinin həyatında deyil, eyni zamanda, xalqın mənəvi
yüksəlişində, mədəniyyətimizin, tariximizin dünyaya tanıdılması yolunda
xidmətlər göstəriblər, sabahımız üçün dəyərli mənəvi irs, əsərlər qoyub
gediblər. Belə insanlardan biri baharın ilk günündə dünyaya gələn
yazıçı-jurnalist, görkəmli pedaqoq Nurəddin Həsən oğlu Babayevdir.
Azərbaycanın
mətbuatının və jurnalistikasının inkişafında onun böyük xidmətləri var.
N.Babayev dövrünün ən populyar yazarlarından biridir. Otuza yaxın müxtəlif
səpgili kitabları nəşr edilib. Bu əsərlər faşizmə qarşı mübarizədə igidlik
göstərən Azərbaycan oğullarının, çoxlarına bəlli olmayan döyüş yolundan, Xəzər
neftçilərinin fədakar əməyindən, müasir gəncliyin mənəvi dünyasından bəhs edir.
Əsərlərinin bir çoxunun sənədli olması, onların bədii dəyərini azaltmayıb.
Sənətşünaslıq doktoru Mehdi Məmmədov Nurəddin Babayevin "Oğluma məktublar”
kitabına yazdığı ön sözdə qeyd edir ki, atalardan oğullara irs qalan təkcə
həyatın nemətləri, maddi sərvətləri deyil. Tərbiyə, əxlaq yüksək mənəviyyat da
zəngin bir irsdir. Bu irsiyyət olmasa, tərbiyə və mərifətin, əxlaqın,
zehniyyətin gözəl ənənələri qorunmasa və inkişaf etdirilməsə, varislər ruhən qüvvətli
və həqiqətən xoşbəxt ola bilməzlər. Övladlarını xoşbəxt görmək istəyənlər bunu
unuda bilməzlər! Bu fikir Nurəddin Babayevin bütün əsərlərinin əsas ideya
xəttini təşkil edir.
Həmin
əsərlər ("Ulduzlar sönmür”, "Əgər sən olmasaydın”, "Ürəklər bir olanda”, "Səni
unutmuruq”, "İşıq və məhəbbət”, "Qızlar, sözüm sizədir”, "Oğluma məktublar” və
sair) öz dövründə həvəslə oxunub, bəzən bir neçə dəfə çap edilib, geniş
müzakirələrə səbəb olub və milyonların stolüstü kitabına çevrilib.
Gəncədən başlanan ömür yolu
Bir vaxtlar Babayevlər nəsli Gəncədə yaxşı tanınıb. Nurəddin müəllimin böyük
əmisi çar ordusunun generalı olub. Kiçik yaşlarında olarkən ailəsi Bakıya köçüb
və orta təhsilini 134 saylı məktəbdə alıb. Ədəbiyyata və sənətə marağı ilə
yaşıdlarından seçilib. Ədəbi yaradıcılığa çox gənc ikən başlayıb. Faşizmə qarşı
müharibədə ön cəbhələrdə vuruşub və döyüşlərin birində ağır yaralanıb. Cəbhədən
baş leytenant rütbəsi ilə qayıdan Babayev Azərbaycan Dövlət Universitetinin
filologiya fakültəsinə daxil olub. 1945-ci ildə "Əbədi qəhrəmanlıq” adlı ilk
kitabı çap olunub. Müharibənin son illərində "Kommunist” qəzetində şöbə
müdiri, "Azərbaycan müəllimi”ində redaktor müavini, "Uşaqgəncnəşr” və
C.Cabbarlı adına "Azərbaycanfilm”də baş redaktor işləyib. Eyni zamanda o,
"Azərbaycan elmi” (1969), "Bacarıqlı əllər” (1963), "Nizami yurdu” (1968),
"Həyatın mənası” (1979), "Axtaran tapar” və başqa elmi-sənədli filmlərin
ssenarilərini yazıb. N.Babayev Azərbaycan ədəbiyyatında bədii oçerk
janrının nəzəri əsaslarını yaradıb və ilk nümunələrini yazıb. Dövrünün ən
populyar yazıçılarından olan Nurəddin Babayev Azərbaycan Yazıçılar İttifaqında
oçerk və publisistika Şurasının sədri, 1954-cü ildən SSRİ Yazıçılar İttifaqının
üzvü, oçerk və publisistika Şurasının üzvü, Jurnalistlər İttifaqı İdarə
Heyətinin katibi, Əməkdar incəsənət xadimi, neçə-neçə mükafatın laureatı olub.
Nurəddin Babayev 1991-ci il sentyabrında, uzun sürən xəstəlikdən sonra vəfat
edib və II Fəxri xiyabanda torpağa tapşırılıb.
Görüşlə görüş
Tanınmış
heykəltəraş Görüş Babayev Nurəddin müəllimin böyük oğludur. İşlədiyi heykəllər
Bakıda (Dədə Qorqudun), Gəncədə (Mirzə Şəfi Vazehin), Ərzurumda (Atatürkün),
Sankt-Peterburqda (Nizami Gəncəvinin) , Sumqayıtda (Nizami Gəncəvinin) və digər
şəhərlərdə meydanları bəzəyir. Görüş bəylə bir vaxtlar Nurəddin müəllimin
yaşadığı mənzildə görüşdük. Mənzildə sıxlıq idi. Diqqətimi ilk cəlb edən
divardakı yağlı boya ilə işlənmiş əsərlər, müxtəlif illərin fotoları, kitab
bağlamaları və Görüş bəyin böyük ölçüdə yarımçıq qalmış rəsmləri oldu. O
kitabların arasında Nurəddin müəllimin də əsərləri vardı. Bu məkan, mənzildən
çox, rəssam emalatxanasına bənzəyirdi. Kiçik dairəvi stolun üstünə kətan süfrə
salınmış, oraya bayram şirniyyatı düzülmüşdü... Görüş bəydən ötən illərə
qayıtmağı, atalı-analı illərini bir yada salmağı xahiş etdim. Müsahibim
gülümsəyib dedi ki, bilməmiş olmazsan, rəssamların çoxu danışmağı sevmir, elə
mən də. Amma atamın yazdığı "Oğluma məktublar”ı hər dəfə oxuyanda
onun necə saf, böyük ürək sahibi olduğunu xatırlayır, xəyalən onunla həmsöhbət
oluram:
-
Atamla anam həm orta məktəbdə, həm də universitetdə bir oxuyublar. Sevgiləri də
orta məktəbdən başlayıb. Amma anam Azərtac xanım, demək olar ki, işləməyib.
Səbəb də biz - üç qardaş olmuşuq. Anamın atamızı çox sevdiyini mən böyüyəndən
sonra başa düşdüm. Bizim atamıza sevgimizin çoxluğuna səbəb də anamın onun
haqqında söhbətləri olub. Atam səfərlərdə çox olurdu, eyni zamanda
universitetdə dərs deyirdi. Onun gəlişini maraqla gözləyirdik. Hər səfərindən
sonra maraqlı söhbətlər edirdi. Axşamlar da, adətən, biz yatandan sonra stol
arxasına keçib yazırdı. Onun ilk oxucusu anam idi.
İşinin
çox olmasına baxmayaraq, bizi arabir gəzməyə aparırdı. Özümüzdən xəbərsiz
müəllimlərimizlə əlaqə saxlayır, necə oxuduğumuzu öyrənirdi. Atamın ən yaxın
dostları - yazıçı-alim Mir Cəlal Paşayev, bəstəkar Fikrət Əmirov, heykəltəraş
Cəlal Qaryağdı, aktyor, sənətşünaslıq doktoru Mehdi Məmmədov olublar. Cəlal
müəllim mənim yaxşı əl qabiliyyətim olduğunu bilirdi və heykəltəraş olmağımda
onun rolu çox olub. Atam bizim peşə seçimimizə mane olmayıb. Qardaşımın biri
həkim, kiçiyi isə şərqşünas olub. Anam və qardaşlarım da rəhmətə gediblər...
Görüş
bəy ailə albomunu gətirmək üçün qonşu otağa keçdi. Mən yenə otağı "səyahətə"
çıxdım. Otağın yuxarı başında Nurəddin müəllimin portreti asılmışdı. Mənə elə
gəldi ki, o, bayaqdan onun haqqında söhbətimizi dinləyirmiş... Sonra üzü
Hökumət Evinə, dənizə açılan aynabənddən uzaqlara baxdın. Yəqin ki, bir vaxtlar
Nurəddin müəllim bu balkonda dayanıb övladları, dostları, yeni yazacağı əsəri
haqqında, onun qəhrəmanları haqqında düşünüb...
Görüş
bəy şəkilləri gətirdi. O şəkillərdə Nurəddin müəllimim Azərtac xanımla gənc
yaşlarında qoşa çəkdirdikləri bir neçə şəkil də vardı. Eyni zamanda
albomda o dövrün, belə demək olarsa, qaymaq ziyalılarının çoxunun şəkilləri vardı
və o fotoların çoxu çap üzü görməyib...
"O, mənim də müəllimim
olub"
Nurəddin
Babayev 1953-cü ildə universiteti bitirdikdən sonra elmi-pedaqoji fəaliyyətə
başlayıb və filologiya fakültəsi nəzdində fəaliyyət göstərən jurnalistika
kafedrasında baş müəllim işləyib. 1958-ci ildə "Azərbaycanda bədii oçerkin
inkişafı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1969-cu
ildə tanınmış alim və yazıçıların, o cümlədən, N.Babayevin səyi nəticəsində
universitetdə "jurnalistika” fakültəsi yaradılıb və o, burada ilk dekan olub.
Azərbaycan Jurnalistlər İttifaqının təşkil olunması üçün də Nurəddin müəllim
çox çalışıb. Bu günlərdə müəllimim olmuş, filologiya elmləri doktoru Cahangir
Məmmədliyi zəng vurmuşdum. Məqsədim "Bizim alın yazımız" adlı kitabım
barədə rəyini bilmək, məsləhətlərini almaq idi. Söhbət əsnasında o, qarşıdan Nurəddin
müəllimin yubileyinin gəldiyini də xatırlatdı. BDU-da jurnalistika
nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri olan Cahangir müəllim Nurəddin
Babayevin mətbuatımızdakı xidmətləri barədə danışdı:
-
Əvvəlcə deyim ki, Nurəddin Babayev mənim də müəllimim olub. Həsən
Şahgəldiyevdən sonra bu kafedraya Nurəddin müəllim rəhbərlik edib. Bu kafedra
təkcə Bakı Dövlət Universitetində deyil, bütövlükdə ölkənin media mühitində öz
yeri və tədrisi, elmi praktik səviyyəsi ilə seçilən qurumdur.
Nurəddin
müəllim öz yaradıcılıq fəaliyyətində nəzəriyyə ilə təcrübəni birləşdirən, bəlkə
də, yeganə jurnalistdir. Onun qələmə aldığı çoxsaylı bədii oçerklər öz dövrünün
əmək və elm adamlarının portreti olmaqla yanaşı, həm də dərs dediyi
tələbə-jurnalistlərə bu janrı öyrənmək üçün gözəl nümunədir. O, məhsuldar yazar
idi və oxucunu yaxşı duyurdu. Buna görə də yazdığı əsərlər, mübaliğəsiz,
çoxlarının stolüstü kitabına çevrilirdi.
Əminliklə
deyə bilərəm ki, Nurəddin müəllim dekan, kafedra müdiri işlədiyi illərdə heç
bir tələbə və müəllim ondan inciməyib. Çünki o, yüksək mədəniyyətə malik insan,
şəxsiyyət idi. O, hər kəsə həssaslıqla yanaşır, kiminsə problemi olanda onun
həll edilməsi üçün çalışırdı. Nurəddin Babayev doktorluq dissertasiyası
yazmayıb, ancaq çoxsaylı kitablarına və səmərəli elmi axtarışlarına görə ona
professor adı verilib.
Vacib
olan bir məsələni də qeyd etməyi borc bilirəm. Jurnalistika fakültəsi
universitetdə mənəvi iqliminə, təmizliyinə görə həmişə seçilib. Çünki bu
fakültənin təməlini qoyan və yüksəlişinə nail olan şəxsiyyətlər - Həsən
Şahgəldiyev, Nurəddin Babayev, Nəsir İmanquluyev, Şirməmməd Hüseynov fakültənin
şərəfini ləyaqətlə qoruyublar, orada saf, şəffaf atmosfer yaradıblar. Bu
fakültədə heç bir müəllim qiymətə görə tələbədən təmənna ummayıb və bu gün də
belədir. Onlar mətbuatımızın, jurnalistikamızın fədailəridirlər. Ruhları şad
olsun!
N.Babayev
iki cildlik "Jurnalistika məsələləri” dərs vəsaitinin elmi redaktoru və əsas
müəlliflərindəndir. "Jurnalistika məsələləri” kitabına görə 1966-cı ildə "Qızıl
qələm” mükafatına layiq görülüb. Onun bir sıra əsərləri ondan çox Avropa
ölkəsində nəşr edilib.
Sonu olmayan sonluq
Biz tələbə olan illərdə Nurəddin müəllim jurnalistika fakültəsinin dekanı
deyildi. O, bizə jurnalistikanın nəzəri problemlərindən mühazirələr oxuyur,
eyni zamanda peşə etikasından, jurnalist şəxsiyyətindən və işlədiyi illərdə
şahidi olduğu maraqlı həyat hekayələrindən və sair mövzulardan bəhs edirdi.
Onun dedikləri bizim üçün yalnız dəftərə yazacağımız mühazirə deyil, eyni
zamanda Vətənə, insanlara sevgi dərsi idi. Buna görə biz onun söylədiklərinin
çoxunu dəftərə yox, ürəyimizə yazırdıq. Çünki o, bu söhbətləri ilə
gələcək jurnalistlərə təkcə yazmağı yox, insanları sevməyi öyrədirdi.
Tənəffüslərdə də biz onunla həmsöhbət olmağa can atırdıq. İllər sonra həyat
yoldaşım Səidə xanımla hər dəfə universitet illərindən söhbət edəndə Nurəddin
müəllimin bütün tələbələri kimi, onu minnətdarlıqla xatırlamış, onun tələbəsi
olduğumuza görə qürur duymuşuq...
Ruhun
şad olsun, Nurəddin müəllim!
Səməd MƏLİKZADƏ