• cümə, 19 Aprel, 11:10
  • Baku Bakı 13°C

Yazılmamış qanunlar

01.11.13 08:12 8244
Yazılmamış qanunlar
Ədalət uğrunda mübarizə, qanun naminə bütün şəxsi istəklərdən keçmək və onun aliliyini qorumaq - qanunun keşiyində dayanan insanların bir nömrəli məqsədidir. Bu, olduqca gözəl və mənəvi məsələlər barəsində düşünəndə öncə yadıma "Qanun naminə" filmi düşür. Yazıçı Süleyman Rəhimovun "Mehman" povesti əsasında çəkilmiş bu bədii filmdə qanun naminə həyatını, dincliyini böyük amallar uğrunda qurban verən gənc prokurorun obrazı o qədər təsirli idi ki, o filmə baxanlar həmişə mütləq nəcib duyğular, ədalət, haqq barəsində düşünərdilər.
Bir də tələbəlikdə bizə dərs demiş görkəmli ədəbiyyatşünas alim, tənqidçi Qulu Xəlilovun bir xatirəsini heç unuda bilmirəm. O danışırdı ki, bir dəfə kinoteatra gedib. Pulu az olduğundan ən ucuz bilet alaraq qabaq sıralarda əyləşib. Film ikinci dünya müharibəsinin dəhşətlərindən bəhs edirmiş. Faşistlər partizan qızın qolunu burub sındıranda Qulu Xəlilov qoltuğunda saxladığı papağını əlinə alaraq var gücü ilə, nifrət qarışıq səslə ekrana tullayıb. Həmin an milislər gənc tələbəni tutaraq cərimələyiblər. Olan-qalan pulunu - 1 manatını da əlindən alıblar. Qulu müəllim bu hadisəni danışanda gözləri dolurdu. "Duyğusuz milislər hardan biləydi ki, mən qəlbimdə nə çəkdim" deyə o illəri xatırlayan Qulu Xəlilovun bu sözlərini heç unuda bilmirəm. İlk baxışda milis haqlı görünür. Çünki ictimai yerdə tamaşaçı sakitliyi pozmuş, başqalarının diqqətini özünə cəlb etmiş, bir sözlə, düzgün hərəkət etməmişdi. Dəhşətlisi odur ki, həmin anda mənəviyyat məsələsi arxa plana keçir.
Analoqları o qədər də uyğun gəlməyən bu iki hadisəni yada salmaqda məqsədimiz var. Əlbəttə, qanunun nə demək olduğunun hüquqi ədəbiyyatda müfəssəl tərifi verilib. Bunu şərh etməkdən çox uzağam. Bildiyim odur ki, qanunun rəngləri çoxdur. Dövlət qanunu, cəmiyyət qanunu, təbiət qanunu, şəriət qanunu, insanlıq qanunu... bir də yazılmayan qanunlar.
Bütün hallarda qanunun hədlərindən çıxmaq heç də xoş nəticələr gətirmir. Müxtəlif məqamlarda qanunsuz hərəkət edənlər, qanunsuzluğa yol verənlər mütləq cəzalandırılır. Amma yazılmamış qanunların cəzası bəlli deyildir. Bu isə onun yoxluğuna dəlalət etmir və cəzasız qalmır. Təbiətin qanununu pozanlar deyək ki, meşəsini qıranlar, dağını-bağını viran qoyanlar, bir sözlə, ona sitəm edənlər təbiətin amansızlığı ilə mütləq qarşılaşırlar. Gəlin etiraf edək ki, bu gün dünyada təbiət tarazlığı pozulub. Ona görə də bütün ekoloqlar bir araya gələrək Yer üzünü gözlənilən təbii fəlakətdən xilas etmək haqqında düşünürlər. Cəmiyyətin özündə də bu hallar mövcuddur.
Ən dəhşətlisi yazılmamış qanunların unudulmasıdır. Bir misal çəkək. Yaxından tanıdığım bir nəfər (belələri respublikamızda çoxdur) hər il Məkkəyə gedir. Hacıdır. Danışıqlarından başqa əməlində bir xeyirxahlıq, yaxşılıq görünməyib. Halal insansansa, bəlkə qonşudakı imkansızlara, namaz qılıb oruc tutanlara kömək edib, yardım göstərib ziyarətə göndərsən, hansı daha savab sayılar?! Nəinki hər il özün və yaxın əsabələrinlə getməyin. Deyirlər ki, Həccə gedən təkcə öz qohum əqrəbalarını deyil, həm də yeddi biyanə yadı da düşünməlidir. Onda onun ziyarəti qəbul edilər. Əgər cəmiyyətdə yalnız təbiət qanunları hökm sürsə, yəni, güclü gücsüzə - pullu pulsuza, varlı-kasıba qalib gəlirsə, ölkə bərbad vəziyyətə düşər.
Ən ağır olanı laqeydlikdir. Birinin beş yerdə bağı-mülkü, villası, bir sözlə, nəvəsinə nəticəsinə, kötükcəsinə, ondan da o yana çatası pulu-parası var. Başqa birisinin dolanışığı isə həddən artıq çətindir. Sabaha ümidi yoxdur və biz necə ürəklə deyə bilirik ki, bu, kapitalizmin qanunudur. Yox qardaşlar, bu insafsızlığın, nanəcibliyin törətdiyi faciədir. Tanrı insanları eyni cür yaradıb. Doğrudur, birinə istedad, başqa birisinə fiziki güc bəxş edir, bir başqası da fağır olur. Amma bu o demək deyildir ki, Allahın bərabər hüquqda yaratdığı insan bir-birini əzməlidir.
Nədir yazılmamış qanun? Vicdanlı olmaq. Yalnız hər şeyi öz manefeyi naminə, öz xeyrinə yönəltmək, yalnız özün üçün təbiətdən, dövlətdən, cəmiyyətdən mənfəət götürmək harınlığın elə bir həddidir ki, bunun da əvvəl-axır cəzası var. Çünki bütün ədalətsizlikləri, Yaradanın əleyhinə getmələri görən Allah bəndələrinin təltifini mütləq verir. Ulu Tanrının cəzasından kimsə qurtulmaz.
Qorxaq insan çox pisdir. Onun əlindən hər cür xəyanət gələ bilər, amma qəlbində Allah qorxusu olan insanlar həmişə uca və böyük olurlar. Ətrafa münasibətdə də yazılmamış qanunların diktəsi ilə hərəkət edirlər. Olar-olmazın əlləri yaxamızdan yapışanda gözümüz tox olar, qəlbimiz geniş. Vay o gündən ki, biz bu əlləri kəsək, həyatımızı necə gəldi yaşayaq, əlimizə nə gəldi mənimsəyək, irəli gedənin ayağından çəkək, uçurum başında gördüyümüzü itələyək...
Əlbəttə, bunlar açıq şəkildə görünmür. Ən imkanlı insandan da xəbər alsaq ki, sən kiməsə yaxşılıq, xeyirxahlıq etmisən, bir dastan danışacaq. Təcrübə və illər göstərdi ki, belə adamlar ya reklam üçün, ya da yenə öz mənafeləri naminə "xeyirxahdırlar". Halbuki şəriətdə buyurulub ki, sağ əlin verdiyini sol əl bilməməlidir. Bir də yaxşılığı üzə vurmazlar, verdiyini deməzlər. Bu gün Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün var. Mənə ağır gələni odur ki, bu 15-20 il ərzində kim o biçarəyə bir kələm, beş çörək, iki kq un bağışlayıbsa mütləq yanında bir neçə teleoperator, qəzet müxbiri aparır ki, bu "hədiyyə" paylama mərasimini lentə alsınlar, mətbuatda yazsınlar. Bu məqamları qəbul edə bilmirsən. Çünki həyatın ən ağır sitəmlərini çəkən bu insanlar, öz doğma yurdlarında xanım kimi, bəy kimi yaşayıblar. İndi onlara belə münasibət göstərmək dözülməzdir. Yaxşı ki, dövlət tərəfindən onlara qayğı göstərilir. Gözəl qəsəbələr salındı, qaçqın və köçkünlərə yeni şəraitlər yaradıldı.
Yazılmamış qanunlardan biri budur ki, bax, həmin qapıları gedib döyək. Bayramlarda, şad günlərdə, xeyirdə-şərdə onlarla birlikdə olaq. Ayrı-seçkilik duyulmasın. Hər şey fərdi olanda daha gözəl və təbii görünür. Kütləviləşdirmək, kompaniyaya döndərmək süni təsir bağışlayır.
Aqillər deyiblər ki, qanun şahdır, şah qanun deyil! Qanunun şahlığını qorumaq, onun bütün tələblərinə əməl etmək insanın mənəvi borcudur. Gəlin, ətrafımıza qəlbimizin gözü ilə, vicdan deyilən bir meyarın ölçüləri ilə baxaq.
banner

Oxşar Xəbərlər