Yazıçıya çevrilmək

Yazıçıya çevrilmək

17 Noyabr 2019, 11:30 702
Bu gün dünyada kitab çap etdirib, həmçinin jurnalda, qəzetdə, saytda yazı dərc etdirib tanınmış müəllifə çevrilmək olduqca asandır. İndi bunun üçün heç bir maneə, problem yoxdur. Əksinə müxtəlif kommersiya qurumları, nəşriyyatlar var ki, müəllif olmağa yardımçı olurlar, həvəsləndirci təkliflər verirlər.
 
Belə olan halda hər bir müəllifi yazıçı hesab etmək olarmı? Burda bir neçə məqam var: Birincisi odur ki, ədəbiyyatdan kənar olan sahələrdə də araşdırmaçılar, tədqiqatçılar müxtəlif elm və peşə ilə məşğul olan şəxslər öz əsərlərini yaza bilər. Bu cür müəlliflər yazıçı hesab olunmasalar da, onların eləsi var ki, əsərləri bestseller olur, kitablarının tirajı milyonu keçir. Bu kitabların çox satılmasının əsas səbəblərindən biri də, kitabın dilinin bədii olmasıdır. Adətən sahəvi kitablar terminlərlə və oxucuya o qədər də tanış olmaya sözlərlə yükləndiyindən bu cür kitabların oxucu sevgisi qazanmağı müşkülə çevrilir. Lakin müəllif bədii dildən, axıcı üslubdan yararlanmaqla oxucunun diqqətini daha çox cəlb edə bilir.
 
İkincisi nüans populyar şəxslərin, tanınmış adamların müəllifliyidir, loru dildə desək, belə şəxslərin kitab yazmasıdır. Məsələn, dünya şöhrətli futbolçu Pele kitab yazıb və tez bir zamanda kütləvi tirajla satılıb. Yaxud, Barak Obamanın bestsellerə çevrilən kitabından danışmaq olar. Belə hallarda müəllifin adı kitabın satışında mühüm rol oynayır. Tarixə nəzər salanda dövlət xadimlərinin, siyasətçilərin memuarlar yazdığını görmək olar. Bu gün də o cür memuarlar oxucuların ən çox müraciət etdiyi kitablar sırasındadır.
 
Bu yazıda məqsədim müəllifləri yazardan ayırmaq, saf-çürük etmək deyil. Sadəcə məni düşündürən məsələyə diqqət çəkmək istəyirəm. Müəlliflik, məncə, hər şeydən əvvəl ardıcılıq deməkdir.
Mütaliə də oxucularda yazmaq vərdişi yarada bilir. Məntiqlə düşünsək, min roman oxuyan şəxsin bir roman yazması mümkündür. Yüzlərlə şeir oxuyan, əzbərləyən şəxsin də bir şeir yazması təbiidir. Oxucunun müəllifə çevrilməsi başqa bir yazının mövzusu olduğundan əlavə nəsə yazmaq istəmirəm.
Sön dövrlər meydana çıxan sosial şəbəkələr də oxucu ilə müəllif arasında olan sərhədi demək olar ki götürüb. İndi sosial şəbəkə istifadəçisi olan iddialılar bəzənnlıqla müəllifə çevrilə bilir. İstənilən məsləyə münasibət bildirməklə müəllif, istənilən mövzuda bədii nəsə yazmaqla yazar olmaq da mümkündür. Düzdü, bəzən sosial şəbəkə ədəbiyyatını həvəskar, qeyri-ciddi adlandıranlar var. Qərbdə isə sosial şəbəkə ədəbiyyatı artıq təşəkkül tapıb. Məsələn, Kanadalı şairə Rupi Kaurun "Süd və bal” adlı şeir toplusu düz 103 həftə "The New York Times”ın bestseller siyahısında yer alıb. Onun Instagramda 3,7 milyon izləyicisi var. O qədər izləyicini qeyri-ciddi hesab eləmək də düzgün deyil.

Müəlliflik məsələsində daha çox mübahisə yaradan nüanslardan biri də digər sənət və peşə sahiblərinin yazıçılıqla məşğul olmasıdır. Burda söhbət bədii yaradıcılıqdan gedir. Bədii əsər yazmaq heç kimə qadağan oluna bilməz. Lakin yazıçı olmaq da "kitab yazmaq” qədər asan deyil axı. Hesab edirəm ki, bu cür şəxslərdə müəllifliyə meyllənmə populyarlıq və tarixə düşmək iddiasıdır. Əgər belədirsə, onları "yazar” adlandırmaq nə dərəcədə düzgündür? Bu sualın cavabı "hə” və ya "yox”dan ibarət olsa da, cavab vermək bəzən asan olmur. Hər müəllif yazıçı deyil axı. Digər tərəfdən ortada yaradıcılıq məhsulu var. Sonrakı proses isə həmin məhsulun nə dərəcədə kefiyyətli olub-olmaması ilə bağlıdır. Bəzən keyfiyyət önəm daşımır, reklam və tanıtım öz işini görür.
Yazıçılığı ikinci peşə hesab edənlər adətən, bir-iki kitabdan o yana gedə bilmirlər. Bəzən bir kitabla da kimsə yazıçıya çevrilə bilir, onun əsas peşəsi unudulur və nəticədə tarixdə yazıçı kimi qalır.
 
Səxavət Sahil