• cümə axşamı, 28 mart, 19:06
  • Baku Bakı 13°C

Yazıçılar Günü olarsa...

02.03.20 14:15 3499
Yazıçılar Günü olarsa...
"Onlara hər şeyi bəyəndirmək olmur”
Martın 3-ü Ümumdünya Yazıçılar Günüdür. Maraqlı tarixi olan bu bayram 1921-ci ildən PEN-klub tərəfindən (bu ad ingiliscə üç sözün poets (şair), essayists (oçerkçi) və nvelists (novella, roman müəllifi) – ilk hərflərindən yaranan qısaltmadır) qeyd olunmağa başlayıb.PEN-klubun ilk beynəlxalq konqresi isə 1923-cü ildə Londonda keçirilib. 1986-cı il yanvarın 12-dən 18-dək PEN klubun sayca 48-ci beynəlxalq konqresi baş tutub. Məhz həmin tədbirin iştirakçıları mart ayının 3-nü "Yazıçının Ümumdünya Sülh Günü” elan edilməsi barədə qərar qəbul ediblər. Həmin vaxtadək artıq dünyanın yüzdən çox ölkəsində PEN-klub mərkəzləri fəaliyyət göstərirdi. Bir sıra ölkələrdə bu bayram, sadəcə "Yazıçı Günü” adlanır və bir növ daha çox fərqlənmiş ədibləri təbrik etmək və mükafatlandırmaq üçün münasib gün kimi qeyd olunur. Bayramı keçirməkdə məqsəd "Dördüncü hakimiyyət”in – demokratik mətbuatın mənfi aspektlərinə qarşı çıxmağa, yalan yazılara, məqsədli təhriflərə, faktların bilərəkdən saxtalaşdırılmasına, yaxud siyasi, qrup və şəxsi maraqlar naminə gerçəyin vicdansızcasına yozulmasına yol verməməyə çağıran peşə bayramıdır.
Qeyd edək ki, eyniadlı təşkilat – PEN-klub bizim ölkəmizdə də yaradılıb. Üzvləri də kifayət qədər tanınmış adamlardır. Bu təşkilat ölkəmizdə 2011-ci ildə yaradılıb və prezidenti postuna yazıçı Çingiz Abdullayev seçilib. Bütün dünyada fəaliyyət göstərən PEN klubun məqsəd və vəzifələri bizdə də hədəf götürülüb. Ölkəmizdə PEN-klubun digər məqsədi Azərbaycan yazıçılarını dünya ölkələrində tanıtmaqdır. Bu da təbii ki, tərcümə vasitəsilə mümkündür. Klubun üzvləri ən istedadlı, görkəmli və fəal yazıçılardır.
Bəs Yazıçılar Günü bizdə qeyd olunurmu? "Müzakirə”mizdə qələm adamlarının peşə bayramlarına münasibətlərini öyrənməyə çalışdıq.

Qeyd olunarsa, olsun...

Azərbaycanda PEN-kubun yaradıcılarından olan yazıçı Natiq Rəsulzadə yazıçılığı fərdi iş hesab edir: "Yazıçılar gününü qeyd etmək də olar. Ancaq mən elə düşünürəm ki, bu, çox fərdi işdir. Bir çox ölkələrdə heç yazıçılar birliyi də yoxdur. Bu qurumlar öz mənasını itirib. Çünki sovet dövründə bu ideoloji bir peşə idi. Dövlətin rəhbərliyi yazıçılara ideoloji cəbhənin əsgəri kimi baxırdı. Yazıçıların əksəriyyəti də ideologiyaya işləyirdi. İndi bunlar mənasını itirib və yazıçının sənəti fərdi bir sənətdir. İndi onları bir yerə yığıb «Yazıçılar gününü qeyd edəcəksiniz» demək o qədər də düzgün deyil. Çünki hər bir yazıçının öz düşüncəsi, dünyaya baxışı, ideyası var”.
Yazıçının fikrincə, əgər bütün dünyada bu tarix qeyd edilərsə, biz də təbii ki, buna etiraz edə bilmərik: "Qeyd olunsa da, bu, formal bir yanaşma olacaq. Necə ki, Şaxtaçılar Günü, Tibb İşçiləri Günü, Müəllimlər Günü qeyd olunursa, bu tarix də ondan fərqlənməyəcək. Ancaq hesab edirəm ki, müəllimlərin, həkimlərin günü qeyd olunursa, onlar bir ordudur. Biz hələ gileylənirik ki, yazıçıların sayı 2000-dən çoxdur və bu, 10 milyonluq əhalisi olan ölkə üçün çoxdur. Əgər yazıçı günü qeyd olunarsa olsun, olmasa da bunun yazıçılar üçün heç bir zərəri yoxdur».

Niyə məhz martın 3-ü?

Xalq şairi Sabir Rüstəmxanlı belə bir günün bizdə indiyə qədər qeyd olunmadığını və ümumiyyətlə, bu tarixdən xəbərsiz olduğunu dedi: "Etiraf edim ki, Yazıçılar Gününü hansısa tarixi əsərlə və ya hər hansı bir yazıçının taleyi ilə bağlı olduğunu deyə bilmərəm. Niyə məhz martın 3-ü? Bunu bilməməyim bu məsələyə indiyə qədər maraq göstərməməyimlə bağlıdır. Hesab edirəm ki, yazısı üçün xüsusi bir gün yoxdur. İlin 365 gününün hamısı yazıçının günüdür. Nə vaxt ilhamı var, o vaxt yaza bilir, onda özünü xoşbəxt hesab edir, sözünü deyə bilir, kitabları nəşr olunur. Bu günlərin hər biri yazıçı üçün bir bayramdır. Ümumiyyətlə, yazı prosesinin özü nə qədər əzablı olsa da, amma yazıçı yenə yaza bilirsə, sözü ona qulaq asırsa və ürəyindən qopan sözləri düzgün ifadə edirsə, sonda əsərindən nəyi gözləyirsə, onu həyata keçirə bilirsə, onda yazıçı o zəhmət prosesinin özündə xoşbəxtdir. Sonra kitabın çapı, oxucuya çatdırılması və nəhayət, əgər oxucu məhəbbəti qazanırsa, bunlar hamısı yazıçının xoşbəxtliyidir. Onda hər gün yazıçının günüdür”. S.Rüstəmxanlı hesab edir ki, bununla belə, təqvimdə xüsusi bir günün qeyd olunması da bu peşəni yada salmaq baxımından normal bir hadisədir: "Necə ki, 8 Mart qadınlar bayramıdır və ilin 365 günü qadın öz ailəsində xoşbəxtdir. Ona bir günün yaradılması qadına qarşı diqqətdir. Eləcə də, yazıçıya da bir günün ayrılması ona qarşı diqqətdir. Mən buna qeyri-adi hadisə kimi baxmıram».

Xüsusi qeyd etməyə ehtiyac yoxdur

Yazıçı Elçin Hüseynbəylinin fikrincə, Yazıçı Gününü xüsusi qeyd etməyə ehtiyac yoxdur: «Yazıçı əsasən öz əsərləri ilə gündəmə gəlir. Nə dərəcədə bəyənilirsə və əsərləri nə qədər aktualdırsa, bu, onun günüdür. Bəlkə də hansısa bir məşhur əsərin yarandığı günü xatırlamağa daha çox ehtiyac var”. Yazıçı hesab edir ki, bəlkə də yazıçıların beynəlxalq birliyi baxımından həmin günü xatırlamağa dəyər. Məsələn, beynəlxalq konfransların və ya yazıçıların səfərlərinin təşkili və s. hadisələrlə bağlı qeyd edilə bilər: "Yazıçı Gününün qeyd olunması bizim ölkə üçün aktual olmayıb və aktual deyil. Əgər yazıçının hardasa hüququ pozulubsa, vacib deyil ki, martın 3-də qeyd edəsən. Martın 3-ü sadəcə statistik bir rəqəm kimi qeyd olunmalı deyil. Ümumiyyətlə, bizdə Yazıçı Günü heç bir halda qeyd olunmur”.

Yazıçının stol arxasına keçdiyi gün

Tənqidçi Əsəd Cahangir hesab edir ki, yazıçının günü onun bulud kimi dolduğu gündür: "Yazıçının günü onun stol arxasına keçdiyi gündür. Onun üçün ən böyük vəzifə kürsüsü elə yazı masasıdır. Elə ki, o bulud kimi dolur və yazmağa başlayır, onun həyatının ən xoşbəxt günüdür. Elə ki, o, içindəkiləri vərəqlərə səpələyir, bununla da əslində onun ən bədbəxt günü başlayır. Bir də növbəti mərhələyə qədər eyni hissləri keçirir. Bu mənada ilham anı yazıçının günüdür. İlham anı, təbə gəldiyi an, sırf peşəkar nöqteyi-nəzərdən yanaşanda yazıçının günüdür”. Tənqidçi hesab edir ki, digər tərəfdən, dünyadan yazıçıya baxanda, ilin hər hansı bir gününü yazıçı günü elan edib, qələm adamına diqqət ayrılmasına ehtiyac var: "Bu, yazıçının ictimai cəhətdən populyarlaşmasında, müəyyən problemlərinin həllində, ictimai ab-havanı hiss etməsində rol oynaya, ona yaradıcılıq stimulu verə bilər. Onu həmin xoşbəxtlik məqamına, təb halına gətirə bilər. Çünki sənətkar xalqın sevgisindən, oxucunun diqqətindən güc alır. Axı yazıçı əsəri özü üçün yazmır. Mən bütün qələm dostlarımı yazıçı günü münasibətilə təbrik edirəm!»

Onların da bir günü olsun!

Yazıçı Aslan Quliyev hesab edir ki, yazıçılar üçün belə bir günün qeyd olunmasına ehtiyac var: "Yazıçının üzərində zəhmət və əzab çəkib yazdığı kitablardan xeyir götürməsi, dolanışıq mənbəyinin olması vacibdir. Yazıçılar üçün başqa bir gün qeyd olunmur. Qoy onların da bir günü olsun!”

Bayram günündə deyinməyək...

Gənc yazar Cavid Zeynallının fikrincə, simvolik olaraq Yazıçılar Gününün qeyd olunması yaxşıdır. Belə ki, az qala bütün peşə sahiblərinin bayramı var: "Mən bu məsələyə həm də oyun kimi, zarafat kimi, xoş əhval kimi baxıram. Çünki yazıçılar çətin adamlardır, mürəkkəbdirlər. Onlara hər şeyi bəyəndirmək olmur. Hətta bayramda da məsxərə tərəfi tapacaqlar. Mən arzu edərdim ki, Azərbaycan yazıçıları da bu bayramı ürəklə, xoş ovqatla qeyd etməyə özlərində səbəb tapa bilsinlər. Amma çətin məsələdir. Kitabı satılmayan, yazdığı oxucuya çatmayan yazıçıya nə bayram? Nə isə, heç olmasa, bayram günündə deyinməyək. Təbəssüm!”

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər