AZE | RUS | ENG |


Yazıçı və oxucu münasibətləri

Yazıçı və oxucu münasibətləri
Hər bir oxucu öz müəllifini seçdiyi kimi, hər bir yazar da öz auditoriyasını yaradır

Ədəbiyyat adamı - yazıçı və ya şair qələmə aldığı əsəri yazarkən oxucunun zövqünü nəzərə alır, yoxsa ürəyindən keçəni, ilham veriləni, görüb müşahidə etdiyini, fantaziyasını, reallığı və ya mifi yazır? Yazı prosesində oxucunun zövqü onun üçün önəm kəsb edirmi? Yazar öz oxucusunu arxasınca aparmalı, yoxsa onun istəyinə uyğun yazmalıdır? "Müzakirə”mizdə bu suallara cavab axtararkən maraqlı nüanslarla qarşılaşdıq.

Hər bir yazarın öz auditoriyası
«Bədii əsərlər ümumiyyətlə, oxucu üçün nəzərdə tutulan əsərlərdir. Bədii əsərlər yazılarkən şübhəsiz ki, müəllif oxucunun dünyagörüşünü, zövqünü mütləq nəzərə almalıdır” – deyən filologiya elmləri doktoru, ədəbiyyatşünas Asif Rüstəmli hesab edir ki, bu amillər nəzərə alınmadan yazılan əsərləri qələmə alan müəllif öz oxucusunu itirir: "Oxucu marağı deyiləndə, ilk növbədə hər oxucu seçdiyi ixtisasa, maraqlandığı sahəyə uyğun daha çox ədəbiyyat mütaliə edir və onu maraqlandıran suallara cavab axtarır. Cavab axtararkən onun araşdırdığı, əldə etməyə çalışdığı əsərlər sahələrə bölünür. Fərz edək ki, fantastik mövzularda yazan müəlliflə kriminal və ya didaktik mövzuda yazan müəlliflərin oxucu auditoriyası fərqli olur. Elə insanlar var ki, fantastik mövzuda yazılan mövzular onun üçün daha maraqlıdır. Və yaxud, detektiv oxuyan oxucular üçün digər mövzular o qədər maraqlı olmur. Onların öz auditoriyası var. Bunları Çin səddi ilə ayırmaq olmur. Və yaxud, fantastik mövzunu oxuyan, günümüzün real mənzərəsi ilə də bədii ədəbiyyat vasitəsilə tanış olmağı xoşlayır. Kriminal mövzudan bəhs edən yazıçılarımız var ki, onların da öz auditoriyası var. Bəlkə də onların auditoriyası daha genişdir. Bu baxımdan, hər bir oxucu öz müəllifini seçdiyi kimi, hər bir yazar da öz auditoriyasını yaradır. Təbii ki, burada onun bədii təsvir vasitələrindən istifadə, fikrini fərqli formada ifadə etmək qabiliyyəti də əsərin yüksək səviyyədə alınmasında, oxucu zövqünü təmin etmə məsələsində əsas amillərdən biridir».
Bəzi yazarların «mən özüm üçün yazıram, kim oxuyur, oxusun» fikirlərinə münasibət bildirən filoloq, bu cür yanaşmaları kütləvi hesab etmir. Belə ki, həmin yazarlar bu cür baxışları ilə fərqlənmək istəyirlər: «Əslində, özü üçün yazan adam yazdıqlarını yayımlamamalıdır. Həmçinin onları çap etdirməməli və təqdimat keçirməməlidir. Elə insanlar var ki, onlar yazıçılıqla məşğul olurlar və heç yazdıqları da çap olunmayıb. Oxucu onların yaradıcılığı ilə tanış olmaq istəyərkən «bunu özüm üçün yazıram, geniş oxucu auditoriyası üçün nəzərdə tutmuram» - deyə, cavab verirlər. O tip insanlar yazdıqlarını yaymağa, nəşr etməyə, təqdimatını keçirməyə, oxucuların fikirlərini öyrənməyə cəhd göstərmirlir. Ancaq «oxucu məni maraqlandırmır» - deyən bəzi insanlar yazdıqlarını çap etdirirlərsə, burada ziddiyyət meydana çıxır».
Oxucunun zövqünü müəyyən etməyin müxtəlif formalarının olduğunu bildirən A.Rüstəmli hesab edir ki, oxucu ilk növbədə özü üçün hansı mövzunu daha çox sevdiyini və hansı müəlliflərin yazdığı əsərlərin onun tələblərinə cavab verdiyini müəyyən etməlidir: "İlk növbədə hansı ədəbiyyatın daha çox oxunduğunu kitabxanalara müraciətlə müəyyənləşdirmək olur. Hər hansı bir məşhur kitabxanadan oxucuların il və ya ay ərzində hansı mövzulara və müəlliflərə daha çox müraciət etdikləri müəyyənləşdirilir. Qeydiyyat əsasında hesabat ümumi oxucu zövq və marağının mənzərəsini ortaya çıxarır. Əgər dərslik çox oxunubsa, şübhəsiz ki, onda tələbələrin payı çox olur. Əgər Çingiz Abdullayevin əsərləri daha çox oxunursa, artıq oxucu zövqünün nəyə kökləndiyi məlum olur”. Filoloqun fikrincə, oxucu zövqünü müəyyənləşdirən digər bir variant isə kitab sərgiləri, Yazıçılar Birliyində və digər məkanlarda təşkil olunan satış təqdimatlardır: "Elə əsərlər var ki, oxucu ona pul vermək istəmir. Elə yazıçılar da var ki, onların əsərləri hər yerdə axtarılır. Onların əsərlərinin əldə edilməsi üçün oxucu öz vəsaitini o istiqamətə yönəldir. Oxucu zövqünü müəyyənləşdirən variantlardan biri də KİV, sosial şəbəkələr, telekanallardır. Burada kitabla bağlı çıxan yazıları, yaxud sosial şəbəkələrdə hər hansı növ kitablarla bağlı bildirilən rəylər əsasında hansı müəllifə və kitaba münasibətin necə olduğunu müəyyənləşdirmək olar. Fikrimcə, oxucu zövqünü müəyyənləşdirməkdə xüsusilə kitabxanaların, sosial şəbəkələrin və mətbuat orqanlarının böyük imkanları var». A.Rüstəmli tez-tez telekanallarda və ya mətbuatda səslənən «indi kitab az oxunur», «oxucular kitabxanalara getmirlər» fikirlərinə münasibət bildirərək, hesab edir ki, əvvəlki illərdə olduğu kimi, yenə də kim oxumaq istəyirsə, oxuyur. Oxumayan adamlar əvvəllər də olub, indi də var, gələcəkdə də olacaq: "Yəni oxumağa çox və ya az həvəsi olan və ya ümumiyyətlə həvəsi olmayan insanlar var: "Məsələn, əvvəllər metroda insanların əlində daha çox kitab görürdüksə, bu gün planşet və ya mobil telefon görürük. Onlar bu vasitələrlə də elektron kitabxanalardan yararlanırlar. Bu baxımdan, fərq böyük deyil. Müasir oxucular zamana nisbətdə qənaət etmək üçün bədii və ya elmi ədəbiyyat oxumağın daha optimal variantını seçirlər. İnsanın bədii ədəbiyyata ehtiyacının olmamağı isə mümkün deyil. Onlar hər hansı formada bu ehtiyacı ödəmək üçün müasir elmi-texniki tərəqqinin imkanlarından istifadə edirlər».

Planlaşdırılmış yazı
"Yazıçı və ya şair yazanda heç vaxt oxucu zövqü haqqında düşünməməlidir” deyən yazıçı Zahid Sarıtorpaq hesab edir ki, oxucunun zövqünü nəzərə alıb yazmaq bayağıdır: "Çünki yazıçının yaşadığı cəmiyyət həmçinin onun oxucularının yaşadığı cəmiyyətdir. Onun yazıçı kimi gördüyü və yaşadığı həyat var. Yazar təxəyyülünün gücü ilə, əlavələr etməklə yazır. Yazıçının istedadının və müşahidə qabiliyyətinin gücünə ortalığa çıxartdığı nəsnələr təbii ki, cəmiyyətin problemidir. Bu mənada yazıçı ilə hesablaşırlar. Oxucunun zövqünə hesablanmış yazı planlaşdırılmış yazıdır. Mən bunu qəbul edə bilmirəm. Yazıçı öz içindən keçən dünyasını, eyni zamanda, həyatımızda gördüyü, yazıçı gözü ilə müşahidə etdiyi hadisələri ədəbiyyata gətirməlidir. Oxucunun zövqünə hesablanan yazı publisistik yazı effektini verər».

Müəllifin müəyyən qədər güzəştə getməsi
"Orta oxucu kütləsi” deyilən anlamı qəbul etməyən, Moskvada yaşayan şairə Afaq Şıxlı "yazıçı özü də bir oxucudur” fikrindədir. Yəni o, özünün eqosunu kənara qoyaraq yazdığı, yazacağı əsərə oxucu gözü ilə baxmalıdır: "Yazarın təxəyyülü öz oxucuları ilə eyni dalğada olmalıdır. Əks halda, nəticə yaxşı olmur. Oxucu ilə əks-rabitənin olmamağı qanqrena qədər qorxuludur. Bədənin hansısa bir orqanı qan təchizatından məhrum olarkən, amputasiyaya məruz qalır. Eləcə də oxucu auditoriyası ilə yazar arasında duyğu, hissiyyat pozularsa, o, həmin auditoriyanı itirir”. Bu gün mütaliəyə meylin azalmadığını deyən A.Şıxlının fikrincə, sadəcə, oxucuların zövqü və oxumaq üsulları dəyişib: "İndi xalq kütləvi şəkildə sevgi romanları oxuyacaq qədər xoşbəxt, sakit və rahat deyil. Oxucu həqiqətlərdən bəhs edən kitabları oxumaq istəyir. Unutmayaq ki, oxucu da, müəllif də eqoist olurlar. Oxucu oxumaq istədiyini axtarır, müəllif isə özünə maraqlı olan mövzuda yazmaq istəyir. Bəzən müəllifin müəyyən qədər güzəştə getməsi böyük rol oynayır”. A.Şıxlı hesab edir ki,
yazar hipnozçu olmalıdır. O, demək istədiyi fikirləri elə üsullarla, elə formada çatdırmalıdır ki, oxucu onu məmnuniyyətlə qəbul etsin: "Çətindir. Əlbəttə, yazıçı olmağın asan olduğunu düşünmək yelbeyinlikdir. Rəflərdə yatıb qalan, yalnız təqdimatı zamanı ələ alınan kitablar belə yelbeyinliyin məhsuludur”. Yazarın fikrincə, məhz "ədib”, "yazıçı” adlanmaq üçün iri həcmli əsərlərə canatmlara son qoymaq lazımdır: "Unutmayaq ki, Çexov kimi nəhənglər hekayələri ilə sevilib... Bir də, hər kəs ən yaxşı bacardığı işlə məşğul olsa, oxucular da razı qalar, ədəbiyyat da. Şair kimi gözəl oxucu auditoriyan varsa, məcbur deyil ki, roman da yazasan və ya əksinə... Yetər ki, hər şey içdən gəlsin və səmimi olsun.

Hər kəsin öz zövqünə görə seçim imkanı
"Oxucuların zövqü yazarların zövqü ilə demək olar ki, eynidir”- deyən yazar Səxavət Sahilin fikrincə, oxucu yazıçının zövqü ilə birbaşa bağlıdır: "Hesab edirəm ki, hər bir oxucunun zövqünə görə yazıçı var və heç kim bu sarıdan korluq çəkmir. Oxucunun yazıçının zövqü ilə yazılan əsərdən başqa hansı seçimi var?! Yazıçı ortaya əsər qoymasa, oxucu nəyi seçər, nəyi axtarar?! Yəni oxucu yazıçıya görə seçim edir, öz zövqünü formalaşdırır. Əslində, bu zövqlər bir birinə bağlıdır və normal olaraq belə də olmalıdır”. S.Sahilin fikrincə, yazıçı hər şeydən öncə öz düşüncəsinə və təfəkkürünə görə yazır. Belə ki, yazıçının düşüncəsi və formalaşması oxucu zövqünə görə deyil, istedad, dünya görüşü və s. əsasında yaranır: "Peşəkar ədəbiyyatda oxucunun zövqü yazıçının əsərlərinə güzəştə getməli olur və nəticədə yanılmır. Bulvar ədəbiyyatında isə bunun əksinədir. Yazıçı oxucunun zövqü əsasında yazmağa məcburdur. Bu, eyni zamanda satış və bazar deməkdi. Elə yazıçı var, məhz bu amili üstün tutub yazır və pul qazanır. Düşünürəm ki ədəbiyyat olduqca genişdir, burada hər kəsin öz zövqünə görə seçim etmək imkanı var”.

Təranə Məhərrəmova

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN