ATAA Ekspertlər
Şurasının sədri Göydəniz Qəhrəmanov: Bilet alıb səfərə
gedə bilməyən turistlərlə turizm və hava yolları şirkətləri arasında anlayış
olmalıdır
COVİD-19
infeksiyasının yaratdığı problemlər bütün dünyada, o cümlədən ölkəmizdə də
turizm sahəsində çoxlu itkilərə səbəb olub. Hava yolu, turizm şirkətlərinin
fəaliyyəti dayanıb. Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) təşəbbüsü
ilə Azərbaycan Hava Yolları və ölkəmizdə təmsil olunan beynəlxalq hava yolları
şirkətlərinin nümayəndələri arasında "Pandemiya dövründən sonra
aviadaşıyıcıların yeni fəaliyyət planları və uçuşların bərpası" mövzusunda
keçirilmiş onlayn müzakirələr də məhz bu problemə həsr olunub.
Turizm
şirkətləri və turoperatorlar üçün beynəlxalq uçuşların tezliklə bərpa
edilməsinin vacib məsələ olması, problemin həllinin pandemiyanın aradan
qaldırılması və ölkələrin öz sərhədlərini uçuşlar üçün açıq elan etməsindən
asılı olduğu və s. diqqətə çatdırılıb. Bu maneələr aradan qaldırılmayana qədər
beynəlxalq uçuşların dəqiq nə vaxt bərpa olunacağını proqnozlaşdırılmağın çətinliyi
qeyd edilib. Müzakirələrdə, eyni zamanda pandemiyadan öncə alınan biletlərin
geri qaytarılması, sərnişinlərin təhlükəsizliyi, uçuşlar üçün prioritet istiqamətlər,
aviaşirkətlər tərəfindən qiymət siyasətində edilə biləcək dəyişikliklər və
digər mövzular ətrafında da fikir mübadiləsi aparılıb.
Azərbaycan Turizm
Agentlikləri Assosiasiyası Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov
"Kaspi”yə müsahibəsində onlayn müzakirələrin turizm sahəsində ümumi vəziyyət,
turizm şirkətlərinin gələcək planlarını qurmaq istiqamətində addımlarını
müəyyənləşdirmək və s. istiqamətdə faydalı olduğunu bildirdi.
- Hazırda
insanların böyük bir qismi hava yollarının açılmasını səbirsizliklə gözləyir.
Beynəlxalq uçuşlar nə zaman bərpa olunacaq?
- Məsələyə dövlətlərin fərqli yanaşması var.
Məsələn, Gürcüstan gələn aydan sərhədləri açacaq və turistləri qəbul edən ilk
ölkə olacaq. Avropa dövlətləri deyirlər ki, yay mövsümündə bütün ölkələrin
sərhədlərinin açılması gözlənilmir. Yəni, bəzi ölkələr sərhədlərini açacaq,
bəzisi yox. Bu elə bir prosesdir ki, bütün dövlətlər bir-birindən asılıdır.
Hətta biz desək ki harasa uçmağa hazırıq, o demək deyil ki, biz rahat uça biləcəyik. Digər tərəf də
hazır olmalıdır ki, turistləri qəbul etsin. Proses addım-addım başlayacaq və
bir neçə ay çəkəcək. Yay mövsümünə gəlincə, bütün sərhədlər açıq olmayacaq.
- Beynəlxalq
aviauçuşların dayanması turizm şirkətləri üçün hansı problemləri yaradıb?
- Azərbaycanda turizm şirkətlərinin işi tam
dayanıb. Heç bir şirkət işə çıxmır. Hətta şirkətlər deyirlər ki, əgər karantin
bitsə, amma sərhədlər açılmasa və uçuşlar olmasa, bizim işimiz yenə də
olmayacaq. Turistlər gəlmir, yerli insanlar xaricə getmir və uçuşlar baş tutmur.
İndi hansısa şirkətlər hazırlıq işləri görürlər ki, pandemiya bitəndən və
sərhədlər açılandan sonra daha hazırlıqlı olsunlar.
- İnsanları daha
çıx narahat edən məsələlərdən biri pandemiyadan öncə alınan biletlərin taleyi
ilə bağlıdır. Biletlərin geri qaytarılması, uçuşlar üçün prioritet
istiqamətlərin müəyyənləşdirilməsi istiqamətində Assosiasiya hansı işləri
görür?
- Biz problem baş
verdiyi gündən həm hava yolları, həm turizm şirkətləri, həm də ayrı-ayrı
turistlər və dövlət orqanları ilə görüşlər keçirir, təkliflər veririk. Problem yaranandan
– martın 10-dan etibarən hava yolları ilkin mərhələdə biletlərin qaytarılmasına
icazə verirdi, turizm şirkətləri də qaytarırdı. Kim həmin müddətdə vaxtında
biletlər üçün müraciət etdisə, onlar biletləri qaytardılar. Ancaq hava yolları
gördü ki, böyük bir kütlə biletləri qaytarmağa başlayıb və maliyyə cəhətdən
onların üzərinə böyük yük düşməyə başladı. Satışlar olanda, hava yolları digər
satışların pullarından biletlərin pullarını qaytarırdı. Amma satışlar dayanıb,
turistlər də pullarını geri istəyirlər. Bu, hava yollarını böyük bir risk
altına saldı. Onlar da biletlərin pullarını
qaytarma prosesini dondurdular. Hava yolları biletləri bir il ərzində
cəriməsiz dəyişdirməyə icazə verir və ya alınan biletin məbləğinə vauçer təklif
edir. Vauçer pulu əvəz edən bir sənəd kimi təklif olunur. Yəni müştəri gələcəkdə
hansısa bir istiqamətə özünə, qohumlarına və ya dostlarına bilet əldə bilər.
Digər bir təklif iş başlayan gündən 60 gün sonra məbləği müştəriyə nağd olaraq
geri qaytarmaqla bağlıdır. Amma bu prosesin nə qədər çəkəcəyini bilmək olmaz.
Çünki biz bilmirik ki, uçuşlar nə vaxt başlayacaq. Əsas
məsələ dünyada pandemiyanın aradan qaldırılması və ölkələrin öz sərhədlərini
uçuşlar üçün açıq elan etməsindən asılıdır.
- Yeri gəlmişkən,
turizm şirkətləri bu mövzuda müştərilərlə dil tapa bilməmələrindən
şikayətlənirlər. Müştərilər onları polisə, məhkəməyə verməklə hədələyirlər.
Turizm şirkətləri də vəziyyətdən çıxış yolu kimi hökumətə müraciəti görürlər.
Bu istiqamətdə hazırda hansı addımlar atılır?
- Bu,
fors-major vəziyyətdir. İnanmıram ki, hansısa turistin bir turizm şirkətinin və
ya hava yolu şirkətinin üzərinə getməsi ilə məsələnin həllinə nail olmaq mümkün
olsun. Bu məsələdə insanlar bir-birini anlayaraq yanaşmalıdır. Biz görürük ki,
nəinki turizm sənayesi, başqa sahələr də dayanıb. Hava yolları heç bir turistə
demir ki, pulunu qaytarmayacaq. Kimisə hədələmək məsələnin həlli deyil. Bu proses daha da uzun
çəkə bilər. Məsələyə yalnız səbirlə yanaşmaq lazımdır. Biz bu mövzuda daim
müzakirələr aparır və təkliflər edirik. Bu gün hamının vəziyyətdən xəbəri var. Sadəcə
müştərilər bir qədər narahat olurlar və onlarla turizm şirkətləri arasında
narahatlıqlar yaranır. Hesab edirəm ki, turistlərlə turizm şirkətləri və hava
yolları şirkətləri arasında anlayış olmalıdır. Məsələ həllini tapacaq. Amma bu,
vaxt çəkə bilər - 1 ay, 3 ay və ya 5 ay... Bir çox hava yolları şirkətləri bildirib
ki, uçuşlar başlayan gündən 60 gün ərzində müştərilərin pulları qaytarılacaq.
Amma elə insanlar var ki, narahatdırlar, "indi pulu ver” deyə tələb edirlər.
Turizm şirkəti burda vasitəçi rolunu oynayır, pulu müştəridən alaraq hava yolu
şirkətinə ödəyir. Burda onun 2-3 faiz qazancı var və qalanını hava yollarına
ödəyib. Hava yollarının da öz xərcləri var: lizinq, əmək haqları və s. Onlar da pulları bu istiqamətə sərf ediblər.
Bu baxımdan, pulu tələb etməklə məsələni həll etmək olmaz.
- Xarici
aviadaşıyıcılar biletlərin qaytarılması və ya dəyişdirilməsi üçün yazılan
məktublara, ümumiyyətlə cavab vermirlər. Bununla bağlı da şikayətlər çoxdur.
Assosiasiya bu istiqamətdə azərbaycanlı müştərilərə hansı dəstəyi göstərə
bilər?
- Təəssüf ki, bununla bağlı şikayətlər var və bizə
də çoxlu müraciətlər olur. "Xarici aviaşirkətlər, otellər cavab vermir” deyə
müştərilər yazırlar. Buz bu problemlə bağlı araşdırmalar etdik. Bir neçə otel
və turoperatorlarla maraqlandıq. Onların çoxu karantindədir. Bəziləri onlayn
işləyir və ya ümumiyyətlə fəaliyyətlərini qapadıblar.
Onların cavab
verməmələri daha çox bu amillərlə bağlıdır. Ancaq bu o demək deyil ki, onlar
ümumiyyətlə cavab verməyəcəklər və ya qaçacaqlar. Dövlətləri onların çoxuna
subsidiyalar verəcəklər və artıq bu prosesə başlayıblar. Məncə, onların çoxu öz
işlərini bərpa edəcəklər. Sadəcə, bu proseslərə bir az vaxt lazımdır.