AZE | RUS | ENG |


Yay gəlir, pərdələr enir...

Yay gəlir, pərdələr enir...
Mədəniyyət müəssisələrimiz mövsümə nə zaman əlvida deyəcək?

İl ərzində hər kəs istirahət etmək üçün mövsüm sonunu gözləyir. Yay isə istirahət etmək üçün ən ideal fəsildir. Müəyyən özəl və dövlət müəssisələri mövsümü başa vuraraq, yeni mövsümdə daha gümrah geri qayıtmaq üçün yayda istirahətə yollanır. 
Mövsümün son həftələrini yaşadığımız bu günlərdə mədəniyyət müəssisələri ilə əlaqə saxladıq. Onlardan mövsümü nə zaman başa vuracaqlarını xəbər aldıq. Mövsüm ərzində yenilikləri ilə tamaşaçıları ilə görüşən mədəniyyət ocaqlarımız növbəti ayın ortalarında pərdələrini qısa müddətlik bağlayacaqlarını bildirdilər. Yeni mövsümə daha çox enerji ilə qayıtmaq üçün istirahətə yollanan mədəniyyət müəssisələrimizin sözçüləri bizimlə söhbətlərində sentyabrdan maraqlı layihələri ilə geri dönəcəklərini qeyd etdilər. 

Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı bildirdi ki, ana teatrın yaradıcı heyəti iyulun 17-də "Qarabağnamə” tamaşası ilə mövsümü bağlayacaq. 
Məlumat üçün bildirək ki, xalq yazıçısı, dramaturq İlyas Əfəndiyevin əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur. Rolları xalq artistləri Rafiq Əzimov, Firəngiz Mütəllimova, Hacı İsmayılov, Ramiz Məlik, əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əjdər Həmidov, Əli Nurzadə, Aslan Şirin, aktyorlar Şəhla Əliqızı, Rövşən Kərimduxt, Anar Heybətov, Sərdar Rüstəmov, Əminə Babayeva, Rəşad Bəxtiyarov, Elnar Qarayev, Elnur Qədirov, Rada Nəsibova, Günel İmanova ifa edirlər. Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssam Rafael Həsənovdur. 
Tamaşa XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olub.

Azərbaycan Dövlət Musiqili Teatrından qəzetimizə verilən məlumata görə, gələn ayın 17-si teatrın səhnəsində Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun” tamaşası ilə mövsümü bağlayacaqlar.  Ötən il də mövsümü bağlayan bu səhnə əsəri teatrın 105-ci mövsümdəki ən uğurlu tamaşalarından olub. Tamaşada Məşədi İbad obrazını canlandıran əməkdar artist Şövqi Hüseynov bu rolun ifasına görə Mədəniyyət və Turizm Nazirliyinin "Zirvə” Milli Mükafatına layiq görülüb.
Tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimovadır. Rolları sevimli gülüş ustası, xalq artisti Afaq Bəşirqızı, əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Novruz Əliyev, aktyorlar Amil Məmmədov, Əzizağa Əzizov, Nadir Xasıyev, Hüseyn Əlili və başqaları ifa edirlər.
Sona çatmaqda olan mövsüm teatr üçün uğurlu və əlamətdar hadisələrlə zəngin olub. Belə ki, mövsüm boyu bir sıra tamaşaların premyerası keçirilib, teatrın aktyorları səmərəli fəaliyyətlərinə görə müxtəlif rəsmi və yaradıcı təşkilatların mükafatlarını qazanıblar. 

Dövlət Gənc Tamaşaçılar Teatrının sözçüsü Hüsniyyə Mursaquluyeva bildirdi ki, teatrın yaradıcı heyəti bu günlərdə respublikamızın  bölgələrinə qastrol səfəri edəcək. Səfər Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Azərbaycan teatrı 2009-2019-cu illərdə” və "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”, eləcə də 2016-cı ilin "Multikulturalizm ili” elan olunması çərçivəsində baş tutacaq.
V.Siqarevin "Şeytan ailəsi” əsəri əsasında hazırlanmış "Ağ ölüm” tamaşası Azərbaycanın cənub bölgəsində - Şirvan, Neftçala, Biləsuvar, Lənkəran, Lerik və Astara rayonlarında yaşayan əhalinin asudə vaxtının səmərəli keçirilməsi, gənclərin və məktəblilərin mənəvi-estetik tərbiyəsinin formalaşdırılması məqsədilə nümayiş etdiriləcək. 
Məlumat üçün bildirək ki, hər il ənənəvi olaraq keçirilən qastrol səfəri bu il iyun ayının 27-dən iyul ayının 1-dək həyata keçiriləcək. Dövlət Gənc Tamaşaçılar Teatrı özünün bu ilki – 88-ci teatr mövsümünə iyul ayının 1-də Astara rayonunda yekun vuracaq. 

Bakı Uşaq Teatrının mətbuat katibi Leyla Həşimova mövsümü 14 iyul saat 12-də müvəqqəti yerləşdikləri Suraxanı rayonu Qaraçuxur qəsəbəsindəki Qurban Abbasov adına mədəniyyət sarayında "Dovşanın evi” tamaşası ilə bağlayacaqlarını bildirdi. Tamaşanın müəllifi Arzu Soltan, rejissoru isə İntiqam Soltandır. 
Tamaşanın premyerası ilə mövsümün bağlanışı olacaq. Tamaşada teatrın yaradıcı kollektivindən Rafael Muradxanlı, Türkan Şahmarlı, Cavanşir Məhərrəmov, Rauf Hüseynli, Şahin Kazımov, Niyaz Qasımov, Günay Pirizadə və Ceyran Baxışova rol alacaq.

Heydər Əliyev Sarayının mətbuat katibi Anar Fərəczadə mövsümlə bağlı danışarkən qeyd etdi ki, 22-24 iyun tarixlərində "Həmişə gənc” şüarı altında "Youth Vision” beynəlxalq mahnı müsabiqəsi keçiriləcək. 30 iyunda isə "Azərbaycan doğma diyar” devizi altında Azərbaycanda yaşayan milli azlıqların V Respublika İncəsənət Festivalı çərçivəsində qala-konsert proqramı nəzərdə tutulub. 
Anar Fərəczadə geridə qoyduğumuz mövsümün onlar üçün nə qədər uğurlu olduğundan danışdı, yeni mövsüm üçün maraqlı konsertlər və dövlət tədbirlərinin olacağından bizi xəbərdar etdi. Bildirdi ki, yeni mövsümdə sarayda Ələkbər Tağıyevin musiqili dünyası, tanınmış ifaçımız Nuri Sərinləndiricinin konsert proqramları həyata keçiriləcək. A.Fərəczadə yeni mövsümdə uşaqları da unutmadıqlarını bildirdi: "Oktyabrın 15-də Heydər Əliyev Sarayında Ankara teatrının təqdimatında, Bakıda ilk dəfə Keloğlan Masalları müzikli təqdim olunacaq. Keloğlan Masalları kəndində illərcə Alma Şəkəri Festivalı keçirilir. Kara vəzirə görə bu festival uzun müddətdir keçirilmir. Bunu öyrənən Keloğlan və dostları, Kara vəzir və mühafizəçilərinə baxmayaraq Alma Şəkəri Festivalını reallaşdıra biləcəklərmi? Bu suala cavab tapmaq istəyən uşaqları interaktiv müzikl-tamaşaya dəvət edirik. Yalnız bir gün və iki seans olacaq müzikl, mahnıları, rəqsləri, qəhrəmanları, həyəcanverici mövzusu ilə uşaqlara və həmçinin böyüklərə möhtəşəm əyləncə vəd edir. Bunlardan əlavə, bir sıra tədbirlərimiz var ki, onların da danışıqları gedir. Yaxın zaman ərzində bu barədə mətbuat nümayəndələrinə məlumat verəcəyik”. 
Qeyd edək ki, iyulun 1-dən sentyabrın 1-nə qədər Heydər Əliyev Sarayının kollektivi məzuniyyətə çıxacaq.

Nizami Kino Mərkəzinin mətbuat katibi Arzu Əhədovanın sözlərinə görə, bir çoxları üçün mövsüm sona çatsa da, onlar işləyəcəklər: "Yayın qızmar çağlarında belə, bizim hər həftə yeni filmlərimiz olacaq. Ancaq qala gecələrə, təqdimatlara fasilə verəcəyik. Bildiyiniz kimi, avqustun 2-si kino günüdür. Həmin gün böyük bir tədbirimiz gözlənilir. Məlumat üçün bildirim ki, yeni mövsümdən, yəni sentyabrdan etibarən böyük proqramımız var”. 

Xəyalə Rəis


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0047
GEL 1 Gürcü larisi 0.7072
GBP 1 İngilis funt sterlinqi 2.2065
TRY 1 Türk lirəsi 0.4824
KWD 1 Küveyt dinarı 5.6202
SEK 1 İsveç kronu 0.2069
EUR 1 Avro 1.9783
CHF 1 İsveçrə frankı 1.7884
USD 1 ABŞ dolları 1.7012