Yaxşı təhsil almaq üçün 3 məktəb dəyişib - Məktəb illəri
Məktəb illəri ömrün ən qayğısız və mənalı dövrü
adlandırılır. Həmin illərdən hər kəsin o qədər xatirələr olur ki, danışmaqla
bitməz. Lakin həmin illəri ümumiləşdirəndə, o xatirələr içərisində daha
yaddaqalanları da olur. Bu dəfə iqtisadçı alim Vüqar Bayramovun "Məktəb
illəri”nə səyahət etdik.
Vüqar bəy
deyir ki, oxuduğu məktəblərin təhsili onu qane etmədiyi üçün 3 məktəb dəyişməli
olub: "İlk olaraq Füzuli rayonun ucqar kənd məktəbində təhsil həyatıma
başladım. İbtidai sinfi burada başa vurduqdan sonra növbəti sinifləri şəhər
məktəbində oxumaq qərarına gəldim. Çünki məktəbin verdiyi biliyin səviyyəsi
məni qane etmirdi. 6-cı sinifdən Füzuli rayon şəhər məktəbində təhsilimi davam
etdirdim. Əslində, ora gedib-gəlmək çox çətin idi. Hər gün sinif yoldaşımın
atası işə gedəndə onunla birlikdə gedirdik. Dərs bitdikdən sonra isə özümüz
avtobusla gəlirdik. Bir müddət sonra hiss etdim ki, bu məktəb də təhsil
baxımından məni qane etmir. Bu səbəbdən də, qərara gəldim ki, Bakıdakı
məktəblərdən birində oxuyum. Beləliklə, fizika riyaziyyat təmayüllü internat
məktəbinə qəbul oldum. Bunun üstünlüyü onda idi ki, yataqxanası vardı. Bizim
Bakıda evimiz olmadığından, mən yatmaq və yeməklə internat tərəfindən təchiz
olunurdum”.
Müsahibimiz
deyir ki, dəcəl uşaq olmayıb: "Valideynlərimin müəllim olması istər-istəməz
mənim hərəkətlərimə öz təsirini göstərirdi. Əksinə, dərslərini yaxşı oxuyan
şagird idim. Xüsusilə, riyaziyyatı sevirdim. Hətta bir dəfə qışda bərk
xəstələnməyimə baxmayaraq, o vəziyyətdə dərsə getmişdim. Üz-gözüm şişmiş,
burnum tutulmuşdu. Bunu görən riyaziyyat müəllimim dedi ki, sən riyaziyyatı
canından da çox sevirsən. Mən də elə
sırf o dərs üçün məktəbə getmişdim”.
Günel Azadə