“Yaxşı oxuyan qız həkim, oğlan isə hüquqşünas olmalıdır” dövrü bitdi” - Uğur hekayəsi
İşin uğurlu hədəflərə aparılmayacağı təqdirdə eyni
vəzifədə 4 ildən artıq çalışmağın tərəfdarı
deyil. Ona görə, gənclər dinamik olmalı, fərqli sektorlarda işləsələr belə,
enerjilərini öz sahələrində ixtisaslaşmağa istifadə etməlidirlər. Karyerasında
"su quyuda çox qaldığı zaman iylənər” prinsipə ilə hərəkət edir. Düşünür ki,
eyni işə və vəzifəyə yeni nəfəs gətirmədən illərini verməkdənsə, müxtəlif sahələrdə
işləyib özünü yetişdirmək daha yaxşıdır.Müsahibimiz "Azərsu”
Açıq Səhmdar Cəmiyyətində Təlim və İnnovasiyalar mərkəzinin rəisi İlkin Məcidovdur.
Sumqayıt şəhər 38 saylı orta məktəbi bitirdikdən
sonra Qafqaz Universitetinin Şərq ölkələri üzrə regionşünaslıq və filologiya
fakültəsində təhsil alıb. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində
dünya iqtisadiyyatı fakültəsi üzrə təhsilini davam etdirib. Litva, Latviya,
Gürcüstan və Portuqaliyada təcrübə keçdikdən sonra vətənə qayıdıb. Turizm
meneceri, Biznes idarəsində icraçı
direktor, logistika üzrə məsul şəxs,
Qafqaz Universitetində Karyera planlaşdırma şöbəsinin, Təcrübə şöbəsinin
müdiri, daha sonra isə Gənclər və İdman Nazirliyinin Binəqədi Gənclər evinin təlim
rəhbəri kimi çalışıb. Müsahibimiz həm də təlimçidir.
- İlkin bəy, iki fərqli ixtisas üzrə təhsil
almısınız. Bu hansı zərurətdən yarandı?
- Birinci ixtisası valideynlərimin istəyi ilə
seçmişdim. 17 yaşımda mənim istəklərim bir çox yaşıdlarım kimi valideynlərim tərəfindən
nəzərə alınmırdı. Təhsil alacağım sahəni də fikrimi soruşmadan seçmişdilər.
Regionşünaslıq sahəsində özümü görə bilmədiyimə görə, ixtisasımı dəyişdim. Təhsil
aldığım müddətdə öz sevdiyim, iqtisadiyyat sahəsində çalışırdım və qərarı gəldim
ki, mütləq sevdiyim işin təhsilini almalıyam.
- İstədiyiniz
sahədə çalışır və uğur qazanırdınız. Nə üçün həmin sahənin təhsilini almaq istədiniz?
Üstəlik xaricdə də təhsilinizi davam etdirdiniz. Təhsilin karyerada önəmi nədir?
- Təhsil bir okeanda hərəkət edən gəminin
motorudur. Motor olmasa, gəmini əl ilə hərəkət etdirməlisiniz ki, bu da çox əziyyətlidir.
Hələ o okeanda fırtına olarsa mümkünsüzdür. Xaricdə təhsil isə həmin gəminin
motoruna daha da güc verən əsas tərəflərdəndir. Xaricdə oxumaq karyerada yeni nəfəs,
ab-hava, dünyagörüşü və vizyondur.
- İlk dəfə sərbəst
şəkildə öz pulunuzu qazanmağa nə vaxtdan başlamısınız?
- İkinci kursda. 18 yaşımda artıq karyera pillələrində
irəliləməyə başlamışdım. İlk dəfə turizm sektorunda işə başladım. Sonra
tikinti, daha sonra isə təhsil sektorunda işimi davam etdirdim. 4-5 il öncə Azərbaycana
ərəb az gəlirdi. Mən də ərəb dilini yaxşı bilirdim. Turizm sahəsində təklif gəldi
ki, ölkəyə ərəblər gəlir və bununla bağlı işçi lazımdır. Orada çalışmağa
başladım. Daha sonra rəhbərlik işimi dəyərləndirib turizm sektorunda bir şöbənin
rəhbəri təyin etdi. Su quyuda çox qaldığı zaman iylənir. Mən də bir vəzifədə çox
qalmaqdansa, daha çox inkişaf etməyi hədəflədiyim üçün bu sektordan ayrıldım və
tikinti sektoruna keçdim. Tikinti şirkətində xarici əlaqələr və logistika işinə
baxırdım. Orada da müəyyən müddət çalışandan sonra hərbi xidmət vaxtı gəldi.
Qayıtdıqdan sonra isə təhsil sektorunda işlədim.
- 3 fərqli
sektor... və 3 –də də ən yüksək posta
çatdıqdan sonra tərk edib gedirsiniz. İşlədiyiniz sahədə istədiyiniz məqama
çatdıqdan sonra getmək çətin deyil?
- 3 fərqli sektor olsa da, sahəm eyni idi. İş
baxımından heç bir çətinliyi yox idi. Çünki qarşıma bir hədəf qoymuşdum ki, 30
yaşıma qədər filan yerlərdə olmağı planlaşdırıram. Biz qarşımıza hədəf qoyub
addımlarımızı da ona uyğun planlayıb atmalıyıq. Yüksək vəzifələrə getmək üçün
mütləq əziyyət çəkmək lazımdır. İstədiyim məqama çatdıqdan sonra iş yerini tərk
etməyimin səbəbi isə, hər bir sahədə yeni nəfəsin olmasının tərəfdarı
olmağımdır 4 il bir şirkət daxilində eyni işdə çalışan şəxs bir müddət sonra
eyni planla hərəkət edir və eyniliklər də məni yorur. Nə qədər ki, gəncik, bir
yerdə dayanmamalıyıq. İnsanların bəzilərində
belə bir şüur formalaşıb ki, əgər qazancın varsa, vəzifən yaxşıdırsa, işlədiyin
yerdə qalmalısan. Amma gənc yaşda karyerada nə maddiyat, nə də vəzifə o qədər də
önəmli olmamalıdır. Çoxlarının arzusu olan yerdə işləyə bilərsən, amma həmin
arzunu yaşayan adam orada bezib başqa yerə gedə bilər. Bu, normal haldır.
- İlkin bəy,
karyera haradan başlayır?
- Karyera nə universitetlərdən, nə də məktəbdən
başlayır. Əvvəlcə ailədə təməli qoyulur, daha sonra bağça, məktəb, universitetlə
davam edir. Bu səbəbdən valideynlər karyera seçimində övladlarına açıq meydan
verməlidirlər. Valideynin sevdiyi sahəni uşaq sevmirsə, uğurlu karyera qura
bilməz. İstiqamət verə bilərlər, amma seçim haqqını övladlarına verməlidirlər.
Gənclər karyera seçimində "palaza bürün, el ilə sürün” prinsipi ilə hərəkət etməsinlər.
4-5 ildən sonrakı bazarı düşünüb seçim etməlidirlər. İndi tələbə adına layiq
görülən biri mövcud bazara görə yox, 4-5 il sonrakı bazara görə, özünü
yetişdirməlidir. Hazırda turizm və qeyri-neft sektoru inkişaf edir. "Qız yaxşı
oxuyursa, həkim, oğlan isə hüquqşünas olmalıdır” dövrü bitdi. Artıq ölkənin
qoyduğu siyasət qeyri-neft sektorunun
inkişafıdır. Elə peşə seçmək lazımdır ki, 5 il sonra ona tələbat olsun.
- Sizcə, gənclər nə vaxtdan özlərini inkişaf
etdirməlidir?
- Memar Sinan 50 yaşında qərar verib ki, memar
olacaq. Amma bu, o demək deyil hamımız 50 yaşımızı gözləməliyik. Karyera qurmaq
üçün ən yaxşı məkan, şərait və vaxt universitetlərdir. Əgər bir tələbə universitet
vaxtı üzərinə düşən vəzifəni lazımınca etsə, karyerasında yetişə biləcək. Müəllimlər
bir yerə kimi dərs verə bilərlər, sonrası tələbənin özündən asılıdır. Tələbə müəllimin
dediyi tapşırıqlara kifayətlənməməli, araşdırmalar etməlidir.
- İş həyatında
uğurun formulu nədir?
- Hədəf və zəhmət. Hədəfimiz olmasa, yerimizdə
sayacağıq. Birinci hədəf qoymalı, daha sonra o hədəfə çatmaq üçün zəhmət çəkməliyik.
Bütün işin başlanğıcı və nəticəsi zəhmətə bağlıdır. Əlavə formullar isə risk
etmək və məsləhət almaqdır. Əksər uğurların başında risk dayanır. Risk də
ağıllı risk olmalıdır. Uğurlu gənc dinamik, enerjili, qətiyyətli, əziyyətdən
qorxmayan, riskləri sevən və yenilikçidir. Bir işə başlayarkən, müəllimlərlə
mütləq məsləhətləşmək lazımdır. Hər bir gəncə məsləhət görərdim ki, valideynlərlə
bərabər müəllimləriylə də məsləhətləşsinlər.
- Əsl rəhbər necə olmalıdır?
- Əsl rəhbər öz işçisinin inkişafını düşünməlidir.
Öz şirkətinin hədəflərini qoymalı və
bütün işçiləri o hədəflərə istiqamətləndirə bilməlidir. İşçinin əlindən tutub,
arxasınca aparmalıdır. Bir sözlə, liderlik qabiliyyəti olmalıdır. Bizim şirkətlərdə
rəhbərlərin bəziləri lider yox, müdirdir.
- İlkin bəy,
liderlə müdirin fərqi nədir?
- Müdir şirkəti əmrlə idarə edir. Lider isə əmr etməsə
də, idarə edə bilir. Lider olan şirkətlərdə işçi olmaq və uğur əldə etmək
asandır. Lider adi insanlarla qeyri-adi işlər görən rəhbərdir.
- Rəhbər kimi
gənclərlə işləmək asandır, yoxsa yaşlılarla?
- Gənclərlə işləmək çox rahatdır. Amma bu, bütün
yaşlılarla işləmək çətindir anlamına gəlmir. Gənclərlə işləmək ona görə
rahatdır ki, özüm də gəncəm, onların nə istədiklərini anlaya bilirəm. Eyni
dövrü yaşayırıq deyə, kimin nə istədiyini öncədən təxmin edə bilirəm.
- Siz həm də
təlimçisiniz və gənclərlə çox işləmisiniz? Azərbaycan gəncliyində görmək istədiyiniz
kriteriyalar nələrdir?
- Azərbaycan gəncliyi çox ağıllıdır. Gənclərimizin
ideyaları, hədəfləri var. Bəyənmədiyim tərəf isə gənclərin beyinlərində olan fikirləri
reallaşdırmağa çalışmaması, tənbəllik etməsidir. Əziyyət çəkməkdən qorxurlar. Hər
bir gəncinin özünün həyat planı olmalıdır. Kiminsə hədəfləri ilə hərəkət etməməlidirlər.
Kiminsə xəyalını deyil, öz xəyallarını yaşamalıdırlar. Gənclərdə görmək istədiyim
tərəflər milli ruhun olmasıdır. Bu, çox
önəmlidir. İnkişaf etmiş ölkələrdən olan Yaponiyada belə, milli ruh qorunub saxlanılır.
-
Uğursuzluqla qarşılaşanda özünüzü necə motiviasiya edirsiniz?
- Zaman hər şeyin dərmanıdır. Əgər ciddi səhv etmişəmsə,
onu beynimdə mənfi nümunə kimi qeyd edib qaralayıram və bir də etmirəm.
- Ailəlisiniz.
Bəzi insanlar düşünür ki, ailə qurmaq karyeranın qarşısını kəsir. Ailənin
uğurlu karyerada rolu nə qədərdir?
- İnsanın həyatında karyera da, ailə də önəmlidir.
Karyera qurduqdan sonra ailə qurmağın tərəfdarıyam. Ancaq ömrü boyu karyera
qurub ailə qurmamağı, ailənin buna mane olacağı fikri ilə razı deyiləm. Mən
karyeramı qurduqdan sonra ailə qurdum. Ailə ən böyük motivasiyadır. Hər gün
qızımın məni işə yola salması və qarşılaması ən böyük stimulumdur. Əgər işə də
gülərək gedib, işdən də gülərək gəlirsənsə, bu, xoşbəxtliyin özüdür. Xoşbəxtlik
və stimul isə sənə ancaq uğur gətirər.
- Gördüyün işə
inan və onu sev. İnsanlar sevsə də, sevməsə də...
- Əgər bir şeyə inanırsansa, ona görə addım atmağa
dəyər. Atdığın addım səni xoşbəxt edir və xeyrə aparırsa, qıraqdan sənə gülsələr
də, o gülüşü normal qəbul et. Ən böyük zövq "sən bacarmazsan” deyən insanlara
bacardıqdan sonra gülüb keçməkdir. Bizdə "el-aləm” deyə bir təşkilat var ki, bütün
təşkilatlardan daha təhlükəlidir (gülür: A.Ə). "El aləm nə deyər” deyərək hərəkət
edirsənsə, bu, zəiflikdir. İnsanlar sevsə də, sevməsə də, gülsə də, gülməsə də
inandığın və sevdiyin işin ardınca getməlisən.
Aygün ƏZİZ