Yaşlı kişi, gənc məşuqə və döyülən arvad
Bizdə beləsinə "qoca qaz”
deyirlər. İllər keçib o hadisədən. Təxminən gecə saat 12 radələri idi. Kişi zərbələri
qışqırtı səslərinə qarışmışdı. El dilində desək, ağız deyəni qulaq eşitmirdi.
Saniyələr keçdikcə zərbələr daha da sürətlənir, qışqırtı səsləri isə ətrafı
bürüyürdü. Zərbələr bizim "qoca qaz”dan gəlirdi. Yerimdən qalxıb məsələnin nə
olduğunu aydınlaşdırmaq istəyirdim. Qonşunun divarına yaxınlaşıb yenicə dinləməyə
başlamışdım ki, anidən qapı açıldı. Zibilə qalsın, heç qapının açılmaq vaxtı
idi? Əslində çox qorxmuşdum. Açılan qapı isə qonşumuzun qapısı idi. Səslərini
tam aydın şəkildə eşidə bilirdim. Münaqişənin yaranma səbəbi isə "day-day”ın
telefonuna gənc məşuqəsindən gələn sevgi mesajları imiş.
Əllərin qurusun, ay "qoca
qaz”! Qapı boş yerə açılmayıbmış. Arvadının saçından bərk-bərk tutmuşdu. Gözlərimin
önündə onu sürüyürdü. Gecə vaxtı arvadını küçəyə atıb evinə qayıtdı. Görüm səni "gedər-gəlməz”ə gedəsən, a gorbagor olmuş!
Adam ailəsini sürüyərmi?! Gecə vaxtı küçəyə atarmı?!
Alt mərtəbədə tək yaşayan
67 yaşlı Səkinə nənə var idi. Səkinə nənə o günahsız qadının imdadına
yetişdi.Ay urvatsız, bəlkə heç Səkinə nənə olmayaydı?! Heç düşünmədinmi,
qadınının başına nələr gələ bilər?
Həmin o hadisələr baş verən
zaman çox balaca idim. Anlamırdım heç nəyi. Eşitdiklərimi, gördüklərimi bir dəftərə
yazıb saxlayardım həmişə. Amma bu hadisələr dəftərimə yox, yaddaşıma yazıldı, qardaş!
Mürəkkəbli qələmlə yazılıb elə bil. Silinmir ki, silinmir... Dünən gecə saat üç
tamam idi. Qışqırtı səslərinə oyandım yuxudan. Bu səslər çox tanış idi, vallah!
Yenə qadın qışqırtısı, yenə "kişi zərbələri”...
Nəyə lazım axı? Kimə
lazım? İnsan kimi yaşayın e! Ailədəki pərdəni cırıb tökməyin, qurban olum. Ailə
dəyişilməyəcək bir varlıqdır. Öhdəsindən gələ bilməyəcəksinizsə, qurmayın ailənizi.
Kiminsə balasını bədbəxt etməyin! Övladlarınızın gələcəyini puç etməyin.
Övladlarınızın gözünə hər zaman başı aşağı yox, başı dik baxmağa çalışın. Xahiş
edirəm sizdən, puç etməyin ailənizi... Axı siz kişisiniz!
Şahin
Sərdarlı