AZE | RUS | ENG |

Yaşlı aktyorlarsız teatr

Yaşlı aktyorlarsız teatr
Və ya yalnız gənclər üzərində qurulan məbəd bizə lazımdırmı?


“Onlara teatrda ehtiyac varmı?” sualına cavab axtarılan Rusiyanın “Teatral” jurnalında yaşlı aktyorlarla bağlı aparılan müzakirələrdə sənətsevərlər: “Dramaturgiya gənclərə çox güvənir, amma hər bir teatrda yaşlı aktyorlar lazımdır” - deyə cavab veriblər. Ən çox eşidilən isə: “Yaşlı aktyorlarsız teatr öz ənənəsini itirəcək”- fikri olub. Məsələn, aktyor Yuri Solominin fikrləri birmənalı səslənib: “Yaşlı aktyorlar evdəki Ata və Ana, Baba və Nənə kimi lazımdır. Onlar ona görə lazımdır ki, gələcək nəsli tərbiyə edirlər. Eyni sözləri yaşlı və gənc aktyorlar haqqında da demək olar”. Elə ötən il dünyasını dəyişən Taqanka Teatrının yaradıcısı və bədii rəhbəri Yuri Lyubimovun timsalında da bunu təsdiqləmək olar. Ömrünün 80 ilini teatra həsr edən rus teatrının patriarxı 97 yaşında dünyasını dəyişdi. Heç kəs də onun haqqında demədi ki, düşüncələri modern teatra uyğun gəlmir və ya daha istirahətə ehtiyacı var. Rusiyada incəsənət aləmində yaxşı başa düşürdülər ki, Lyubimov kimi sənət adamları son mənzilə də çalışdıqları ünvandan getməlidirlər.

Teatr və kino aləmində yaşlılara böyük yer verildiyi, hətta sənətin meyarlarının onlar tərəfindən müəyyən edildiyi qonşu ölkədə narahatlıq doğuran sualların həllini, deyəsən, bizim teatrlar öz öhdəsinə götürüb. Həm də deyəsən, ahıl aktyorların xeyrinə yox...
Gerçək mənzərə belədir ki, 65 yaşını adlayan aktyorlar təqaüdə göndərilir və gərəkirsə bəziləri ilə müqavilə bağlanılır. Fəxri adları olanlara isə “hörmət” əlaməti olaraq səhnəni 70 yaşında tərk etməyə qədər güzəşt edilir.

Əlbəttə, təqaüd yaşı hər kəsə şamil edilməlidir. Xüsusən, əgər bunu qanun da tələb edirsə. Amma, əgər bunda istisnalar varsa, onda necə? Məsələn, tutaq ki, AMEA-nın bütün institutlarının əksəriyyətini 65 yaşı çoxdan adlayan alimlər təşkil edirsə, elm mərkəzinin prezidenti də “elmimizdə bir az qocalma gedir, ancaq onlar püxtələşmiş alimlərdir”- deyə bunu etiraf edirsə, ali məktəblərimiz bu yaşını adlayan pedaqoqlarsız keçinə bilmirsə... onda bu güzəştdən aktyorlara niyə pay düşməsin?
Lap elə uzağa getməyək...Əgər bu teatrın səhnəsində Ağasadıq Gəraybəyli 90 yaşında, özü də gözü şikəst halda “Xurşudbanu Natəvan” tamaşasında səhnəyə çıxıbsa, yaxud bu qocaman teatrın bir çox aktyorları elə bu səhnədə qocalıbsa və bu prosesin sənət ocağında nə gənclərin gəlişinə, nə tamaşa hazırlamasına, nə rollar almasına, nə də onların yetişməsinə heç bir maneçiliyi olmayıbsa, onda bu gün nələr baş verir?

Dərnək səviyyəsindən də aşağı?

Köhnə palan içi tökmək fikrindən uzaq olub bir az yaxın keçmişə nəzər salmaqla Akademik Milli Dram Teatrında baş verənləri xatırlayaq. Xüsusən son illər səhnəsində “fərdlərin” əsərlərinə daha çox yer verildiyi və demək olar ki, əvvəlki illərdəki kimi hadisəyə çevrilməyən tamaşaların oynandığı teatrın adı daha çox bu tip qalmaqallarda hallanır. Aktyor və rejissorlarla müqavilə məsələsi ətrafındakı söz-söhbətlərin səngiməsindən çox keçməmiş “yaş” məsələsi meydana çıxdı. Hərçənd bəzi aktyorların gündəmə səs salan açıqlamalarından sonra teatr rəhbərliyi onlara yenidən “şans” verib yenidən müqavilələr bağladı. Etiraf edək ki, “şans” qazanan aktyorlar arasında teatra yararlı, tamaşaçıların sevimlisi olan istedadlı aktyorlar da vardı. Ancaq sonrakı illərdə yarpaq tökümü bir qədər səssiz davam etdi.

Qeyd edim ki, “Azdrama”nın səhnəsini tamaşaçı alqışı ilə titrədən aktyorların çoxu həyatdan köçüb. Hələ Azərbaycan teatrının adını tarixə yazan köhnə pleyadadan əsər-əlamət də yoxdur. Günümüzün bəzi, hələ teatra töhfələrini verməyə qadir olan aktyorları, sadəcə, içərisində olduqları mənzərə ilə barışmayaraq öz ərizələri ilə teatra vida deyiblər. Məsələn, ölkənin tanınmış kino və teatr aktrisası Zərnigar Ağakişiyeva, Məcnun Hacıbəyov. Kubra Əliyeva... kimi hələ səhnəyə yararlı aktyorlar teatrdan uzaqlaş(dırıl)ıblar. Hərçənd Zərnigar xanım gedişini özünün şəkər xəstəliyi ilə əlaqələndirsə də, 40 il səhnədə külüng döyən aktrisanın hələ bundan sonra da sanballı rollar oynaya biləcəyinə ümidlər çox idi. Eləcə də dünənə qədər evsizlik üzündən teatrda yaşayan Məcnun Hacıbəyov kimi istedadlı, tamaşaçıların üz-gözünün öyrəşdiyi aktyor probleminin həll olunmaması üzündən köçünü çəkərək doğma rayonuna – Qubaya qayıdıb. Yaxşıları qiymətləndirməyə alışmadığımızdan teatrın rəhbərliyi onu saxlamağa heç cəhd də göstərməyib... Nəticədə isə tamaşaçılar gözəl bir aktyor oyunundan məhrum olub, səhnə istedadlı bir aktyoru itirib.

Yeni ildən bir neçə gün öncə isə Akademik Milli Dram Teatrında ilin yekunlarına həsr olunan iclasda aktyorlarla direktor İsrafil İsrafilov arasında qalmaqal yaşanması barədə xəbərlər gündəmə gəldi. Belə ki, aktyorların bəziləri yaradıcı heyətlə iş prinsipinin direktor tərəfindən düzgün qurulmadığını, onlara qarşı hörmətsizlik edildiyini bildiriblər.

2015-ci ildə teatrda ciddi dəyişikliklər, aktyorlara diqqət arzusu ilə yaşayan kollektivin əksər üzvü ümumiyyətlə, nizam-intizamdan narazılıq edir. Məsələn, Xalq artisti İlham Əsgərov bildirib ki, ən böyük bəla dərnək səviyyəsində olan aktyorların teatrda tamaşa hazırlamasıdır. “Elə adamlar gətirib ki, nə rejissorluqdan xəbəri var, nə də başqa şeydən. Öz aktyorlarımızı qoyub başqa yerdən aktyor gətirir. Tamaşalarımızı da görürsünüz, hansı səviyyədədir? Akademik Milli Dram Teatrının tamaşalarının əksəriyyəti çox zəifdir. Dərdimiz böyükdür. Hər ildə 4-6 tamaşa hazırlayardıq. Bu gün teatrda tamaşa hazırlayan rejissorları heç kim tanımır. Dərnək səviyyəsindən də aşağı rejissor tamaşa qurur. Belə olmaz axı?”- deyə o, teatr rəhbərinin ünvanına səslənib.
Hərçənd teatrda islahatlar adı ilə işlər görülsə də, bu, sənət ocağında son illərdə hansısa möhtəşəm tamaşanın səhnəyə çıxdığına və ya teatrın öz ətrafında yalnız istedadlıları cəmləşdirdiyinə heç bir əsas vermir. Çünki nə belə əsərlər var, nə də ona can verəcək heyət.

Növbə Valehə çatdı

Bir ara Gənc Tamaşaçılar Teatrında da oxşar problemlər yaşandı. Belə ki, teatrın bir qrup yaşlı və gənc aktyoru redaksiyamıza üz tutaraq sənət ocağındakı hərc-mərclikdən şikayətləndi. Sonradan narazılıqlar hansı qaydadasa aradan qaldırıldı. Yəni ürəklərdən silinməsə də, üzdə müəyyən münasibətlərə sığal çəkdi. Vulkan püskürməməsi üçün teatrın hansısa yaşlı bir aktyorunu danışdırmamaq məsləhətdir.

İndi də növbə Sumqayıt Teatrına çatdı. Bir müddət öncə hamının “Bəxt üzüyü” filmindən yaxşı tanıdığı Xalq artisti Valeh Kərimovla yaşananlar diqqət mərkəzinə gəldi. Mövcud aktyor potensialımız içərisində az-çox üzə çıxarmalı olan aktyorlardan olan Valeh Kərimovun teatrdan çıxarılması yaşla bağlı olsa da, aktyorun narazılığında yer alan həqiqətlərə arxa çevirmək olmaz. Teatrın rəhbərliyi aktyora müqavilə təklif olunduğunu bildirsə də, aktyor bunu təkzib edib. Valeh Kərimov teatr rəhbərliyinin qərarından narazılığını ifadə edib və ona müqavilə ilə işləmək təklif olunmadığını söyləyib: “Yaşıma görə çıxarılacağımı düşünürdüm. Ancaq müqavilə əsasında işləyəcəyimi zənn edirdim. Onu da etmədilər. Mən teatrdan 210 manat maaş alırdım. Bu pul mənim yolpulum etmirdi. O məbləği mən Bakı teatrlarında 1-2 rol oynamaqla qazanıram. Sumqayıt teatrı mənə doğma idi. İnanmırdım ki, mənimlə belə qurtara, sağollaşa bilərlər. Bu, mənə çox ağır gəldi. Mən o gündən özümə gələ bilmirəm”.

Əslində bu, təqaüd yaşına çatan aktyorların əksəriyyətinin taleyidir. Valeh Kərimov bu mənada ümumiləşdirilmiş obrazdır. Özünü teatra həsr edən, nəfəsi sənətlə yoğrulan, teatrı ikinci evi sayan, amma sonunda güzəşt olunmadan qapısı göstərilən teatr aktyorlarının ümumiləşdirilmiş obrazı.

Aktyorlar başqa peşə sahiblərindən bir qədər fərqlənirlər - bunu təkcə mən demirəm. Əgər canlarında su varsa, səhnədə oynamaq iqtidarındadırlarsa, onların istedadlarından yararlanmaq lazımdır. Bizə kinoda yaşlı aktyor obrazları hava və su kimi lazım olduğu qədər, teatrda da qocaman aktyorlara çox ehtiyac var. Daha dəqiq desəm, teatr onlarsız qərar tuta bilməz. Teatrı səhər məşqlərə gəlib, axşam tamaşasındakı rolunu dublyorla əvəzləyib tamadalıq üçün toylara və ya tədbirlərə qaçan bəzi gənc aktyorların teatrına da çevirmək olmaz. Ən azı yaşlı aktyorların işə yanaşmalarının arxasında həmişə məsuliyyət və intizamları durur. Balıq susuz yaşamadığı kimi onlar da səhnəsiz yaşaya bilmirlər. Bunu isə həmişə deyirlər.

Qəribədir ki, bu gün “teatr fədakarlıq tələb edir” - deyib Xalq artisti Ağasadıq Gəraybəylinin 90 yaşında, həm də gözü şikəst halda səhnəyə çıxdığını müsahibələrində misal gətirən, gənc aktyorlara örnək kimi göstərən insanların özləri yaşlılara sayğısızlıq göstərirlər. Əgər böyük aktyorun “Xurşudbanu Natəvan”da səhnəyə çıxmasını sənət yanğısı adlandırırlarsa, onda bu yanğını içində gəzdirən onlarla digər aktyorlara niyə həmin meydan verilməsin? Məgər teatrlarda yaxşı tamaşanın yoxluğunun günahı yaşlı aktyorlardır? Bəyəm kassaların qabağında olmayan növbələrin səbəbkarı aktyorların yaş senzi ilə bağlıdır? Məgər zalın korporativ bilet satışı ilə doldurulmasına görə qocaman aktyorlar cavabdehlik daşıyır? Axı insanların dilində az-çox “teatr” kəlməsi qalıbsa, buna görə məhz onlara minnətdar olmaq lazımdır – yaşlı aktyorlara.

Aktyorlar xüsusi diqqət istəyir. Bu diqqətə həssaslıq hissini də qatsaq, əlbəttə, daha gözəl olar. Əgər bu gün “teatr məbəddir” deyiriksə, məbədə yolumuzu məhz onlara görə salırıq. O aktyorlardan zövq almaqdan ötrü.

Bir də nəsillərlə davam edən “atalar-oğullar” problemini təcrübəli, ömrünü sənətə həsr edən insanların üzərindən xətt çəkməklə həll etmək olmaz. Təbii prosesi elə zamanın öz axarına buraxmaq daha yaxşı olmazmı?

Təranə Məhərrəmova

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8825
GEL 1 1 Gürcüstan larisi 0.5737
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1197
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1768
CHF 1 1 İsveçrə frankı 1.72
KWD 1 1 Küveyt dinarı 5.5941
TRY 1 1 Türkiyə lirəsi 0.2964