• şənbə, 20 Aprel, 03:26
  • Baku Bakı 15°C

YAŞASIN TEATR!

16.05.16 11:27 3202
YAŞASIN TEATR!

Sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə ilk olaraq qəzetin rəhbərliyinə təşəkkür etdi: ""Teatr” əlavəsinin yaranması teatr tarixində çox böyük bir iz qoydu. Belə ki, "Teatr” əlavəsi bizim istedadlı gənc teatrşünaslarımıza tribuna verdi. Onlar da özlərini realizə etdilər. Onlar da yaza-yaza bu gün çox püxtələşdilər. Onların içərisində əminliklə Elçin Cəfərov, Könül Əliyeva, Aygün Süleymanova, Xəyalə Rəisin adlarını çəkə bilərəm. Sevindirici haldır ki, bu gün o imzaların sayı artmaqdadır. "Kaspi” qəzetinin "Teatr” əlavəsi onların imzalarını tanıtdırdı. Bu gün hazırda onlar öz imzaları üzərində məsuliyyətlə işləyirlər. Bu münasibətlə qəzetin rəhbərliyinə və Vidadi Qafarova minnətdarlığımı bildirirəm. Biz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində gənc teatrşünaslar yetişdirdik. Ancaq praktikada yetişmək üçün onlara məhz "Kaspi” qəzeti imkan yaratdı. Teatrşünasların müəllimləri kimi bizə bu şəraitləri yaratdıqlarına görə bütün kollektivinizə minnətdarlığımı bildirirəm. Teatr əlavəsinə bundan sonra da bol-bol uğurlar arzulayıram”.

Sənətşünaslıq elmləri doktoru,professor İsrafil İsrafilov isə 5 illik fəaliyyətimizə işıq saldı: "Hazırda Azərbaycanda teatr prosesinin çox maraqlı bir mərhələsidir. İndiki halda onu işıqlandırmaq, onun inkişafını, itkilərini qeyd etmək, bütövlükdə çağdaş teatr mənzərəsini ifadə etmək əlbəttə çox çətin və eyni zamanda çox məsuliyyətlidir. Xoşbəxtlikdən «Kaspi» qəzetinin əməkdaşları bu yükü çox böyük şərəflə və uğurla çəkə bilirlər. Elə proseslər var ki, onlara qiymət vermək bir qədər çətindir. Bəlkə də çox sadəlövh ifadələrlə onlara dəyər vermək olar. Ancaq zaman keçdikcə hər kəsə, xüsusilə də Azərbaycan teatrşünaslıq elminə, teatr elminə bəlli olacaq ki, nə zamansa bu işi çox böyük uğur və ləyaqətlə yerinə yetirənlər olmuşdur, yəni "Teatr” əlavəsinin bu gün Azərbaycan teatr prosesinə verdikləri töhfə ifadə edilə bilməyəcək qədər böyükdür. Bu beş ilin sürətlə keçməsini hiss etmədim. Mənə elə gəlir ki, bu, dünən başladı. Geriyə baxanda görürəm ki, bu beş ildə siz nələr etmisiniz. Bu işi çox şərəfli hesab edirəm. "Teatr” əlavəsi qədər teatrda baş verən hadisələri açıq-aydın göstərən ikinci bir mətbu orqan tanımıram. Əslində bütün ciddi qəzet və saytlarda teatrın bu və ya digər problemləri işıqlandırılır. Ancaq bu şəkildə ardıcıl və peşəkar şəkildə görülən iş çox böyükdür. Beş il müddətində ümidləri və uğurları yanaşı qoyuruq. Nəyə ümid edirdik və nəyə nail olmuşuq. Bunları müqayisə edəndə ümidlər doğrulub, uğurlar isə böyükdür. Beş il müddətində görülən işləri yüksək qiymətləndirirəm. Bu işi görən insanlara minnətdarlığımı bildirirəm”.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, "Teatr” əıavəsinin redaktoru Vidadi Qafarov: Hər şey sevgidən başlayır, hər şey inamdan başlayır. Sevgi və inam olanda bütün istəklər həyata keçir. Biz də belə başladıq.., teatra sevgi ilə, niyyətimizin müqəddəsliyinə və gəncliyin qüvvəsinə inamla... Və bu gün artıq "Teatr” əlavəsinin 5 yaşı tamam olur. Mən bu işdə bizə hər zaman dəstək olan görkəmli teatr xadimləri Məryəm Əlizadəyə, İsrafil İsrafilova, Aydın Talıbzadəyə, hər zaman mənimlə addımlayan gənc teatrşünaslar Elçin Cəfərova, Aygün Süleymanovaya, Könül Əliyeva-Cəfərovaya, Vəfa Mühacirovaya, Niyaz Cəfərova, Nigar Pirimovaya və sözsüz ki, "Kaspi” qəzetinin rəhbərliyinə və bütün personalına dərin minnətdarlığımı bildirirəm. Sağ olun ki, varsınız, sağ olun ki, bizimləsiz. Sağ olun ki, TEATRLASINIZ! YAŞASIN TEATR!

ADMİU-nun "Teatrşünaslıq” kafedrasının müəllimi, teatrşünas Elçin Cəfərov"Kaspi”nin "Teatr” əlavəsinin 5 yaşını təbrik edərək, əlavənin yaranma tarixindən bəhs etdi: "5 yaşımız mübarək. İnanıram ki, bundan sonrakı illər də "Teatr” əlavəsinin səhifələrində çox maraqlı, dərin yazılar oxumağa davam edəcəyik. Nə az nə çox düz 5 il bundan əvvəl, Vidadi Qafarov görkəmli teatrşünaslar Məryəm Əlizadənin və İsrafil İsrafilovun dəstəyi ilə gənc teatrşünasları başına toplayıb, "Teatr labaratoriyası” yaratdı. Əsas məqsədi isə teatrşünaslıq elminin inkişafına xidmət etmək və gəncləri teatr sahəsində yazmağa həvəsləndirməkdən ibarət idi. Teatrşünas yetişdirmək yalnız və yalnız teatr prosesinin içində mümkün olur. Bunu nəzərə alaraq ədəbiyyat, incəsənəti, teatr sahəsinə xüsusi qayğı göstərən "Kaspi” qəzeti ilə razılığa gəldi. Hər həftənin şənbə günü bizə 1 səhifə yer ayrıldı. Bu bir səhifədə Azərbaycanda və zaman-zaman dünya teatr prosesində baş verən hadisələri işıqlandırdıq. İlk mərhələlərdə Teatrşünasların laboratoriyasını yaratmaq və xüsusi teatr əlavəsi dərc etmək bir qədər mümkünsüz görünürdü. Hətta döyüşmək kimi anlaşılırdı. Bugünkü dövrümüzdə Azərbaycanda sırf teatr sənəti ilə bağlı heç bir dövrü mətbuat orqanının - qəzetin, jurnalın, saytın olmadığı dövrdə doğurdan da bu əsil döyüşmək kimi bir iş idi. Lakin biz bu döyüşdən usanmadıq, sonuna qədər mübarizə apardıq. Zaman keçdikcə "Kaspi” qəzetində "Teatr” əlavəsi böyüməyə başladı. Nəticədə bu gün hər həftə qəzetin 4 səhifəsi "Teatr” əlavəsinə həsr olunur. Bu 4 səhifədə həm peşəkar teatrşünasların, həm təcrübəli mütəxəssislərin, həm də tələbələrin obyektiv, qərəzsiz yazıları dərc olundu. Sonda isə teatrşünaslar "Kaspi” qəzetində bir ünvan yarada bildilər. Bu gün teatr ictimaiyyətinin böyük bir hissəsi "Kaspi”nin "Teatr” əlavəsini səbirsizliklə gözləyir, alır və oxuyur. Bu böyük bir uğurdur. Təklif edirəm ki, bu 5 il ərzində teatr əlavəsində dərc olunan məqalələrdən ibarət bir kitab nəşr olunsun”.

Teartşünas Aygün Süleymanova özümüzü 5 yaş münasibəti ilə təbrik etdi: "Təkcə susayanlar suyu axtarmaz, su da susuzları axtarar. Necə ki, bizlər gənc, çarəsiz, məkansız və məqamsız teatrşünaslar bu səhifəni axtardıqları kimi. Teatr səhifəsi mənim üçün uğur, məsuliyyət, sevinc və bəzən kədər (məqaləmi qısaldanda), özümün lazımlılığımı duyduğum və fəxr etdiyim məqamların cəm olduğu doğma məkandır və bu məkanı bizə isti edən, başda Vidadi Qafarov olmaqla bütün «Kaspi» redaksiyasının işçilərinə öz adımdan dərin təşəkkürümü bildirirəm. Ömrümüz uzun, yazılarımız tutarlı və qələmimiz kəskin olsun”.

AMEA-nın kiçik elmi işçisi,teatrşünas Könül Əliyeva da təbriklərə qoşuldu: "5 il, türklər demiş, dilə qolay. Amma bu beş ildə biz – "Kaspi”nin teatr ailəsi 15 ilə sığacaq gözəl xatirələr yaşadıq. Zaman oldu bezdik, zaman oldu gərildik, amma ən əsası bir ailə ola bildik. Vidadi müəllimin sayəsində. O, böyük qayğı və sevgi ilə bizi bir arada tutmağı bacardı, yaşda nə qədər kiçik olsaq da, kaprizlərimiz, iddialarımız o qədər böyük oldu ki... Bəzən kaprizlərimizə dözən, bəzən inciyən Vidadi müəllim yazılarımızı redaktə eləyə-eləyə bir də gördük ki, yazmağı öyrənmişik. Məncə, ən böyük təbrik Vidadi müəllimə düşür. Onun ən böyük hədiyyəsi isə bizim redaktəyə, düzəlişə ehtiyacı olmayan, zamanında göndərilmiş yazılarımız ola bilər. Ümid edirəm ki, gözünüz yolda çox qalmayacaq”.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Vəfa Mühacirova: "Kaspi” qəzetinin "Teatr” əlavəsi mənim üçün çox doğmadır. Çünki 5 il bundan öncə bu əlavənin yaranması üçün göstərilən təşebbüsdə bilavasitə ishtirakcı oldum və bu müddət ərzində fəaliyyətində azdan çoxdan iştirak etdim. Burada fəaliyyet göstərən peşəkar və öz sahəsinin biliciləri olan insanların əməyini də ayrica qeyd etməliyəm. Başda Vidadi müellim olmaqla bütün heyyətə bizə yaratdıqlari şəraitə ğörə, eləcə də teatrsevərləri sənətlə bağlı xəbər və informasiyalarla təmin etdiklərinə gore dərin təşəkkürümü bildirirəm. 5 illik uqurlu yollarına neçe-neçe illər əlavə olunmasını arzu edirəm. Yaradiciliq yollari daima acıq olsun!

Teatrşünas Nigar Pirimova da bizimlə külüng çalanlardandır: "Çox sevindirici haldır ki, beş il bundan öncə "Kaspi” qəzetində fəaliyyətə başlayan teatr əlavəsinin bu il beş yaşı olur. Bu münasibətlə kollektivimizi ürəkdən təbrik edirəm. Bu beş ildə bir neçə səhifədə çox sayda maraqlı müsahibələr, resenziyalar, məqalələr çap olundu. Arzum budur ki, teatr əlavəsi sadəcə qəzetin ayrıca bir əlavəsi olaraq bir neçə səhifədə deyil, ayrıca qəzet, yaxud da jurnal kimi çap olunsun. Çünki bu gün teatr aləmində buna böyük ehtiyac var. İlbəil teatra sevgi və maraq artır yeni-yeni teatrşünaslar yetişir. Onlar da bu sahədə çalışaraq gələcəkdə qəzetimizdə yazılar dərc etdirə bilsinlər”.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosentİlham Qazızadə mütəmadi olaraq "Kaspi”nin teatr əlavəsini oxuduğunu və bütün yaradıcı heyətə minnətdarlığını bildirdi: "Həftədə bir gün teatr cameəsində baş verən bütün hadisələr "Teatr” əlavəsində yer alır. Azərbaycanda teatrda baş verən bütün proseslərin hamısını burada izləmək imkanı əldə edirəm. Mənə elə gəlir ki, 4 səhifə çox azdır. Çox istərdim ki, səhifələrinizin sayı 4 deyil, 14 olsun. Sizin qəzet vasitəsi ilə peşəkar resenziyalar, müsahibələrlə tanış oluruq. Sevindirici haldır ki, bu əlavənin saytda xüsusi bir bölməsi də fəaliyyət göstərir”.

Yazıçı, dramaturq Firuz Mustafa mütəmadi olaraq "Teatr” əlavəsində dərc olunan yazıları oxuduğunu və qəzetimizin bu təşəbbüsünü yüksək qiymətləndirdiyini dedi: "Qəzetinizin "Teatr” əlavəsində çox obyektiv yazılar yer alır. Diqqətimi çəkən məqamlardan biri isə məni teatr əlavəsində tənqid etmələri olmuşdu. İndiki dövrdə insanları daha çox tərifləyirlər. Heç kim tənqid yazmır. Acaq "Teatr” əlavəsini oxuduqda özüm haqqında tənqidi məqaləyə rast gəldim. Təbriklə bərabər sizlərə təklifim odur ki, peşəkarlara daha çox müraciət edilsin. Dəyirmi masa arxasında söhbətlər keçirilsin. Təkcə Azərbaycan teatrı ilə qane olmayın, dünya teatrı prosesində baş verən hadisələrdə yaxından tanış olun, onlar haqqında müzakirələrə yer verin. Bundan sonrakı fəaliyyətinizdə yalnız və yalnız uğurlar arzulayıram”.

Xalq artisti Nurəddin Mehdixanlı "Kaspi” qəzetinin 3 əsr yaşı olduğunu və "Teatr” əlavəsinin də qəzetin ən uğurlu layihələrindən biri olduğunu qeyd etdi: "Kaspi Azərbaycan mətbuatında ən çox fəaliyyət göstərən və öz maraqlı yazıları ilə daima aktuallığını qoruyan bir qəzetdir. Qəzetin tarixindən xəbərdarıq. Azərbaycanda baş verən hadisələri bütün sahələri əhatə edən müsahibələr, analitik yazılar, reportajlar, köşələr, tərkibində informasiya ola biləcək xəbərlər yer alır. "Teatr” əlavəsində isə çox xeyirxah işlərlə məşğul olurlar. Bizə, sənət adamlarına çox xoşdur ki, bu qəzetdə bizim xüsusi səhifəmiz var. Mədəniyyətimizə, teatr sənətinə, bu sahədə çalışan insanlara bu, bir hörmət əlamətidir. Sizə öz minnətdarlığımı bildirirəm. Bundan sonra da "Kaspi” qəzeti teatr mədəniyyətinə öz xidmətlərini əsirgəməsin. 5 yaşımız mübarək olsun! Bütün kollektivinizə uğurlar arzulayıram. Allah sizləri qorusun!”

Musiqili Teatrın direktoru, fəlsəfə doktoru, dosent Əliqimət Lalayev qəzetimizin "Teatr” əlavəsini yüksək qiymətləndirdiyini vurğuladı: "5 yox, 50 yaşınızı qeyd edəsiniz. Biz də o zamana nə qədər qoca olsaq da sizin 50 illiyinizdə iştirak edək. Mütəmadi şəkildə teatr əlavənizi oxuyuram və teatrdan bəhs edən bütün bölməni yüksək qiymətləndirirəm. Hər zaman sənət adamlarının yanında olasınız. Çox istərdim ki, orada səhnə arxasında baş verən hadisələri qeyd edəsiniz. Bizim yaradıcı heyətimiz də sizinlə əməkdaşlıq edir və biz bundan çox məmnunuq. Teatr aləmini düzgün, dürüst işıqlandıra bilirsiniz. Bu işdə sizə yalnız və yalnız təşəkkür düşür”.

Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov qeyd etdi ki, "Kaspi” qəzetinin "Teatr” əlavəsi çox yerində yaradılmış bir əlavədir. Qəzetimizi və teatr əlavəmizi mütəmadi şəkildə oxuyan M.Həmidov Gənc Tamaşaçılar Teatrının informasiyalarını və tamaşaları haqqında resenziyaları verdiyimiz üçün kollektivimizə öz minnətdarlığını bildirdi: "Davamlı şəkildə Azərbaycan teatr prosesində baş verən bütün yenilikləri işıqlandırırsınız. Bu çox təqdirəlayiq haldır. Teatrımızın fəaliyyəti daim sizin qəzetin və "Teatr” əlavəsinin nəzərindədir. Biz də bu əlavədə çalışan bütün yaradıcı kollektivə minnətdarlığımızı bildiririk. Belə əlavələrin olması çox vacibdir. Bu gün Azərbaycan teatrı intibah dövrünü yaşayır. Yenilikləri, əlavələri işıqlandırmaq sözün həqiqi mənasında tamaşaçıları teatra cəlb etmək üçün bir vasitədir. Sizin qəzet çox xeyirxah bir missiya ilə məşğuldur. Yaxın günlərdə nəinki "Teatr” əlavəsinin qəzetinizin yubileyinin olacağından da xəbərdarıq. Biz də Gənc Tamaşaçılar Teatrı adından yaradıcı kollektivinizə yeni yaradıcılıq uğurları arzulayır və sizləri bir daha təbrik edirik”.

Sumqayıt Dövlət Teatrının baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmov 5 yaşımız münasibəti ilə bizi belə təbrik etdi: "Tək mənim adımdan deyil, Sumqayıt Teatrı adından bütün kollektivinizə uğurlar arzulayırıq. Teatrın bugünkü vəziyyətində teatrın yanında olduğunuz, ona dəstək çıxdığınız üçün biz sizə minnətdarıq. Bu gün teatrdan yazanlar çox azlıq təşkil edir. "Kaspi” qəzeti teatr mövzusuna çox həssaslıqla yanaşır. Onun bütün incəliklərini, qüsurlarını "Teatr” əlavəsində işıqlandırır. Buna görə də bütün kollektivimiz adından "Teatr” əlavəsinin kollektivinə uğurlar arzulayırıq. Biz daha çox teatr əlavəsinin qəzetini deyil, "Kaspi.az” saytının teatr bölməsində yer alan xəbərləri oxuyuruq və onu sosial şəbəkələrdə də paylaşırıq. İşlərimiz çox olduğundan saytınızdan daha çox istifadə edirik”.

"YUĞ” teatrınındirektoruTərlanRəsulov isə bildirdi ki, teatr əlavəsinin kollektivi çox böyük işlə məşğuldur: "Sizin beş ildə əldə etdiyiniz nailiyyət ən gözəl təriflərə layiqdir. Bu beş ildə siz resenziya, portret, müsahibələr dərc etdiniz, köşə, teatr haqqında ən son məlumatlar, xəbərlər, premyeralar, kulisdə baş verən hadisələr sizin nəzərinizdən qaçmadı. "Kaspi” qəzetinin beş yaşlı "Teatr” əlavəsinə bizim teatr cameəsi adından böyük təşəkkürlər düşür. Ona görə ki, onlar kiçik kollektivlə teatr dünyasına böyük bir işıq saçıblar”.

Abdulla Şaiq adına Azərbaycan DövlətKukla Teatrının direktoru, UNİMA Milli Mərkəzinin prezidentiRəşad Əhmədzadə də bizi təbrik etdi: "Ümumilikdə milli teatrımızın təəssübkeşi olan hər kəsin sevərək oxuduğu və daim teatr yeniliklərini izlədiyi bu qəzet bizim kuklaçıların da yaxın dostudur. Daim yeni səhnə uğurlarımızı, tamaşa və kollektivin yaradıcı üzvləri ilə bağlı yenilikləri görmək istədiyimiz bu qəzetlə 5 il ərzində əməkdaşlıq bizim üçün xüsusilə önəmlidir. Çünki bu mətbu orqanın ərsəyə gəlməsində peşəkarlıq, teatra sevgi və yanğı daim hiss olunur. Mən 5 yaşlı qəzetin daha uzunömürlü olmasını arzu edirəm. Çünki zəngin tarixə malik teatrımızın daha geniş müstəvidə daim təbliğata ehtiyacı var. Bu işdə sizə yorulmadan çalışmaq və çoxlu oxucu arzulayıram. Sanıram ki, "Kaspi” qəzeti, onun "Teatr” əlavəsi bundan sonra da milli teatrımızın, onun cəfakeş təmsilçiləri və tamaşaçılarının sevərək oxuduğu qəzetlərdən olacaq”.

Şəki Dövlət Teatrının başrejissoru, Əməkdar İncəsənət XadimiMirbala Səlimli də təbriklərə qoşuldu: "Siz həmişə bizim Şəki Teatrının tamaşalarının gördüyü işləri işıqlandırmısınız və bu işdə birinci olmusunuz. 5 yaşınızın tamam olması münasibəti ilə bütün kollektivimiz adından sizləri təbrik edirik və bol-bol uğurlar arzulayırıq”.

Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova da təbriklərə qoşuldu: "Qəzetinizin "Teatr” əlavəsinin bütün yaradıcı heyətinə uğurlar arzu edirəm. Sizi ürəkdən təbrik edirəm. Teatr əlavəsi hər zaman sənətə qulluq edib. İndiyə qədər sizin "Teatr” əlavəsinin nə bir qalmaqal, nə də dedi-qodu ilə məşğul olduğunu görmədim. Burada sağlam iş gedir. Bu əlavədə dəfələrlə tamaşalarım haqqında maraqlı resenziyalar oxumuşam. Sözün əsil mənasında bizim sizə ehtiyacımız var, siz bizə lazımsınız”.

Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan bildirdi ki, "Kaspi” qəzeti bizim diqqətlə izlədiyimiz qəzetlər sırasındadır: "Bu gün peşəkar kollektivdən ibarət olan mətbu orqanlar barmaqla sayılası qədərdir. Sizin qəzetiniz hər zaman haqqın, ədalətin yanında olan, peşəkarlıq baxımından öz səviyyəsini qoruyan bir mətbuat orqanıdır. Biz "Kaspi” qəzeti ilə mütəmadi şəkildə çalışırıq və onların işindən çox razıyıq. "Kaspi” qəzeti kimi mətbuat orqanı Azərbaycanda nə qədər çox olsa, bir o qədər hakimiyyətlə xalq arasında birbaşa əlaqə sıx olar. Bu qəzetdə biz yalnız həqiqətləri eşidirik. Qəzetin "Teatr” əlavəsi də bizi daima diqqətdə saxlayır. Burada yetərincə ağıllı və işinin peşəkarları çalışır. Nə xoş bizə ki, sizin 5 yaşınız bizim teatrın 15 illik yubileyinə təsadüf edir. "Teatr” əlavəsi "Kaspi” qəzetinin övladlarından biridir. Övlad valideyn tərbiyəsini götürür. Deyirlər ki, övladınızı tərbiyələndirməyin, özünüzü tərbiyə edin. Çünki övladınız əvvəl-axır sizə oxşayacaq. Vidadi Qafarov kimi redaktoru olan "Teatr” əlavəsindən yalnız yüksək keyfiyyət gözləmək olar. Sizlərin çalışdığı bir orqanda qüsur görmək həqiqətən çox çətindir. Ona görə ki, siz öz işinizin peşəkarısınız, orada sırf teatrşünaslar çalışır. Bəzi mətbuat orqanlarında olduğu kimi, teatrdan kənar, tamaşadan anlayışı olmayan "jurnalistlər” kimi deyilsiniz. Ancaq "Kaspi”-nin teatr bölməsində biz heç zaman belə yazılara rast gəlmirik”.

Rejissor Günay Səttar da bizi təbrik etdi: "Sizi 5 yaşınız münasibəti ilə təbrik edirəm. Bundan sonra da kollektivinizə bol-bol uğurlar arzulayıram. Səsiniz- sorağınız uzaq diyarlardan gəlsin. Ən əsası, oxucularınız bol olsun!”.

İrəvan Teatrının aparıcı aktyoru Əjdər Zeynalov qeyd etdi ki, "Teatr” əlavəsi beş ildə çox dəyərli, vacib aktual mövzularla tamaşaçı auditoriyasını ətrafına cəm etməyi bacarıb: "Sizin əlavəniz 5 il sərasər şəkildə teatr aləmində baş verən hadisələrdən, aktyor və rejissorlarımızın yaradıcılıq işlərindən bəhs edən mövzularla geniş tamaşaçı kütləsinin rəğbətini, sevgisini qazanıb. Sizləri təbrik edirəm və yeni-yeni yaradıcılıq uğurları arzuluyuram”.

Musiqili Teatrın aktyoru, əməkdar artist Əkbər Əlizadə yaradıcı heyətimizi belə təbrik etdi: "Sizi ürəkdən təbrik edirəm. Teatra, teatr sənətinə dəyər verdiyiniz üçün. Teatr tamaşaçılarını belə diqqətdə, nəzərdə saxladığınız üçün. Həqiqətən buna çox böyük ehtiyac var idi. Biz sizinlə qürur duyuruq. Deyirlər ki, müasir zəmanədə tamaşaçılar teatra gəlmirlər və yaxud da diqqət ayırmırlar. Ancaq həqiqətən də teatr hər kəs üçün deyil. Teatrın öz tamaşaçısı var. Kütləni daima maraq dairəsində saxlamaq, davamlı olaraq hər sayınızda tamaşaçıların diqqətini buraya yönəltmək heç də asan məsələ deyil. Sizin kimi peşəkar teatrşünaslara bizim çox ehtiyacımız var. Aktyorlara, aktrisalara dəyər verdiyiniz üçün bir aktyor olaraq sizə nə qədər təşəkkür etsək də azdır. «Kaspi» qəzetinin və saytının dəstəyi sayəsində bir dəfə də teatrda olmayan insanlar tanıyıram ki, həvəslənib teatra gəlib”.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Günel Məmmədova həftənin 4-cü günləri "Kaspi” qəzetinin "Teatr” əlavəsini həvəslə aldığını və onu maraqla oxuduğunu dilə gətirdi: "Doğrudan da "Kaspi” qəzetinin "Teatr” əlavəsi digər qəzet və saytlara bir örnəkdir. Çünki ən çox siz bizləri işıqlandırırsınız. Gənc aktyor və aktrisalara daha çox yer verirsiniz. Ən çox da buna görə bütün Gənc tamaşaçılar və gənclər adından sizə minnətdarlığımızı bildiririk. Arzu edirəm ki, 5 yox, 50 yaşınızı qeyd edəsiniz. Sizə daha maraqlı xəbərlər, məqalələr arzulayırıq. Əminəm ki, «Kaspi» qəzetinin öz oxucuları var. Şəxsən mən özüm bu qəzetin daimi oxucularındanam. "Teatr” əlavəsində o qədər peşəkar yazılar yer alır ki, özümüzü orada görəndə çox sevinirik. Bu gün peşəkar yazılara o qədər ehtiyacımız var ki… nə yaxşı ki, siz varsınız”.

ŞuşaDövlət Musiqili DramTeatrının aktyoru, əməkdar artist Azad Məmmədovisə öz ürək sözlərini belə dilə gətirdi: "İnşallah 5 deyil, 50 yaşınızı qeyd edəsiniz. Teatrımızın kollektivi, başda Yadigar Muradov olmaqla hamımız sizə işlərinizdə yeni-yeni uğurlar arzulayırıq. Bu beş ildə siz bizim yaradıcılığımıza çıraq tutmusunuz. Sizin bu yöndə gördüyünüz işlər təqdirəlayiqdir. Nə yaxşı ki, varsınız və nə yaxşı ki, belə bir əlavə ilə bizləri sevindirirsiniz. Bu gün teatrdan yazan mətbu orqanlar barmaqla sayılası qədərdir. Və tam əminliklə deyə bilərəm ki, "Kaspi” qəzetinin "Teatr” əlavəsi onlardan birincisidir. Sizə sonsuz təşəkkür düşür”.

Xəyalə Rəis

teatrşünas

banner

Oxşar Xəbərlər