• cümə, 19 Aprel, 22:07
  • Baku Bakı 24°C

“Yasamal” parkından Reportaj

02.02.15 05:45 5777
“Yasamal” parkından Reportaj
Şəhər sakinlərinin istirahət etmələri və asudə vaxtlarını səmərəli keçirməsi üçün istifadə olunan ən gözəl məkanlar parklardır. Belə ki, burada hər tip insana rast gəlmək mümkündür. Kimi sevgilisi, kimi ailəsi, kimi uşaqları, kimisi də təkbaşına təmiz havanın dadını çıxarmaq üçün parklara üz tuturlar. Belə parklardan biri də Yasamal rayonu ərazisində yerləşən “Yasamal” parkıdır. Yeni açılmasına baxmayaraq, bu park insanların sevimli istirahət guşələrindən birinə çevrilib. Biz də parkla tanış olmaq və orada istirahət edən insanlarla söhbətləşmək üçün sözügedən ünvana yollandıq.
Məlumat üçün bildirək ki, bu park “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “+82 Qərb” su anbarının ərazisində salınıb. Burada çoxillik ağaclar, gül və bəzək kolları əkilib. Parkda iki uşaq oyun meydançası və böyüklər üçün idman meydançası yaradılıb. Bu meydançalarda trenajorlar, müxtəlif əyləncə vasitələri quraşdırılıb. ən əsası isə bu vasitələr pulsuzdur. Parkın salınması zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılıb, istirahət məkanı orijinal elementlər və formalarla zənginləşdirilib. Həmçinin parkın ərazisində müxtəlif fəvvarələr, süni şəlalələr və xüsusi dizaynla hazırlanmış bulaqlar quraşdırılıb.
“Yaşıllıq, şəlalə, su şırıltısı, atraksion...”
Reportaja gedərkən əvvəlcə tərəddüd içində idik. Hava o qədər soyuq idi ki, belə havada kiminsə parka gələcəyinə inanmırdıq. Amma parka daxil olarkən qarşılaşdığımız mənzərə bizi təəccübləndirdi. Soyuq havada burada bu qədər insan varsa, görün, “park sezonu”nda vəziyyət necə olacaq. İşgüzar həyatdan yorulan, təmiz hava almaq istəyən uşaq, gənc, yaşlı - hər kəs yolunu buradan salıb. Parkın gözəlliyi isə həqiqətən insanı özünə cəlb edir. Burada gənc analar üçün hər şərait yaradılıb. Parkın hər iki tərəfində uşaqların əylənməsi üçün pulsuz atraksionlar quraşdırılıb. Uşaqlardan kimi yelləncəkdə yellənir, kimi sürüşkəndə sürüşür, kimisi də onlar üçün quraşdırılan digər atraksionlarda əylənirdilər. Analar isə kənarda skamyalarda əyləşir, uşaqlarının əylənmələrini zövqlə izləyirdilər. Söhbətləşmək üçün attraksionların qarşısında quraşdırılan skamyaya yaxınlaşdıq. Uşaqlarını təmiz hava almağa çıxaran Nərgiz deyir ki, övladları parkda atraksionlar olduğu üçün buranı çox sevir: “Yaşayış binalarının yanında belə parkların olması çox yaxşıdır. Kənd yerində uşaqlar həyətdə oynayırlar. Şəhərdə maşınlar çox olduğu üçün qorxuruq. Bu parkın açılması çox yaxşı oldu. Ev işlərindən vaxt tapdıqca, övladlarımı buraya gətirirəm”.
Aynurə isə hər dəfə məktəbdən oğlunu gətirərkən yolunu bu parkdan saldığını deyir: “Vallah, uşaq bəhanədir. Özüm də təmiz havanın dadını çıxarıram. İnsan özünü təbiət qoynunda hiss edir. Ətrafında ağaclıq, şəlalə, su şırıltısı, qarşında uşaqlarının oynaması üçün atraksion. Həqiqətən hava soyuq olsa da, bu parkdan həzz alıram”.
“Ana o qız niyə üşümür?”
Analarla söhbətləşərkən parkda fotosessiya üçün fotoaparatın qarşısına keçən gəlin diqqətimizi çəkdi. Buz kimi havada dekolte geyimdə gəlini gördükdə, parkın digər sakinləri kimi biz də təəccübləndik. Uşaqlar isə təəccüblü baxışlarla “ana, o qız niyə palto geyinməyib?”, “ana, o qız niyə üşümür?” deyə analarına suallar verirdilər. Hətta gəlinlə şəkil çəkdirənlər belə var idi. Gəlin isə ona yönələn təəccüblü baxışlara məhəl qoymadan fotosessiya üçün “poza” verirdi. Elə şəkil çəkilərkən biz də gəlinə yaxınlaşdıq. Adının açıqlanmasını istəməyən gəlin o qədər üşümüşdü ki, danışarkən dodaqları əsirdi. Fotosessiyadan sonra toyuna gedəcək: “Şəkil çəkdirməyi çox sevirəm. Toyum isti havaya təsadüf etsəydi, hələ çox şəkil çəkdirərdim. İnsanın ömründə bir dəfə toyu olur. Şəkillərimi, fotosessiyamı havanın soyuq olmasına qurban verə bilməzdim. Amma toydan sonra xəstələnməsəm yaxşıdır”.
“Gənclər canlarının qədrini bilmir”
Gəlinə xoşbəxtlik arzulayıb, ona təəccüblə baxan Vidadi babaya yaxınlaşırıq. 75 yaşlı Vidadi baba xəstə olduğu üçün, həkim ona təmiz hava almağı məsləhət görüb. Skamyada əyləşib gəlini izləyən həmsöhbətimiz deyir ki, gənclər canlarının qədrini bilmir: “Qızım, gənclik insana bir dəfə verilir. Onun qədrini bilmək lazımdır. Nə vacibdi axı, buz kimi havada nazik, tül donla şəkil çəkdirirsən. Soyuq onun iliklərinə qədər işlədi. Bu soyuğun nə vaxtsa altını çəkəcək. Qızım, nə qədər cavansız, sağlamlığınızın qədrini bilin. Sonra gec olur”.
Parkda istirahət edən yaşlılar, əylənən uşaqlar, onları izləyən analarla yanaşı, idman edən gənclər də az deyil. Belə gənclərdən biri də Nəcəfdir. Nəcəf deyir ki, hər gün səhər saat 6-da buraya qaçmağa gəlir: “Park evimə yaxın olduğu üçün hər gün buraya qaçmağa gəlirəm. Bir aydır açılmasına baxmayaraq, bu park mənə çox doğma gəlir. Yaşıllıqlar göz oxşayır, şəlalənin səsi insana zövq verir. Belə mühitdə idman etməkdən doymuram”.
“Süpürgə ilə onları izləyirik”
Parkdakı təmizlik diqqətimizdən yayınmır. İstirahət guşəsinə mühafizəçilər və təmizliklə məşğul olanlar cəlb edilib. Təmizlikçilər sanki insanın əlini güdürlər ki, yerə zibil düşən kimi götürsünlər. Bu məqamı özləri də təsdiqləyir: “Bəzən insanlar tum çırtlayıb qabığını, uşaqlar şokoladlarını yedikdən sonra kağızını yerə atırlar. Amma nə deyə bilərik. Düzdür, onlar yeri zibilləməməlidirlər. Ancaq bizim də vəzifəmiz ətrafı təmiz saxlamaqdır. Əlimizdə süpürgə bəzən onların ardınca düşürük. İnsanlar bura istirahət etməyə gəlir, təmizlikdən narazı getmələrini istəmərik”.
Elə bu məqamda xoş istirahət arzusuyla parkdan ayrılırqı. Ümid edirik ki, bu park hər vaxt təmizliyi və sakitliyi ilə insanların diqqətini çəkəcək. Sakinlər də yerə zibil atmamaqla təmizlikçilərə dəstək olacaqlar. Axı, təmizlik olmayan yerdə istirahətdən söhbət gedə bilməz.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər