Yarımçıq teatr mövsümü
Mütəxəssislər başa çatan
mövsümün əyər-əskikliklərini sadalayır
Bir teatr mövsümünü də beləcə yola salırıq. Hər yeni
mövsümə ümid, həvəs, istək, arzularla başlasaq da, mövsüm sonunda bir illik fəaliyyətimizə
nəzər saldıqda, ümidlərimizlə arzularımızı yan-yana qoyub nəticənin heç də ürəkaçan
olmadığını görürük. Bunun isə müxtəlif səbəbləri var. Ekspertlərimiz də geridə
qoyduğumuz 2019-2020-ci il teatr mövsümündə yaradıcı hadisələrin az olduğunu
qeyd edirlər.
Əməkdar artist, Pantomima
Teatrının direktoru Elman Rəfiyev bildirir ki, teatr ili ərzində
ən çox yaddaşında qalan teatrın onlayn doğum gününün qeyd edilməsi olub:
"Hər yeni il teatr aləmi üçün fərqli hadisələrlə yaddaşlarda qalır. Bizim
üçün mayın 16-da Pantomima Teatrının onlayn doğum gününü qeyd etməyimiz əlamətdar
hadisə kimi yaddaşımıza həkk olundu. Bu, bir ilk idi. Hər zaman tamaşaçı
qarşısında çıxış edən və doğum gününü tamaşaçıları ilə birlikdə qeyd edən
Pantomima bu dəfə fərqli formatda ad gününü qeyd etdi. Teatrın yaradıcı heyət
üzvləri gözəl əlbisələr geyinərək kamera qarşısına keçdi, bir-birlərinə ürək
sözlərini ünvanladılar. Digər teatrlara gəldikdə isə, bir çox yaradıcı işlərlə
tanış olduq. Belə ki, teatrlarımızın repertuarında fərqli əsərlər və yeni
tamaşalar hazırlandı. Ancaq teatr mövsümünün ikinci rübündə pandemiya ilə əlaqədar
olaraq onlayn fəaliyyətə başladıq. Mən bir aktyor kimi bu onlayn görüşlərdə bir
ilkə imza atdım. Belə ki, məktəb şagirdləri ilə onlayn görüşlər keçirib, onlara
teatrın və kinonun bu günündən, tarixindən bəhs etdim. Bir neçə məktəblə
danışdıq, hər məktəbdən müxtəlif siniflərlə onlayn görüşlər keçirildi. İnanıram
ki, bu görüşlər onların yaddaşında maraqlı xatirə kimi qalacaq və unudulmaz izlər
buracaq".
E.Rəfiyev bu mövsümdə aktyorların və teatrda çalışan
yaradıcı heyətin maaşlarının artırılmasını böyük hadisə kimi qiymətləndirir:
"Bundan başqa, 2019-cu ildə iki teatra "Akademik” statusu verildi ki, bu
heç də kiçik məsələ deyil".
Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovlasöhbətimizdə o, 2019-2020-ci mövsümün Azərbaycan teatrı üçün bir çox hadisə ilə
yadda qaldığını bildirdi: "Təbii ki, bu illərdə keçirilən dövlət
islahatları göz önündədir. Bir çox aktyorlar fəxri adla və prezident mükafatı
ilə təltif olundu. Bundan başqa, bu bir il ərzində mən Akademik Milli Dram
Teatrında Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar "Dəli
yığıncağı" əsərinə səhnə həlli verdim. Bu mənim üçün bir teatr hadisəsi
idi. Bundan başqa, xalq yazıçısı Anarın "Şəhərin qış gecələri" əsərini
hazırlamışam. Əsər 20 Yanvar hadisələrinə həsr olunmuşdu. Bu işlərimdən sonra
bildiyiniz kimi, karantin başladı. Əslində bizim teatrın mövsüm sonu üçün bir
çox planları var idi. Ancaq karantin imkan vermədi ki, təmtəraqlı bağlanış edək.
Repertuarımızda maraqlı tamaşalar vardı, onların yarısı yarımçıq qaldı,
tamaşaçılara göstərə bilmədik".
Sənətşünas Ənvər Börüsoyisə qeyd edir ki, bu mövsümdə heç bir teatrımızda elə də böyük bir uğura rast gəlməyib:
"Səbəb isə Mədəniyyət Nazirliyi və köhnə düşüncəli teatr rəhbərlərinin
idarəçilik sistemidir. Hazırda teatrlarımız təməlsiz və durğunluq dövrünü
yaşayır. Teatrda o zaman uğur olur ki, orda şəffaflıq və yaradıcı işlər olsun.
Bilirsiniz ki, bu il dövlət başçımız İlham Əliyev teatrlara əlavə maddi yardım
ayırdı. Belə ki, bu yardım əsnasında teatrlarımızda yeni tamaşalar qurulmalı,
texniki avadanlıqlar alınmalı idi. Ancaq biz o yeni avadanlıqları görmədik".
Ə.Börüsoy bildirdi ki, ötən ilin sentyabrında Bakıda
Beynəlxalq Teatr Festivalı başladı və bir teatr hadisəsinə çevrilməyi bacardı:
"Sentyabrın
1-dən Bakıda Rusiyanın E.Vaxtanqov adına Akademik Dövlət Teatrının qastrol səfəri
başladı. Bu festivalın özü göstərdi ki, Avropadan gələn
tamaşalarda dünyada mövcud olan teatr estetikası mövcuddur. Festivallara gəlincə,
bizim ana teatrımız olan Akademik Milli Dram Teatrının kollektivi
Mahaçqalaya qastrol səfərinə getdi. Ölkəmizi Xəzəryanı Dövlətlərin Beynəlxalq
Milli Teatr Festivalında təmsil etdilər. Ölkənin bir nömrəli teatrı "ən
yaxşı kütləvi səhnələrə görə" mükafat aldı. Bu "Azdrama”ya bir töhmət idi.
Hələ bu, okeanın o tayında keçirilən nüfuzlu, say-seçmə festival deyil, qonşu
ölkənin keçirdiyi bir festival idi. Və bizi məhz kütləvi səhnələrə görə
mükafatlandırdılar... İl ərzində rejissor işinə görə Gəncə Dövlət Dram Teatrının
baş rejissoru İradə Gözəlovanın hazırladığı tamaşalar yeniliyin xəbərçisi idi. Yerdə qalan
rejissorların fəaliyyətində mədəni hadisəyə çevrilən bir işin şahidi
olmadım".
Sənətşünas, qanuna görə, teatrların nəzdində studiyalar
fəaliyyət göstərməli olduğu halda, paytaxt teatrlarında belə studiyalara rast gəlmədiyini
də vurğuladı: "Hansı ki, bu studiyalarda yeni nəsil aktyorlar yetişir. Bu
da ayrı bir problemdir. Ümumilikdə götürdükdə isə, bu il heç bir teatr ortaya yeni
yaradıcılıq konsepsiyası qoya bilmədi. Teatrlarda çalışanların maaşları 50 faiz
qaldırılsa da, sənətdə heç bir yüksəliş gözə çarpmadı. Müəyyən sənət adamlarına
mənzil, mükafatlar verilməsi, teatrlara maliyyə ayrılması dövlət səviyyəsində qayğının
göstəricisi olsa da, yaradıcılıq işlərində
bunun heç bir əksini tapa bilmədik. Bu da düzgün teatr siyasətinin
aparılmamasından qaynaqlanır. Rejissorlara yaradıcılıq sərbəstliyi verilsə,
uğurlu tamaşalardan danışmaq olar. Bəzi teatrşünas dostlarımız xırda, epizodik
xarakterli problemlərdən danışıb, yaxalarını kənara çəkirlər. Əgər onlar gördüklərini
olduğu kimi tənqid etsələr, teatrlardakı problemləri desələr, o dramaturqlar,
rejissorlar utanıb normal işləyərlər. Teatrşünaslar
indi tərifşünaslıqla məşğuldurlar. Ədəbi tənqidlər deyil, ədəbi tərif
yazırlar".
Sənətşünaslıq üzrə fəlsəfə
doktoru, teatrşünas Elçin Cəfərov deyir ki, bütün dünyada, o
cümlədən Azərbaycanda pandemiyanın qarşısının alınması məqsədi ilə həyata
keçirilən karantin tədbirləri ilə əlaqədar bir çox fəaliyyət sahələri kimi,
teatr müəssisələri də işlərini yarımçıq dayandırmalı olub: "Pandemiyaya və
ölkədəki karantin rejiminə görə teatrlar virtual rejimdə mövsümü tamamlamağa məcbur
oldular. Ona görə də mən bu mövsümü yarımçıq qalmış hesab edirəm. Məhz bu səbəbdən
cari mövsüm ərzində yaradıcı hadisələrin çox olmamasını təbii qarşılayıram. Mənə
görə, mövsümün ən maraqlı və əlamətdar işi YUĞ Dövlət Teatrında yazıçı İlqar Fəhminin
pyesi əsasında Mehriban Ələkbərzadənin quruluşunda hazırlanmış "Mənəm mən"
tamaşası oldu. Bu tamaşanın hazırlanması ilə yanaşı, həmin səhnə əsərinin dövlət
mükafatına təqdim olunması mənim üçün əlamətdar idi".
"525-ci qəzet”in mədəniyyət
yazarı Şahanə Müşfiq bu il teatr sahəsinin diqqətdə olduğunu
dedi: "2019-2020-ci il teatr mövsümü haqda ilkin xatırladığımız, yəqin ki, Xalq
artisti Afaq Bəşirqızının Prezident İlham Əliyev və Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın sənət adamlarıyla görüşündəki çıxış idi. Doğrudur, bu
görüş ötən mövsümə aid olsa da, teatr cameəsi onun nəticələrini bu mövsümdə
gördü. Cənab Prezidentin sərəncamı ilə aktyorların maaşı qaldırıldı, bir çox sənətçi
evlə təmin olundu və sair. Eyni zamanda, Afaq Bəşirqızının Teatr Xadimləri İttifaqının
sədri Azərpaşa Nemətovla olan qalmaqalı da yadımızdadır. Xüsusən İttifaqın konfransını
boykot edərək yarımçıq tərk etməsi və səsləndirdiyi ittihamlar uzun müddət mətbuatın
mövzusu olmuşdu. Yaradıcılıq məsələlərinə gəldikdə, bu mövsüm üçün iki əsas
tamaşanın adını çəkə bilərəm. Biri YUĞ Dövlət Teatrının böyük şair, mütəfəkkir
Nəsiminin 650 illik yubileyinə həsr etdiyi "Mənəm, mən...” tamaşasıdır. Bu tamaşa son illər Azərbaycan
teatrında bir hadisə hesab olunmağa layiq iş idi. İlqar Fəhmi və Mehriban Ələkbərzadənin
birgə işi olan əsər həm tematika, həm rejissor işi, həm də aktyor oyunu
baxımından ən uğurlu tamaşalardan biri idi. Ondan başqa, Abdulla Şaiq adına Azərbaycan
Dövlət Kukla Teatrının nəzdində fəaliyyət göstərən "Oyun” teatrının "Solğun
sevgilər” tamaşasının adını çəkə bilərəm. Bu tamaşa iştirak edən aktyorlar fərqli
və yaddaqalan idi. Belə ki, Cəfər Cabbarlının "Solğun çiçəklər” faciəsi əsasında
Səidə Haqverdiyevanın səhnələşdirdiyi və quruluş verdiyi əsərdə peşəkar
aktyorlarla bərabər, sağlamlıq imkanları məhdud həvəskarlar da rol almışdılar.
Onların uğurlu çıxışı tamaşanı daha yaddaqalan etdi. Mart ayından bu tərəfə isə
teatrlarımız bir çox sahələrdə olduğu kimi, onlayn fəaliyyət göstərir. Biz
COVİD-19 pandemiyası sayəsində teatrlarımızın bu cür ekstremal şəraitə hansı səviyyədə
hazırlığını da öyrəndik. Canlı ünsiyyət sənəti olan teatrın onlayna keçidi,
aktyorların məşqləri "ZOOM” proqramı ilə davam etdirməsi xeyli çətinliklər
yaratdı. Bu dövrdə evdə bekar qalan aktyorların qiraətə göstərdikləri marağı da
xüsusi vurğulamalıyıq. Bunun sayəsində bəzi aktyorların bədii qiraətdə də
bacarıqlı olduqlarını öyrəndiksə də, bizi xəyal qırıqlığına uğradanlar da az
olmadı. Ümumən 2019-2020-ci il teatr mövsümünü uğursuz adlandıra bilmərik. Arzu
edirik ki, yeni mövsümə qədər pandemiya və karantin bitsin, biz də
aktyorlarımızı canlı-canlı səhnədən izləyək”.
Xəyalə Rəis