AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Yarımçıq qalmış mədəniyyət ili

Yarımçıq qalmış mədəniyyət ili

Mədəniyyət
13 Avqust 2020, 12:52 916
Və ya yaradıcı insanların pandemiya ucbatından reallaşmayan planları 
 
5 aydır ki, koronavirus  səbəbindən bütün sahələrdə olduğu kimi mədəniyyət aləmində də durğunluq yaşanır. Belə ki, incəsənət nümayəndələri öncədən nəzərdə tutduqları layihələri təxirə salmalı oldular. Onlar pandemiya dövrünü yarımçıq qalmış mədəniyyət ili kimi qiymətləndirir. 

Əməkdar artist, tanınmış bəstəkar Vüqar Camalzadə bildirir ki, pandemiya zamanı mədəniyyət sahəsində müəyyən durğunluq yarandı və bu durğunluq onun yaradıcılığına da təsirsiz ötüşmədi: "Öncədən razılaşdırılmış bir çox xarici ölkələrdə keçiriləcək tədbirlərimiz, festivallarımız var idi ki, pandemiya ilə əlaqədar olaraq həmin səfərlərimiz təxirə düşdü. Eyni zamanda, bilirsiniz ki, "Dədə Qorqud” baletini bitirsəm də, pandemiya ilə əlaqədar səhnələşdirilməsi dayandırıldı. İnşallah, pandemiya bitəndən sonra bu layihəni həyata keçirəcəyik. "Dədə Qorqud" baleti beynəlxalq səviyyədə hazırlanmış layihədir. Azərbaycanda təqdimatı olduqdan sonra türkdilli ölkələrdə səhnələşdirilməsi nəzərdə tutulub. Elə musiqi yazmağa çalışdım ki, orada türk çalarları, musiqi alətləri əks olunsun. Bu layihə iki ilə yaxın zamanımı aldı. Burada böyük eksperimentlər var".

V.Camalzadə bəstəkar kimi bir neçə layihəsinin də pandemiya ilə bağlı təxirə düşdüyünü qeyd edir: "Bəstələrim var idi, onları xaricdə təqdim etməyi düşünürdüm. Çox möhtəşəm layihələr olmalı idi, amma pandemiya ilə əlaqədar təxirə salındı. Bu o qədər də xoş  olmadı. Ümid edirəm ki, yaxın günlərdə bu virusun vaksini tapılar və pandemiyasız bir həyata davam edərik".  
 
Kinorejissor Tahir Tahiroviç pandemiyanın  mədəniyyət aləminə təsirsiz ötüşmədiyini deyir: "Təbii ki, karantin bütün sahələr üzrə çətinlik yaratdı. Çünki bu. gözlənilməz oldu. Mənəvi zərbələri bərpa ermək çətin olacaq. O ki qaldı yaradıcılığa, qısametrajlı bədii filmin çəkilişlərinə başlamaq üzrə idik. Təəssüf ki, alınmadı. "Aranfilm” yaradıcılıq mərkəzində isə işlər dayanmadı, amma və lakin həmişəki əhval-ruhiyyə olmadı. Son günlər fikir verirəm ki, işlər tezliklə düzələn deyil".

Bakı Uşaq və Gənclər Teatrının direktoru, əməkdar artist İntiqam Soltan bildirir ki, pandemiya ilə əlaqədar  teatrın yaradıcı heyətinin hazırladığı mono-tamaşalar festivalı təxirə salınıb: "Teatrımızın yaradıcı heyəti yeni tamaşalar üzərində çalışırdı və biz bu tamaşaları mövsüm sonuna təhvil verməyi düşünsək də, işlərimiz yarımçıq qaldı. Bundan başqa, Cəlil Məmmədquluzadənin "Ölülər" əsərinin üzərində işləyirdim. Bu tamaşanın da hazırlıqları yeni mövsümdən  davam edəcək. Bir də bilirsiniz ki, teatrımızın yaradıcı heyəti "Evdə qal, teatrsız qalma” festivalına hazırlaşırdı. Festivalın keçirilməsində məqsəd hər bir aktyora öz bacarıqlarını nümayiş etdirməsi üçün meydan vermək, Azərbaycanda festival ənənəsinin genişlənməsinə vasitəçi olmaq idi ki, bu layihə də yarımçıq qaldı".

İ.Soltan geridə qoyduğumuz bu mövsümü teatr üçün itirilmiş il kimi qiymətləndirir: "İngilislərin yaxşı bir atalar sözü var: "Mədəniyyət o şeydir ki, hər şeydən əvvəl  cəmiyyətdə narahatlıq olanda ölkəni tərk edir, hər şey bitdikdən sonra ölkəyə daxil olur". Mədəniyyət bu qədər həssas bir sahədir. Pandemiya dönəmində, əlbəttə ki, mədəniyyət sahəsində itkilərimiz az olmadı. İtirilmiş mədəniyyəti bərpa etmək üçün illər lazımdır.  Düzdür, kağız üzərində bir həftəyə bərpa edə bilərik, amma itirilmiş mədəniyyətin yenidən bərpası bir qədər çətin proses olacaq. Bunun günahkarı yoxdur, günahkar axtarmaq qeyri-peşəkarlıq olardı. Çünki bütün dünya bu virusla mübarizə aparır". 

İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, əməkdar artist Sərvər Əliyev qeyd edir ki, pandemiya onun da yaradıcılığına təsirsiz ötüşməyib: "İrəvan Teatrında "Kimdir müqəssir?"  pyesi üzərində işə başlamışdım. Halbuki, o tamaşanı mayda təhvil verməli idim. Təəssüf ki, o işimiz  də yarımçıq qaldı. Bu tamaşanın ZOOM proqramı ilə məşqlərini etsək də, heç bir onlayn hazırlıq canlı məşqin yerini vermir. Bununla heç nə əldə etmək mümkün deyil. Bunu boş vaxt itkisindən başqa bir şey adlandırmazdım. Dərbənd Dövlət Dram Teatrında yeni işə imza atacaqdıq. Belə ki, Rusiya faşizm üzərində qələbənin 75 illiyinə görə  dövlət teatrlarına  sifarişlər vermişdi. Həmin sifarişlərin birini də Dərbənd Azərbaycan Dram Teatrı almışdı.  Mehdi Hüseynzadənin həyatından bəhs edən "Uzaq sahillərdə" romanı əsasında pyes hazırladım. Bolqarıstandan rejissor dəvət etdim. Təəssüf ki, orda iştirak edə bilmədim. Proses hələ də davam edir. Tamaşanı özüm təhvil götürə bilmədim. Halbuki, çox arzu edirdim ki, bu layihənin hazırlanmasında yaxından iştirak edim. Əsəri pyes halına salıb, tərcümə etdirdim. O da yarımçıq qaldı. Dərbənd Teatrında Üzeyir Hacıbəylinin yubileyi ilə əlaqədar "Ər və arvad" tamaşasını hazırlayacağımı gözləyirdim. Onu da edə bilmədim. Pandemiya yaradıclığıma zərbə vurdu".
 
Rejissor qeyd edir ki, 57 gündür kənddə yaşayır, sənət yanğısı ilə teatrların açılmasını gözləyir: "Ürəyimdən keçən bir tamaşa var ki, adı "Qarışqa yuvası" adlanır. Teatrların  tez açılmasını, bu layihəni həyata keçirəcəyim günü gözləyirəm". 

Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Toğrul Əsədullayev pandemiyanın daha çox musiqi sahəsində çalışanlara təsir etdiyini vurğuladı: "Koronavirus bütün düyaya, eləcə də bizə təsirsiz ötüşmədi. El şənliklərinin olmaması, tədbirlərin keçirilməməsi, xarici festivalların təxirə salınması, bizim də öncədən planlaşdırdıqlarımızı, bir növ alt-üst etdi. Öncədən nəzərdə tutduğumuz xarici səfərlərimiz, tədbirlərimiz hamısı sıfıra endi. Bu da həm mənəvi, həm də maddi olaraq  bizə təsir etdi. Musiqiçi hər zaman səhnədə olub, tamaşaçılarla ünsiyyət qurub. Pandemiya onların bu ünsiyyətinə maneçilik törətdi. Ümid edirik ki, bu bəla bizi tərk edər və işlərimiz əvvəlki qaydasına düşər. Dövlətimiz də əlindən gələni edir ki, yoluxmaların sayı azalsın, bu istiqamətdə Operativ Gərargah qaydalar tətbiq edir və vətəndaşlarımızı qorumağa çalışırlar".

Müsahibim qeyd edir ki, xarici səfərləri, tədbirləri ilə bərabər,  öncədən planlaşdırılmış səsyazmaları həyata keçirləcəkdi ki, onlar ləğv olundu: "İndi çalışırıq ki, səsyazmalarını qayadalara əməl edərək həyata keçirək. Qaydalar yumaşldıqca, yəqin ki, biz də işlərimizi yavaş-yavaş görmüş olarıq. Dövlətimizin aldığı önləyici addımlar sayəsində əvvəlki həyatımıza geri dönəcəyimizə ümid edirik". 

Aranjimançı Rübail Əzimov deyir ki, pandemiya daha çox sənət adamlarının işlərinə mane oldu: "Sirr deyil ki, dünyanı zəbt edən koronavirus bütün sahələrdə durğunluq yaradıb. İnsanların öncədən hazırladığı planlarını təxirə saldı. Heç kim belə bir virusun gələcəyini və işlərinin yarımçıq qalacağını gözləmirdi. Pandemiya dünyanın hər yerində yaşayan insanların həyat tərzinə təsir etdi. Biz sənətçilərin həyatında isə daha çox hiss olundu. Çünki bu dönəmlərdə el şənlikləri, tədbirlər təxirə salındığı üçün bizim də işlərimiz yarımçıq qaldı. Toy sisteminin dayanması bizim bütün planlarımızın üstündən xətt çəkdi. Yaradıcılığını tamamilə donduranlar da az olmadı. Mən planlarla yaşayan insanam. Pandemiya dönəmində bütün planlarım təxirə düşdü. Amma həyat davam edir. Allahın köməkliyi, dövlətimizin planlı şəkildə apardığı qaydalar sayəsində bu günlərin də geridə qalacağını gözləyirik".

Tanınmış aktyor Elçin İmanov pandemiya ilə bağlı bütün yaradıcı  insanların planlarının dəyişdiyini deyir: " Yaradıcı insanların öncədən planlaşdırdığı bütün layihələr təxirə düşdü. Bir film üzərində işləyirdik, amma yarımçıq qaldı. Bundan başqa, bir serial işim təxirə düşdü. Çalışdığım Musiqili Teatrda isə mənim iştirakımla tamaşa hazırlanırdı. Onların hamısı təxirə salındı. Pandemiya hər sahədə durğunluq yaratdı, ancaq  yaradıcı insanlara daha çox təsir etdi. Çalışacağıq ki, karantin bitən kimi vaxtdan maksimum istifadə edib işlərimizi bərpa edək".
 
Xəyalə Rəis