• çərşənbə axşamı, 23 aprel, 19:41
  • Baku Bakı 20°C

“Yaratdığın məhsuldan başqalarının istifadə etdiyini görəndə işə sevgin artır” – Uğur hekayəsi

16.12.16 11:10 3783
“Yaratdığın məhsuldan başqalarının istifadə etdiyini görəndə işə sevgin artır” – Uğur hekayəsi
Uğur qazanmaq üçün hər kəsin müxtəlif kriteriyaları ola bilər. Elə onun da özünəməxsus kriteriyaları var. Amma düşünür ki, bütün şərtlərlə yanaşı, uğurlu karyeraya sahib olmaq üçün daim çalışmaq, öz üzərində işləmək lazımdır. Çünki daim yenilənən dünyanın yeniliklərinə, kadrlar da hazır olmalıdırlar.
Müsahibimiz "LG Electronics” şirkətinin Koreya bölməsində elmi-tədqiqatçı mühəndis kimi çalışan azərbaycanlı gənc Zaur Fətəliyevdir.
Qeyd edək ki, Z.Fətəliyev 1989-cu ildə Astara rayonunun Təngərud kəndində doğulub. Orta təhsilini Təngərud kənd orta məktəbində alıb. 2007-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində mühəndis iqtisadiyyatı ixtisasına qəbul olub. Orada bir il təhsil alandan sonra Koreyada olan KAİST-də (Koreya Advanced İnstitute of Science and Technology – Koreya Mükəmməl Elm və Texnologiya İnstitutu) təhsilini davam etdirir. Bu dəfə seçimi elektrik mühəndisliyi olur. Eyni zamanda, ikinci ixtisas olaraq menecment üzrə təhsil alır. 2012-ci ilin sonunda bakalavr təhsilini başa vurur. 2013-2014-cü illərdə Koreya Universitetində Elektrik və kompyuter mühəndisliyi üzrə magistr təhsili alır. 2015-ci ilin əvvəlindən işləməyə başlayır.

- İlk olaraq LG şirkətində işə düzəlməyinizdən danışaq. LG-də işləməyiniz necə oldu?

- Əslində magistraturanı bitirəndən sonra doktorantura pilləsində təhsilimi davam etmək planım var idi. Amma magistraturanı bitirəndən sonra bir neçə maraqlı iş təklifi oldu. Onlardan biri də LG Electronics tərəfindən idi. Bir müddət fikirləşəndən sonra qərara aldım ki, doktoranturaya yox, işləməyə başlayım. Beləcə, seçimim LG Electronics oldu.

- İş təklifləri arasında LG-ni seçməyinizə səbəb nə oldu?
- Səbəb hazırda işlədiyim tədqiqat mərkəzində iş mühiti və komanda ilə əvvəlcədən tanış olmağım idi. Əvvəlki təcrübələrimdən belə bir hiss formalaşmışdı ki, hansı şirkətdə yox, hansı mühitdə və kimlərlə işləmək daha vacibdir. Bu kontekstdən yanaşaraq, seçimimi etdim.

- Hansı mühitdə və kimlərlə işləyirsiniz ki?

- Mənim üçün ilk növbədə komandanın rəhbəri ən vacib faktordur. Çünki doğru insanları seçib komanda qurmaq bu komandada görülən işin keyfiyyətini müəyyənləşdirir. İkinci növbədə, komandanın üzvlərinin işə məsuliyyətlə yanaşmağı, üzvlər arasında effektiv kommunikasiyanın olması və görüləcək işi üzvlər arasında səmərəli paylaşmağı çox vacib hesab edirəm. Bundan sonra, şəxsi münasibətlə iş münasibətini ayıra bilən, komandanın məqsədini öndə qoyan və təcrübəli insanlarla işləyəndə iş çox maraqlı keçir.

- Orda işiniz nədən ibarətdir?
- Mənim buradakı vəzifəm elmi-tədqiqatçı mühəndisdir. Bizim komanda kamera texnologiyası istiqamətində ixtisaslaşıb. Mənim işim qısa olaraq informasiyanın, əsasən şəkillərin və videoların emalı və bunları realizə edən proqram təminatını hazırlamaqdan ibarətdir.

- LG-dən əvvəl harada işləmisiniz?

- Bakalavr təhsili aldığım müddətdə KAIST-dəki müxtəlif laboratoriyalarda yarımştat köməkçi-tədqiqatçı kimi işləmişəm və elə hazırda işlədiyim tədqiqat mərkəzində iki dəfə çalışmışam. Magistratura müddətində Koreya Universitetində Samsung tərəfindən maliyyələşdirilən Samsung Techvin - Koreya Universitetinin laboratoriyasında magistr-tədqiqatçı kimi çalışmışam. Diplom işinin müdafiəsindən sonra isə LS adlı şirkətdə qısa müddət ərzində proqramçı kimi fəaliyyətim olub.

- Bəs Azərbaycanda iş mühitində olmusunuz?
- Demək olar ki, yox. Düzdür, bir müddət İnformasiya Texnologiyaları İnstitutunun işçiləri ilə əməkdaşlığım olub. Amma həmin müddət ərzində mən Koreyada olmuşam. Kommunikasiyamız əsasən onlayn olub.

- Sizin sahənizdə çalışan, müəyyən karyeraya sahib olan insanlar bəzən tənbəl olduqlarını etiraf edirlər. Bəs sizdə tənbəllik, işdən yorulduğunuz vaxtlar olurmu?
- Əlbəttə gün və ya həftə ərzində yorulduğum vaxtlar çox olur. Zaman-zaman tənbəllik də edirik. Problemlər və maneələr həmişə yaşana bilir. Düşünürəm ki, bu, normaldır və belə də olmalıdır. Həm də əsasən, mühəndislər belə hallarla çox qarşılaşırlar. Bəzən elə olur ki, bir gün, hətta bir həftə hansısa problem üzərində çalışsam da, irəliləyiş az olduğunu hiss edirəm. Bu artıq o deməkdir ki, müəyyən bir yorğunluq var. Yorğunluq və stresslə tez-tez üzləşirik. Amma yenə də bu, işimizin bir hissəsi olduğu və hər zaman belə vəziyyətlərlə qarşılaşdığımızdan bizim üçün normallaşıb.

- Bəs maraqlı tərəfi nədir ki, bu cür yorucu olmasına rəğmən işinizi sevirsiniz?
- Problemlərin həlli üçün müxtəlif ideyaları müzakirə etmək, yeni məhsullar və ya həllər üzərində çalışmaq, istər öz kolleqalarımızla, istər də digər şirkətlərdə çalışan mühəndislərlə müzakirələr etmək, məsələlərə həll tapmaq çox maraqlıdır. Həm hansısa problemi həll edirsən, həm də yeni bir şey öyrənirsən. Və əlbəttə, üzərində işlədiyin məhsulların başqaları tərəfindən istifadəe dilərək yararlandığını görəndə işə sevgin daha da artır.

- Yaşınıza görə özünüzü uğurlu hesab edirsiniz?
- Bu, bəzən situasiyaya görə dəyişə bilir. Yəni, qarşıma qoyduğum hansısa məqsədə çatanda bu, mənim üçün bir uğurdur. Buna görə, bəzi məqamlarda özümü uğurlu hesab etdiyim vaxtlar olub. Amma tam uğurlu karyeramın olması üçün qarşıda görüləcək işlər və illər hələ var.

- Sizə görə, karyerada uğur qazanmaq üçün nələr lazımdır?

- Məncə, birinci şərt gördüyümüz işdə səlis olmalıyıq. Daha sonra sağlam iş etikasına sahib olmalı, işə məsuliyyətlə yanaşmalı və çətinliyi görəndə işdən asanlıqla imtina etməməliyik. Ümumiyyətlə isə, vaxtı səmərəli istifadə edən və rasional qərarlar verə bilən insan öz işində uğurlu ola bilər. Kriteriyalardan əlavə, uğurlu olmaq daim çalışmaq tələb edir. Mən də çalışıram, işləyə-işləyə daim öyrənirəm. Hazırda məşğul olduğumuz iş hər gün bizdən daha yeni nələrsə tələb edir. Necə ki, günü-gündən hər bir şey təkmilləşir, kadrlar da özlərini zamanla inkişaf etdirməlidirlər, əks halda, uğurdan söhbət gedə bilməz.

- Uğur üçün sadaladığınız kriteriyalardan sizdə hansılar var və nələr yoxdur?
- Kriteriyaların hansıların kimdəsə olub-olmaması da uğur üçün şərt deyil. Düşünürəm ki, sadaladığımız kriteriyalar hər kəsdə müəyyən dərəcədə var. Amma o kriteriyalardan düzgün istifadə etmək şərtdir. Mən də həmçinin, bunları inkişaf etdirməyə çalışıram. Bunun üçün isə həm öz etdiyim, həm də başqalarının səhvlərinə baxıb, eyni yanlışlıqları etməməyə çalışıram.

- "Hər uğurlu kişinin arxasında bir qadın var” fikri ilə nə dərəcədə razısız? Koreyada bu deyim özünü nə dərəcədə doğruldur?

- Hələ ki subay olduğum üçün bu barədə tam aydın bir fikrim yoxdur. Amma kişilərin uğurunda qadınların payı olduğunu inkar edə bilmərəm. Çünki uğurlu olmaq üçün insanın fikri məqsədə doğru cəmləşməlidir. Məqsədə doğru gedən yolun çətinliklərində isə kişiyə mənəvi dəstək göstərəcək insanın yanında olması çox önəmlidir. Müşahidələrimə əsasən deyim ki, Koreyada da belə yanaşma var. Amma hər iki tərəfin bir-birini dəstəkləməyinin daha vacib olduğunu hesab edirlər.

- Karyeranızla bağlı gələcək planlarınıza nələr daxildir?
- Karyerama başladığım müddət elə də çox deyil, ona görə xüsusi bir planım olduğunu da deyə bilmərəm. Sadəcə, öz sahəmdə müəyyən müddət fəaliyyət göstərib daha da səlisləşmək istəyirəm. Əsasən şəkil və videoların məzmununun təhlilinin avtomatlaşdırılması ilə maraqlandığım üçün düşünürəm ki, gələcəkdə də bu sahədə davam edəcəyəm.

- Bəs Azərbaycanda hər hansı fəaliyyətiniz gözlənilirmi?
- İndilik elə bir planım olmasa da, əlbəttə, gələcəkdə Azərbaycanda da fəaliyyət göstərmək və həmvətənlərimlə əməkdaşlıq etmək mənim üçün maraqlı olar. Belə bir iş olsa, sevə-sevə çalışaram.
Aygün Asimqızı


banner

Oxşar Xəbərlər