AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Yaradıcılıq yolunun əsas mərhələsi

Yaradıcılıq yolunun əsas mərhələsi

26 Aprel 2020, 14:45 1315
(Henrix Mannın "Sadiq təbəə” romanı)
 
Prussiyanın Frank-Prussiya müharibəsində III Napoleon Fransası üzərində qələbəsi nəticəsində meydana gəlmiş Alman imperiyası ilə həmyaşıd olan Henrix Mann bütün həyat yolu ərzində istər Vilhelm monarxiyası və ya Veymar respublikası illərində, ya da Hitlerin "üçüncü reyxi” zamanı əzm və şövqlə öz vətəninin demokratik inkişafı yolunda mübarizə aparmışdır.
 
Hər zaman siyasi məsələlərin həllinə çalışmaq alman ədəbiyyatının nəhəng və möhtəşəm söz ustalarından biri H. Mannın yaradıcılığının xarakterik əlaməti olmuşdur. Yazıçının zəngin yaradıcı irsində publisistikanın geniş yer tutması isə heç də təsadüfi deyildir.
Henrix Mann satirik ustalığın zirvəsinə Veymar dövrünə qədər qələmə aldığı iki romanı sayəsində – yazıçının satirik istedadının mühüm mərhələlərini əhatə edən "Umrat müəllim” və "Sadiq təbəə” romanları ilə çata bilir. "Umrat müəllim” romanı 1905-ci il rus inqilabının təsiri altında bütün Almaniyanı bürüyən geniş ictimai oyanış şərtlərində yazılmışdır.
 
"İmperiya” trilogiyasının ilk romanı olan "Sadiq təbəə” isə H.Mannın mühacirətə qədər ərsəyə gətirdiyi ən mühüm yaradıcılıq nümunəsidir. Trilogiyanın məzmunu müəllif tərəfindən əvvəlcədən düşünülməmiş, əsərin ayrı-ayrı hissələri üzərində çalışarkən davamlı olaraq formalaşmışdır.
Balzakın möhtəşəm "İnsan komediyası” və Emil Zolyanın Fransanın ictimai-siyasi həyatını müxtəlif aspektlərdə təsvir edən çoxcildli "Ruqonların karyerası” romanlar seriyasına nəzərən H.Mann öz qarşısında bu trilogiyada Vilhelm imperiyasının hərtərəfli mənzərəsini təqdim etmək məqsədi qoymuşdu. Trilogiyanın birinci romanı "Sadiq təbəə” (1914) yazıçının öz təbirincə desək, burjuaziyanın təsvirinə, ikinci kitab "Yoxsullar” (1917) proletariata, üçüncü – "Baş” (1925) adlanan kitab isə ziyalı təbəqəyə həsr edilib. Trilogiyanın ayrı-ayrı hissələri eyni əhəmiyyətə malik olmasa da o, yazıçının ədəbi irsində mühüm yer tutur, bunun əsas səbəbi isə yazıçının onda öz dövrünün əsas ziddiyyətini – proletariatla burjuaziyanın sinfi mübarizəsini ilk dəfə dərk etməyə çalışmasıdır.
 
Trilogiyanın ən bitkin bölümü müəllifin 1912-ci ildən 1914-cü ilə qədər üzərində çalışdığı "Sadiq təbəə” adlandırdığı hissədir. Əsərin nəşrinə qadağa qoyulmuş və ancaq 1913-cü ildə Almaniyada çap edilmişdi. Birinci dünya müharibəsinə gərgin hazırlıq getdiyi, Almaniyada siyasi böhranın labüdlüyü və şovinizmin yuxulu olduğu dövrdə Henrix Mann öz ifşaedici əsərini, alman tənqidi realizminin ən yaxşı romanlarından birini yaratmışdır.
Romanın əsas personajı Diderix Heslinq alman burjuaziyasının milli cizgilərinin ümumiləşdirici-tipik mücəssəməsidir. Bu sosial tipin mahiyyətinin üzə çıxmasında əsas diqqəti cəmləyən H.Mann onu ən müxtəlif ictimai əlaqələrdə göstərir, bununla da romanın sosial çərçivələrini kayzer imperiyasının geniş mənzərəsi həddinə qədər genişləndirməyə müvəffəq olur. Digər tərəfdən, dərindən düşünsən Heslinq elə bizim zamanımız üçün də aktual deyilmi?
 
Romandakı hadisələr formal olaraq XIX əsrin 90-cı illərinə (daha dəqiqi 1890-1897-ci illərə) aiddir, amma əyani olaraq buradakı hadisələr Almaniyanın birinci dünya müharibəsi ərəfəsindəki təsviridi. Roman altı fəsildən ibarətdi. İlk iki hissə "tərbiyəvi roman” alman ənənəsində, daha dəqiqi bu ənənənin parodiyası kimi qələmə alınıb. H.Mann alman ailələrinin meşşan həyat tərzində, məktəblərin, tələbə çevrələrinin, hərbi xidmətin və nəhayət Almaniyanın bütün ictimai atmosferində Heslinq kimi sosial tiplərin necə formalaşdığını ardıcıl olaraq göstərir. Kiçik fabrik sahibi olan böyük Heslinq, balaca Didelə güc və hakimiyyət qarşısında təzim etməyi öyrədir.
 
Tipik sentimental meşşan olan anası isə oğlunun xarakterində riyakarlığın, yalançılığın, rəzilliyin inkişafına zəmin yaradır. Elə məktəb də Heslinqi eyni istiqamətdə tərbiyələndirir. Həmin xristian-alman tərbiyəsini geniş şovinist ideyaların müdrik olmayan kompleksini isə o, tələbə olduğu illərdə var qüvvəsi ilə gücləndirdiyi "Novotevtoniya” tələbə korporasiyasında əldə edir. Bu atmosferdə Heslinqin kələyi və ikiüzlülüyü tez bir zamanda ifşa edilərək "təkmilləşir”.
Romanda Heslinqin həssaslıqla, yumşaq tonlarda qələmə alınan əxlaqi simasının çirkinliyi Aqnes Heppellə münasibətlərində xüsusilə dəqiq aşkar olunur. O, olduqca qorxaq olmasına baxmayaraq, özünü əsl cəngavər döyüşkən qəhrəman kimi təqdim edir. H.Mann isə Diderixin bu lovğalığını ustalıqla aşkara çıxararaq onu tez-tez bu cür gülünc vəziyyətlərə salır.
 
Diderixin aktiv iştirak etdiyi ictimai-siyasi hərəkatların atmosferində tez bir zamanda qəti utilitar (əməli – X.N.) düşüncə meydana çıxır. O, tələbəlik zamanlarında alkoqolla əhatələnmiş arzularında özünü "bədii açıqcalar və ya tualet kağızı fabrikinin” sahibi kimi təsəvvür edir, Aqnes Heppel isə bəyan edir ki, kolbasa mağazasının piştaxtası onun üçün estetik həzzin ən yaxşı görüntüsüdü. Henrix Mannın fikrincə fəhlə sinfi özü siyasi qüvvədən məhrumdur, ancaq o, hər zaman müdafiəyə və mərhəmətə layiqdi, bir sözlə sosial çöküntü obyektidi. Bununla bərabər, alman sosial-demokratlarının burjuaziyadan uzaqlaşması prosesini hiss edən H.Mann Almaniyanın ilk tənqidi realistlərindən biri olmuşdur. Romanda fəhlələr ümumi kütlə kimi çıxış edir, onların ayrı-ayrı nümayəndələri isə sadəcə epizodik obrazlar, az individuallaşdırılmış fiqurlardır. Amma Heslinqin fabrikinin mexaniki, trilogiyanın növbəti hissəsində mühüm rol oynayan Napoleon Fişer istisnalıq təşkil edir. Heslinqlə mexanik arasındakı sinfi ziddiyyətin olmasına baxmayaraq, mahiyyətcə onlar əlbirdirlər. Öz sinfinin tipik xaini olan Fişer fəhlələrin istismar edilməsinə kömək edir. Elə bu səbəbdən də Heslinq onu reyxstaq seçkilərində dəstəkləyir.
 
Yazıçının burjua demokratiyası ilə vidalaşması asan deyildi. Bu prosesin çətinliyi və ziddiyyətliliyi, "keçmişlə hesablaşma” romanda öz əksini tapmışdır. Netsiqdə əsas siyasi qüvvə Heslinqin ora geri qayıtması ilə güclənən, şərəfli və şəhərdə hər kəsin hörmət etdiyi, 1848-ci il inqilabının veteranı qoca Bukun rəhbərlik etdiyi, "xalqın partiyası” hesab edilən liberal burjuaziya partiyasıdır. Yeri gəlmişkən Buk həmin inqilaba görə ölüm cəzasına məhkum edilmişdi.
 
"Sadiq təbəə”nin müəllifi üçün yüksək dərəcədə tarixilik hissi xasdır, bu da liberal burjuaziyanın deqredasiya prosesi romanda iki nəslin – yaşlı Bukun və onun oğlu vəkil Volfqanqın simasında özünü büruzə verir. O, siyasi fəaliyyətə bağlılığının olmaması səbəbindən hətta həyatda öz yerini də təyin edə bilmir.
Və əlbəttə ki, H.Mann əsl "alman düşüncəli insanların” birliyi olan "kayzer partiyası”nın təsvirində amansız satira yaratmışdır. Məsələn, Heslinqlə eyni sırada ən sadiq və ortodoksal (Hər hansı bir əqidəyə, məsləkə, nəzəriyyəyə münasibətində sabit və ardıcıl olan) monarxiyaçı olan prokuror Yadasson dayanır. Milliyyətcə yəhudi olan bu adam ən kiçik mümkünat zamanı öz almansayağı düşüncəsini və antisemitizmini nümayiş etdirir. Əsərdə geridə qalmış hərbçilərin – mayor Kuntsenin və romandakı hadisələr zamanı gimnaziya müəllimi olan keçmiş leytenant Künxenin və müharibə və şovinizmi təbliğ edən pastor Tsillixin obrazları isə karikatura manerasında qələmə alınıb.
 
Bu düşərgədə kolorit fiqur hökumət dairələrinə məxsus qoca yunker (keçmiş Prusiyada: zadəgan mülkədar – X.N.) fon Vulkovdur. H.Mann bu obrazın sosial tərkibini təsvir edərkən Vilhelm Almaniyasında ictimai yerləşmənin xarakterik xüsusiyyətlərindən birini – yunkerlərlə burjuaziyanın yaxın əlaqəsini dəqiq qeyd edir. Vulkovun Heslinqi qonaq qəbul etdiyi səhnədə bu əlaqənin əsas cizgiləri dəqiq şəkildə aşkara çıxır. Amma bu, hər halda elə həmin vaxtda öz qəzəbindən qorxuya düşən itaətkar qulun qiyamıdı. Bu adamlar bir-birinə öz çirkli kommersiya və siyasi əlaqələrində lazımdırlar.
 
Atasının ölümündən sonra Diderix fabrikin sahibinə çevrilir və Berlini tərk edərək doğma şəhəri Netsiqdə sahibkarlıq fəaliyyətinə başlayır. Bütün roman siyasi yönümlü olsa da yazıçı ilk iki fəsildə qəhrəmanın xarakterinin inkişafını göstərmək məqsədi ilə onu məntiqi-estetik planda aşkara çıxarır. Sonuncu fəsildə Diderixin xarakteri hansısa prinsipial cəhətdən yeni məntiqi ştrixlərlə tamamlanmadan oxucu qarşısında artıq fərqli və sosial-siyasi aspektdə çıxış edir.
 "Sadiq təbəə”nin H.Mannın özü tərəfindən burjua haqqında roman adlandırılmasına baxmayaraq, orada fəhlə sinfi mövzusu geniş təqdim edilir. Son hadisə yazıçının cəmiyyətin sinfi strukturunu dərk edilməsi məqsədinə şahidlik edir, çünki burjuaziya sosial əlaqələri xüsusilə də proletariatla münasibətləri ilə birgə təsvir edilir.
 
Fəhlələrin iştirakı ilə baş verən bütün süjet konfliktlərində müəllifin simpatiyası onların tərəfindədi. İnqilabçı fəhlələrə zooloji nifrət duyan Diderix həm də onlara qarşı daim qorxu hiss edir. Henrix Mann ədalətli ictimai quruluşun "ruhun aristokratiyası”nın gücü ilə yaranacağını zənn edərək alman proletariatının perspektiv rolunun Bebelin, Libknextin, Roza Lüksemburqun ardınca getməli olduğunu başa düşmürdü.
 
Romanın final səhnəsində H.Mannın əminliyi simvolik cəhətdən Vilhelm imperiyasının iflasında ifadə edilir. Məmurlar, parad formaları geyinmiş bütün rütbələrdən olan hərbçilər, ierarxiyanın bütün nümayəndələri I Vilhelmin abidəsinin açılışı mərasiminə toplaşırlar. Bu dəbdəbəli mərasim eyni zamanda həm də Heslinqin triumfu olmalı idi. Amma təsadüfən bütün bu güclü al-əlvan kütlənin təlaşlı qaçışına səbəb olan ildırım çaxır. Lakin qəzəbli ünsürün onu sadəcə olaraq yüngülcə yellətməsinə baxmayaraq, Heslinqin triumfu baş tutur. O, öz gücünü və hakimiyyətini itirmir. Bununla da yazıçı sanki cəmiyyəti sadiq təbəənin bu tipində gizlənən sosial təhlükədən xəbərdar edir. Roman simvolik səhnə ilə – qoca Bukun ölümü ilə yekunlaşır. Onun ölüm yatağının yanında qalib Heslinq peyda olur – o, artıq Bukun bütün var-dövlətinin sahibidir.
 
Vilhelm monarxiyasının əleyhinə şövqlə mübarizə aparan Henrix Mann üçün pozitiv proqram aydın deyil. Onun qəzəbi bu ictimai quruluşa malik sosial çaşqınlıqların deyil, təbiət ünsürlərə yönəlib. Amma Almaniyanın gələcəyinin konturlarının olduqca qeyri-müəyyən olmasına baxmayaraq, yazıçı ölkənin parlaq sabahına inanır. Romanın sonunda var-dövlətini itirən, güclənən irticaçıların səyləri nəticəsində cəmiyyətdəki hər kəs tərəfindən rədd edilən qoca Buk küçədə onun önündə hörmətlə baş əyən gənc gimnaziyaçılarla rastlaşır. Və görünür ki, Bukla birlikdə elə H.Mann da bu insanlarda gələcəyə ümidi görür.
 
"Sadiq təbəə”nin müəllifinin bədii metodunu realistik satira kimi təyin etmək olar. Yazıçı personajların portretində, onların maneraları və adətlərinin təsvirində alman burjua-nasionalistinin, liberal-sosial-xainlərinin sosial cizgilərini qabardıb böyüdərək onların ümumiləşdirilmiş tipik maskalarını yaradır.
 
Aleksandr Sergeyeviç Dmitriyev 
Rus dilindən tərcümə edən: Xatirə Nurgül