“Yaradıcılıq həvəsim tükənmir” - Fotolar
«Artıq 88 yaşına
qədəm qoyuram. Sözün düzü, yaşı hiss eləmirəm. Elə keçmişlə yaşayıram. Bu,
yaradıcılıqla bağlıdır. Yazmasam da, hər gün nə etmək barədə düşünürəm. Elə bilirəm ki, bu yaxınlarda
Konservatoriyaya daxil olmuşam. İnanırsınız, bu, çox heyrətamizdir. Mənim üçün
50-60 və 70 il sürətlə keçib. İnanın, bunları danışmaqla təsvir edə bilmirəm. Təsəvvür
edin, mənim əsərim 50 ildir ki, səhnədə oynanılır. Bu, bir insanın ömrüdür. Bu,
mənə böyük bir mənəvi dayaqdır. Əsərlərim çalınır, yazılır, çap olunur...”. Bu
günlərdə ömrünün 87-cı ili ilə vidalaşan görkəmli bəstəkar Tofiq Bakıxanovun
yazıb-yaratmaq həvəsini minlərlə yaradıcı insana, xüsusən gənclərə örnək göstərmək
olar. Yaşadığı evin
divarlarını bəzəyən keçən illərin fotoları
onun üçün təkcə şirin xatirə deyil, həmçinin yaşamaq, işləmək həvəsidir.
Bu fotolardan Bakıxanov nəslinin tanınmış şəxsiyyətləri boylanır. Keçən əsrin məşhur
ədəbiyyat, incəsənət insanları var bu şəkillər arasında. Divar boyu düzülən
kitablarla dolu rəflər isə onun üçün təkcə nəzəriyyə deyil. Bu rəflərdə
atasının, özünün, qardaşının, qızının yazıb yaratdığı, insanlara daim bilgi verən
əsərlər var.
Yazdığım əsərlərin heç biri kənarda qalmayıb
- Sənət
dostlarınızdan, yaşıdlarınızdan kimlərlə ünsiyyətiniz var?
- Onların çoxu
dünyadan köçüb. Təkcə Arif Məlikov sağdır. Onun da 84 yaşı var. Musa Mirzəyev,
Nəriman Məmmədov rəhmətə getdilər. Yaxşı ki, korifeylərin əsərlərindən istifadə
olunur. Üzeyir Hacıbəyov, Soltan Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov,
Cahangir Cahangirovun əsərləri daim eşidiləcək. Çünki onların yazdıqları xalqın
ruhuna uyğun olan əsərlərdir. Mən Qara Qarayevin tələbəsi olmuşam. Onun sinfi mənə
yaradıcılığımda çox şey verib. İfaçılıq fakültəsini bitirəndən sonra və ondan
da əvvəl marş, mahnı yazırdım. Qara Qarayev rektor olduğu zaman Konservatoriyaya
getdim. «Bir-iki əsər yazmışam, mümkünsə baxın» – dedim. O, əsərlərə nəzər
salan kimi «Mütləq bəstəkarlıqla məşğul olmalısan» - dedi. Altı ay təmənnasız
onun yanında dərs keçdim. Qara müəllim lazımi göstərişləri verəndən sonra Konservatoriyaya
daxil olmaq üçün əsərlər yazdım. İmtahandan "5”
aldım və məni Konservatoriyaya qəbul etdilər. Lazımi
proqramları vaxtından əvvəl yerinə yetirərək 5 il əvəzinə 4 il oxudum və 2
diplom işi ilə təhsilimi başa vurdum. Tələbəlik illərində Azərbaycanın xalq
mahnılarına böyük həvəsim olduğu üçün onları işləyirdim. Mahnıları Bəstəkarlar
İttifaqına təqdim edəndən sonra onlar çap olunması üçün qərar verirdilər. O
zaman MK-nın birinci katibi işləyən İmam Mustafayev xalq mahnılarının
işıqlandırılması ilə bağlı göstəriş vermişdi. Mən də həvəsləndim və tədris
ocaqları üçün xalq mahnıları üzərində işləyərək iki məcmuə hazırladım. Onları Bəstəkarlar
İttifaqına təqdim etdim və qəbul etdilər. O vaxtdan tədris ocaqları həmin məcmuələrdən
istifadə edirlər. Ona görə həmişə deyirəm ki, mənim yaradıcılığımın əsl səbəbkarı
Qara Qarayevdir. O, həmişə «Köhnəlikdən əl çəkin, yeni axtarışlar edin»
deyirdi."Uzaq sahillərdə”
əsərim də uğurlu oldu. Mehdi Hüseynzadə haqqında çəkilən filmi gördükdən, Qara
Qarayevin bu filmə yazılan musiqisini eşitdikdən sonra həmin poemanı yazmağa həvəsləndim.
Mehdi Hüseynzadə qonşumuz idi. Mən onu görmüşdüm. Onun bacısı da tar çalırdı və
atamın tələbəsi idi. Həmin əsəri Konservatoriyanın proqramına daxil etdik. Əsər
ifa olundu və çap edildi. 55 il keçməsinə baxmayaraq, radionun orkestri o əsəri
yenidən yazır. Yazdığım əsərlərin heç biri kənarda qalmayıb. 50-ci illərdən
yazdığım əsərlər tədris ocaqlarında, konsertlərdə daim səslənir. Sənət adamının
böyük sevinci odur ki, yazdığı əsərlər ifa olunsun. Bu, mənim üçün böyük şərtdir.
Sevinirəm ki, yazdığım əsərlər bu günə qədər təravətini itirməyib. Bu
yaxınlarda İrandan çoxlu məktublar almışam. Yazdığım əsərləri İranda çap ediblər.
«Biblioqrafiya» kitabım çapdan çıxıb. 32 fəxri adım var. "Şöhrət” ordeninə
layiq görülmüşəm. Amerika, Rusiya, Türkiyə, İran və s. ölkələr tərəfindən
mükafatlarım var. Bu günlərdə "Üzeyir Hacıbəyov adına mükafat”a layiq görülmüşəm.
Bütün bunlar mənə fərəh verir.
Yaradıcılıq dostluğu
- Siz Üzeyir bəyi də görmüsünüz. Dahi bəstəkarla
görüş yaddaşınızda necə qalıb?
- Üzeyir bəy
bizim qonşumuz idi. Atamla da çox yaxın dost idi. 1929-cu ildə o, atamı
Konservatoriyanın muğam sinfində dərs deməyə dəvət etdi. Üzeyir bəy texnikumda
Xalq çalğı alətləri şöbəsinin müdiri idi. Moskva dekadasında Stalin Üzeyir bəyin
əsərlərinə yüksək qiymət verdi. Üzeyir bəy qayıdandan sonra SSRİ Xalq artisti fəxri
adına layiq görüldü. Onu Konservatoriyaya rektor kimi dəvət etdilər. Üzeyir bəy
çox sadə insan idi. O, balaca uşaqları görəndə başlarını tumarlayıb onlarla
görüşürdü. Tələbələrindən qayğısını əsirgəmirdi. Məsələn, müharibə vaxtı dərsə
gedən tələbələrinin rəngini solğun görəndə müavinini çağırıb onlara yemək
verilməsini tapşırır, əyin-başla təmin olunmalarına göstəriş verirdi. Üzeyir bəy
ətrafında olan gənc bəstəkarlara kömək edirdi. Onun dahiliyi təkcə yaradıcılığı
ilə ölçülmürdü. O, həmçinin gözəl insan idi. Üzeyir Hacıbəyovun dövründə
yaşamaq böyük xoşbəxtlik idi. Atam onunla da, Müslüm Maqomayevlə də işləyib.
Müslüm Maqomayev Radio Komitəsinin bədii rəhbəri idi. Atam isə solist kimi
çalışırdı. O, bir gün atamı çağırıb «Bir instrumental ansambl yaratsan yaxşı
olar» - deyib. Atam yaxşı ifaçıları həmin ansambla cəlb edib. Qılman Salahov, Hafiz
Mehrəliyev, Ağasi Məşədibəyov, Kor Əhəd kimi ifaçılarla işləyib. Firdovsinin 1000
illik yubileyi dünya miqyasında qeyd olunanda Ruhulla Axundov atamı çağıraraq
«İranın mədəniyyət naziri Azərbaycana gələcək. Firdovsiyə uyğun bir proqram
hazırlanmalıdır» - deyib. Atamın hazırladığı proqram yubileydə böyük uğurla səslənib.
Üzeyir bəy də muğam proqramlarını hazırlamaq üçün atamı dəvət edirdi. Onların
dostluğu ömürlərinin sonuna qədər davam etdi. Üzeyir bəyin məsləhəti ilə ailəmizdə
mən də daxil olmaqla üç uşaq musiqinin arxasınca gedərək Konservatoriyanın nəzdində
10 illik musiqi məktəbində oxuduq. Bu, elə bil ziyalılar arasında da təbliğ
olundu. Səməd Vurğun 3 övladını – Yusifi, Vaqifi, Aygünü həmin məktəbə göndərdi.
Məmməd Rahim də oğlunu, Rəsul Rza övladı Anarı həmin məktəbə yönəltdi ki, musiqini
Avropa alətlərində davam etdirsinlər. Üzeyir bəyin böyüklüyü onun uzaqgörənliyində
idi. Deyirdi ki, xalq çalğı alətləri üçün kadrlarımız çoxdur, amma Avropa alətlərindən
ibarət orkestrimiz yoxdur. Onun köməyi ilə bu cür orkestr də yarandı.
Filarmoniyanın, radionun, Musiqili Komediya Teatrının, Opera Teatrının orkestrləri
yaradıldı. Üzeyir bəyin atamla dostluğu da musiqidən başlamışdı. Bir gün Üzeyir
bəy "Nəvai nüşabu” muğamı haqqında oxuyub. Bir neçə qocaman ifaçını, o cümlədən
Cabbar Qaryağdı, Seyid Şuşinski, Qurban Primovu da çağıraraq «Ədəbiyyatda belə
bir muğam var, bu barədə nə bilirsiniz» - soruşub. «Biz bilmirik, bunu Əhməd
Bakıxanov bilər», - deyə cavab veriblər. Üzeyir bəy bir gün atama zəng vuraraq
«Tarınla bizə gəl» deyib. Həmin muğam haqqında atamdan soruşanda atam muğamı
ifa edib. Üzeyir bəy «Mən elə bunu istəyirdim» deyə sevinib. Bu muğam "Şur”
muğamına yaxındır. Ona görə də Üzeyir Hacıbəyov «Koroğlu»nu yazanda
uverturasından başlayıb, "Şur muğamı”nın üzərində qurub. Atamla Üzeyir bəyin
arasındakı dostluq yaradıcılıq dostluğuna çevrilmişdi. 37-38-ci ildə atamı həbs
edəndə onların İran muğamlarını təbliğ etmələri ilə bağlı şaiyə yaymışdılar. "Humayun”,
"Bayatı Şiraz”, "Bayatı kurd”, "Bayatı İsfahan” muğamlarını "iranlaşdırdıqları”
deyilirdi. Bu ifalara görə atamgili həbs etmişdilər. Üzeyir bəy də Mircəfər
Bağırovla eyni qatarla Moskvaya gedəndə bu barədə ona məlumat verir. Dekadadan
qayıdandan sonra Mircəfər Bağırov atamı həbsdən azad edir.
- Siz Üzeyir bəyin əsərini dahi bəstəkarın
qarşısında ifa etmisiniz.
- Mən
konservatoriyaya daxil olanda Üzeyir bəyin «Arşın mal alan» fantaziyasını onun
60 illiyində orkestrlə canlı ifa etmişəm.
Dirijor Leo Ginzburqu da Moskva konservatoriyasından dəvət etmişdilər. Mən həmin
əsəri ifa edəndə zalda Mircəfər Bağırov, Teymur Quliyev, Mirteymur Quliyev kimi
rəhbər şəxslər oturmuşdu. Üzeyir Hacıbəyov da birinci sırada əyləşmişdi. İfa
çox bəyənildi. 47-ci ildə Nizaminin 800 illik yubileyi keçirilirdi. Bu ifamı həmin
proqrama da daxil etdilər. Mən Konservatoriyaya daxil olanda rektor Üzeyir bəy
idi. Dahi bəstəkar dünyasını dəyişəndə adına təqaüd olması haqqında qərar qəbul
edildi. 1948-ci ildə həmin təqaüdü mənə verdilər. Üstündən illər keçdi - indi də
mənə "Üzeyir Hacıbəyov mükafatı laureatı” adını verdilər. Mən bununla fəxr edirəm.
Mükafatlarım çoxdur, ancaq mən Üzeyir bəyin adı yazılan medalı yaxamda gəzdirəndə
qürur hissi keçirirəm. O cür insanları yaddan çıxarmaq olmaz.
- Bəs atanızın sədəfli tarını qoruyub
saxlamısınızmı?
- Həmin sədəfli
tar atamın ev muzeyində saxlanılır. Ümumiyyətlə, atamın çaldığı bütün alətlər o
muzeydədir. Muzeydə Əhməd Bakıxanovun kolleksiyası qorunur. Sədəfli tar, kaman,
saz, qaval var. Atamın yazdığı əsərlər – Azərbaycan xalq rəngləri, Azərbaycan zərb
muğamları o zaman çap olunub və bu günə qədər öz əhəmiyyətini itirməyib. Bütün
tədris ocaqlarında həmin əsərlərdən istifadə olunur. Birinci
vitse-prezidentimiz Mehriban Əliyevanın təşəbbüsü ilə 5 cilddən ibarət "Azərbaycan
musiqisinin antologiyası” çap olunub. Orada da Əhməd Bakıxanovun yazdığı bütün
muğamlar var. Mən atamın 5 muğamı üzərində işləmişəm. Əsasən, az ifa olunan
muğamlara -"Humayun”, "Nəva”, "Şahnaz”, "Rahab”, "Dügah”a maraq göstərdim. Əhməd
Bakıxanovun yaradıcılıq ənənələrinə söykənərək 5 simfonik muğam yazmışam. Bu,
Azərbaycan simfonik musiqisində əlamətdar hadisədir. Həmçinin ifaçılar,
musiqiçilər, bəstəkarlar üçün dəyərli töhfədir. Bu əsərlər də Mehriban xanımın
təşəbbüsü ilə çap olunub. Bu əsərlər xarici ölkələrdə keçirilən muğam tədbirlərində
sərgilənir. Yaradıcılıq işləri bitmir. Əsas odur ki, işləməyə həvəs olsun. Mənim
yaradıcılıq həvəsim isə tükənmir.
Söhbətləşdi
Təranə Məhərrəmova