• cümə axşamı, 25 aprel, 05:25
  • Baku Bakı 19°C

Yaradanlıq

18.04.17 13:00 965
Yaradanlıq
Gözəllik deyilən məchul bir məfhum mövcuddur ki, səbəbi və məqsədi tam olaraq bəlli deyil. Bəli, o, məfhumdur. Yəni fəhm edilən və ya fəhm edilməyə çalışılan bir şeydir. Ancaq eyni zamanda məchuldur. Yəni haradan gəldiyi, ən əsası da niyə gəldiyi məlum deyil. Mənbəyi məchul olan bir nəsnənin mənşəyi, yəni məqsədi də müəmmalı olur.
Gözəllik xüsusi bir idarəçilikdir. Axının təbii məntiqinə sığsa da, onun məntiqi özünəxasdır və təbii axının içərisində bir qədər qeyri-təbiidir. Axın yaradılışdır. Gözəllik istəkdir. Yaradılış cəbridir, istək ixtiyari. Cəbrin ixtiyara dönüşü imkansızdır. Çünki o, artıq cəbrdir. Ancaq ixtiyarın bir gün cəbrə dönüşü mümkündür. Çünki ixtiyar istəkdir, xilqət deyil. Xilqətin mayasında əlbəttə ki, ölçülü simmetriya və parlaq bir nizam dayandığı üçün yaradılış, yəni cəbrin özü gözəlliyin ən bariz səhnəsidir. Lakin bu səhnə təbii axının daxilindədir və cəbri olan heç nəyə istəyin və əməlin gücü yetməz. Əməllər də cəbridir, əgər xüsusiyyətin istisnası ortaya çıxmasa. Yəni açığı budur ki, yaradılış gözəl olmaya da bilərdi. Gözəllik xilqətə sığar, ancaq xilqət gözəlliyə sığmaz. Çünki xilqət cəbridir, gözəllik ixtiyari. Kainat hadisədir. Eyni zamanda, o, bir əsərdir. Əsəri hadisədən ayıra bilmək istəkdir. İstək xüsusidir, fərdidir. Əgər Allah varsa və deyilənlər doğrudursa, o zaman O, həm vücuddur, həm mövcud. Mövcudiyyət cəbrdir. Yaradılışın kəskin məntiqi və qeybani ehtiyacı kainatı əsər olmaqdan çıxarıb, hadisəyə çevirir. Ancaq o, həm də vücuddur. Yəni ayrıca olaraq vardır. Vücud isə, fərdiliyi gərəkdirir. Fərdin ehtirası gizli olur və axının içərisində özünü büruzə verir. Gözəllik isə o deməkdir ki, fərdin ehtirası axının məntiqinin əksinə hərəkət etməsin. Çünki vücud da mövcud da kamildir, əgər Allah varsa... Allah varsa, deməli, mövcud vəhdətdədir. Vəhdət naqis ola bilməz. Daha doğrusu, naqislikdən vəhdət yarana bilməz.
Allahın təsdiqinə olan ehtiyac mövcudiyyətin qüsursuzluğunu idrak etmək istəyindən yaranmışdır. Qorxu və müəmma inkarın babasıdır, təsdiqin deyil. Allahdan qorxanlar Onu tanımayanlardır. İdrak isə tanımanın övladı olduğu üçün qorxu idraksızların ehtiyacıdır. Dərkə yetişməyən ehtiyacın adına "iman" dedilər. Əslində məhz belə iman təbii axının ziddinədir, çünki içərisində iddia və savaş vardır. İddia varlığın bitdiyi yerdə, savaş ziddiyyətdən başqa bir şeyin qalmadığı yerdə başlayır. Allahı Onun haqqındakı bilgilərdən, yəni dindən ayıran incə xətt də buradadır. Bilgi axının təkərinə soxulan çomaqdır. Təkəri durdurmaq mümkün olmadığı üçün, fiziki qanunlara əsasən, toqquşan iki cisimdən biri, yəni zərər görən, qırılan cisim çomaq özü olur. Bəli, kainata əlavə olunan bütün bilgilər qısa bir müddət ərzində sıradan çıxır. Bu bilginin adı elm deyil. Çünki elmin iddiası olmaz. Elm mövcud olanı öyrənir. Ancaq iddiası olan bilgi ideyadır. Mövcud ideyanın səssiz, sözsüz, iddiasız axınına əlavələr etməklə, hər hansı bir xilaskarlıq missiyası nəticədə iflasa uğrayır. Bütün peyğəmbərlər fərdiyyətçi olublar. Onların heç birisi səssizliyi səsə, sözsüzlüyü sözə, gözəlliyi qanuna çevirərək, icma, xilafət və ya dövlət qurmayıb. Onlar hətta din də yaratmayıb. Çünki onlar axının içərisindəki kainat rəssamları idilər. Onlar iddiaçı deyildilər. Bütün rəssamlar mövcud rənglərdən istifadə edirlər. Sənətin gərəyi budur; yaradılışı təsvir etmək. Yaradılış elə bir aktdır ki, onun ziddinə getmək sadəcə mümkün deyil. Bir şeyin tərkib hissəsi olan o şeyin ziddinə necə gedə bilər?
Ancaq mükəmməlliyə olan heyranlıq təkcə pərəstişlə, sitayişlə məhdudlaşmadı. Kamillik həm də ağıllara ilham verdi. Heyranlıq fərdi bir hiss olduğu üçün cameələşə bilməz. Əgər bir fikir ictimailəşirsə, deməli, o, hiss olmaqdan çıxıb. Hiss edilməyən bir ideyanı hiss etdirmək absurddur.
Ancaq fərdi heyrət prizması insan idrakını ideya və iddiaya yox, daha dərinlərə - yaradılış aktını təkrarlamağa sövq etdi. Bəli, burada söhbət məhz insandan gedir. O insan ki, yaradılışın zirvəsidir. O insan ki, yaradanla yaradılanın ayrıldığı mənzərəni pozur, dağıdır və bu xaosdan özünə pay çıxarır. O insan ki, yaradandan sonra ikinci dəfə heyranlıq obyekti oldu - ikinci yaradan oldu. Söhbət məntiqi axının, ilk böyük partlayışdan sonra qəti şəkildə müəyyənləşmiş ölçülərin izindən gedən, bu axını müşayiət edən insandan gedir. Yəni kamil və kamilləşməyə can atan insan.
Mükəmməllik ehtiyacdır. Lakin eyni zamanda gözəllikdir. Ehtiyacla gözəlliyi Tanrı birləşdirdi, insan ayırdı. Tanrının etdiyi hərəkət hadisədir, insanın etdiyi hərəkət əsər. İnsan Tanrının simfoniyasını nota yazdı. İnsan Tanrını aşkara çıxardı. Halbuki, bu axının ziddinə gedənlər, sənəti və elmi küfr sayanlar Tanrını gizlətmişdilər. "Görünmək istədim, insanı yaratdım" kəlamındakı sirr də burdadır. Tanrını gizlətmək istəyənlərin qəsdi nədir, bilmirəm, ancaq Tanrı xilqətin əvvəlindən gizli idi. Yəni indi burada materialistlər və hətta ateistlər də etiraz etməzlər ki, söhbət Allahın varlığından və ya yoxluğundan getmir. Söhbət inkarolunmaz nizamın insan heyrəti içərisindəki inikasından gedir. Mövcudun vəhdətini və bu vəhdətin gərəyi olan mütləq gözəlliyi görüb dərk etdikdən sonra ayrıca bir Tanrıya və ya tanrıçılığa elə də böyük ehtiyac yoxdur. Çünki inancın hədəfi idrakdır, idrakın hədəfi inanc deyil. İdrakın sonu isə heyrət olduğu üçün, heyrətdən sonra inancın gəlişi absurd və bir o qədər də gülüncdür.
Bəs heyrəti iddiadan necə ayırmaq olar? Necə təyin etmək olar ki, yaradılışın axınına gedən kimdir, ziddinə gedən kim? Axı mətləb o qədər də sadə deyil və haqqı batildən, nəfsi ehtiyacdan, heyranlığı ideyadan, rəngi rəngdən ayırmaq günü-gündən çətinləşir, qaldıqca imkansız bir hala gəlir. Sadə bir misal çəkməklə, nəyisə çözmək olar. Məsələn, adamın biri gözəl bir quşun rəsmini çəkir, digəri o quşu tutub qəfəsə salır. Burada heyranlıq hansıdır, iddia hansıdır? Görürsünüzmü, sadə görünən bir şey nə qədər çətindir. Axı ikisi də o quşu sevir. Ancaq hər iki hərəkət eyni zamanda doğru və ya yanlış ola bilməz ki. Burada fürqan ortaya girir. Yəni haqqı batildən ayıran cihaz. Onu işə saldığımız zaman görürük ki, o quşun yeri qəfəs deyil. Bəs bunu hardan bilirik? Əlbəttə, xilqətin özündən. Yaradılış onu təbiətə bəxş etdi, ona azadlıq verdi. Onu sevənlər onu qəfəsə sala bilməzlər, sadəcə onun rəsmini çəkə bilərlər. Onu sevmək ona yaxın olmaq deyil, ona heyran olmaqdır. Heyrətin isə məsafəsi olmaz. Xilqətə zidd olan sevgilər iddiadır, sevgi deyil. Sevgi heç bir zaman kütləviləşməz, ideya halına gəlməz. Sevdiyini başqalarına da sevdirmək cəhdi uğursuz bir zəhmətdir. Bu eynilə, "siz niyə mən görənləri görmürsünüz" deyə bağırmağa bənzəyir. O zaman "mən" qalmır. "Biz" isə sevgi demək deyil, çünki "mən" batindir, "biz" zahir. Necə ki, peyğəmbərlik və onun əsası olan vəhy elmi fərdi və batini idi, din və dindarlıq isə zahiri və kütləvidir. Zahir olan və kütləyə sirayət edən şey isə sevgi deyil, dediyimiz kimi, iddiadır.
O quşu qəfəsdə tutanın da nəfsi var, onun rəsmini çəkənin də. Hər ikisində iddia da var. Ancaq nəfs xilqətin təkərinə çomaq soxmursa, o nəfsin adı xidmət və gözəllikdir. Orta yerdə dayanan nəfs bunun əksini edirsə, o nəfsin adı günah və batildir.
Yaradılışın bənzəri olmadığı üçün insanın yaratdıqları yenidir, gözlənilməzdir. Yaradılışın ziddinə olmamaq hər zaman bəlli və gözlənilən olmaq demək deyil. Elə yaradanın müəmması da bundadır ki, O, nələr olacağını özündən də gizli saxlayıb. İnsandan başqa bütün məxluqun nə edəcəyi, necə edəcəyi, hansı parametrlərə sığdığı aşağı-yuxarı məlumdur. Təkcə insanın taleyi məchul və gözlənilməzdir. Başqa canlılar yaradılışı təmsil edir, insan onu müşayiət edir. Özü də yaradır. Həmin quşun rəsmini çəkən sadəcə Tanrını təqlid etmir, həm də o rəsmdə o quşa başqa mənalar yükləyir. Onu ikinci dəfə yaradır. Düzdür, xilqətin içində olanlar təbii ki, ondan kənarda ola bilməz. Lakin xilqətin başqa üzünü xilqətin başqa bir yaradanı - insan üzə çıxardı. İbtidai insan öküzün rəsmini qayalara olduğu kimi, hətta olduğu ölçüdə çəkirdi. Onu ovlayıb yeməkdən başqa ona bir məna yükləmirdi. Lakin o da yaradıcılıq idi. Çünki insan rəsmin, yəni sənətin mistik gücünə inanırdı. Hər zaman belə oldu. Gözlənilmədən insan gəlib Leonardo Da Vinçi oldu. Gözlənilmədən Mühyiddin Ərəbi kimi düşünməyə başladı. Bəs niyə gözlənilməz?Çünki dediyimiz kimi, insandan başqa bütün yaradılmışların taleyi və nə edəcəyi bəlli idi. Lövhi-Məhfuzdan silinmiş səhifələri yalnız insana aid olan bölümləridir. Belə olmasaydı, yəni onun adı və taleyi əvvəlcə o lövhəyə yazılmış olmasaydı, mələklər cürət edib Allahı sorğuya çəkməzdilər ki, nankor və boş yerə qan axıdacaq olan birini nə üçün xəlq edirsən?! Mələklər bilmədilər ki, yaradılış məsumiyyəti aşan bir şeydir. Mələklər və digər xəlq olunmuşlar məsumdurlar. Yəni axının bir parçasıdırlar. Lakin bu axının ziddinə getmədən - ki, belə ziddiyyət imkansızdır - bu axına axın qatmaq yaradılanlara yeni anlamlar yükləmək məsumiyyətin sərhədlərini pozur. İnsan məsumiyyət xirqəsinə bürünərək, sakitcə ömrünü axının içində yürüdə bilmədi. Onun xilqətindəki Tanrılıq onu fərqli düşünməyə və kainata əl qatmağa sövq edir. Mələklərin, heyvanların, nəbatatın günahı olmadığı kimi, savabı da olmaz. Çünki onların faili-muxtarlığı yoxdur. Feiliyyətin gərəyi isə belə diqtə edir ki, günah da, savab da xilqətə əlavədir. Hər iki anlayış insan yaranandan sonra ortaya çıxdı. Papanın indulgensiya yaradıcılığı ilə Qalileyin "Gerçəyin diaqramması" eyni yerdən qaynaqlanır. Lakin insan yeganə varlıqdır ki, səbəblə nəticənin zidiyyətinə nail ola bilir. Başqa məxluqatın bir saniyə belə vaxtı yoxdur ki, xilqətin təbii axarından kənara çıxsın. Heyvanları və bitkiləri təqlid etməyə çalışan tərki-dünya rahiblər anlamırlar ki, Tibetdə onların sadəcə maddi bədənləri qurtulur - hansı ki, fanidir və yaxın zamanda çürüyərək, yenidən torpaq olacaq. Lakin onların xilqəti insandır. İnsan isə məsum ola bilməz.
Məsum olmamağın isə iki başı vardır. Biri gözəllik, digəri çirkinlik. İnsanın yaratdığı gözəllik təbiətin məsum gözəlliyindən fərqlidir. Lakin onları birləşdirən bir şey var; ikisi də fədakarlıq bəhrəsidir.
Tam olaraq xilqəti ifadə edən yaradıcılıq ünsürləri də var ki, onlar məsumiyyətə və əzələ daha yaxındırlar. Rənglər, səslər, sözlər və digər vasitələr Tanrını yamsılamaqdan çıxıb, daha uzaqlara yol alır. Tanrını yamsılamaq və onu bilinən notlarla ifadə etmək gözəl olsa da bir qədər dayazdır. Halbuki təkcə bilinənlər yox, bilinməyənlər də Tanrıdır. Sebastiyan Bax bəlli həvadisi gözəlliyin heyrətamiz simmetriyasına bürüyərək, bir daha ortaya çıxardı. Amadey Motsart kainatı insana yaxınlaşdırdı, ancaq hər ikisindən qorxaraq, dəhşətli müəmmaya imza atdı. Lüdviq Van Bethoven isə Tanrının simmetriyasını pozdu. Birdəfəlik hər şeyi insana verdi, üstəlik Tanrını bir az da borclu etdi insana. Lakin xilqət qaçılmaz bir çənbər olduğu üçün pozulan hər simmetriyanın müəllifi yenə də o simmetriyanı yaradandır. Fərdi heyrət məqamı dərinləşdikcə, insanı Tanrıdan seçmək çətinləşir. Həllac Mənsur "Ənəlhəq" dediyi zaman ətrafdakılar Allahı insandan seçə bilmədilər. Çünki heyrət məqamı o qədər möhtəşəm idi ki, ortada nə Allah qalmışdı, nə insan! İnsanın ən ali məqamı insanlıq məqamını tərk etdiyi zaman gerçəkləşir. Xilqət məqamlarla ayrıldı, sevgiylə birləşdi. Yaradanlıq keyfiyyəti insan xilqətinin mayasına qatılmış nurdur. Allahın hər kəsdən gizlətdiyini, lakin hər kəsə açıb demək istədiklərini insan xilqəti gerçəkləşdirdi. Heç kəsin götürə bilmədiyi, təkcə insana yüklənən əmanət elə budur. O əmanətin adı Sirrullahdır! Kainatın axını sirr deyil. Sirr olan bu axının mahiyyəti və hədəfidir ki, o da ikinci bir yaradıcılıqla, yəni insan ağlı, insan qəlbi, insan əli, insan səsi, insan sözü ilə mümkün olur. Mövlana Rumi həzrətləri demişkən, başqa bir şey yox, ancaq insan arzulayıram!
Fəxrəddin Salim
banner

Oxşar Xəbərlər