Yaponiyada 4-cü böyük mobil operatorun qurulmasında iştirak edən azərbaycanlı - Gör-götür

Yaponiyada 4-cü böyük mobil operatorun qurulmasında iştirak edən azərbaycanlı - Gör-götür

Gənclik qəzeti
17 Oktyabr 2019, 13:09 846
Düşünür ki, insanın keçdiyi yolda qarşısına çıxan hər bir nüans onun üçün təcrübədir. Yəni heç bir şey itirmir, insan nə qədər uğursuzluq yaşayırsa, bu, ona daha yaxşı təcrübə qazandırır. "Heç vaxt həvəsdən düşmək lazım deyil” deyən müsahibimiz Yaponiyadakı "Rakuten Mobile” adlı 4-cü böyük mobil operatorun qurulmasında iştirak azərbaycanlı mütəxəssis Vüsal Süleymanovdur.

- Sosial şəbəkədə ilk çalışdığınız iş yeri olaraq "Aztelecom”u qeyd etmisiniz. Burda işə 2006-cı ildə başlamısınız. Orta məktəbi isə 1997-ci ildə bitirmisiniz. Karyeranıza bu qədər gec başlamağınızın səbəbi nədir?
- Professional karyerama bir az gec başlamışam. Bunun da müəyyən səbəbləri var. Belə ki, orta məktəbi bitirəndə, sənədlərimi iqtisadiyyat yönümlü sahəyə verdim, ancaq qəbul ola bilmədim və Bakı Rabitə Kollecinə daxil oldum. Kollecdə oxuduğum müddətdə hərbi xidmətə getdim. Əsgərlikdən qayıdandan sonra kolleci bitirdim. Bir müddət öz ixtisasım üzrə işləmədim, sonra yenidən təhsil almaq fikrinə düşdüm. Azərbaycan Texniki Universitetinə telekommunikasiya ixtisası üzrə daxil oldum. Elə tələbə vaxtı "Aztelecom” şirkətində CDMA şöbəsində işə başladım. CDMA bir mobil rabitə standartıdır.
 
- Kolleci bitirəndən sonra hansı işlərdə çalışdınız?
- O vaxtlar kiçik şəxsi biznesimiz var idi, qardaşlarımla işləyirdim, həm də universitetə hazırlaşırdım.

- Özünüz evdə hazırlaşırdınız, yoxsa müəllim yanına gedirdiniz?
- Bizim ailəmiz Ağdamdan məcburi köçkündür. İşğaldan sonra 1992-ci ildə Mingəçevirdə məskunlaşdıq. Orda 1 saylı məktəbin kimya təmayüllü sinfini bitirmişəm. Məktəbi bitirən ili bir az müəllim yanına hazırlığa getmişdim, ancaq qəbul ola bilməmişdim. Riyaziyyatı yaxşı bildiyimə görə, Texniki Universitetə daxil olmaq üçün müəllim yanına getmədim, cəmi 3 ay fərdi olaraq özüm hazırlaşdım.
 

 
- Universitetə qəbul olmayıb kollecdə təhsil alanların böyük qismi elə bu təhsillə kifayətlənir. Sizdə fərqli olub...
- Kolleci bitirəndən sonra iş üçün rabitə müəssisələrinə müraciət edirdim, ancaq təklif olunan işlər məni qane etmirdi. Öz potensialıma güvənərək daha yüksək səviyyədə işləri görəcəyimi bilirdim. Kolleci bitirməklə hədəflərimə çata bilməyəcəyimi gördüm və bu sahədə ali təhsil almaq qərarı verdim. Birinci il imtahandan kəsildim, çünki hazırlıqsız getmişdim. Lakin sonra özümdə güc tapdım və hazırlaşmağa başladım. O vaxt yaşım da irəliləmişdi, ona görə hazırlığa getməyi də düşünmürdüm. Evdə özüm hazırlaşdım. Əslində, Texniki Universitetə daxil olmaq mənim üçün asan olmalı idi. Hətta orta məktəbi bitirəndə o universitetə sənəd versəydim, mütləq qəbul olardım. İkinci cəhdimdə qəbul oldum və radio mühəndislik və rabitə fakültəsində çoxkanallı telekommunikasiya sistemləri ixtisası üzrə oxudum.

- "Yaşım irəliləmişdi” dediniz. Universitetə qəbul olanda neçə yaşınız var idi ki?
- Aradan çox vaxt keçmişdi. Kolleci oxudum, 1 il 9 ay əsgərlikdə oldum, sonra 2-3 il başqa işlərdə çalışdım. 24 yaşımda nəhayət ki universitetə qəbul oldum.

- 24 yaşda "gecdir” demədiniz? Ətrafda belə deyənlər olurdu?
- Əlbəttə, deyənlər olurdu. Texniki Universitetə ikinci dəfə imtahan verəndə deyirdim ki, bu, son şansımdır, qəbul ola bilməsəm, demək ki qismətimdə yoxdur. Ancaq təhsil almağın yaş cəhətdən gec olduğunu fikirləşmirdim.
 
- Bu dəfə də kəsilsəydiniz, sizcə, necə olardı?
- Həyatım tamamilə başqa cür ola bilərdi. Çünki kolleci bitirməklə uğur əldə edə biləcəyimi düşünmürdüm. Düzü, mütəxəssis kimi yetişməyimdə ali təhsilimin birbaşa rolu olmayıb. Məsələn, Yaponiyada işə gələndə heç kim məndən diplomumu soruşmayıb. Diplom əslində o qədər də əhəmiyyət kəsb etmir. Ancaq ali təhsilin açdığı başqa imkanlar var. Bu, vacib amildir. Hətta qlobal şirkətlərin rəhbərləri içərisində təhsilini yarımçıq qoyan, heç təhsil almayanlar da var. Amma o vaxtlar Azərbaycan reallığında ali təhsil almaq vacib sayılırdı.

- Universitetdən 1-2 il kəsilən tələbələrə bizdə bacarıqsız kimi baxırlar. Bununla bağlı fikirləriniz maraqlıdır.
- Orta məktəbi bitirdiyim il İqtisad Universitetinə daxil ola bilməyəndə, atam böyük xəyal qırıqlığı yaşadı. Çünki qəbul olacağıma əmin idi. İmtahandan öncə artıq universitetdə oxuduğumu belə təsəvvür edirdi. Həyəcandan, ya nədənsə çox cüzi balım çatmadı, kəsildim. Artıq ətrafdakılarda belə təsəvvür yaranmışdı ki, universitetə qəbul olmaq iqtidarında deyiləm, o qədər də savadım yoxdur. Rabitə kollecində oxumağım da əslində atamın təşəbbüsü idi. Dedi ki, universitetə qəbul ola bilmədin, faciə deyil, bu balla istənilən kollecə, texnikuma düşə bilirsən. Dedi ki, bir ixtisas seç, peşə sahibi ol. "Elektronika sahəsi üzrə sənətkar olarsan” dedi. Bu zaman məndə də xəyal qırıqlıqları olurdu, amma hədəfimdən yayınmırdım. İnsan nə qədər uğursuzluq yaşayırsa, bu, ona daha yaxşı təcrübə qazandırır. Heç bir şey itirmir. Ona görə heç vaxt həvəsdən düşmək lazım deyil. Hədəfin varsa, çox çalışırsansa, mütləq uğur əldə edəcəksən.
 
- İlk olaraq iqtisadiyyat, sonra da texniki sahəyə maraq göstərmisiniz. Bəs orta təhsili niyə kimya-biologiya təmayüllü sinifdə almısınız?
- Kəndimiz işğal olunanda 13 yaşım var idi, Mingəçevir şəhərinə gəldik. Arada bir il, il yarım məktəbə getmədim, dərs oxumadım. Hətta sonra məktəbdə necə davranmaq lazım olduğunu, oxuduqlarımı belə unutmuşdum. Amma kəndimizdə olanda, məktəbdə çox yaxşı oxuyurdum. Ona görə atam yaxşı təhsil almağımı istəyirdi. Atam mənim üçün yaxşı məktəb axtarırdı, ona da həmin məktəbi məsləhət görmüşdülər. Yoxsa kimya-biologiya ilə bağlı ixtisasa yönəlmək kimi bir fikrim yox idi.
 
- İlk iş yerinizdə bir ildən bir az çox çalışmısınız. Tez ayrılmağınızın səbəbi nə idi?
- Bir müddət sonra artıq orda işləmək məni qane etmədi, daha da irəli getməyə, yeni texnologiyalarla maraqlanmağa başlamışdım. İngilis dilini öyrənməyə başladım və bu müddətdə başqa işlərə də müraciət edirdim. Onlardan biri də "Nokia” şirkəti idi. O vaxt adı "Nokia Siemens Networks” gedirdi. Həmin şirkətə birinci dəfə müraciət edəndə, müsahibəyə çağırdılar, ingilis dilim zəif olduğu üçün qəbul etmədilər. Şirkətin kadrlar şöbəsinin müdiri alman xanım idi, mənə dedi ki, texniki biliyin var, ingilis dilini təkmilləşdir, səni yenidən müsahibəyə dəvət edəcəm. 3-4 ay ingilis dili üzərində işlədim və yenidən iş üçün müraciət etdim. İkinci cəhddə müsahibədən keçdim və orda işə başladım. Beləliklə, mobil telekommunikasiya sektoruna gəldim. Sonra bu sahədə müxtəlif şirkətlərdə, fərqli ölkələrdə işlədim. O vaxtlar əməkdaşlıq etdiyim Optimum Network Solutions (ONS) adlı bir türk şirkəti var idi və onun xarici ölkə xaricindəki layihələrinə cəlb olundum. İlk dəfə 2010-cu ildə Tacikistana getdim, orda bir layihədə işlədim. Sonra bir müddət Türkiyədə "Turkcell”in layihələrində və Azərbaycanda "Azerfon” şirkətində bir layihədə çalışdım. 2010-cu ilin sonlarında "Bakcell”də Radio Şəbəkələrin Planlaşdırılması və Optimiallaşdırılması üzrə baş mühəndis kimi işə başladım, 3 ildən artıq orda işlədim. "Bakcell”dən sonra yenidən ölkə xaricində karyeram başlayıb. 2013-cü ildən bəri dünyanın bir neçə ölkəsində müstəqil ekspert kimi çalışıram. Bu günə kimi Azərbaycanda daxil olmaqla 7 fərqli ölkədə mobil telekommunikasiya sahəsində müxtəlif layihələrə cəlb olunmuşam. Bu ölkələr Tacikistan ("Tajikcell”), Türkiyə ("Turkcell” , "TurkTelekom”), İspaniya ("Telefonica”), İndoneziya (BOLT), Madaqaskar ("Airtel”) və Yaponiyadır ("Rakuten Mobile”).
 


- Uğur qazanmaq üçün çox çalışmağın önəmli olduğunu dediniz. Siz öz təcrübənizdə necə çalışmısınız?
- Mənim məşğul olduğum sahə çox spesifikdir. Demək olar ki, Azərbaycanda bunun məktəbi yoxdur. Azərbaycandakı universitetlərdə müasir mobil telekommunikasiya sahəsində nə o qədər pedaqoq var, nə də lazım olan vəsait. Ona görə bu sahəni seçmiş insanlar özlərini təkmilləşdirmək üçün lazım olan vəsaitləri müxtəlif mənbələrdən axtarıb tapmalıdırlar. Çox çalışmaq deyəndə bunu nəzərdə tuturam ki, texniki sahədir və texnologiya o qədər sürətlə inkişaf edir ki, kadr olaraq ona ayaq uydurmaq hazırda çox çətindir. Mənim sahəmdə Azərbaycanda təcrübəli kadr elə də çox deyil, amma dünyada çox təcrübəli mütəxəssislər var. Bunlarla bir yerdə işləmək üçün öz üzərində daim çalışmalı, yeni texnologiyaları öyrənməlisən. Artıq elə bir rəqabət dövrüdür ki, hər sahədə öz sözünü demək istəyənlər daha çox çalışmalı, daha çox işləməlidir.

- Sahənizin spesifikliyindən danışdınız. Bir az bu haqda məlumat verin...
- Dünyada mobil telekommunikasiya sektorunda operatorları avadanlıqla təchiz edən bir neçə böyük təchizatçı var. Onlara vendorlar deyirlər. O vendorlar Finlandiyanın "Nokia”, İsveçin "Ericsson”, Çinin "Huawei” və "ZTE” şirkətləridir. Son vaxtlar Cənubi Koreyanın "Samsung” şirkəti də bu siyahıya əlavə edilir. Bu tipli kiçik şirkətlər də var. 3GPP, ETSI və bu kimi beynəlxalq qurumlar telekommunikasiya sahəsində ümumi standartları və protokolları müəyyən edirlər. Hansı ki adını çəkdiyim bütün qlobal təchizatçılar bu standartlara uyğun olaraq fəaliyyət göstərirlər. Amma vendorların özlərinin spesifik yanaşmaları var və telekom mütəxəssisləri də buna görə müxtəlif kateqoriyalara bölünürlər. Məsələn, "Huawei” avadanlıqları üzrə ixtisaslaşmış mütəxəssis və s. Mən "Nokia” avadanlıqları ilə daha çox işlədiyim üçün "Nokia” sahəsində mütəxəssis kimi yetişmişəm. Ona görə son zamanlar davamlı olaraq "Nokia” şirkətinin layihələrinə dəvət alıram.

- Hazırda "Nokia”nın hansı layihəsindəsiniz?
- Yaponiyada "Rakuten Mobile” adlı 4-cü böyük mobil operator qurulur. Dünyada ilk dəfə olaraq burda ən son texnologiyalar tətbiq olunur. Təzə operator olduğu üçün hər şey sıfırdan quruluq. Tam bulud texnologiyaları üzərində qurulan virtual 4G və 5G şəbəkəsidir. Biz də bu operatorun radio şəbəkəsinin planlaşdırılması, baza stansiyaların istismara hazır vəziyyətə gətirilməsi və eyni zamanda istismardan sonrakı müddətdə şəbəkənin qüsursuz, dayanıqlı işləməsini təmin etmək üçün optimallaşdırma işlərinin aparılmasında ekspert kimi çalışırıq. Yaz aylarında şəbəkənin geniş istifadəçi kütləsinin istismarına təqdim edilməsi planlaşdırılır.

- Ölkə xaricində işləməyə getsəniz də, qayıdırsınız. Bir çox kadr getdiyində uzun müddət qalmağı üstün tutur. Sizin dönməyinizin səbəbi nə olur?
- Avropa, Asiya, Afrika ölkələrində iş fəaliyyətim olub. Uzun müddət Türkiyədə çalışmışam, indi də Yaponiyadayam. Bu layihəyə digər ölkələrdən cəlb olunan bir çox adam birdəfəlik köçmək qərarı veriblər, ailələrini gətirirlər. Mən də bunu edə bilərəm. Çalışdığım ölkələrdə qarşıma belə şanslar çox çıxır, ancaq nədənsə heç vaxt bu haqda düşünməmişəm. Bir az vətənə bağlı adamam. 1-2 illik layihə olur, gedib işləyib qayıdıram.

Tanınmış türk şirkəti P.I.Works ilə əməkdaşlıq etdiyim illərdə Verizon kimi Amerika şirkətlərinin layihələrinə də dəstək verdiyim olub, ancaq heç vaxt ora köçmək haqqında düşünməmişəm.
 


- İşlə bağlı ölkələri dəyişəndə ailənizi də özünüzlə aparırsınız?
- Uzaq ölkələrə gedəndə yox. Çünki ailənin adaptasiya olması çox çətindir. İqlim, mədəniyyət, mühit və s. hər şeyi dəyişmək asan proses deyil. Ailəmi də seçdiyim bu yolda o ölkə-bu ölkə sürümək istəmirəm. Türkiyə dil, mədəniyyət baxımından yaxın olduğu üçün ordan layihəyə dəvət alanda aparıram. Yaponiyaya gətirmək haqqında düşünmürəm. Bilirəm ki, uyğunlaşmaqları çətin olacaq. Ona görə özüm tez-tez getməyə çalışıram. Tez-tez deyəndə ki, uzaq ölkə olduğu üçün hər istədiyimdə də gedə bilmirəm. Ən son ötən ay ölkədə olmuşam. Oğlum birinci sinfə gedirdi, ailəmin yanında oldum. Bir də yeni ildə gəlməyi düşünürəm.

- Xaricdəki işlərə təcrübə, yoxsa maliyyə üçün gedirsiniz?
- Təcrübə böyük amildir, hər layihədə böyük təcrübə qazanırsan, lakin illər keçdikcə o təcrübənin sənin sosial rifahının artmasında da bir rolu olmalıdır. Yaponiyadan öncə bir il Bakıda çalışdım. Afrikada - Madaqaskarda bir layihədə çalışırdım, bitirib ölkəyə qayıtdım, orda "Nokia”nın "Bakcell və "Azercell”lə layihələri var idi, məni də dəvət etdilər. Xarici ölkədə çox qalmışdım, yorulmuşdum, üstəlik də qızım yeni anadan olmuşdu, ona görə ailəmin yanında qalmaq istəyirdim, Bakıdakı təklif də yerində oldu və qəbul etdim. Amma Azərbaycanda davamlı olaraq mühəndis, konsultant kimi işləmək məni qane etmir. Verilən maaş təcrübəmə uyğun olmur deyə, yenə xarici ölkələrə üz tutmaq məcburiyyətində qalıram. Çünki xarici ölkələrə gedəndə dərəcənə görə maaş təyin edilir.

- Burda aldığınız maaşla orda verilən maaş arasında fərq nə qədər olur?
- Müqayisəolunmaz dərəcədə fərq olur (Gülür). Məsələn, Azərbaycanda 10-15 il təcrübəsi olan mütəxəssisin aldığı maaş 1500-2000 civarında olur. Bəlkə də, bu, Azərbaycan standartlarında, sosial mühitində yüksək maaşdır. Ancaq qlobal standartlara baxanda, heç də yüksək məbləğ deyil. Ona görə xaricdə işləyəndə qat-qat yüksək məvacib ala bilirik. Əlbəttə, o məvacibin vergiyə, şəxsi problemlərə gedən hissəsi də olur. Amma xərcləri çıxandan sonra sənin əlində qalan pulu müqayisə etsək, 3-4 dəfə fərq var.

- 4 aydır ki, Yaponiyadasınız. İndiyə qədər olduğunuz ölkələrin iş mühiti ilə Yaponiyanı müqayisə etsək, nələri deyə bilərsiniz?
- Yaponiya çox fərqli iş mühitində sahib ölkədir. Yaponlar işləməyi həddindən artıq sevirlər. Burda "karoşi” deyilən bir söz var, həddən artıq işləməkdən ölmək anlamına gəlir. Hər il bir neçə insan çox işləməkdən həyatını itirir. Bu xoşagələn hal deyil, amma bunlar işləməyi sevirlər.

Digər tərəfdən, işə münasibət, nizam-intizam hədsiz dərəcədə yüksəkdir. Bunlarda bütün sahələrdə işləyən insanlar işlərini qüsursuz görməyə çalışırlar. Hətta bəzən adama elə gəlir ki, bunlar insan yox, robotdurlar, bu şəkildə işlərini qüsursuz görürlər. Ona görə heç bir sahədə bunlarda hər hansı qüsur, səhv və ya problem görmürsən. Dəqiq şəkildə qurulmuş sistemləri var və hər kəs də buna uyğun şəkildə çalışır.

Aygün Asimqızı