• cümə axşamı, 28 mart, 16:25
  • Baku Bakı 16°C

Yaponiya və ABŞ təhlükəsizlik barədə müqavilənin 60 illiyini qeyd edir

19.01.20 14:16 1033
Yaponiya və ABŞ təhlükəsizlik barədə müqavilənin 60 illiyini qeyd edir
Yanvarın 19-da Yaponiya və ABŞ arasında qarşılıqlı əməkdaşlıq və təhlükəsizliyin təmin edilməsi barədə müqavilənin 60-cı ildönümü qeyd edilir.
AZƏRRTAC-ın Tokio bürosuna bununla əlaqədar Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi, Müdafiə naziri Taro Kono və ABŞ-ın Dövlət katibi Mayk Pompeo, Müdafiə naziri Mark Esper tərəfindən imzalanmış birgə bəyanat daxil olub.
Bəyanatda qeyd edilir ki, həmin sənədin imzalanmasından 60 il keçməsinə baxmayaraq, bu müqavilə Yaponiya-ABŞ alyansının əsasını təşkil edir və Asiya-Sakit okean regionunda sülhün və sabitliyin təminatçısı kimi çıxış edir.
Yaponiyanın və ABŞ-ın xarici işlər və müdafiə idarələrinin rəhbərləri ilk növbədə bu əlamətdar hadisə ilə bağlı əvvəlki nəsillərə minnətdarlıqlarını bildirərək yazırlar: "Sənədin 60 illik yubileyini və II Dünya müharibəsinin başa çatmasından ötən 75 ildə ölkələrimiz arasında dostluğu və qarşılıqlı inamı qeyd edərək biz əvvəlki nəsillərə onların müdrikliyinə, cəsarətinə və uzaqgörənliyinə hörmətimizi ifadə edirik”.
Bununla yanaşı, nazirlər hər iki ölkənin hərbiçilərinə də ümumi dəyərlərin və maraqların müdafiəsinə istiqamətlənmiş sədaqətli xidmətlərinə görə də təşəkkürlərini bildirirlər.
Bəyanatda qeyd edilir ki, tərəflər demokratiya, insan haqları və beynəlxalq hüquq kimi dəyərlərə hörmətlə yanaşaraq, hər iki ölkənin təhlükəsizliyinin təmin edilməsi üçün mühüm əməkdaşlığın inkişafına səy göstərəcəklər. Yaponiya və ABŞ, həmçinin onlara məxsus olan azad və açıq Hind-Sakit okean regionu barədə birgə konsepsiyanın həyata keçirilməsi istiqamətində işləri davam etdirəcəklər.
Sənəd ötən 60 ildə əldə edilmiş nailiyyətlərə hörmətlə yanaşaraq, hər iki ölkə tərəfindən mövcud alyansı möhkəmləndirmək istiqamətində qətiyyətli fəaliyyətin davam etdiriləcəyi barədə fikirlə başa çatır.
Xatırladaq ki, ABŞ ilə Yaponiya arasında qarşılıqlı əməkdaşlıq və təhlükəsizliyin təmin edilməsi barədə müqavilə 1960-cı il yanvarın 19-da Vaşinqtonda imzalanıb. Həmin sənədi Yaponiya tərəfdən indiki Baş nazir Şinzo Abenin babası, həmin vaxt hökumətin rəhbəri olmuş Nobusuke Kişi imzalayıb.

banner

Oxşar Xəbərlər