• şənbə, 27 Aprel, 06:34
  • Baku Bakı 12°C

Yaponiya koronavirusa qarşı dərmanı dünya ölkələrinə pulsuz verəcək

29.04.20 16:43 2957
Yaponiya koronavirusa qarşı dərmanı dünya ölkələrinə pulsuz verəcək
Əlibəy Məmmədov: "Yaponiya səhiyyəsi daha keyfiyyətli iş qura bildi deyə, virusun yayılması o qədər də geniş vüsət almadı”

Koronavirusdan ən çox zərər çəkən ölkələrdən biri də Yaponiyadır. Tokio-2020 Yay Olimpiya Oyunlarının təxirə salınması Yaponiyanın iqtisadiyyatına da böyük zərbə oldu. Belə ki, oyunların 1 il təxirə salınması ilə Yaponiya iqtisadiyyatı 6 milyard dollar itirmiş oldu. Hazırda Yaponiyada vəziyyət necədir? Koronavirusla mübarizə necə aparılır? Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri Əlibəy Məmmədovla danışdıq. "Kaspi" nin suallarını cavablandıran müsahibimiz, bizi Yaponiyadakı real vəziyyətlə tanış etdi.

- Yaponiyada koronavirusla bağlı real vəziyyət necədir?

- Son məlumatlara görə, Yaponiyada yeni növ koronavirusa yoluxanların sayı 13576, ölənlərin sayı 376 nəfərdir. Aprelin 7-də, öncə 7 prefekturada, aprelin 16-da isə bütün ölkə üzrə fövqəladə vəziyyət elan olundu. May ayının 6-da fövqəladə vəziyyətin bitəcəyi gözlənilsə də, mütəxəssislər rahatlaşmamağa, tədbiri əldən verməməyə çağırırlar.
Yaponiyada elan edilmiş fövqəladə vəziyyət Avropa ölkələrində olduğu kimi, öz sərtliyi ilə seçilmir. Yəni insanların evdən çıxmasına heç bir qadağa qoyulmayıb. Ölkədaxili qatarlar, avtobuslar, təyyarələr, poçt sistemi işləyir. Gündəlik tələbat məhsulları satılan bütün mağazalar açıqdır. Sadəcə, virusun yayılmasının qarşısını almaq üçün hər bir regionun, prefekturanın qubernatoru digər prefekturalardan insanların gəlməsinə mənfi yanaşırlar və onları gəlməməyə çağırırlar.

- Yaponiyada insanlar sosial təcrid qaydalarına necə əməl edirlər?
- Yaponiyalılar həddindən artıq soyuqqanlı və olduqca intizamlı xalqdır. Ölkənin baş naziri fövqəladə vəziyyət elan edilən zaman vəziyyətin ağırlığını izah edəndən sonra insanlar özləri evlərinə çəkilməyə başladılar. Onlar özləri vəziyyətin ciddiliyinin fərqinə varırlar. Onların qida rejimi qaydasındadır. Belə ki, keyfiyyətli məhsullar yeyir, vitaminlərdən lazımınca istifadə edirlər. Səhiyyə sistemi kifayət qədər keyfiyyətli iş görür. Buna görə də Yaponiyada vəziyyət hələ ki, İtaliya, İspaniya və Amerikadan fərqlidir. Onu da qeyd edim ki, Yaponiy, dünyada forsmajor vəziyyətlərə ən hazır olan, ən adekvat reaksiya verən ölkədir. İkinci Dünya Müharibəsindəki ağır məğlubiyyətdən tutmuş, son 30 ildə baş verən güclü zəlzələlər, sunamilər, güclü yağışlar nəticəsində baş verən daşqınlar, sellər, qəza baş verən atom elektrik stansiyasının zərərləri bitmir, bitməyəcək də. Amma siz heç zaman yaponlarda bir damla göz yaşı, ruhdan düşmək kimi hallar görməyəcəksiniz. Daima çalışıb-vuruşurlar, düşdükləri vəziyyətin həlli yollarını mütləq şəkildə tapırlar. Nə qədər ki, Yaponiya kimi dövlət var, bu dünya hər zaman ayaqda qalacaq və bütün çətinliklərin öhdəsindən gələcək. İnsanlar arasında ünsiyyət və təmasın minimum 70%, maksimum 80% azaldılması fonunda, virusa yoluxanların sayında tədricən azalmanın müşahidə olunacağı düşünülür.
- Hökumətin, virusun yaratdığı problemlərin neytrallaşdırılması ilə bağlı hansı iqtisadi və sosial proqramları var?
- Hökumət, öncə kasıb, gəliri həddindən artıq azalmış ailələrə birdəfəlik 300 min yen (texminen 2790 dollar) ödəməyi düşünürdü, sonradan fikrlərini dəyişərək, koronavirusun bütün cəmiyyətə, insanlara, bütün sahələrə təsirini nəzərə alaraq, hər bir vətəndaşa, o cümlədən bu ölkədə yaşayan xaricilərin hər birinə birdəfəlik 100 min yen (texminen 930 dollar) ödəməyə qərar verdi. Amma bu, könüllüdür. Yəni kim istəməsə, müraciət edə bilər ki, maddi vəziyyətim yaxşı olduğu üçün imtina edirəm. Bundan əlavə şirkətlərin bankrot olmaması üçün çox aşağı faizlə uzunmüddətli olaraq dövlət kreditləri ayrılır. Müraciət edənlərin yarıdan çoxu bu kreditləri əldə edə bilir. Eyni zamanda, kiçik və orta sahibkarlar maksimum 2 milyon yen (texminen 18600 USD), Fiziki şəxs kimi bizneslə məşğul olanlara maksimum 1 milyon yen (9300 USD) yardım etməyə qərar verdi.
Bu iqtisadi yardımlarda müəyyən boşluqlar, tənqid olunmalı məqamlar var və Yaponiya cəmiyyətində bu məsələlər ciddi şəkildə müzakirə edilir. Lakin qeyd etmək lazımdır ki, hökumət bu günə kimi görünməmiş səviyyədə yardım paketi hazırlayıb.
- Tibbin inkişaf etdiyi Yaponiyanın alim və həkimləri koronavirusa qarşı mübarizə çərçivəsində hansı işlər görürlər?
- Yaponiyanin məşhur şirkətlərindən birinin istehsal etdiyi "Abiqan” preparatları üzərində ciddi işlər aparılır. Koronavirusa qarşı ciddi effektin olacağına ümid bəslənilən bir preparatdır. Onu da qeyd edim ki, qriplə mübarizədə çox yaxşı nəticələri əldə olunmuş, sübut edilmiş preparatdır. Yaponiyanın xarici işlər naziri qeyd etdi ki, İran, İndoneziya, Macarıstan, Hollandiya, Filippin də daxil olmaqla, 70 ölkədən müraciət daxil olub və onlardan 38-nə yaxın zamanlarda "Abiqan” preparatları pulsuz paylanılacaq. Müraciət edəcək istənilən ölkəyə bu preparatları pulsuz verməyə hazır olduqlarını bildirirlər. Bunun qarşılığında həmin ölkələrdən preparatın xəstələrə təsirləri haqda məlumatlandırılmaları xahiş olunur. Bilirsiniz, "Abiqan” preparatlarının yan təsirləri olduğuna görə, hökumət hər bir ölkəyə ayrı-ayrılıqda izahat verir. Yaponiya hökuməti beynəlxalq səviyyədə bu preparatların nəticələri haqqında məlumat toplamaq istəyir. Təkcə Yaponiyada deyil, bütün dünyada virusun qarşısını almaq lazımdır ki, bu ölkə üçün də əlavə təhlükə törətməsin.
Ağciyərlər üçün süni ECMO aparatları var ki, onların istehsalının artırılmasına diqqət edilir. Süni nəfəs aparatı xəstəliyin ilkin mərhələlərində ağciyərin işini gücləndirir, Ecmo aparatları isə bədənin xaricində olan süni ağciyərdir ki, insanın ağciyərini əvəz edir. Yaponiyada yaşlı insanların sayı çox olduğuna görə, bu aparatlara ehtiyac var. Süni nəfəs aparatları və ECMO adlandırılan aparat olmasa, ağır xəstələrin həyatda qalma şansı demək olar ki, sıfıra bərabərdir.
- Özünüz karantin günlərini necə keçirirsiniz?
- Standart gigiyenik qaydalara riayət etməyə çalışırıq. Gün ərzində, normalda etdiyimizdən daha çox əlimizi yuyur, boğazımızı yaxalayırıq. Məcbur olmadığımız halda insanlarla ünsiyyətdən və təmasdan çəkinirik. Daha çox onlayn görüşlərə üstünlük veririk. Yaponiya hökumətinin etdiyi çağırışlara, tövsiyələrə qulaq asmağa çalışırıq.
- Yaponiyada yaşayan azərbaycanlılar arasında virusa yoluxanlar varmı?
- Rəsmi statistikaya inansaq, Yaponiyada yaşayan azərbaycanlıların sayı 161 nəfərdir. Uzunmuddətli yaşayanların sayının 50-dən artıq olduğunu düşünürəm. Tokioda yerləşən səfirliyimizlə də əlaqə saxlamışam. Yaponiyada yaşayan azərbaycanlılar arasında virusa yoluxma ilə bağlı rəsmi məlumat yoxdur.
- Olimpiadanın təxirə düşməsinin Yaponiya iqtisadiyyatına böyük zərbə olduğu da deyilir.
- Oyunların 1 il təxirə salınmasının Yaponiya iqtisadiyyatına vurduğu zərər təxminən 640 milyard yen (6 milyard dollar) edir. Əgər olimpiada, ümumiyyətlə, ləğv olunsaydı, bu itki təxminən 4 trilyon 515 milyard (42 milyard dollar) olacaqdı. İnsan həyatı, yoxsa iqtisadiyyat? Bu sual, əlbəttə, çoxlarını düşündürdü.
Mart ayında Yaponiyaya səyahət edən xarici turistlərin sayında 93% azalma qeydə alınıb ki, bu da tarixdə ən pis göstəricidir. Mart ayı Sakura mövsümü olduğuna görə, ölkəyə gələn turistlərin sayı da çox olur. 2019-cu ilin mart ayında ölkəyə gələn xarici turist sayında göstərici 2 milyon 760 min nəfər olduğu halda, 2020-ci ilin mart ayında cəmi 193700 nəfər olub. Bundan əlavə, Yaponiyadan ixrac olunan məhsullarda da azalma müşahidə olunub. İxrac dövriyyəsində 11.7% azalma var.
- Yaponiya dünyanın ən yaxşı təhsil verən ölkələrindəndir. Sizcə, koronavirus bu ölkənin təhsil sisteminə nə kimi təsir edəcək?
- Əlbəttə, Yaponiyanin təhsil sistemi də təsirsiz qalmayacaq. Artıq 2 aydır ki, təhsil dayandırılıb, bəzi yerlərdə onlayn təhsilə keçilib. Bəzi yerlərdə isə müəllimlər tapşırıqları şagirdlərin evlərinə poçtla göndərirlər. Düşünürəm ki, koronavirus təkcə Yaponiyada deyil, bütün dünyada distant - məsafəli təhsilin daha da geniş yayılmasına böyük təkan vermiş olacaq.
Eyni zamanda, onu da qeyd edim ki, Yaponiyada tədris aprel ayında başlayır. Son zamanlar müzakirələr gedir ki, Yaponiyada da tədris, dünya standartlarına uyğun olaraq, apreldən yox, sentyabrdan başlasın. Buna əsas səbəb kimi, mart və aprel aylarında qripin daha çox yayılması göstərilir.

- Yaponiyada fövqəladə vəziyyət bir qədər gec elan olundu. Yubanmanın isə olimpiadaya görə olduğu da iddia edilir.
- Bu məsələ ilə bağlı müxtəlif versiyalar var. Mən hesab edirəm ki, digər ölkələrlə müqayisədə, Yaponiya səhiyyəsi daha keyfiyyətli iş qura bildi deyə, virusun yayılması o qədər də geniş vüsət almadı. Sadəcə, Yaponiya hökuməti beynəlxalq təzyiqləri, xüsusilə Amerikanın təzyiqini nəzərə alaraq, daha çox insanın test edilməsini həyata keçirdi ki, təbii olaraq, bu da virusa yoluxanların aşkar olunması işini sürətləndirmiş oldu. Bundan əlavə, İtaliyada və İspaniyada olanların Yaponiyada təkrarlanmaması üçün, yaponiyalı mütəxəssislərin fikrini əsas götürməklə, ölkədə fövqəladə vəziyyətin elan olunması qənaətinə gəlindi. Buna qədər həm də parlamentdə bununla bağlı qanun layihəsi qəbul edilməli idi ki, buna da zaman tələb olunurdu. Bütün bu sadaladıqlarım və bir çox digər məsələlər səbəbilə Yaponiyada fövqəladə vəziyyətin nisbətən gec elan olunması fikri ilə razılaşmaq olar.

Xəyalə Rəis




banner

Oxşar Xəbərlər