YAP yeni dövrün çağırışlarını nəzərə alır

YAP yeni dövrün çağırışlarını nəzərə alır

Siyasət
29 Noyabr 2019, 19:11 1118
Milli Məclisin buraxılması ilə bağlı Prezident İlham Əliyevə ünvanlanacaq müraciət islahatlara adekvat reaksiya vermək niyyətindən irəli gəlir
 
Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - İcra katibi Əli Əhmədov noyabrın 28-də partiyanın qərargahında mətbuat konfransı keçirib. Qeyd edilib ki, YAP Siyasi Şurasının iclasında Azərbaycanı parlamentində islahatlarla əlaqədar məsələ müzakirə edilib. Bildirilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahat konsepsiyası və onun uğurları cəmiyyətimizdə ciddi müzakirə olunur və insanlar bu islahatları dəstəkləyirlər.
 
 
 
Belə olan halda islahatlar istisnasız olaraq həyatımızın bütün sferalarını əhatə etməlidir. YAP üzvləri bu qənaətə gəliblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar qanunverici hakimiyyət sferasından da kənarda qalmamalıdır. Məhz buna görə də YAP Siyasi Şurasının iclasında partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət etmək tövsiyə olunub.
 
 

İcra katibi deyib ki, Konstitusiyaya edilən son dəyişikliklər əsasında Azərbaycan Prezidentinə parlamenti müəyyən şərtlər əsasında buraxmaq səlahiyyətləri təsbit edilib. Onun sözlərinə görə, Prezidentin bu səlahiyyətindən istifadə edərək parlamenti buraxması parlament və qanunvericilik sferasında islahatların həyata keçirilməsi üçün əlverişli imkan yarada bilər: "YAP Siyasi Şurasının müvafiq qərarından sonra Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputat korpusu ilə görüş keçirilib. Deputatlarımız yekdil formada partiyamızın Siyasi Şurasının qərarına hörmət ifadə edərək parlamentə məktub ünvanlamaq qərarına gəldilər. Toplantıda  iştirak edən deputatlarımızın hamısı müraciəti imzalayıblar və yaxın zamanlarda müraciət rəsmi şəkildə Milli Məclisə daxil olacaq. Hesab edirəm ki, parlamentdə bu qərara yaxın günlərdə baxılacaq”.
 


Mövzu ilə bağlı YAP İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov deyib ki, YAP-ın təşəbbüsü Konstitusiyaya tam uyğundur. YAP tərəfindən deputatların 5 illik fəaliyyəti ilə bağlı statistik təhlilinin aparıldığını deyən hakim partiyanın İcra katibinin müavini söyləyib ki, buna uyğun olaraq hər ay hesabat hazırlanaraq partiyada müzakirə olunur. Onun sözlərinə görə, növbəti seçkilərdə həmin deputatların təhlil müddətindəki fəaliyyəti nəzərə alınacaq. S.Novruzov eyni zamanda mətbuatda və sosial şəbəkələrdə növbəti seçkilərdə kimlərin olması ilə bağlı dərc olunan siyahıya da münasibət bildirib. O qeyd edib ki, siyahı havadan götürülmüş siyahıdır və hər seçki öncəsi belə siyahılar dərc olunur. Deputat bildirib ki, tərkibin dəyişməsi məhz seçicilərdən asılıdır: "Yeni Azərbaycan Partiyasının parlamentin buraxılması ilə bağlı təşəbbüsü Konstitusiyaya tam uyğundur: "Nə Şərqin, nə Qərbin, nə də hansısa Avropa strukturunun növbədənkənar parlament seçkilərinə heç bir aidiyyəti yoxdur. Azərbaycan müstəqil siyasət yeridir və hər hansı bloka qoşulmur. O baxımdan Azərbaycan dövləti öz siyasətini xalqının tələbinə uyğun olaraq qurur. Dünyada praktika belədir ki, müxalifət növbədənkənar seçkiləri önəmli sayır. Siyasi partiyanın işi seçkiyə hazırlaşmaq və orada iştirak etməkdir. Əgər onlar seçkiyə hazır deyillərsə və hazırlaşmayıblarsa, onda fəaliyyətləri nədən ibarətdir? Dəfələrlə şahidi olmuşuq ki, prezident seçkiləri zamanı namizəd tapa bilmirlər. Namizədliyin irəli sürülməsi prosesi yekunlaşmaq üzrə olanda onlar ya Rusiya vətəndaşı olan Rüstəm İbrahimbəyovu, ya da Cəmil Həsənlini haradansa tapıb gətiriblər”.
 


Vitse-spiker Bahar Muradova mövzu ilə bağlı "Facebook”dakı profilində status yazaraq bildirib ki, YAP hazırda içərisində olduğumuz yeni dövrün çağırışlarını, cəmiyyətin sosial sifarişini və partiyanın sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi dərin islahatlar siyasətindən irəli gələn tələbləri nəzərə alaraq, ölkə gündəmini, dövləti və milli maraqlarımıza uyğun olaraq dəyişmək iqtidarında olan bir qərar verib: "Növbədənkənar Parlament seçkilərinin keçirilməsi təşəbbüsünü irəli sürməklə hakimiyyətin hər üç qolu arasında qarşılıqlı əlaqəyə əsaslanan sistem xarakterli islahatlara, o cümlədən struktur və kadr dəyişikliklərinə, yeniləşməyə doğru cəsarətli bir addım atmaqla, Parlamentin də ölkənin ümumi inkişaf surətinə uyğunlaşması işinə əhəmiyyətli bir töhfə verilib. Azərbaycanın həyatının son 27 ilinin hər anı Heydər Əliyev ideyalarını reallaşdırmaqla xalqa xidmət yolu ilə irəliləyən Yeni Azərbaycan Partiyası ilə bağlıdır. Bu başlanğıcın da Azərbaycana və hamımıza faydalı olacağına dərin inamımı ifadə edərək hər birimizə xeyirli-uğurlu olsun deyirəm”.
 
 

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov parlamentlə bağlı qərarın Prezident İlham Əliyev tərəfindən aparılan islahatlara adekvat reaksiya vermək niyyətindən irəli gəldiyini söyləyib. Onun sözlərinə görə, bunu hakim partiya rəsmilərinin verilən qərarla bağlı açıqlamalarından da görmək mümkündür: "Hesab edirəm ki, qarşıda bizi gözləyən növbədənkənar parlament seçkiləri ilə davam etməkdə olan islahat mərhələsi özünün əhəmiyyətli fazasına qədəm qoyacaq. Bu mərhələnin uğuru üçün parlamentin yenidən formalaşması vacibdir. Təbii ki, gəncləşmə önəmlidir. YAP da bunu əsas tutur. Prezident İlham Əliyev də eyni zamanda hakim partiyanın rəhbəri kimi çıxışlarında bu məqamı vurğulayıb. Prezident İlham Əliyev çıxışlarında həmçinin islahatların daha da dərinləşəcəyini, gənclərin dövlət idarəçiliyində önə çəkiləcəyini bildirib. Düşünürəm ki, YAP-ın Siyasi Şurasının qərarı məhz bu baxımdan da müstəsna əhəmiyyət daşıyacaq. YAP illərdir ki, ölkəmizin həm siyasi, həm də ictimai həyatında mühüm missiya yerinə yetirən nüfuzlu institutdur. Pariyanın qəbul etdiyi qərar, bu xüsusda onun öz deputat korpusunu yeniləmək istəyi, həm də cəmiyyətə verilən mühüm yeniləşmə mesajıdır. Bu, nümunəvi addımdır”.
 
Rufik İSMAYILOV