YAP-ın 25 illik yubileyi münasibətilə 700 mindən artıq ağac əkiləcək
Noyabrın
21-də ölkəmizin ictimai-siyasi həyatında xüsusi çəkiyə malik, Azərbaycanda
hüquqi, demokratik vətəndaş cəmiyyəti quruculuğu proseslərində və bütövlükdə
Azərbaycanın bugünkü möhtəşəm uğurlarında müqayisəsiz və əvəzsiz xidmətləri
olan Yeni Azərbaycan Partiyasının yaranmasının 25 ili tamam olur.
YAP-ın
mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, partiyanın yaranmasının
25 illik yubileyi partiyada əsl bayram əhval-ruhiyyəsi fonunda müxtəlif
xarakterli silsilə tədbirlərin keçirilməsi ilə qeyd olunur.
Bildirilir
ki, partiyanın bütün yerli strukturlarında, rayon və şəhər təşkilatlarında 25
illik yubiley ilə əlaqədar müxtəlif formatda toplantı, görüş və diskusiyyaların
təşkili davam edir. Qadınların və gənclərin partiya və cəmiyyət həyatında,
dövlət quruculuğu proseslərində mövqeyinin və iştirakının müzakirəsi və
dəyərləndirilməsi məqsədi ilə YAP-ın Gənclər Birliyinin və Qadınlar Şurasının
xətti ilə geniş toplantılar, müxtəlif xarakterli görüşlər təşkil edilir.
Kütləvi
informasiya vasitələrində isə keçirilən dəyirmi masalarda cəmiyyətin ən
müxtəlif təbəqələrinin nümayəndələrinin iştirakı ilə YAP-ın yaranmasını zəruri
edən tarixi şərait, keçdiyi şərəfli yol, qazandığı nailiyyətlər bir daha
nəzərdən keçirilir və müzakirə edilir.
Məlumatda
qeyd olunur ki, YAP-ın yaranmasının 25 illik yubileyi ilə əlaqədar nəzərdə
tutulan daha bir möhtəşəm tədbir "Hərəyə bir ağac əkək” kampaniyasının
keçirilməsi ilə əlamətdar olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə
birgə layihələndirilən "Hərəyə bir ağac əkək” kampaniyasına yaxın günlərdə
təntənəli start veriləcək. Bu kampaniya Azərbaycanın hər bir bölgəsini əhatə
etməklə, bütün yaşıllaşdırma mövsümü ərzində davam edəcək. 700 mindən artıq
ağac və bəzək bitkisinin əkilməsini nəzərdə tutan bu möhtəşəm kampaniyanın əsas
vəzifəsi ölkədə meşəlik zolağının və yaşıllığın daha da genişləndirilməsi,
ekoloji durumun daha da yaxşılaşdırılması məqsədinə xidmət etməklə, eyni
zamanda insanların səfərbər edilməsi və həmrəyliyinin yüksəldilməsi anlamına
töhfə vermiş olacaq.
Məqsədi
və məramının qüdrətli, müstəqil və inkişaf etmiş Azərbaycan olan YAP-ın 25 il
ərzində şərəfli bir yol keçdiyi xüsusi vurğulanan məlumatda qeyd olunur ki,
banisi və qurucusu Ulu öndər Heydər Əliyev olan bu siyasi təşkilat bu gün
cəmiyyətin bütün təbəqələrindən olan insanları öz ətrafında sıx
birləşdirməkdədir. Bu gün YAP Ümummilli lider Heydər Əliyevin parlaq
ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu daha da
möhkəmləndirməkdədir. Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri cənab
İlham Əliyevin rəhbərliyi ilə partiyanın mövqeyi və uğurları getdikcə daha da
artmaqdadır. Ona görə də, YAP-ın keçdiyi 25 illik şərəf və zəfər yolu eyni
zamanda Azərbaycanın qələbələr, genişmiqyaslı islahatlar və sürətli inkişaf
tarixi kimi dəyərləndirilməli və qeyd edilməlidir.