AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

«YAP gənclərə ümidlə, etimadla yanaşır»

«YAP gənclərə ümidlə, etimadla yanaşır»

Siyasət
20 İyun 2013, 14:10 1153
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədovun sədrliyi ilə YAP Qaradağ rayon təşkilatında ərazi ilk təşkilat sədrləri ilə görüşü keçirilib. APA-nın məlumatına görə, tədbirdə Qaradağ rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayondan deputat Mixail Zabelin də iştirak ediblər.

Tədbirdə çıxış edən Ə. Əhmədov ölkədə aparılan sosial-iqtisadi islahatlardan danışıb. O qeyd edib ki, ölkənin iqtisadi inkişafı artıq insanların həyat səviyyəsinin yaxşılaşması, rahat şəraitin yaradılması ilə özünü göstərir: “Mən Bakının digər rayonlarında olduğu kimi, Qaradağ rayonunda da dəyişiklikləri görürəm. Bu dəyişikliklər rayonda yaşayan insanların rifahına, onların rahat yaşamasına xidmət edir”.

Ə. Əhmədov qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı prezident İlham Əliyevə və onun növbəti 5 ildə ölkənin inkişafına töhfə verəcəyinə inanır. Partiya rəsmisi YAP-ın yerli təşkilatlarının rəhbərlərinə və üzlərinə seçkilərdə aktiv olmağı, qüvvələri səfərbər etməyi tapşırıb.

Ə. Əhmədov YAP-çı qadın və gəncləri seçki təbliğatında xüsusi aktiv olmağa çağırıb: «Ayrı-ayrı müxalifət partiyaları gənclərin təcrübəsizliyindən istifadə edərək onları öz tərəflərinə çəkməyə çalışırlar. Bəzən də onlardan öz qeyri-qanuni məqsədləri üçün istifadə edirlər. Düşünürəm ki gənclər bir-birlərini daha yaxşı başa düşərlər. Tövsiyə edirəm ki, seçki kampaniyasında və seçki məntəqələrində gəncləri daha çox səfərbər eləmək lazımdır. YAP gənclərə ümidlə, etimadla yanaşır».

Partiya rəsmisi seçki kampaniyasının normal keçirilməsi üçün yerli təşkilatlara vətəndaşların problemlərini zamanında, ictimailəşmədən həll etməyi tapşırıb. Ə. Əhmədov YAP üzvlərini seçki kampaniyası zamanı rəqiblərin tənqid və böhtanlarına layiqli cavab verməyə çağırıb.

Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov da çıxışında bildirib ki, prezident İlham Əliyevin başçılığı ilə Azərbaycanda gedən inkişaf göz qabağındadır.

İclas mətbuatın iştirakı olmadan davam etdirilib.