• cümə, 19 Aprel, 20:41
  • Baku Bakı 24°C

Yanan maşınların xərcini kim ödəyəcək? Araşdırma

21.06.13 09:44 1746
Yanan maşınların xərcini kim ödəyəcək? Araşdırma
“Cərimə meydançasında saxlanılan avtomobillərə yanğın nəticəsində zərər dəyərsə, o halda ilk növbədə həmin zərəri avtomobillərin kasko sığortasını həyata keçirən sığorta şirkətləri ödəməlidir. Yanan avtomobil hər hansı sığorta şirkətində kasko sığorta olunubsa, sığorta müqaviləsi qüvvədədirsə, o halda həmin sığorta şirkəti tərəfindən avtomobil sahibinə dəyən ziyan ödənilir”. Bu sözləri bizimlə söhbətində Bakının Nizami rayonunda Dövlət Yol Polis İdarəsinin cərimə meydançasında baş verən yanğınla bağlı danışan hüquqşünas Ceyhun Cəfərli bildirdi. Qeyd edək ki, iyulun 19-da sözügedən rayonun Dövlət Yol Polisi İdarəsinə aid cərimə meydançasından keçən yüksək gərginlikli elektrik xəttinin qırılması nəticəsində yanğın baş verib. ANS-in məlumatına görə, yanğın nəticəsində cərimə meydançasında olan 50-dən çox avtomobil yanıb.
C.Cəfərlinin sözlərinə görə, əgər kasko sığortası həyata keçirilməyən avtomobil varsa, yaxud sığorta müddəti ötübsə, o halda həmin avtomobillərə dəyən zərəri yanğının baş verməsində təqsiri olan müəssisə, idarə, təşkilat ödəyir: “Dövlət Yol Polisi İdarəsi, yaxud cərimə meydançasına nəzarət edən digər orqan bu halda sığorta ilə təmin olunmayan avtomobillərə dəyən zərəri ödəməlidir. Bir sözlə, məsuliyyəti yanğının baş verməsində təqsiri olan müəssisələr daşıyırlar və dəyən zərəri də onlar ödəməlidirlər”.
Avtomobilərini icbari sığorta etdirənlərə dəyən zərərin sığorta şirkətləri tərəfindən ödənilməsinə gəlincə, C.Cəfərli dedi ki, icbari sığorta nəqliyyat vasitəsi sahibinin nəqliyyat vasitəsindən istifadə ilə əlaqədar başqa şəxslərə yetirdiyi zərərlərin ödənilməsi ilə bağlı olan təminatdır: “Tutaq ki, piyada yolla gedir, avtomobil onu vurur və zərəri ödəməkdən boyun qaçırır. Bu halda xəsarət alan səhhətinin bərpası üçün icbari sığortanı həyata keçirən sığorta şirkətindən həmin nəqliyyatın vurduğu zərərə görə kompensasiya tələb etmək hüququna malikdir. Yəni icbari sığorta başqa şəxslərin qorunması üçün, zərər gördükləri halda zərərlərinin, ödənişlərin təminatı üçün edilir. Əsas məqsəd yüksək təhlükə mənbəyinin başqalarına yetirə biləcəyi zərərin təminatını həyata keçirməkdir. İcbari sığorta zamanı avtomobilə vurulan ziyan deyil, avtomobilin vurduğu ziyanlar ödənilir. Yanğın zamanı da avtomobillərə zərər dəydiyi üçün icbari sığorta burada heç bir rol oynamır. Bu halda avtomobilin əmlak kimi sığortasını həyata keçirən sığorta şirkətləri məsuliyyət daşıyır. Kasko sığortasını həyata keçirən şirkət hadisə baş verdikdə, yanan avtomobillərə dəyən zərəri ödəyir və bundan sonra əks qaydada yanğında təqsiri olan müəssisə, idarə və təşkilatlardan həmin pulun ödənilməsi tələbi ilə çıxış edə bilər”.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ( BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bizimlə söhbətində yanan avtomobil sahiblərinə dəyən ziyanın kim tərəfinfən ödəniləcəyi ilə bağlı hələlik heç bir açıqlama verə bilməyəcəyini dedi: “Bununla bağlı hələlik heç bir şey deyə bilmərəm. Cinayət işi başlanılıb, qanunvericiliyin tələbinə uyğun tədbir görüləcək. Məlumat olan kimi ictimaiyyətə açıqlama verəcəyik”.
V.Əsədov movqe.az saytına açıqlamasında bildirib ki, cərimə meydançaları kimi tanınan müvəqqəti mühafizə dayanacaqlarında saxlanılan avtomobillərin təhlükəsizliyinə yol polisi idarəsi məsuliyyət daşıyır: “Avtomobilini sığorta etdirənlər narahat olmasınlar. Mən də buradan bütün sürücülərə səslənib avtomobillərini sığorta etdirməyə səsləyirəm”.
Musavat.com-un yazdığına görə, yanan maşınların sahiblərinin bəzilərinə yanğın nəticəsində külli miqdarda ziyan dəyib. Cavanşir Ömərov adlı zərərçəkən keçən ayın ortalarında yol qəzasında KİA markalı maşınının zərər gördüyünü və buraya gətirildiyini deyib. Onun sözlərinə görə, ona dəyən zərərin miqdarı təxminən 25-30 min manatdır.
“Maşının içindəki sənədlər, maşının öz sənədləri bütünlüklə yanıb. Bundan sonra nə edəcəyimizi bilmirik. Bilmirik ki, kimə müraciət edək, dərdimizi kimə deyək. Bugünlərdə sığortaya getmişdik, onlar da demişdilər ki, bir az səbrli olun, qəzaya görə pul ödəniləcək. İndi bu hadisədən sonra bilmirik nə olacaq, bizə dəyən ziyanı kim ödəyəcək”.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər