• cümə, 29 Mart, 03:21
  • Baku Bakı 7°C

Yanacaqdoldurma məntəqələrində POS-terminal çatışmazlığı

26.07.13 07:48 2326
Yanacaqdoldurma məntəqələrində POS-terminal çatışmazlığı
“Abşeron rayonu Mehdiabad qəsəbəsində olarkən maşınımın benzinimin qurtarmaq üzrə olduğunu görüb “Abşeron Petrol” yanacaqdoldurma məntəqəsindən benzin vurdurmaq istədim. Üzərimdə nağd pul olmadığına görə POS-terminaldan istifadə etmək qərarına gəldim. Amma sözügedən yanacaqdoldurma məntəqəsindən bildirdilər ki, POS-terminalları yoxdur. Sonra Mehdiabadın içərisindən üzü Novxanıya, oradan Saray qəsəbəsindən keçməklə Sumqayıt şəhərinə qədər ümumilikdə 11 yanacaq doldurma stansiyasında maşınımı saxlayıb kartla benzin doldurmaq istədim. Təəssüflər olsun ki, 11 yanacaqdoldurma məntəqəsində POS-terminalın olmadığını dedilər”.
Bunu bizimlə söhbətində bir neçə gün əvvəl sözügedən hadisə ilə üzləşən qəzetimizin əməkdaşı Rufik İsmayılov bildirdi. Rufikin sözlərinə görə, hətta Saray qəsəbəsindəki “Saray Petrol”da işləyən operator ondan POS-terminalın nə olduğunu soruşub: “Sumqayıt şəhərinə qədər 4 ədəd “TOS Oil” yanacaqdoldurma məntəqəsi var. Onlarda da POS-terminal yox idi”.
Nəhayət, uzun axtarışlardan sonra əməkdaşımız Sumqayıt şəhərində “LukOil” yanacaqdoldurma məntəqəsində POS-terminal tapıb maşınına benzin doldura bilib. “Redaksiyaya gələn kimi bu barədə Vergilər Nazirliyinin 195 saylı məlumat xidmətinə zəng vurub şikayətimi etdim. Nazirlikdən bildirdilər ki, bir ay ərzində araşdırma aparılacaq və qeydiyyatda olduğum ünvana rəsmi məktubla nəticə barədə məlumat veriləcək. Nəticəni gözləyirəm. Amma bundan sonra üstümdə həmişə nağd pul gəzdirməyə söz verdim, əks halda, yolda qala bilərəm”.
Qeyd edək ki, ticarət obyektlərində, xüsusilə yanacaqdoldurma məntəqələrində POS-terminal probleminə bir neçə dəfə toxunsaq da, problem hələ də qalır.
Onu da deyək ki, inkişaf etmiş ölkələrdə nağdsız ödənişlər 90-100 faiz arasında dəyişir. Mərkəzi Bankın məlumatına görə, hazırda dövriyyədə 5 milyona yaxın ödəniş kartı var. Amma ekspertlərin fikrincə, kartı olanların cəmi 10-15 faizi nağdsız ödənişdən istifadə edir. Doğrudur, kartı olanların əksəriyyəti heç kartlarından nağdsız ödəmələr etmək marağında deyillər. Amma bu maraqda olanların da qarşısına çıxan maneələr onları məcbur edir ki, həmişə ciblərində nağd pul gəzdirsinlər.
Kimsə sahibkarı məcbur edə bilməz ki...
İqtisadçı Samir Əliyevin sözlərinə görə, ölkəmizdə POS-terminalların quraşdırılması son il yarımda kifayət qədər artıb: “Bu da hökumətin nağdsız hesablaşma sahəsindəki təşəbbüslərinin bir tərkib hissəsidir”.
S.Əliyev bildirdi ki, hökumət ölkədə nağdsız hesablaşmanı inkişaf etdirmək istəyirsə, bir sıra addımlar atmalıdır: “Bu addımlardan biri də müvafiq infrastrukturun yaradılmasıdır. Düşünürəm ki, POS-terminalların mağazalara, yaxud digər biznes obyektlərinə məcburi, yaxud tövsiyəli şəkildə quraşdırılması problemin həlli deyil. Əsas məsələ sahibkarı həmin POS-terminallardan istifadəyə maraqlandırmaqdır. Kimsə gedib həmin sahibkarı məcbur edə bilməz ki, “mütləq obyektində POS-terminal quraşdırmalısan”.
“Avroviziya” ərəfəsində POS-terminalların quraşdırılmasının kütləvi şəkildə həyata keçirildiyini deyən iqtisadçı bunun kampaniya xarakteri daşıdığını xatırlatdı: “Amma sonra məlum oldu ki, bu aparatlar ya işləmir, ya işlədə bilmirlər, ya da işlətməkdə maraqlı deyillər. Çünki POS-terminalın özünə xidmət üçün vəsait lazımdır. Təsəvvür edin ki, POS-terminal quraşdırılır və bu aparata qulluq təxminən dövriyyənin bir faizə qədərini təşkil edir. Bu da o deməkdir ki, sahibkar bir tərəfdən dövriyyədən vergi verməli, digər tərəfdən bir faiz POS-terminaldan istifadə etdiyinə görə ödəniş etməlidir. Göründüyü kimi, bununla da sahibkarın vergi yükü 5 faizə çatır”.
S.Əliyevin fikrincə, sahibkarların obyektlərində POS-terminallardan istifadəsini stimullaşdırmaq üçün onlara vergi güzəştləri olmalıdır: “Sadələşdirilmiş vergi 4 faizdirsə, POS-terminaldakı ödənişlərdən 2 faiz vergi tutulmalıdır ki, bunun bir faizini sahibkar POS-terminaldan xidmətə görə versin. Digər bir faizi isə stimullaşdırma forması kimi onun qazancı olsun”.
Stimullaşdırıcı tədbirlər görülməlidir
Əhali üçün stimullaşdırıcı tədbirlərə gəlincə, S.Əliyev bildirdi ki, kartların istifadə məsələsi əhali üçün stimullaşdırıcı tədbir ola bilər: “Bu gün dünyada kartların universallaşması prosesi gedir. Belə ki, insan üstündəki kartdan metroda, avtobusda və digər nəqliyyat vasitələrində istifadə edir, telefon ödənişlərini də bununla ödəyir. Britaniyada dövlət qulluqçuları əməkhaqqı kartı ilə hətta nəqliyyatdan da istifadə edə bilir. Bu da insanlarda çox rahatlıq yaradır. Bizdə də belə bir addım atılsa, insanlar yavaş-yavaş kart sistemindən istifadə edər”.
Iqtisadçı bildirdi ki, POS-terminallardan istifadə olunmamasının digər səbəbləri də var: “Bu gün vergi sistemindəki şəffaflıq məsələsidir. Sahibkar əmin olmalıdır ki. o, bütün dövriyyəsini rəsmiləşdirdikdə ondan əlavə ödəniş tələb olunmayacaq. Düşünürəm ki, məsələnin kökündə bu durur. Sahibkar buna əmin olsa, ödənişlərin POS-terminallar vasitəsilə həyata keçirilməsində maraqlı olacaq. Bundan başqa, əhali arasında maarifləndirmə işləri də aparılmalıdır”.
İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, POS-terminalların quraşdırılması əhali arasında bir sıra ticarət obyektlərinə inam yaradır: “Bakının mərkəzində yerləşən iri ticarət mərkəzlərinin hamısı POS-terminallardan istifadə edir. Çünki bu, həm də həmin ticarət obyektinin nüfuzunu göstərən amildir. Buna görə də əksər ticarət mərkəzləri, obyektlər POS-terminal quraşdırmaqda maraqlıdırlar”.
Ölkə əhalisinin POS-terminallardan istifadəsi baxımından vəziyyətin o qədər də yaxşı olmadığını deyən iqdisadçı bildirdi ki, bütövlükdə tendensiyanı qiymətləndirsək, son illər plastik kartlardan yararlanan şəxslərin sayında artım var: “Plastik kartların müsbət cəhəti odur ki, pulların qorunması etibarlı şəkildə təmin edilir. Nağd pul itdikdə onu geri qaytarmaq mümkün deyilsə, plastik kartla bağlı belə bir hal baş verərsə, təkcə itən kartın şifrəsini bilməklə vəziyyətdən çıxmaq mümkündür”.
Lalə
banner

Oxşar Xəbərlər